Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2189/2025 11.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Professional X1 Birliyinin cavabdeh "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi) mülki iş üzrə (Açar sözlər: müqavilənin bağlanma öhdəliyinin qoyulması və pul tələbi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndələri Nümayəndə5, Nümayəndə2, X2, Nümayəndə1, Nümayəndə7 , Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə4 iştirakı ilə, İddiaçı Azərbaycan Professional X1 Birliyinin cavabdeh "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi) “müqavilənin bağlanma öhdəliyinin qoyulması və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları
1. İddiaçı Azərbaycan Professional X1 Birliyi cavabdeh "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi) “müqavilənin bağlanma öhdəliyinin qoyulması və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Müəlliflik və əlaqəli hüquqlar haqqında” AR Qanununun 17-ci maddəsinin və 24 avqust 2007-ci il tarixli, 132 nömrəli Nazirlər Kabinetinin qərarının icrasının təmini və audiovizal əsərə münasibətdə müəlliflərə, ifaçılara, audiovizual əsər istehsalçılarına və fonoqrama münasibətdə isə ifaçılara və fonoqram istehsalçılarına çatacaq qonorarın yığılması məqsədilə Cavabdeh MMC-nin üzərinə iddiaçı “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi ilə müqavilə bağlanılması öhdəliyin qoyulması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2007-ci il tarixli, 132 nömrəli Qərarına əsasən Cavabdeh MMC-nin 01 yanvar 2021-ci il tarixindən 01 yanvar 2024-cü il tarixinədək (son 3 il ərzində) audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün surətinin çıxarılmasında istifadə olunan avadanlıqların və maddi daşıyıcların idxalını həyata keçirdiyi zaman qanunazidd olaraq audiovizual əsərə münasibətdə müəlliflərə, ifaçılara, audiovizual əsər istehsalçılarına və fonoqrama münasibətdə isə ifaçılara və fonoqram istehsalçılarına qonorar ödəmədiyinə görə, ümumilikdə 687.399 (altı yüz səksən yeddi min üç yüz doxsan doqquz) manat məbləğində pulun cavabdehden alınaraq Azərbaycan Professional Kinorejissorlar Gildiyasının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Professional Kinorejissorlar Gildiyası əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat kimi Azərbaycan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanununun müvafiq maddələri əsasında qeydiyyata alınaraq yaradılıb və fəaliyyət göstərir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarının təmin edilməsini fərdi qaydada həyata keçirmək praktik olaraq mümkün olmadıqda müvafiq qanunvericiliyə uyğun olaraq göstərilən şəxslərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yaradıla bilər. Azərbaycan Professional X1 Birliyi xx.xx.1999-cu il tarixdə 1156 nömrə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Qanunun 41.3 maddəsinə əsasən dövlət qeydiyyatına alınmış əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumda qeydiyyatdan (akkreditasiyadan) keçirlər. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən “Azərbaycan Proffessional Kinorejissorlar Gildiyası” İctimai Birliyi qeydiyyatdan (akkreditasiyadan) keçirilmişdir. Gildiyanın hüquq və vəzifələri sözügedən Qanunun 42 və 43-cü maddələrində təsbit olunmuşdur. Belə ki, həmin maddələrdən görünür ki, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar istifadəçilərdən qonorar yığır və yığılmış qonorarı onun təmsil etdiyi müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri arasında bölüşdürür və ödəyir; idarə etdiyi hüquqların qorunması üzrə vacib olan digər hüquqi hərəkətləri edir. Həmçinin, o, yığılmış qonorarı müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri arasında bölmək və qanuni sahiblərinə ödəmək; qonorarı ödəməklə birlikdə müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinə onların hüquqlarından istifadə barədə məlumat vermək vəzifələri vardır. Cavabdeh MMC audiovizual əsərlərin və fonoqramların surətinin çıxarılmasında istifadə olunan avadanlıqların və maddi daşıyıcıların idxalını “Müəlliflik və əlaqəli hüquqlar haqqında” AR qanununun 17-ci maddəsinin və 24 avqust 2007-ci il tarixli, 132 nömrəli Nazirlər Kabinetinin qərarının tələblərini pozaraq həyata keçirən təşkilatdır. Nazirlər Kabinetinin 24 avqust 2007-ci il tarixli, 132 nömrəli qərarına əsasən şəxsi məqsədlər üçün audiovizual əsərin və fonoqramın gəlir götürmədən surəti çıxarılarkən, audiovizual əsərə münasibətdə müəlliflərin, ifaçıların və audiovizual əsər istehsalçılarının, fonoqrama münasibətdə isə ifaçıların və fonoqram istehsalçılarının qonorar almaq hüququ vardır. Göstərilən qonorar audiovizual əsərlərin və fonoqramların surətinin çıxarılmasında istifadə olunan (yazılma üçün) audiovideomaqnitofonların və digər avadanlıqların (bundan sonra - avadanlıqlar), audio və (və ya) videolentlərin və kasetlərin, lazer disklərin və digər maddi daşıyıcıların (bundan sonra - maddi daşıyıcılar) istehsalçıları və idxalçıları tərəfindən ödənilir. Cavabdehin kommersiya məqsədilə audiovizual əsərlərin və fonoqramların surətinin çıxarılmasında istifadə olunan maddi daşıyıcıların və avadanlıqların ixdalını həyata keçirməsi zamanı qanunvericiliklə müəyyən edilmiş qaydada heç bir qonorar ödəməməsi müəlliflərin, audiovizual əsər və fonoqram istehsalçılarının və ifaçılarının hüquqlarını kobudcasına pozur. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 17.3-cü madddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2007-ci il tarixli, 132 nömrəli Qərarının 6-cı və 8-ci maddələrinə əsasən audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün gəlir götürmədən surətinin çıxarılmasına görə avadanlıqların və maddi daşıyıcıların istehsalçıları və ya idxalçıları tərəfindən avadanlıqların və maddi daşıyıcıların hər bir növü üzrə satış (topdansatış) qiymətinin 0,5 faizindən az olmamaqla hər rübün sonunda Əqli Mülkiyyət Agentliyinin hesabına köçürülməlidir. Agentlik 2019-cu il 27 dekabr tarixli, 79 nömrəli əmrlə və xx.xx.2023-cü i tarixli şəhadətnamə ilə audiovizal əsər və fonoqramların surətini çıxarma imkanına malik maddi daşıcı və avadanlıqların istehsalçıları və idxalçıları ilə müqavilə münasibətlərinin qurulmasını və onlardan qonorar yığılmasını Azərbaycan Professional Kinorejissorlar Gildiyasına tapşırmışdır. Əqli Mülkiyyət Agentliyinin cavabdehə göndərdiyi xx.xx.2020-ci il və xx.xx.2022-cil tarixli məktublarına, həmçinin Kinоrejissоrlar Gildiyasının dəfələrlə rəsmi və qeyri-rəsmi müraciətlərinə, müqavilə bağlanılmasına dair təkliflərinə baхmayaraq, cavabdeh bu istiqamətdə hüquqi əsasların yaradılması üçün heç bir addım atmamışdır. Cavabdeh yuxarıda qeyd olunan hərəkətləri ilə “Müəlliflik huququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 12, 15 və 17-ci maddələrinin tələblərini pоzaraq müəlliflərə maddi zərər vurur və bununla da həmin Qanunun 47-ci maddəsinə uyğun оlaraq mülki məsuliyyətə cəlb edilməlidir. Gildiya AR Mülki Məcəlləsini, AR “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanununu, Nazirlər Kabinetinin 24 avqust 2007-ci il tarixli, 132 nömrəli Qərarını əsas götürərək Cavabdeh MMC-nin 01 yanvar 2021-ci il tarixindən 01 yanvar 2024-cü il tarixinədək (son 3 il ərzində) olan dövr ərzində audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün surətçıxarmada istifadə olunan avadanlıqların və maddi daşıyıcların idxalını həyata keçirdiyi zaman qanunazidd olaraq audiovizal əsərə münasibətdə müəlliflərə, ifaçılara, audiovizual əsər istehsalçılarına və fonoqrama münasibətdə isə ifaçılara və fonoqram istehsalçılarına qonorar ödəmədiyinə görə ümumilikdə 687.399 (altı yüz səksən yeddi min üç yüz doxsan doqquz) manat məbləğin cavabdehden alınaraq ona ödənilməsini tələb edir. Belə ki, müəlliflərin qonorar almaq hüququnun əsası kimi Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş minimum qonorarın miqdarı faiz göstəricisi ilə əks olunmuşdur. Nazirlər Kabinetinin 24 avqust 2007-ci il tarixli, 132 nömrəli Qərarının 5-ci maddəsinə əsasən Gildiyanın Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinə göndərdiyi rəsmi sorğuya verilmiş cavaba əsasən 01 yanvar 2021-ci il tarixindən 01 yanvar 2024-cü il tarixinədək cavabdeh tərəfindən idxal olunan audiovizual əsərlərin və fonoqramların surətinin çıxarılmasında istifadə olunan maddi daşıyıcıların və avadanlıqların ümumi dəyəri 80.870.477,27 ABŞ dolları (səksən milyon səkkiz yüz yetmiş min dörd yüz yetmiş yeddi dollar iyirmi yeddi sent) məbləğ müəyyən edilmişdir. Bu məbləğin manatla ifadəsi 137.479.811,35 (yüz otuz yeddi milyon dörd yüz yetmiş doqquz min səkkiz yüz on bir manat, otuz beş qəpikdir). Nazirlər Kabinetinin qərarına əsasən minimum olaraq bu məbləğin 0,5 faizi 687.399 (altı yüz səksən yeddi min üç yüz doxsan doqquz) manata bərabərdir. Bu səbəbdən Gildiya son 3 il üçün 687.399 (altı yüz səksən yeddi min üç yüz doxsan doqquz) manat məbləğin tutulmasını tələb edir.
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “Müəlliflik və əlaqəli hüquqlar haqqında” AR Qanununun 17-ci maddəsinin və 24 avqust 2007-ci il tarixli, 132 nömrəli Nazirlər Kabinetinin Qərarının icrasının təmini və audiovizal əsərə münasibətdə müəlliflərə, ifaçılara, audiovizual əsər istehsalçılarına və fonoqrama münasibətdə isə ifaçılara və fonoqram istehsalçılarına çatacaq qonorarın yığılması məqsədilə Cavabdeh MMC-nin üzərinə iddiaçı “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi ilə müqavilə bağlanılması öhdəliyinin qoyulması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2007-ci il tarixli, 132 nömrəli Qərarına əsasən Cavabdeh MMC-nin 01 yanvar 2021-ci il tarixindən 01 yanvar 2024-cü il tarixinədək (son 3 il ərzində) audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün surətinin çıxarılmasında istifadə olunan avadanlıqların və maddi daşıyıcların idxalını həyata keçirdiyi zaman qanunazidd olaraq audiovizual əsərə münasibətdə müəlliflərə, ifaçılara, audiovizual əsər istehsalçılarına və fonoqrama münasibətdə isə ifaçılara və fonoqram istehsalçılarına qonorar ödəmədiyinə görə ümumilikdə 687.399 (altı yüz səksən yeddi min üç yüz doxsan doqquz) manat məbləğində pulun cavabdehden alınaraq, 274.959,60 manatının (40%) Azərbaycan Professional X1 Birliyinin, 412.439,40 manatının (60%) isə fonoqram ifaçılarına və istehsalçılarına çatdırılması üçün Əqli Mülkiyyət Agentliyinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinə qarşı etiraz
4. Cavabdeh "xxxx" MMC iddia tələbinə qarşı etiraz ərizəsi təqdim edərək iddia ərizəsinin heç bir hüquqi əsası olmadığından və iddia əsassız olduğundan tələbin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının öz iddiasını əsaslandırdığı “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 17-ci maddəsinin 3-cü hissəsində qeyd edilir ki, şəxsi məqsədlər üçün audiovizual əsərin və fonoqramın gəlir götürmədən surəti çıxarılarkən audioviziual əsərə münasibətdə müəlliflərin, ifaçıların və audioviziual əsas istehsalçılarının, fonoqrama münasibətdə isə ifaçıların və fonoqram istehsalçılarının qonorar almaq hüququ vardır. Göstərilən qonorar istehsalçı, yaxud surətçıxarma üçün istifadə olunan avadanlığın və maddi daşıyıcıların idxalçısı tərəfindən ödənilir. Qanunun normasından açıq şəkildə göründüyü kimi avadanlıq və qurğulara surətçıxarma üçün istifadə edilən texniki avadanlıqlar, əsərlərin yazıldığı kasetlər, disklər və s. aid edilmişdir. Cavabdeh tərəfindən isə belə məhsullar idxal edilmir. MMC-yə məxsus “Kontakt” mağazalarında elektronika və eletrik-məişət malları satılır. Həmçinin “Məlumat daşıyıcısı vasitələrinin gömrük dəyərləndirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə AR Nazirlər Kabinetinin 2013-cü il 25 dekabr tarixli, 350 nömrəli Qərarında qeyd edilmişdir ki, məlumat daşıyıcısı vasitələri – informasiya texnologiyaları vasitələri ilə emal edilməyə yararlı məlumat və ya təlimatlar yığımının saxlanılması və istifadəsi üçün təyin edilmiş kompakt disklər (CDlər), maqnetik kasetlər, disketlər, DVD və s. maddi obyektlər. Bu Qaydaların məqsədləri üçün istifadə olunmuş məlumat daşıyıcısı vasitələrinə elektron inteqral sxemləri, yarımkeçiricilər, elektron inteqral sxemlərini və ya mexanizmlərini özündə birləşdirən əşyalar və ya cihazlar (kompyuterlər, bərk disklər və s.) daxil deyildir. Əlavə olaraq bildirilmişdir ki, iddiaçının müqaviləyə əlavə etdiyi siyahıya istisna edilən bir neçə mal kodları gömrük sistemində (rəsmi saytında) verilən anlayış belədir: ********** - ən azı məlumatın işlənmə mərkəzi blokundan, klaviaturadan və displeydən ibarət olan, kütləsi 10 kq-da çox olmayan portativ hesablayıcı maşınlar; 8517 başlığı ilə qeyd olunan mallara – mobil və ya digər naqilsiz rabitə şəbəkələri üçün smartfonlar və digər telefon aparatları da daxil olmaqla telefon aparatları və s. Göründüyü kimi qeyd edilən məhsullar gömrük sistemində belə maddi daşıyıcı, surətçıxarma avadanlıqları kimi qəbul olunmur, o kateqoriyadan olan məhsullaı isə cavabdeh MMC idxal etmir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsləri (Nümayəndə5, Nümayəndə2, X5, Nümayəndə1, Nümayəndə7) iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini xahiş etdilər.
6. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə6 iddia ərizəsinə yazılı etiraz təqdim etdiklərini bildirərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə4 iddiaçının iddia tələbinə etiraz etməyək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi.
Mülki işin materialları:
8. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 17-ci maddəsinə uyğun olaraq vəsaitin ödənilməsi haqqında” ŞK-011 saylı (ŞK-011/24 saylı) müqavilə əlavə edilsə də, həmin müqavilə tərəflər “Gildiya” və idxalçı "xxxx" MMC tərəfindən imzalanmamışdır.
9. AR Əqli Mülkiyyət Agentliyinin xx.xx.2019-cu il tarixli, 79 nömrəli əmrinə əsasən audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün gəlir götürmədən surətinin çıxarılmasına görə audioviziual əsərə münasibətdə müəlliflərin, ifaçıların və audioviziual əsas istehsalçılarının, fonoqrama münasibətdə isə ifaçıların və fonoqram istehsalçılarının qonorarının yığılması Təminat Mərkəzinin və Gildiyanın birgə həyata keçirməsi əmr edilmişdir. Həmçinin audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün gəlir götürmədən surətinin çıxarılmasına görə müəlliflərə, ifaçılara və audiovizual əsas istehsalçılarına qonararın bölüşdürülməsi işlərinin aparılmasını Gildiya həyata keçirir. Hesablanmış qonararın AR Vergi Məcəlləsi ilə müəyyən edilmiş ödəmə mənbəyində vergi tutulduqdan sonra qalan hissəsi Təminat Mərkəzinə 60 faiz, Gildiyaya 40 faiz olmaqla bölünmüşdür.
10. AR Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminat Mərkəzi ilə “Azərbaycan Professional Kinorejissorları Gildiyası” İctimai Birliyi arasında əməkdaşlıq müqaviləsi bağlanmışdır.
11. Qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi audiovizual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv idarəçiliyini həyata keçirən qurum kimi dövlət qeydiyyatına alınmış, Əqli Mülkiyyət Agentliyinin 27 dekabr 2023-cü il tarixli, 2/2023 nömrəli şəhadətnaməsinə əsasən “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi audiovizual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv idarəçiliyini həyata keçirən təşkilat kimi qeydiyyatdan (akkreditasiyadan) keçmişdir
Tətbiq edilən hüquq: “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun:
12. 15.4-cü maddəsinə əsasən müəllifin əsərdən istifadənin hər növünə görə müəllif qonorarı almaq hüququ vardır (qonorar almaq hüququ). Bu qonorarın həcmi və hesablanması qaydası müəlliflərlə (hüquq sahibləri ilə) istifadəçilər arasında bağlanmış müəllif müqaviləsi və ya müəlliflərin verdikləri səlahiyyətlər həcmində əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçilər arasında bağlanmış müqavilələrlə müəyyən edilir.
13. Əmlak hüququ isə müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin isə əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququdur və müstəsna hüquqlar aşağıdakıları həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi, yaxud qadağa qoymağı bildirir: əsərin birbaşa və ya dolayısı yolla surətini çıxarmaq (surətçıxarma hüququ); əsərin orijinalını və ya nüsxələrini satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yaymaq (yaymaq hüququ); əsərin orijinalını və ya nüsxələrini kirayəyə vermək (kirayə hüququ); əsərin nüsxələrini (o cümlədən müəllifin, yaxud əsərə müstəsna müəlliflik hüquqlarının sahibinin razılığı əsasında istehsal edilmiş nüsxələri) yaymaq məqsədi ilə idxal etmək (idxal hüququ); əsəri kütləvi nümayiş etdirmək (kütləvi nümayiş hüququ); əsəri kütləvi ifa etmək (kütləvi ifa hüququ); kütləyə çatdırılması məqsədi ilə əsərin kütləvi bildirişi (verilişin efirlə və ya kabellə kütləvi bildirişi daxil olmaqla) (kütləvi bildiriş hüququ); əsərin kütləyə çatdırılması üçün onun ilk və ya sonrakı bildirişləri də daxil olmaqla efirlə kütləvi bildirişi (efirlə kütləvi bildiriş hüququ); kütləyə çatdırmaq üçün ilk və sonrakı bildirişlər də daxil olmaqla əsərin kabellə (kabel, naqil və ya digər oxşar vasitələrlə) bildirişi (kabellə kütləvi bildiriş hüququ); əsəri tərcümə etmək (tərcümə hüququ); əsəri interaktiv istifadə üçün kütləyə çatdırma (interaktiv kütləvi bildiriş hüququ); dəyişdirmək, aranjeman etmək, yaxud başqa formada yenidən işləmək (yenidən işləmək hüququ).
14. 17.3-cü madddəsində göstərilmişdir ki, şəxsi məqsədlər üçün audiovizual əsərin və fonoqramın gəlir götürmədən surəti çıxarılarkən audiovizual əsərə münasibətdə müəlliflərin, ifaçıların və audiovizual əsər istehsalçılarının, fonoqrama münasibətdə isə ifaçıların və fonoqram istehsalçılarının qonorar almaq hüququ vardır. Göstərilən qonorar istehsalçı, yaxud surətçıxarma üçün istifadə olunan avadanlığın (audio və videomaqnitafonlar, başqa avadanlıqlar) və maddi daşıyıcıların (səs (və ya) videolent və kasetlər, lazer diskləri və digər maddi daşıyıcılar) idxalçısı tərəfindən ödənilir. “Audiovizual əsərlərin və fonoqramın gəlir götürmədən şəxsi məqsədlər üçün surətinin çıxarılmasına görə qonorarın minimum məbləğinin müəyyən edilməsi, bölüşdürülməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2007-ci il tarixli, 132 nömrəli Qərarının 6-cı maddəsinə əsasən audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün gəlir götürmədən surətinin çıxarılmasına görə avadanlıqların və maddi daşıyıcıların istehsalçıları və ya idxalçıları tərəfindən ödənilən qonorarının minimum məbləği qonorarın hesablandığı zaman avadanlıqların və maddi daşıyıcıların hər bir növü üzrə satış (topdansatış) qiymətinin 0,5 faizindən az olmamaqla müəyyən edilir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
15. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
16. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
17. 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
18. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
19. 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.
20. 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır.
Azərbaycan Respublikası MPM-nin:
21. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
22. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
26. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
Məhkəmənin mövqeyi:
27. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
28. İş materiallarından görünür ki, Azərbaycan Professional X1 Birliyi cavabdeh "xxxx" MMC-yə müqavilə bağlanması üçün təklif (oferta) göndərmiş, lakin cavabdeh tərəfindən müqavilənin bağlanmasına dair razılıq (aksept) göndərilməmişdir.
29. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında könüllü şəkildə bağlanılır. Mülki Məcəllənin tələblərinə əsasən müqavilə bağlamağa məcburetməyə yol verilmir.
30. Həmçinin cavabdeh tərəf yazılı etirazında və məhkəmə çıxışlarında iddia tələbini qəbul etmədiklərini, iddiaçı tərəfin qeyd edilən siyahı üzrə avadanlıqların onlar tərəfindən ölkəyə idxal edilmədiyini bildirmişdir.
31. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.
32. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-nin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-nin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-nin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsinə əsasdır.
33. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).
34. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Professional X1 Birliyinin cavabdeh "xxxx" MMC-yə qarşı müqavilə bağlama öhdəliyinin qoyulması hissəsində təmin edilməməlidir.
35. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbinin ikinci hissəsinə, yəni pulun tutulması hissəsinə münasibətdə də təmin edilməməlidir.
36. Belə ki, tərəflər arasında pulun ödənilməsi ilə bağlı hər hansı müqavilə mövcud deyil və müqavilənin bağlanması öhdəliyi məhkəmə tərəfindən təmin edilməmişdir. Belə olan hazırkı tələb üzrə pulun tutulması ilk tələbdən (müqavilə bağlanması öhdəliyindən) asılı olduğuna görə təmin edilə bilməz.
37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Azərbaycan Professional X1 Birliyinin cavabdeh "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi) “müqavilənin bağlanma öhdəliyinin qoyulması və pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydadaBakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. . Sədrlik edən Lətifə Məmmədova