Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2534/2024 07.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, Ərizəçi nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 1 saylı Mediasiya Təşkilatında bağlanılan 21 fevral 2024-cü il tarixli “Barışıq Sazişi”nin (şərtləri göstərilməklə) təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 1 saylı Mediasiya Təşkilatının iştirakı ilə bağlanılan 21 fevral 2024-cü il tarixli Barışıq Sazişinə əsasən Ərizəçi və Maraqlı şəxs Səadət Sarayında (Bakı nikah evində) qeydiyyata alınmış 27 noyabr 1999-cu il tarixli 1823 nömrəli qeyd ilə təsdiq edilən, aralarında bağlanmış nikahın davam etdirilməməsi barədə qarşılığlı razılığa gəlmişlər. Digər bir şərtlə tərəflər, birgə nikahdan anadan olmuş övladları X1 yetkinlik yaşına çatanadək ananın, yəni Maraqlı şəxs himayəsinə verilməsinə dair razılığa gəlmişlər. Tərəflərin aliment ödənilməsinə dair tələbləri yoxdur. Hazırda nikahın pozulması üçün Barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsinə zərurət yaranmışdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə ərizəni müdafiə etməklə ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə Maraqlı şəxs lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırki məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, Barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında olan 21 fevral 2024-cü il tarixli MŞB/1/2024-00065 nömrəli Barışıq sazişindən görünür ki, Ərizəçi, Maraqlı şəxs və mediator X3 arasında mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə tərəflər sazişi imzalamaqla “Səadət Sarayında (Bakı nikah evində) qeydiyyata alınmış 27 noyabr 1999cu il tarixli 1823 nömrəli qeyd ilə təsdiq edilən, aralarında bağlanmış nikahın davam etdirilməməsi barədə qarşılığlı razılığa gəlmişlər. Ərizəçi (etibarnamə üzrə nümayəndəsi və təmsilçisi Nümayəndə) nikahın pozulması ilə bağlı məhkəməyə müraciət edəcəkdir. Mediasiya (mübahisə) tərəfləri X2 adlı övladın yetkinlik yaşına çatanadək ananın, yəni Maraqlı şəxs himayəsinə verilməsi barədə qarşılıqlı razılığa gəlmişlər. Tərəflərin heç bir aliment tələbi yoxdur.” barədə razılığa gəlmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə görə məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə görə barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Bununla yanaşı, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsinə görə bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 5.4-cü bəndinə görə ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.1-ci maddəsinə görə, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən boşanmadan sonra məhkəmə yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalmasını, 22.2.2-ci maddəsinə əsasən isə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 73-cü maddəsinə əsasən, uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Ərizəçi, Maraqlı şəxs və mediator X3 arasında mediasiya prosesi nəticəsində bağlanmış 21 fevral 2024-cü il tarixli MŞB/1/2024-00065 nömrəli Barışıq sazişinin şərtlərindən görünür ki, tərəflər həmin şərtlərə ailə qanunvericiliyinin məhkəmənin səlahiyyətinə aid etdiyi məsələləri daxil etmişdirlər. Halbuki, nikahın pozulması, uşaqların himayəyə verilməsi məsələsi yalnız məhkəmə tərəfindən qəyyumluq orqanının rəyi alınmaqla həll olunan məsələlərdir. Eyni zamanda məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Eyni zamanda tərəflər arasında aliment münasibətləri davam edən münasibətlər olmaqla yanaşı, uşaqların üstün mənafeyi üçün nəzərdə tutulan vəsaitdir. Hazırki sazişin təsdiq edilməsi gələcəkdə alimentə ehtiyacı olan valideynin və uşağın maddi təminat almaq hüququndan məhrum edilməsi ilə nəticələnə bilər. Digər tərəfdən mülki prosessual qanunvericilik “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçiyə barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilmə imkanı tanımışdır. Lakin həmin hallarla bağlı, yəni barışıq sazişinin könüllü qaydada icra edilməməsi və ya barışıq sazişinin könüllü icrasından imtina barədə müvafiq sübutlar da ərizəçi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, hazırkı barışıq sazişinin predmeti tərəflər arasında Səadət Sarayında (Bakı nikah evində) qeydiyyata alınmış 27 noyabr 1999-cu il tarixli 1823 nömrəli qeyd ilə təsdiq edilmiş nikahın pozulması ilə bağlı məhkəməyə müraciət edilməsi, tərəflərin birgə nikahlarından olan övladları X1 yetkinlik yaşına çatanadək anasının himayəsinə verilməsi, aliment tələbinin olmaması olduğundan, həmin tələblər məhkəmə qaydasında həll olunan tələblər olduğundan, Ərizəçi, Maraqlı şəxs və mediator X3 arasında mediasiya prosesi nəticəsində bağlanmış 21 fevral 2024-cü il tarixli MŞB/1/2024-00065 nömrəli Barışıq sazişinin təsdiq edilməsindən imtina edilməli, ərizəçiyə müvafiq tələblərlə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə ərizənin təsdiq edilməsindən imtina edilməsini nəzərə alaraq hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi, Maraqlı şəxs və mediator X3 arasında mediasiya prosesi nəticəsində bağlanmış 21 fevral 2024-cü il tarixli MŞB/1/2024-00065 nömrəli Barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Hazırki tələblərlə müvafiq məhkəməyə müraciət etmək hüququ ərizəçiyə izah olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-2534/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2534/2024
07.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver