Məhkəmə qərarları › İş №e-2(001)-2202/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2202/2025

30.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2202/2025 30.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞnin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “pay hüququnun tanınması, pul və s.” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞnin 1 saylı Bakı Əriz İdarəsi cəlb edilməklə) “pay hüququnun tanınması, pul və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 1 dair Cavabdeh adına aparılmış qeydiyatın ləğv edilməsi, ünvan 1 ünvanı üzrə onun ½, Cavabdeh ½ pay hüquqlarının tanınması, qeyd edilən ünvana buraxılmağı və cavabdehdən onun xeyrinə torpaq sahəsinin alınması üçün cavabdehə göndərdiyi 51000 manat pulun, məhkəmə xərclərinin (vəkil xidmət haqqı və dövlət rüsumu) tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, uzun illər Rusiya Federasiyası, Murmansk şəhərində sahibkarlıq fəaliyyəti göstərmişdir. Doğma əmisi, iddia ərizəsi üzrə Cavabdeh da eyni şəhərdə işləmişdir. 2013-cü ilin fevral ayında qərara gəlmişdir ki, sahibkarlıq fəaliyyətini genişləndirsin, etibar etdiyi və səriştəsi, təcrübəsi olduğu üçün bu işi əmisi Cavabdeh vasitəsi ilə görsün. Cavabdehlə bu haqda danışmışdır ki, Murmansk şəhərində obyekt alıb, cavabdehlə şərikinə işlətmək istəyir. Cavabdeh onun təklifi ilə razılaşmış, lakin bildirmişdir ki, pul qoymağa imkanı yoxdur, maddi vəziyyəti qənaətbəxş deyil, biznesə pul qoya bilməyəcək. Şərtləri belə olmuşdur ki, Murmansk şəhərində Cavabdeh adına obyekt alsınlar (çünki həmin dövrdə yalnız cavabdehin Rusiya vətəndaşlığı vardı və obyektdə fəaliyyət göstərəcək firma cavabdehin adına açıla bilərdi), obyekti təmir etsinlər, firma təsis olunsun, obyektin açılışı edilsin. Şərtlərinə uyğun olaraq onun verdiyi pullar hesabına (cavabdeh pul qoymamış) 2013-cü ilin aprel ayında ******* Rusiya rubluna (təqribi 155000 manat) Murmansk A.F.Lobov küçəsi 9, korpus 4 ünvanı 1ci mərtəbəsində yerləşən 183 kv.metrdən ibarət qeyri-yaşayış sahəsi alınmışdır. Obyektin təmiri 1 il, 4 ay davam etmişdir. Obyektin daxili tamamilə sökülmüş, ara divarları götürülmüş, əvvəllər kosmetik salon kimi fəaliyyət göstərən obyekt tamamilə yenilənib, təmir edilmişdir. Obyektin daxilinə yeni avadanlıqlar (soyuducular, kondisionerlər, vitrinlər, ofis mebelləri, komputerlər, kassalar) alınıb, quraşdırılmışdır. Təmir və avadanlığa obyektin alış qiymətindən artıq xərc çıxmışdır. Ümumi xərc təqribi 10 milyon Rusiya rublu olmuş və bütün xərclər tərəfindən qarşılanmışdır. 2014-cü ilin yay aylarında Cavabdeh adına «ООО «Гектор»» firması açılmış və həmin ilin noyabr-dekabr aylarından isə obyekt ərzaq mağazası kimi fəaliyyətə başlamışdır. 2018-ci ilin sentyabr ayına kimi birgə fəaliyyət göstərməklə, şərikli qazanc etmişdirlər. 2017-ci ildə atasının və əmisinin yaxın qohumu Zahir adlı şəxs (makler kimi fəaliyyət göstərirdi) onlara telefon edərək təklif etmişdir ki, Azərbaycanda biznes fəaliyyəti qurulsun, onlar razılaşmışdırlar. 2017-ci ilin iyun ayında Bakı şəhərinə gəlmiş, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində onun seçimi ilə 0,045 ha (4.5 sot) torpaq sahəsi almışlar, Azərbaycanda yaşadığı üçün sənədləşmə Zahirin adına olmuşdur. Torpağın alışına cəmi 154375 manat xərc çıxmışdır. Xərci əmisi Davudla o yarı-yarı qoymuşdurlar. 2017-ci ilin təqribi noyabr ayında evin tikintisinə başlanmış, 2018-ci ilin yanvar ayında Zahir qan xərçəngi xəstəliyindən vəfat etmişdir. Həmin vaxt tikinti işləri başa çatmış, evin təmir işləri aparılırdı. Bütün tikinti xərclərini əmisi Davudla o yarı-yarı qoymuşlar. Evin təmir tikintisinə təqribi 117000 manat pul xərclənmişdir. Eyni zamanda, 2018-ci ilin fevral ayının təqribi 20-si 1.2 sot torpaq sahəsi üzərində nəzərdə tutduqları obyektin tikitisinə başlanmışdır. 2018-ci ilin təqribi oktyabr ayında təmir işləri başlamış və 2019-cu ilin iyuluna qədər təmir tikinti işləri davam etmişdir. 2019-cu ilin iyul ayında obyekt fəaliyyətə başlamışdır. Obyekt yarı zirzəmidən başqa 3 mərtəbədən (cəmi 4 mərtəbə) ibarətdir, hər mərtəbə təqribi 100 kv.metrdir. Təmir tikinti işlərinə təqribi 174000 manat pul xərclənmiş, həmin tikinti xərclərini əmisi Davudla o yarı-yarı qoymuşlar. ünvan 2 ünvanı istifadəyə verilib, fəaliyyətə başladıqdan sonra Cavabdeh yarı zirzəmidə özü fəaliyyət göstərdi və oranı kompüter oyunları salonu və restoran kimi işlədir, ayda təqribi 3000 manat qazanc əldə edirdi. 2024-cü ilin yanvar ayından isə həmin yarı zirzəmini kompüter oyunları salonu kimi icarəyə verilmişdir. Binanın 1-ci mərtəbəsi isə 2019-cu ilin iyul ayından “Al Market” mağazalar şəbəkəsinə aylıq icarə haqqı 1800 manat olmaqla icarəyə verilmişdir. Binanın 2 və 3-cü mərtəbələri isə 2019-cu ilin avqust ayından Ali Məktəblərə hazırlıq kurslarına (tədris mərkəzi) icarəyə verilmiş, icarə haqqı aylıq 1100 manat təşkil edirdi. 2022-ci ilin yanvar ayından hal-hazıradək isə həmin mərtəbələr psixoloji mərkəzə icarəyə verilmiş, aylıq icarə haqqı 1700 manatdır. Bununla yanaşı 2021ci ilin yanvar ayının sonları sahibkarlıq fəaliyyəti göstərmək məqsədi ilə əlavə torpaq sahəsi almaq üçün əmisi Cavabdeh ******* rubl (təxmini 51000 manat) göndərmişdir. Bu pula əmisi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 10 may küçəsində 2 sotluq torpaq sahəsi almışdır. Rəsmi alqı-satqı müqaviləsi olmasa da, torpaq sahəsinə dair etibarnamə qardaşının həyat yoldaşı Pərvin Qarayevanın adına verilmişdir. Məlum olmuşdur ki, cavabdeh torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli etibarnaməni mülkiyyətçi ilə danışıb, xx.xx.2022-ci il tarixdə ləğv etdirib və torpaq sahəsini başqa şəxsə 70000 manata satmışdır. Alan şəxs isə hazırda həmin torpaq sahəsini 100000 manata satır. Əmisinin şərikliklərinə xəyanət etməsi ilə bağlı hüquqları pozulub, biznesi onun qurmasına, pulları onun xərcləməsinə, bütün əziyyətləri öz üzərinə götürməsinə baxmayaraq uzun müddət ona 1 manat da olsun pul verməyib, üstəlik əmlakı öz adına sənədləşdirib, torpaq sahəsinin alınması üçün göndərdiyi pulları mənimsəyib. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli cavabında göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi ev 11M Cavabdeh adına sənədləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirdi ki, iddianı qismən qəbul edirlər. Belə ki, iddiaçı ilə cavabdeh şərikə iş görsələr də, pulun çox hissəsini cavabdeh vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs (nümayəndəsi) məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iclasının üçüncü şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, ünvan 1 (8 otaq, ü/s 359.50 kv.m, y/s 193.50 kv.m) və həmin evin yerləşdiyi 0.0133 ha torpaq sahəsi Cavabdeh adına xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir. Hesabdan çıxarışdan görünür ki, İddiaçı Cavabdeh hesabına xx.xx.2018-ci il tarixdə 25000 Rusiya rublu, xx.xx.2018-ci il tarixdə 300000 Rusiya rublu, xx.xx.2018-ci il tarixdə 25000 Rusiya rublu, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə 100000 Rusiya rublu, xx.xx.2019-cu il tarixdə 300000 Rusiya rublu, xx.xx.2019-cu il tarixdə 225000 Rusiya rublu məbləğində vəsaitlər köçürmüşdür. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə Nəsimi RPİ-nin 19-cu PŞ-də verilmiş izahatından görünür ki, ona verilən suallara cavab olaraq bildirmişdir ki, 2014-cü ilin payız aylarında İddiaçı ilə birlikdə şəriklikləri Rusiya Federasiyasında başlayıb və burada, yəni Azərbaycanda obyektləri birgə alaraq, şərikliklərini davam etdirmişlər və R.İsmayılov küçəsində yerləşən müxtəlif sahələrdə icarəyə vermişdir. Binanı 2019-2020-ci illərdə şərikli tikdirərək, birlikdə qazanc əldə etmişlər və ondan sonra 2021-ci ildə İddiaçı Rusiya Federasiyasında birgə şərik olduqları obyektlərdə qalan məvacibdən ona göndərərək, həmin torpaq və obyekti Azərbaycanda əldə etmişlər. O vaxta qədər şərikliklərində mübahisələr yaranmışdır ki, Rusiya Federasiyasında olan obyektlərdən gələn gəlir ona göndərilməmiş və verilməmişdir. Buna görə də İddiaçı qeyd etdiyi Azərbaycanda olan ünvanlarda yerləşən şərikli obyektlərindən gələn pul məvacibini Rusiya Federasiyasında olan gəlirlə əvəz olunması üçün İddiaçı pulu verməmişdir. Bu məqsədlə Rusiya Federasiyasında olan obyketlərdən gələn məvacib Azərbaycan olan obyektlərindən gələn məvacibdən 3 qat çoxdur və hal-hazırda İddiaçı Rusiya Federasiyasında əldə etdiyi birgə qazanclarını ona verməmişdir. Qaimələrin surətlərindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təmirinə 94139 manat məbləğində (i.v. 70) vəsait xərclənmişdir. Hesabdan çıxarışdan görünür ki, İddiaçı Cavabdeh hesabına xx.xx.2018-ci il tarixdə 25000 Rusiya rublu, xx.xx.2018-ci il tarixdə 25000 Rusiya rublu, xx.xx.2019-cu il tarixdə 100000 Rusiya rublu, xx.xx.2019-cu il tarixdə 2576,58 manat, xx.xx.2019-cu il tarixdə 936 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 2082,12 manat, xx.xx.2019-cu il tarixdə 120000 Rusiya rublu, xx.xx.2019-cu il tarixdə 1341 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 1868,12 manat, xx.xx.2019-cu il tarixdə 12000 Rusiya rublu, xx.xx.2019-cu il tarixdə 1520 manat, xx.xx.2020-ci il tarixdə 700 manat, xx.xx.2020-ci il tarixdə 1000 manat, xx.xx.2020-ci il tarixdə 100000 Rusiya rublu, xx.xx.2020-ci il tarixdə 10000 Rusiya rublu, xx.xx.2020-ci il tarixdə 100000 Rusiya rublu, xx.xx.2020-ci il tarixdə 100000 Rusiya rublu, xx.xx.2020-ci il tarixdə 50000 Rusiya rublu, xx.xx.2020-ci il tarixdə 70000 Rusiya rublu, xx.xx.2020-ci il tarixdə 3500 manat, xx.xx.2020-ci il tarixdə 970 manat, xx.xx.2020-ci il tarixdə 20000 Rusiya rublu, xx.xx.2021-ci il tarixdə 100000 Rusiya rublu, xx.xx.2021-ci il tarixdə 3384 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 150 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 4738 ABŞ dolları məbləğində vəsaitlər köçürmüşdür. xx.xx.2025-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı 300 manat məbləğində vəkil xidmət haqqı ödəmişdir. xx.xx.2025-ci mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddianın qaldırılması üçün məhkəmənin hesabına 243 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə iddianın qeydiyyatın ləğv edilməsi hissəsində hesab edir ki, iddia bu hissədə təmin olunmalıdır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında qeyri-yaşayış sahəsinin şərikli istifadəsinə dair razılaşma olmuş, cavabdeh razılaşmaya əməl etməmişdir. Belə ki, torpağın alınmasında və həmin torpağın üzərində tikintinin aparılmasında iddiaçının və cavabdehin əməyi olmuşdurş Bu da öz növbəsində cavabdehin polis şöbəsində verdiyi izahatında öz əksini tapır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin adına aparılmış qeydiyyat ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017-ci il tarixli, 918-VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya). Məhkəmə iddianın pay hüquqlarının tanınması hissəsində hesab edir ki, iddia bu hissədə də təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq barədə razılaşma olmuş, bu səbəbdən də 2017-ci ilin iyun ayında Bakı şəhərinə gəlmiş, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində onun seçimi ilə 0,045 ha (4.5 sot) torpaq sahəsi almışlar, torpağın alışına cəmi 154375 manat vəsait çıxmışdır. Həmçinin, onlar razılaşmışdırlar ki, qeyri-yaşayış binasının yarı sahibi İddiaçı, digər yarı sahibi isə Cavabdehdur. Lakin cavabdeh bu razılaşmaya əməl etməmiş, həmin qeyri-yaşayış binasının qeydiyyatına öz adına etmişdir. Belə olan halda da, məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməli, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində yerləşən 11M saylı evin ½ hissəsi üzərində İddiaçı, ½ hissəsi üzərində Cavabdeh payları müəyyən olunmalı və İddiaçı həmin ünvana buraxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iddianın pulun tutulması hissəsində hesab edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından və tərəflərin verdikləri izahatlardan görünür ki, iddiaçı cavabdehə torpaq sahəsinin alınması üçün pul vəsaiti göndərmişdir. Həmin torpaq sahəsi cavabdeh tərəfindən alınsada iddiaçın qardaşının arvadının adına rəsmiləşdirilmişdir. Cavabdeh həmin torpaq sahəsini özünə məxsus əmlakın satışından əldə edilən pul vəsaiti hesabına aldığını bildirsə də, məhkəmə araşdırması zamanı, həmçinin izahatlardan və iş materiallarında olan hesabdan çıxarışlardan müəyyən olunmuşdur ki, həmin torpağın alınması üçün iddiaçı tərəfindən cavabdehin hesabına pul vəsaiti köçürülmüşdür. İddiaçı həmin məbləğin 51000 manat olmasını iddia etsə də, məhkəmə iclasları zamanı cavabdeh tərəfin vəkili öz çıxışı zamanı həmin məbləğin 28000 manat olduğunu eturaf etmişdir. Belə olan halda da, tərəflər şərikli olaraq torpaq sahəsini almaları barədə razılaşdıqlarından, həmin pul vəsaitinin yarısı, yəni 14000 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərikliliklə bağlı halları cavabdeh Nəsimi RPİ-nin 19-cu PŞ-də verdiyi izahatla da təsdiq etmişdir. (i.v 64) Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, Cavabdeh 14000 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 1 dair Cavabdeh adına aparılmış qeydiyyat ləğv edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində yerləşən 11M saylı evin ½ hissəsi üzərində İddiaçı, ½ hissəsi üzərində Cavabdeh payları müəyyən olunmalı, həmin ünvana İddiaçı buraxılmalı, cavabdehdən 14000 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 135 manatı, həmçinin, vəkilə ödənilmiş xidmət haqqının 200 manatı (AR MPM 218.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla) Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 1 dair Cavabdeh adına aparılmış qeydiyyat ləğv edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində yerləşən 11M saylı evin ½ hissəsi üzərində İddiaçı, ½ hissəsi üzərində Cavabdeh payları müəyyən olunsun, həmin ünvana İddiaçı buraxılsın. Cavabdeh 14000 (on dörd min) manat məbləğində pul vəsaiti, ödənilmiş dövlət rüsumunun 135 (yüz otuz beş) manatı və vəkilə ödənilmiş xidmət haqqının 200 (iki yüz) manatı alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar