Məhkəmə qərarları › İş №e-2(001)-1807/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1807/2024

24.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1807/2024 24.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı İbadulla oğlunun, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 06 avqust 1996-cı il tarixdə üçüncü şəxs X4 ilə rəsmi nikaha girməkələ evlənmiş və bu nikahdan iki övladları Cavabdeh və X10 doğulmuşdur. İddiaçı X4 ilə birgə təsərrüfat idarə etmiş, daşınar və daşınmaz əmlaklar əldə etmişlər. Birgə nikah dövründə əldə edilmiş əmlaklar iddiaçının qazancı ilə alınmışdır. Belə ki, X4 heç bir yerdə işləməmişdir. İddiaçı uşaqlarının gələcəyi və təminatı üçün çalışmışdır. Bütün bunların sayəsində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qənbərov küçəsində istifadədə olan 0.02655 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 2 mərtəbəli binanın 1-ci döngəsində, 2-ci mərtəbədə yerləşən 33 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı, 7 nömrəli mənzili; Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Həmidə xanım Məmmədquluzadə küçəsində xüsusi mülkiyyətdə olan 0.045 ha, torpaq sahəsində yerləşən 2 mərtəbəli, 179.3 kv.m. ümumi, 84.25 kv.m. yaşayış sahəsindən, 95.05 yardımçı sahədən ibarət 5 otaqlı 31/A nömrəli fərdi yaşayış evini və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsində yerləşən 6 nömrəli, 4 mərtəbəli binada 15 kv.m. yaşayış sahəsindən ibarət olan 1 otaqlı, 2 nömrəli mənzilini əldə etmişdir. Bundan başqa iş üzrə cavabdeh olan oğlu Cavabdeh 2016-cı ildə 90UF605 dövlət qeydiyyat nişanlı, Toyota Corolla minik markalı avtomobili və 2022-ci ildə Bakı şəhəri ünvan 1 ünvanında mənzilin alınmasına pul vermişdir. X2 2020-ci ildə 99ZU513 dövlət qeydiyyat nişanlı, Hyundai Accent minik markalı avtomobili almışdır. Lakin onun bütün əziyyətlərinə baxmayaraq arvadı Kəmalə və oğlu Elmar ona dönük çıxmış və 2023-cü ilin 15 may tarixində onu şərləyərək, birgə yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Həmidə xanım Məmmədquluzadə küçəsində xüsusi mülkiyyətdə olan 0.045 ha, torpaq sahəsində yerləşən 2 mərtəbəli, 179.3 kv.m. ümumi, 84.25 kv.m. yaşayış sahəsindən, 95.05 yardımçı sahədən ibarət 5 otaqlı 31/A nömrəli fərdi yaşayış evindən qovmuşlar. Bundan sonra X4 ilə iddiaçı arasında nikahın pozulması və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair məhkəmə mübahisəsi olmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(001)-1926/2023 saylı qətnaməsi ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsində istifadədə olan 0.62222 ha torpaq sahəsində yerləşən 6 nömrəli, 4 mərtəbəli binada 15 kv.m. yaşayış sahəsindən ibarət olan 1 otaqlı, 2 nömrəli mənzilin 1/2 hissəsində İddiaçı, ½ hissəsində cavabdeh X1 payının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qənbərov küçəsində istifadədə olan 0.02655 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbədə yerləşən, 33 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı, 7 nömrəli mənzilin; Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Həmidə xanım Məmmədquluzadə küçəsində xüsusi mülkiyyətdə olan 0.045 ha, torpaq sahəsində yerləşən 2 mərtəbəli, 179.3 kv.m ümumi, 84.25 kv.m yaşayış sahəsindən, 95.05 yardımçı sahədən ibarət 5 otaqlı, 31/A nömrəli fərdi yaşayış evinin 1/2 hissəsində iddiaçı X1, ½ hissəsində cavabdeh İddiaçı payının tanınması, cavabdeh İddiaçı 10000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, e-2(103)-3078/2023 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməmiş, cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(001)-1926/2023 saylı qətnaməsi Toyota Rav 4 minik markalı, 90VT378 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı qarşılıqlı iddianın qismən təmin edilən və rədd edilən hissələrində ləğv edilməsi; həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi; qarşılıqlı iddianın qeyd olunan hissədə təmin edilməsi; 2013-cü il buraxılışlı, 90VT378 dövlət qeydiyyat nişanlı, Toyota Rav 4 minik markalı avtomobilin real bazar qiymətinin - 36000 manatın 1/2 hissəsi - 18000 manatın İddiaçı tutularaq X3 ödənilməsi qət edilmişdir. İddiaçı hal-hazırda atasından vərəsəlik yolu ilə mülkiyyətinə keçmiş evdə yaşayır. İş üzrə cavabdeh olan oğlu Cavabdeh bir övlad kimi onunla maraqlanmamış, anası Kəmalə Heydərovanın tərəfini tutaraq ondan üz döndərmiş, onu bir ata kimi saymamış və ona göstərdiyi məhəbbəti geri qaytarmamışdır. İddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixdə aldığı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilnin Elmar tərəfidən satın alınmasına 123700 manat, təmirinə isə 20000 manat pul sərf etmişdir. Həmin pulu iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs, keçmiş arvadı X4 ilə birgə nikahları dövründə qazanmış və həmin məbləğlərin yarısı iddiaçının mülkiyyətidir. Cavabdeh xx.xx.2022-ci ildə aldığı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzili iddiaçı X4 ilə birgə nikahları dövründə qazandıqları pul hesabına almışlar. Bütün bunlar Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(001)1926/2023 saylı qətnaməsi ilə öz təsdiqini tapmışdır. Buna görə də iddiaçı hesab edir ki, Cavabdeh xx.xx.2022-ci adına alınmış Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilnin satın alınması üçün ödədikləri 143700 manat pulun yarısı -yəni 71850 manat pul cavabdehdən alınıb ona verilməlidir. İddiaçı iddia ərizəsində tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.2 və 157.4cü maddələrinə istinad etmişdir. Həmin maddələrə əsasən, Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. xx.xx.2024-cü il tarixdə İddiaçı İbadulla oğlu məhkəməyə ərizə və vəsatətlə müraciət etmişdir. Ərizədə iddiaçı cavabbdeh Cavabdeh xx.xx.2022-ci ildə onun adına alınmış Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilnin satın alınmasına sərf etdikləri 120750 manat pulun yarısının - yəni 60375 manat pulun, mənzilin təmirinə çəkilən xərcin əvəzi olaraq 20000 manat pulun yarısının - yəni 10000 manat pulun və məhkəməyə ödədiyi 305,55 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. Vəsatətdə isə qeyd olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh adına aldığı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilnin təmirinə çəkilmiş xərcin ümumi məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməlidir. Məhkəmə tərəfindən iddiaçının vəsatəti təmin edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-1807/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-16-16/2-10/3160 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsində yerləşən 37A saylı binanın 19 saylı mənzili üzrə aparılmış təmir işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 25118 manat məbləğində müəyyən olunmuşdur. 10 sentyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak etmiş İddiaçı İbadulla oğlunun nümayəndəsi və vəkili Vəkil2 izahatında məhkəməyə bildirmişdir ki, İddiaçı ilə X4 birgə təsərrüfat idarə edərək, daşınar və daşınmaz əmlaklar əldə etmişlər. Birgə nikah dövründə əldə edilmiş əmlaklar İddiaçı qazancı ilə alınmışdır. X4 ilə aralarında nikahın pozulması və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair məhkəmə mübahisəsi olmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli qətnaməsi ilə öz təsdiqini tapır ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı X4 ilə birgə nikahda olduqları dövrdə qazandıqları pul hesabına alınmışdır. Əmlak bölgüsü ilə bağlı aparılan araşdırma zamanı məhkəmə iclasında Kəmalə xanım evin oğlunun vəsaiti hesabına alınmasını deyil, birgə nikah dövründə əldə edilmiş vəsait hesabına alınmasını etiraf etmişdir. İddiaçı İbadulla oğlunun nümayəndəsi və vəkili Vəkil2 ona verilmiş suallara cavab olaraq aşağıdakıları göstərmişdir: - Tələbin hüquqi əsası borc tələbidir. İddiaçı oğluna borc pul verib. Aralarında müqavilə olmasa da, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə bu öz təsdiqini tapır. Əgər bu qohumluq münasibətlərindən yaranan bağışlama olsaydı, bu zaman notariat qaydasında təsdiq olunmuş bağışlama müqaviləsi olmalı idi. Eyni zamanda İddiaçı İbadulla oğlu da həmin məhkəmə iclasında ona tələbinin hüquqi əsası ilə bağlı verilmiş suala cavab olaraq məhkəməyə bildirmişdir ki, hal-hazırda irəli sürdüyü tələb borc tələbidir. Kəmalə Heydərova ilə birgə nikahda olduqları dövrdə oğluna pul vermiş ki, ev alsın. Evi aldıqdan sonra həyat yoldaşı və oğlum ona qarşı normal münasibət bəsləmədiyinə görə borc verdiyi pulu geri tələb edir. 10 sentyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh izahatında məhkəməyə bildirmişdir ki, evin alınması valideynlərinin birgə nikah dövrünə düşsə də, evi ona valideynləri almayıb. O, ailə həyatı qurub ayrı yaşamağı üçün evi şəxsən özü almış və buna dair təsdiqedici sənədləri məhkəməyə təqdim etmişdir. O, gəlirlərinə dair sənədləri də məhkəməyə təqdim etmişdir. Evi almaq üçün lazım olan məbləği yığıb evi almış, daha sonra ailə həyatı qurub həmin evə köçmüş, hal-hazırda da ailəsi ilə birlikdə orada yaşayır. Aralarında notariat qaydasında təsdiq olunmuş bağışlama və ya borc müqaviləsi yoxdur, çünki ev iddiaçının puluna alınmayıb. Cavabdeh ona verilmiş suallara cavab olaraq aşağıdakıları göstərmişdir: - 2018-ci ildən əmək fəaliyyəti ilə məşğuldur. 2020-ci ildən, pandemiya dövründən bəri biznes fəaliyyəti ilə məşğul olur. Həmin biznes fəaliyyəti qeyri-rəsmi olduğundan həmin fəaliyyətinə dair sənədlər iş materiallarında mövcud deyil. Rəsmi gəlirlərinə dair çıxarış isə iş materiallarına əlavə olunub. 33000 manat öz gəliri, 50000 manat biznes fəaliyyətindən əldə olunan gəlir, 25000 manat, 10000 manat və 12000 manat isə qısa dönəmlik aldıqları borclar olub. Bu məbləğlər evin alınması və təmirinə xərclənib. Götürdüyü borcları sonradan ödəyib bitirmiş və buna dair kredit məbləğinin tam ödənilməsi ilə bağlı çıxarışlar mövcuddur. Digər məhkəmə iclası çərçivəsində anası evi almaq üçün borc götürülməsinə ehtiyac olmadığını və övladının, yəni onun evdə kifayət qədər pulunun olduğunu demək istəyib. Atası həmin məhkəmə prosesləri zamanı onun evini almaq üçün borc götürdüyünü demiş, buna qarşılıq olaraq da anası onların borc götürməklərinə zərurət olmadığını bildirmişdir. Evə gəlir gətirən 2 nəfər olub – atası və özü. Həmin məhkəmə prosesləri olan dövrdə atası və anası arasında olan nikahın pozulması və birgə nikah dövründə əldə olunmuş əmlakların bölgüsü məsələsi olub, onunla mübahisə olmayıb. 10 sentyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 izahatında məhkəməyə bildirmişdir ki, ərarvad arasında olan əmlak mübahisəsi zamanı Aydın müəllim Elmara alınmış evin guya qardaşından aldığı borc pul və avtomobilin satışından əldə olunmuş 20000 manat hesabına alındığını qeyd etmişdir. Aydın müəllim guya qardaşından aldığı borc pulun Kəmalə xanımla aralarında yarı bölünməsini istəmişdi. Həmin kontekstdə də Kəmalə xanım bildirmişdir ki, evdə ailənin kifayət qədər pulu olub və borcun alınmasına zərurət olmayıb. Həmin vaxt qızları da işləyirdi, Aydın müəllim də işləyirdi, Elmar da işləyirdi. Aydın müəllim və Kəmalə xanım birgə nikah dövründə olduqları vaxtda Elmar əldə etdiyi qazancı anasına verirdi və anası da Elmarın ev ala bilməsi üçün həmin pulları yığırdı. Kassa mədaxil orderi də, müqavilə də Elmarın adınadır. Əmlak mübahisəsi olan dövrdə evin alınmasına xərclənən pulun, Elmarın yoxsa Aydın müəllimin olması mübahisə predmeti olmamışdır. Həmçinin, həmin proses çərçivəsində Aydın müəllim evi alıb Elmara hədiyyə etdiyini bildirmişdir. Halbuki Aydın müəllim nə pul məbləğinin, nə də evin hədiyyə olunmasına dair bir sənəd təqdim etməyib. Ali Məhkəmənin verdiyi izahdan görünür ki, əgər Aydın müəllim evi Elmara hədiyyə vermişdisə, bunu sübutetmə yükü Aydın müəllimin üzərindədir. Aydın müəllim evdən müxtəlif məbləğlərdə pulları götürüb kimlərəsə borc pullar verirdi və həmin pulların qaytarılması ilə bağlı məhkəmə qətnamələri mövcuddur. Hətta ailədə münasibətlər pozulduqdan sonra da Aydın müəllim evdə olan 10000 ABŞ dollarını evdən götürüb gedib. Elmar 18 yaşından işləyir və kifayət qədər vəsait toplayıb. Elmarın evinin ər və arvada nə əlaqəsi var? Pulun iddiaçı tərəfindən verildiyini iddiaçı özü sübut etməlidir. 10 sentyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak etmiş mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 izahatında məhkəməyə bildirmişdir ki, o, evin birgə nikah dövründə əldə olunmuş vəsait hesabında alınması şəklində izahat verməmişdir. Həmin məhkəmə iclasında iddiaçı məhkəməyə guya qardaşlarından borc pullar aldığını deyirdi, əmlak bölgüsü zamanı onu pis vəziyyətə salmaq istəyirdi. O da həmin vaxt dedi ki, evlərində kifayət qədər pul olub və onların heç kimdən borc pul almaqlarına zərurət olmayıb, heç almamışlar da. Həmin vaxt oğlu ilə bağlı hər hansı mübahisə olmadığından, oğlunun gəlirləri ilə bağlı nəsə demək ağlına gəlməyib. O, demək istəmişdir ki, evlərində oğlunun da, həyat yoldaşının da pulu olub. Həyat yoldaşı onların birgə nikah dövrüdə əldə etdikləri bütün əmlakları qardaşlarının adına rəsmiləşdirmişdir. Həmin məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində məhkəməyə göstərmişdir ki, sürücüdür, Aydını 15-16 ildir tanıyır, dost olmuşlar. Evlə bağlı deyə bilər ki, onda yük maşınıdır, malları o gətirib. Evə pol üçün reyka-taxtalar, alçıpan, mərmər, dəmir aksesuarlar daşıyıb. Ev boş idi. Daşıdığı malları zavoddan götürürdü. Təmir olunan ev Aydın müəllimin idi, oğlu üçün almışdı. Ona malın pulu verilib. Profillərə təqribən 600 manat pul verilib. Elmar ona pul verməyib. Ona cəmi nə qədər pulun ödənilməsini xatırlamır. O, malları gətirirdi, usta olmurdu bəzən, Aydınla malları yuxarı daşıyırdılar. 2 reys alçıpan daşıyıb. 1 reysə onun maşınına alçıpan sığmır. 1 reysin qiyməti min manatdan yuxarı olur. Evə 7-8 reys mal daşınıb. O, maşın pulunu ayrı alırdı, malın punu isə ayrı. Tanışı olduğuna görə yaxın məsafədən 20-25 manat, Sumqayıtdan gələndə isə 40 manat pul alırdı. Payız ayları idi, çünki küləkli olurdu. Yayda su da gətirib. Ona nə vaxt zəng olunub, o vaxt gedib. Həmin məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində məhkəməyə göstərmişdir ki, elektrikdir. Aydın nömrəsini kimdənsə alıb ona zəng etmişdi, gəlib baxıb danışmışlar, özü gedib mikrorayon bazarından materialı alıb gətirdi. Bu 1-2 il əvvəl olub. İşinə görə ona 800 manat verilib, amma o, 1000 manat istəmişdi Aydın müəllimdən. Aydın müəllimin oğlunu tanıyır. İşini yekunlaşdırdıqdan sonra “rozetka, vkluçateli” alanda onunla gedib seçib almışlar. Ondan sonra nişanlısı ilə gedib seçimi dəyişmişdilər. Materialın pulu 1400 manata yaxın olardı. Xidmət haqqını mənzilin kvadratı ilə hesablayırlar. Materialı ev yiyəsi özü alır. Elektrik işini görmək üçün məftillər, borular, şit, şitin içindəki avtomat lazımdır. İşıq, internet, antena işini o, görmüşdür. Material onun yanında alınıb. Materiallar alınanda Elmar yox idi. Təmir Elmarın nişan ərəfəsində idi. Həmin məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində məhkəməyə göstərmişdir ki, malyardır. Aydın kişinin evində, 7-ci mikrorayonda parkın yanında yerləşən binadakı evdə 2-3 il əvvəl iş görmüşdür. İşinə görə 2450 manat pul alıb. Pulun 1700 manatını Aydından, 750 manatını isə Elmardan almışdır. Lepka, kant, mayak işləri və s. işləri görmüşdür. Evdə 3 ay işləyib. Aydın onu çağırdı, material siyahısını tərtib etdi, Aydın materialları aldı və o, 3 gün sonra işə başladı. Şpaklyovkanın kisəsi 6.50 - 7 manatdır. 170 kisəyə yaxın şpaklyovka işləndi, bir az əksik oldu onu da, Elmar alıb gətirdi. Kantı da Elmar alıb gətirmişdi. Ustaları Aydın gətirirdi. Elmar 5-6 vedrə emusiya və kant alıb. Kantı Keşlə bazarının yanından almışlar. Paduqanı isə Aydınla “Pasyolkadan” sifariş etmişdirlər. xx.xx.2024-cü il tarixdə İddiaçı İbadulla oğlunun nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə dair mülahizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuş və mülahizədə aşağıdakılar göstərilmişdir: “ ... Cavabdeh iddiaçının doğma oğludur və Elmara Bakı şəhəri ünvan 1 ünvanında yerləşən mənzil alınanda onun 25 yaşı vardır. Elmara alınan ev İddiaçı ilə X1 birgə qazancı ilə əldə edilmiş pul hesabına alınmışdır. Belə ki, Binəqədi rayon Məhkəməsində (Binəqədi Rayon Məhkəməsində baxılmış 2(001)-1926/2023 saylı iş üzrə) X3 qarşı “nikahın pozulması, birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbi ilə iddia qaldırarkən iddia ərizəsində bildirmişdir ki, “2012-ci ilin fevral-mart aylarından qardaşı Ramildən 65.000 manat borc etmişdir. Aralarında yazılı razılaşma olmamışdır. Avtomobilin satışından əldə etdiyi 20.000 manat pulu və qardaşından aldığı 65.000 manat pulu evin (yəni Cavabdeh adına alınmış Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin) alınmasına və təmirinə xərcləmişdir. Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilnin Elmarın adın alınmasına 123700 manat pul xərclənmişir ki, Aydın bildirmişdir ki, həmin pulun 65 min manatını qardaşından borc almışdır. Həmin iş üzrə qarşılıqlı iddia vermiş X4 isə birinci instansiya məhkəməsinin iclasında izahatında bildirmişdir ki, Aydın evin alınmasına və təmirinə görə heç kimdən borc almamışdır. Aydının özünə 362.000 ABŞ dolları bir, 50.000 ABŞ dolları isə başqa şəxslər tərəfindən ödənilməli olan borclar var. Hamıya borc verən biri mənzil alınması üçün borc ala bilməz. Bundan başqa başqa şəxslərdən alındığı iddia edilən borclarla bağlı hər hansı sənəd və sübut mövcud deyildir. Kəmalə Heydərova iddianın dəlillərinə qarşı yazılı etiraz təqdim etmiş və etirazda göstərmişdir ki, İddiaçı iddia ərizəsində göstərdiyi oğlu Cavabdeh alınmış Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzili alan zaman, nə də onun təmiri üçün heç kimdən hər hansı borc almamışlar. Hətta etirazına əlavə etdiyi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5683/2017 nömrəli icra sənədinə əsasən Aydına (ailələrinə) X6 54.000 ABŞ dolları, digər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən X15 adlı şəxsin Aydına (ailəyə) 360.000 (üç yüz altmış min) ABŞ dolları borcu var. Göründüyü kimi, Aydın ailəyə məxsus xüsusilə külli miqdarda pulları müxtəlif şəxslərə borc verib. Yəni bildirmək istəyir ki, oğluna ev almaq üçün ailənin kifayət qədər pulu var idi və kimdənsə borc almağa heç vaxt ehtiyacları olmayıb. Oğluna ev alandan və təmirdən sonra Aydın evdə olan 10.000 ABŞ dolları puluda evdən götürərək ona məlum olmayan şəxslərə verib. Məhkəmə iclasında iştirak edən Kəmalə Heydərovanın nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, İddiaçı Kəmalə Heydərovadan 42.500 manat pul istəməsi də əsassızdır. Belə ki, nəzərə alınmalıdır ki, mənzillər tərəflərin birgə vəsaiti hesabına, birgə nikah dövründə alınıb (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-400/2024 saylı Qərarının 11,12, 13-cü bəndləri). Beləliklə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri və Ali Məhkəmənin yuxarıda adı çəkilən qərarı ilə təsdiq və aydın olur ki, cavabdehin adına alınmış Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzilin alınmasına və təmirinə çəkilən xərc cavabdehin öz qazancı il deyil, İddiaçıla Kəmalə Heydərovanın ər-arvad kimi birgə qazancları hesabına əldə edilmiş pul hesabına ödənilmişdir. Cavabdeh məhkmədə özünün şəxsi qazancının olduğunu və evin alnmasına və təmirinə özünüün xərc çəkdiyini bildirsə də bunu təsdiq edəcək sübutlarını məhkəməyə rəsmi qaydada təqdim etməmişdir. ... İddiaçı Kəmalə Heydərova birgə qazancları olan 123700 manat və 20000 manat pulu yetkinlik yaşına çatmış övladları Cavabdeh adına ev almaqla, ona bağışlamışlar. Lakin Cavabdeh atası İddiaçıla ailə hüquq münasibətlərindən, valideyn-övlad, ata-oğul münasibətərindən irəli gələn vəzifələrini yerinə yetirməmiş, atasına qarşı hörmətsizlik, saymamazlıq göstərmiş, anası Heydərova Kəmalə xx.xx.2023-cü il tarixində İddiaçıı şərləyərək evdən qovarkən və münasibətləri pozularkən, onların münasibətlərinin düzəlməsinə cəhd etməmiş, hər iki valideynə münasibətdə orta mövqe tutmaq əvəzinə, atasını yox sayaraq, anası ilə birləşərək, ona qarşı düşmənçilik mövqeyi sərgiləmişdir. Mülki Məcəllənin 668.1.3-cü maddəsinə əsasən, bağışlama daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə etibarlıdır. Həmin Məcəllənin 673.1.2-ci maddəsinə əsasən, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair 26 aprel 2024-cü il tarixli qərarında deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsində nəzərdə tutulan “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyi ilə müəyyən edilən hallarda və həddə əmlak və şəxsi qeyri-əmlak münasibətlərindən irəli gələn vəzifələri ehtiva edir. Hesab edirik ki, İddiaçı cavabeh Cavabdeh evin alınmasına görə verdiyi pulun yarısını geri tələb etməsi qanunidir və iddia təmin olunmalıdır”. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-in 53, 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. ... İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativhüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. ... İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur”. Göründüyü kimi, hal-hazırda iddia tələbinin hüquqi əsası iddiaçı tərəfindən üçüncü dəfə dəyişdirilmişdir. Belə ki, ilkin olaraq, iddia ərizəsində Mülki Məcəllənin 157.2-ci maddəsinə istinad olunsa da, xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında həm iddiaçı, həm onun vəkili tərəflər arasında borc münasibətlərinin olmasına istinad etmiş və verilmiş borc geri tələb edilmiş, hal-hazırda isə iddiaçı tələbinin hüquqi əsası kimi, Mülki Məcəllənin 673.1.2-ci maddəsinə istinad edir. Həmin maddəni ümumi olaraq 32-ci fəsilin kontekstindən çıxarılmasını məhkəmə əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Məcəllənin 668.1-ci maddəsinə müvafiq olaraq, bağışlama aşağıdakı hallarda etibarlıdır: daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə. İş materiallarında olan müqavilə və maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli, 386 saylı müqavilə "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış və sonuncu 120750 manat məbləğində pulu ödəməklə Bakı şəhəri, Binəqədi rayonu, “Elit” yaşayış kompleksi, Heydər Hüseynov küçəsi, 31A, bina 4-də yerləşən 19 saylı mənzili almışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, ünvan 4 ünvanı "xxxx" MTK üzvlərinin ümumi yığıncağının 156 nömrəli xx.xx.2022-ci il tarixli protokoldan çıxarışa və 156 nömrəli xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. İddiaçının nümayəndəsi və vəkilinin özünün də istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair" 26 aprel 2024-cü il tarixli qərarında göstərilmişdir ki, hər hansı əqdin, o cümlədən bağışlama müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün mülki qanunvericilikdə nəzərdə tutulan şərtlərə əməl edilməlidir. Hazırkı vəziyyətdə tərəflər arasında hər hansı bağışlama münasibətlərinin olması iş materiallarında öz əksini tapmır. Cavabdehlə MTK arasında müqavilə bağlanmış, daşınmaz əmlakın dəyəri onun tərəfindən tam həcmdə ödənilmiş və mənzil hal-hazırda cavabdehin xüsusi mülkiyyətindədir. İddiaçı İbadulla oğlunun və ya X1 həmin müqavilənin tərəfi olması müqavilədə və ya maliyyə arayışında əks olunmayıb və həmin sənədlər mübahisələndirilmədiyi və məhkəmə qətnaməsi ilə etibarsızlığı təsbit edimədiyi müddətdə şəxslərin hər hansı məhkəmə iclası çərçivəsində istənilən məzmunda verdiyi izahatlar göstərilənləri təkzib edən xüsusat kimi qəbul edilə bilməz. Təmirə çəkilmiş xərclərə gəldikdə isə qeyd edilməlidir ki, İddiaçı İbadulla oğlunun oğlu Cavabdeh tərəfindən alınmış evin təmirinə maddi və mənəvi kömək etməsi qəbul edilsə idi belə, hal-hazırda həmin pulun Mülki Məcəllənin 673.1.2-ci maddəsinə əsaslanaraq geri tələb edilməsi qanunvericiliyin tələblərinə cavab vermir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ**********0000003944, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar