Məhkəmə qərarları › İş №e-2(001)-265/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-265/2024

15.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-265/2024 15.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus avtomaşına dəymiş 10023.18 manat zərər məbləğinin və ödənilmiş 121 manat dövlət rüsumunun Cavabdeh oğlundan tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində, saat 08:30da radələrində 8 Noyabr prospekti ilə X. Rüstəmov küçəsinin kəsişməsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh oğlunun idarə etdiyi **-XM-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Pajero” markalı avtomobil ilə, iddiaçıya məxsus, Vəkilov Kamran Qurban oğlunun etibarnamə əsasında idarə etdiyi **-HC-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21703” markalı avtomobil toqquşmuşdur. Belə ki, **-HC-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21703” markalı avtomobilə 8 Noyabr prospekti ilə X.Rüstəm küçəsinin kəsişməsində yerləşən yolayrıcına çatdıqda işıqforun yaşıl işığının yanmasına görə saatda təxminən 45- 50 km sürətlə düzünə istiqamətdə hərəkət edib, **-XM-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Pajero” markalı avtomobil isə işıqforun qadağa edici işığında X. Rüstəmov küçəsinin əks istiqamətindən yolayrıcına daxil olmuş, nəticədə YNH baş vermişdir. Həmin YNH nəticəsində iddiaçıya məxsus **-HC-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21703” markalı avtomobilə zərər dəymişdir. Faktla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılmışdır. Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru X4 qəbul etdiyi xx.xx.2023-cü il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh oğlunun İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsiri sübuta yetirilmişdir. Həmçinin, törətdiyi qayda pozuntusuna görə Cavabdeh oğlu barəsində Xətai RPİ DYPŞ tərəfindən xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qərardan da göründüyü kimi aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, 18 oktyabr 2022-ci il tarixdə saat 08:20 radələrində Türkiyə Cümhuriyyətinin vətəndaşı Cavabdeh oğlu rəsmi nikahda olduğu həyat yoldaşı X2 qızına məxsus olmaqla etibarnamə əsasında idarə etdiyi «X11» markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, X.Rüstəmov küçəsi ilə hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozub, X.Rüstəmov küçəsi və 8 Noyabr prospektinin kəsişməsində yerləşən yolayırıcına işıqforun qadağanedici işığında daxil olaraq X.Rüstəmov küçəsinin əks istiqamətindən hərəkətdə olan Vəkilov Kamran Qurban oğlunun baş etibarnamə əsasında idarə etdiyi «Vaz 21703» markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində «Vaz 21703» markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Vəkilov Kamran Qurban oğlu təpə nahiyəsinin, sağ gözaltı nahiyənin, sağ əlin, sağ dirsək oynağı və bel nahiyələrinin sıyrıqları kimi dərəcəsi təyin edilməyən bədən xəsarətləri almışdır. Həmçinin yol-nəqliyyat hadisəsinin Türkiyə Cümhuriyyətinin vətəndaşı Cavabdeh oğlunun etibarnamə əsasında idarə etdiyi «X11» markah **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobillə işıqforun qadağanedici işığında yolayırıcına daxil olması səbəbindən baş verməsi müəyyən edilmişdir. Bundan başqa araşdırma nəticəsində «Vaz 21703» markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Vəkilov Kamran Qurban oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun hər hansı bir müddəasının tələblərinə uyğunsuzluq göstərməsi müəyyən edilməmişdir. Material üzrə təyin edilmiş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının rəyində də Vəkilov Kamran Qurban oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olması və ya onun hadisənin qarşısının alınmasına texniki imkanının olması ilə bağlı hər hansı bir qeyd aparılmamışdır. "xxxx" ASC-nin X1 Avtovaz servis mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixində tərtib edilmiş ziyan aktından da, göründüyü kimi baş vermiş YNH nəticəsində iddiaçıya məxsus avtomobilin ban hissələrinin tam yararsız hala düşməsi və eləcə də onun deformasiyaya uğrayaraq sıradan çıxması səbəbindən avtomobilin əsaslı təmirə qoyulması və əvvəlki saz vəziyyətinə gətirilməsi texniki cəhətdən qeyri-mümkündür. Həmçinin həmin ziyan aktının qeyd hissəsindən görünür ki, avtomobilin bu günkü bazar dəyəri (hadisə olan tarixə) 12500 AZN təşkil edir. Zərər vuran nəqliyyat vasitəsi "xxxx" ASC-də üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası üzrə sığortalanmışdır. Əmlaka vurulan zərər görə icbari sığorta ödənişinin limiti 5000 AZN təşkil edir. Bəhs olunan YNH nəticəsində iddiaçıya məxsus avtomobil ilə eyni zamanda yaxınlıqda yerləşən işıqfora da zərər dəymişdir. Buna görə də, "xxxx" ASC tərəfindən sığorta ödənişi mütənasib sürətdə ödənilmiş və iddiaçıya 2476.82 manat sığorta ödənişi edilmişdir. Beləliklə, YNH nəticəsində avtomobilə dəymiş 12500 manat zərərin qalan hissəsi olan 10023.18 manat (12500-2476.82=10023.18) pul məbləğinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, cavabdehin təqsirli olmasına dair iş materiallarında yetərincə sübut var. Baş vermiş hadisə nəticəsində avtomobil tamamilə yararsız hala düşmüşdür. İş üzrə iki dəfə ekspertiza keçirilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin rəyində avtomobilin qiyməti 12500 manat olaraq qiymətləndirilsə də, "xxxx" MMC tərəfindən təqdim edilən rəydə bu məbləğ 10000 manat kimi qeyd edilib. Təqdim edilən rəylər arasında 2500 manat kimi bir fərq var. Odur ki, təqdim edilən rəylərdən, məhkəmə ekspertiza mərkəzinin verdiyi rəyi əsas götürməklə, iddianın təmin edilməsini xahiş edir. Avtomobil hal-hazırda Maştağa qəsəbəsində parking hesab oluna biləcək bir həyətdə saxlanılır. Tələb edilən məbləğ onlara veriləcəyi təqdirdə avtomobil cavabdehə veriləcək və cavabdeh onu istədiyi kimi sata bilər.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, əslində baş vermiş hadisədə qarşı tərəfin təqsiri müəyyən edilməmiş, istintaq orqanı tərəfindən araşdırma cavabdehin təqsirli halının müəyyən edilməsi üçün aparılmışdır. Belə ki, təqdim olunan video çəkilişə baxanda qarşı tərəfin də avtomobili sürətlə idarə etməsi görünür. İstintaq orqanın qərarından şikayət verilsə də, nəticəsi barədə məlumat verilməmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilən ekspert rəyi ilə razıdır. Odur ki, iş üzrə çıxarılacaq məhkəmə qətnaməsində sonuncu ekspert rəyinin mötəbər sübut kimi nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

5. AE seriyalı, ******* saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-XM-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Pajero” minik markalı avtomobil X2 qızının mülkiyyətindədir.

6. AD N seriyalı, 913166 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-HC-*** dövlət qeydiyyat nişanlı, “VAZ21703” minik markalı avtomobil İddiaçı mülkiyyətindədir.

7. Xətai RPİ-nn İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X7 tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, təqsirkar sürücü Türkiyə Cümhuriyyətinin vətəndaşı Cavabdeh oğlu barəsindən Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati tənbeh tədbirlərinin görülməsi üçün Xətai RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır.

8. İXP seriyalı, ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixində, saat 08:00-da Cavabdeh “Mitsuhishi Pajero” minik markalı, **- XM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.

9. X1 Avtovaz servis mərkəzi tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli ziyan aktından görünür ki, yaxşı durumda, işlək vəziyyətdə olan Vaz 21703 markalı, 2014-cü il buraxılışlı avtomobilin bugünki bazar qiyməti “Turbo.Az” saytına görə 12500 manatdır.

10. "xxxx" ASC tərəfindən təqdim edilən PXA138725 saylı sığorta aktından görünür ki, xx.xx.2022-ci il tarixində 8 noyabr pr-tində “Mitsuhishi Pajero” minik markalı, **- XM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə “VAZ21703” minik markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, "xxxx" MMC tərəfindən təqdim olunan aktla dəymiş zərər 6060 manat qiymətləndirilmiş, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki Məsuliyyətinin icbari sığortası haqqında şəhadətnamdə üçüncü şəxsin əmlakına vurulan zərərə görə nəzərdə tutulmuş limitin 5000 manat təşkil etdiyindən və həmin məbləğ zərərçəkmiş üçüncü şəxslərə dəymiş zərərdən az olduğundan üçüncü şəxslərin əmlakına vurulan zərər qanunvericilikdə müəyyən edilmiş sığorta məbləği dairəsində mütənasib surətdə ödənilir. Odur ki, Vəkilov Kamran Qurban oğlunun hesabına 2476,82 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

11. ƏN-Vİİİ seriyalı, 437588 saylı nəqliyyat vasitəsinə sərəncam verilməsi barədə etibarnamənin surətindən görünür ki, İddiaçı Vəkilov Kamran Qurban oğluna “Vaz 21703” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək, bağışlamaq, və s. hərəkətlər üçün 1 il müddətinə (xx.xx.2023-cü il tarixinədək) etibarnamə vermişdir.

12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/6348/2023 saylı rəyindən görünür ki, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 12500 manat olmuş, 2014-c il buraxılışlı “Vaz 21703” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği, salamat qalmış hissələrin dəyəri (təxminən 2500 manat) nəzərə alınmaqla, nəzəri qaydada təxminən 10000 manat (12500-20 %) manat müəyyən edilir.

13. Rəyin tədqiqi hissəsində qeyd edilmişdir ki, ekspertiza tədqiqatı mülki iş materiallarında olan zərər aktı əsasında hesablanmışdır, avtomobil tamamilə yararsız vəziyyətə düşdüyündən onun əvvəlki saz vəziyyətə gətirilməsi texniki cəhətdən qeyrimümkündür. Təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə olan avtomobilin orta bazar qiyməti Respublikada yerləşən avtobazalarda mövcud olan qiymətlər, yerli internet saytları və eləcə də Məhkəmə ekspertiza mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə müəyyən edilmişdir.

14. "xxxx" MMC tərəfindən avtomobilə baxış keçirilməklə, fotoşəkilləri əlavə edilməklə təqdim edilən xx.xx.2024-cü il tarixli, 0113 saylı hesabatdan görünür ki, toplanmış materiallar, aparılmış təhlil və hesablamalar nəticəsində “Vaz 21703” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə eyni texniki parametrlərə uyğun normal vəziyyətdə avtomobilin orta bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 10500 manat müəyyən edilmişdir.

15. Rəyin tədqiqat hissəsində qeyd edilir ki, Qərardadın icrası ilə əlaqədar qiymətləndirici ekspert "Vaz 21703" minik markalı minik avtomobilinə baxış keçirmişdir. Qəzalı vəziyyətdə olan həmin avtomobil Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsində olan avtoservisin ərazində yerləşdirilmişdir. Baxış zamanı qəza nəticəsində avtomobilin ban hissəsinin ciddi şəkildə deformasiyaya uğradığı və avtomobilin tam yararsız hala düşdüyü müəyyən edilmişdir. Belə vəziyyətdə avtomobilin əsaslı təmir edilərək əvvəlki və ya ona yaxın hala gətirilməsi mümkün görünmür. Təmir edilməsi mümkün olsa belə, bunun üçün qeyri-mütənasib xərc çəkilməlidir. Bu isə iqtisadi cəhətdən məqsədə uyğun deyildir. Hazırkı vəziyyətdə sözügedən avtomobili olduğu vəziyyətdə (bütünlükdə) və ya faktiki salamat qalmış hissələrini ayrı-ayrılıqda satmaq iqtisadi cəhətdən daha əlverişli hesab olunur. Araşdırma zamanı müxtəlif avtoservislər və fərdi qaydada avtomobil təmiri ilə məşğul olan şəxslərlə telefon və əyani formada danışıqlar aparılmış və nəticədə "Vaz 21703" minik markalı avtomobilin hazırda olduğu qəzalı vəziyyətdə (bütünlükdə) təxminən 2000 manat məbləğinə satılmasının mümkün olduğu müəyyən edilmişdir. Bununla belə ehtimal olunur ki, avtomobilin faktiki salamat qalmış hissələrinin ayrı-ayrılıqda satması (hissələrə ayıraraq ehtiyat hissəsi kimi satması) çox mənfəət gətirə bilər. Lakin bunun üçün vaxt və əlavə iş (güc sərfi) tələb olunur. Beləliklə, aparılmış təhlillər nəticəsində belə qənaətə gəlinir ki, "Vaz 21703" minik markalı avtomobilin əsaslı təmir edilərək əvvəlki hala gətirilməsi mümkün deyildir. Həmin avtomobili hazırkı vəziyyətində (bütünlükdə) təxminən 2000 manat məbləğinə satmaq olar. Eyni zamanda avtomobilin qiyməti Turbo.az internet saytında yerləşdirilən 3 elanın müqayisəli təhlili əsasında müəyyən edilmişdir.

16. İddiaçı tərəfindən iddianın məhkəmədə qaldırılması üçün 121 manat məbləğində dövlət rüsumu ödənilmişdir. (Qəbz № **********) Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

17. Cavabdeh oğlu xx.xx.2022-ci il tarixində 8 Noyabr prospektində etibarnamə əsasında idarə etdiyi “Mitsuhishi Pajero” minik markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “VAZ21703” minik markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra "xxxx" ASC tərəfindən zərərdəyən avtomobili baş etibarnamə ilə idarə edən Vəkilov Kamran Qurban oğlunun hesabına 2476,82 manat məbləğində sığorta ödənişi edilmişdir.

18. Avtomobilin zədələnməsi ilə nəticələnən qəzanın baş verməsində cavabdehin təqsirli olması inzibati xəta haqqında protokolla və iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla sübut olunur.

19. Mübahisənin obyektiv həlli üçün iş üzrə iki dəfə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmişdir Nəticədə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/6348/2023 saylı rəyi ilə zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 12500 manat olmuş, 2014-c il buraxılışlı “Vaz 21703” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği, salamat qalmış hissələrin dəyəri (təxminən 2500 manat) nəzərə alınmaqla, nəzəri qaydada təxminən 10000 manat (12500-20 %) manat müəyyən edilmişdir.

20. "xxxx" MMC tərəfindən avtomobilə baxış keçirilməklə, fotoşəkilləri əlavə edilməklə təqdim edilən xx.xx.2024-cü il tarixli, 0113 saylı hesabatla isə toplanmış materiallar, aparılmış təhlil və hesablamalar nəticəsində “Vaz 21703” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə eyni texniki parametrlərə uyğun normal vəziyyətdə avtomobilin orta bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 10500 manat müəyyən edilmişdir.

21. Ekspertiza tədqiqatları nəticəsində avtomobilin əvvəlki saz vəziyyətə gətirilməsinin texniki cəhətdən qeyri-mümkün olduğu müəyyən edilmişdir.

22. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilin təmirə qoyulmasını və əvvəlki saz vəziyyətə qaytarılmasının texniki cəhətdən mümkünsüzlüyünü əsas gətirməklə, hadisənın baş verdiyi tarixə avtomobilin dəyərinin 12500 manat olduğunu, həmin məbləğdən sığorta ödənişi ( 2476,82 manat) çıxıldıqdan sonra qalıq qalan 10023,18 manat məbləğində pulun tutulmasını, bundan başqa iş üzrə keçirilmiş məhkəmə ekspertizası mərkəzi tərəfindən verilmiş rəyin mötəbər sübut kimi qiymətləndirilməsini xahiş edir.

23. Cavabdehin nümayəndəsi və vəkili isə avtomobilin hadisə baş verən tarixə olan bazar qiyməti ilə razılaşmayaraq, əslində baş vermiş hadisədə qarşılıqlı məsuliyyət məsələsinin tam həll edilmədiyini və iddiaçı tərəfin əksinə iş üzrə "xxxx" MMC tərəfindən təqdim edilən rəyin mötəbər sübut kimi qiymətləndirilməsini xahiş edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

24. Əvvəla hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

26. - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;

27. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;

28. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);

29. - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;

30. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər;

31. 1097.5-ci maddəsinə əsasən əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.

32. Mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağan edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir

33. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”.

34. Odur ki, Cavabdeh oğlunun delikt törətməsi, bunun nəticəsində “Vaz 21703” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi, avtomobilin təmirə yararsız olması işin mübahisəsiz hallarıdır və məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla da təsdiq olunur.

35. İşin mübahisəli halı 2014-cü il buraxılışlı “Vaz 21703” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin müəyyən olunması ilə bağlı olmuşdur ki, yaranmış mübahisənin obyektiv həlli üçün iki dəfə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmişdir. Təqdim edilən rəylərin müqayisəli təhlilindən görünür ki, avtomobil Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən nəzərə baxımdan zədələnməmişdən əvvəl 12500 manat məbləğində, salamat qalmış hissələrin dəyəri isə 20 faiz həcmində müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən isə avtomobil salamat qalmış hissələrinin satıldığı zaman dəyərinin 2000 manat məbləğində hesablanmaqla, avtomobilin öz dəyərinin 10500 manat olduğu göstərilmişdir.

36. Məhkəmə hər iki ekspert rəyində müəyyən edilən avtomobilin qiymətinin ədədi ortasının avtomobilin real bazar qiyməti kimi qiymətləndirilməli olduğu qənaətindədir. Belə ki, hər iki rəyin tədqiqat hissəsindən görünür ki, ekspertiza tədqiqatı avtomobil satışı ilə bağlı aparıcı elan saytının, yəni Turbo.az internet səhifəsinin məlumatlarına əsasən aparılmışdır. Bu səbəbdən də ortaq məlumat bazası əsasında müəyyən edilmiş qiymətlərin ədədi ortasının təsdiq olunması işin hallarına və tərəflərin mənafeyinə uyğun hesab edilməlidir.

37. Odur ki, iddia qismən təmin edilməli və cavabdehdən 6723.18 manat məbləğində vəsait tutulmalıdır. Belə ki, hər iki rəy üzrə müəyyən edilmiş məbləğlərin ədədi ortası avtomobilin real bazar qiyməti kimi qiymətləndirilməli ((12500+10500): 2=11500), 20 faiz miqdarda salamat qalmış hissələrin dəyəri və sığorta şirkətinin ödədiyi məbləğ avtomobilin real bazar qiymətindən çıxılmaqla dəyən ümumi zərər(11500- 2300(11500x20%)-2476.82=6723.18) olaraq müəyyən edilməlidir. Tətbiq edilən prosessual normalar:

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

39. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

40. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

41. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

42. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

43. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

44. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh oğlundan 6723,18 manat məbləğində pul vəsaiti və iddia tələbinin təmin edilmiş hissəsinə münasibətdə 81 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

45. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 60 manat vəsait də Cavabdeh oğlundan tutularaq dövlət büdcəsinə ödənilməlidir.

46. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh oğlundan 6723,18 (altı min yeddi yüz iyirmi üç manat, on səkkiz qəpik) manat məbləğində pul vəsaiti və iddia tələbinin təmin edilmiş hissəsinə münasibətdə 81 (səksən bir) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat vəsait Cavabdeh oğlundan tutularaq dövlət büdcəsinə ödənilsin. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar