Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2711/2021 30.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı və onun nümayəndəsi, vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk pospekti 3078A ünvanında inşa edilmiş çoxmənzilli binanın A4 korpusunun 11-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 138,97 kv.m olan mənzilin ona təhvil verilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Məhəmməd qızı 2003-cü il tarixdə öz adına daşınmaz əmlak almaq məqsədilə Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk pospekti 3078A ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasında mənzil almaq üçün MMC-yə müraciət etmişdir. 06 noyabr 2003-cü il tarixində MMC-dən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk pospekti 3078A ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasından alğı-satqı müqaviləsi əsasında dəyərini tam ödəməklə binanın A4 korpusunun 11-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 138,97 kvm olan mənzili satın almışdır. MMC tərəfindən verilmiş 06 noyabr 2003-cü il tarixli kasa mədaxil orderinin qəbzinə əsasən qeyd edilən mənzilə dair İddiaçı Məhəmməd qızının borcu olmadığı təsdiqlənmişdir. Buna baxmayaraq Cavabdeh MMC müxtəlif bəhanələrlə həmin mənzili bugünədək X1 istifadəsinə və sahibliyinə verməkdən imtina edir. Halbuki həmin müqavilədən irəli gələn öhdəliklərin İddiaçı tərəfindən tam yerinə yetirildiyi nəzərə alınmaqla, mənzilin ona təhvil verilməsi üçün hər hansı maneə yoxdur. Bu da öz nöbəsində İddiaçı qanunla qorunan hüquq və mənafelərinə zidd olmaqla yanaşı onun əmlak və mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına, əlavə olaraq maddi zərərə məruz qalmasına səbəb olmuşdur. Göstərilələrə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, özü 30 ildir xaricdə yaşayır. Mənzilin açarı ondadır. Mənzilin təmir işlərinin bəzilərinin özü etdirmişdir. 1 ay bundan qabaq evinə getmiş, mənzilin qapıpəncərəsini açaraq havalandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir. Lakin şirkət tərəfindən bunu təsdiq edəcək maliyyə arayışı iddiaçıya verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 06 noyabr 2003-ci il tarixli “Mənzil Tikintisi və Satışına dair” müqaviləsindən görünür ki, Cavabdeh MMC Bakı şəhəri, Binəqədi rayonu, Atatürk pr-ti 3078A ünvanında inşa edilmiş binanın A4 korpusunun, 11-ci mərtəbəsində ümumi sahəsi 138,97 kv.m olan 3 otaqlı, mənzili hər kv.m dəyəri 300 ABŞ dolları həcmində qiymətləndirilməklə 41691 ABŞ dolları məbləğində alıcıya satmağı, alıcı isə ümumi məbləğin ödənişini müqavilə bağlanandan 3 gün ərzində həyata keçirməyi öhdəsinə götürür. Cavabdeh MMC tərəfindən verilmiş 06 noyabr 2003-ci il tarixli, kassa mədaxil orderindən görünür ki, İddiaçı ********* manat ödəniş etmişdir. Azərbaycan Respublikası "xxxx" MMMC-nin direktoru V.Abbasova tərəfindən “Vəkil və partnyorları” Vəkil Bürosunun vəkili Vəkil ünvanlanan 16.04.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Binəqədi rayonu, Atatürk pr-ti, 3078A məhəlləsində yerləşən binanın A4 korpusunun, 11-ci mərtəbəsində, 3 otaqdan ibarət, ümumi sahəsi 138,97 kv.m olan mənzildə müqavilə üzrə tərəf İddiaçı tərəfindən qismən təmir işləri aparılmış və halhazırda mənzildə yaşayış yoxdur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanan 06 noyabr 2003-ci il tarixli “Mənzil Tikintisi və Satışına dair” müqaviləsinə əsasən Cavabdeh MMC Bakı şəhəri, Binəqədi rayonu, Atatürk pr-ti 3078A ünvanında inşa edilmiş binanın A4 korpusunun, 11-ci mərtəbəsində ümumi sahəsi 138,97 kv.m olan 3 otaqlı mənzili hər kv.m dəyəri 300 ABŞ dolları həcmində qiymətləndirilməklə, 41691 ABŞ dolları qarşılığında İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndindən görünür ki, İddiaçı mənzillərin dəyərini 3 gün ərzində ödəniş etməyi öhdəsinə götürmüşdür. 06.11.2003-cü il tarixli kassa mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən mənzilin dəyəri tam şəkildə ödənilmişdir. Bu baxımdan İddiaçı müqavilədə göstərilən əmlaka sahiblik etmək və ondan istifadə etmək hüququnu əldə etmişdir. Lakin iddia tələbində qeyd edilmişdir ki, Cavabdeh MMC tərəfindən 03 noyabr 2003-cü il tarixli “Mənzil Tikintisi və Satışına dair” müqavilədən irəli gələn öhdəliklər pozulmuş, tikintisi başa çatdırılan mənzil sifarişçi İddiaçı təhvil verilməmiş, iddiaçıya mənzildən sərbəst istifadə üçün maneə yaradılmışdır. Mübahisə predmeti olan mənzilin faktiki olaraq mövcudluğu və həmin mənzildə yaşayışın olmaması Azərbaycan Respublikası "xxxx" MMMC-nin direktoru V.Abbasova tərəfindən göndərilən məktubla öz təsdiqini tapmışdır. Məhkəmə formasından, habelə müqavilədə tərəflərin necə adlandırılmasından asılı olmayaraq hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Belə ki, Cavabdeh MMC hazırki mübahisə üzrə podratçı qismində çıxış edərək, İddiaçı mübahisələndirdiyi yaşayış sahəsini inşa etmiş və İddiaçı sifarişçi qismində çıxış edərək, həmin işin görülməsi üçün razılaşdırılmış muzdu tam olaraq ona ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 762.1-ci maddəsinə görə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanılmış müqavilənin predmeti Bakı şəhəri, Binəqədi rayonu, Atatürk pr-ti 3078A ünvanında inşa edilmiş binanın A4 korpusunun, 11-ci mərtəbəsində ümumi sahəsi 138,97 kv.m olan 3 otaqlı, mənzilin razılaşdırılmış muzd müqabilində cavabdeh tərəfindən tikilib iddiaçıya təhvil verilməsindən ibarətdir. İddiaçı tərəfindən razılaşdırılmış muzd ödənilmiş, cavabdeh tərəfindən görülməli işlər həyata keçirilmişdir. Lakin cavabdeh müqavilədə razılaşdırılmış mənzilin təhvil verilməsi barədə öhdəliyini icra etməkdən yayınaraq, mənzili iddiaçıya təhvil verməmişdir. Yəni Cavabdeh MMC İddiaçı ilə bağladığı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, binanın tikintisi başa çatdıqdan sonra ona təhvil verilməli olduğu yaşayış sahəsini müqavilədə nəzərdə tutulan qaydada ona təhvil verməmişdir. Bununla da həmin müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh MMCnin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməli və Cavabdeh MMC onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, İddiaçı ilə arasında bağladığı 06 noyabr 2003-cü il tarixli müqavilədə göstərilən yaşayış sahəsini iddiaçıya təhvil verməlidir. Məhkəmə həmçinin hesab edir ki, təhvil vermə özlüyündə manenənin aradan qaldırılması, sahiblik və istifadəyə verməyi ehtiva edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməli, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk pr-ti 3078A ünvanında inşa edilmiş binanın A4 korpusunun, 11-ci mərtəbəsində ümumi sahəsi 138,97 kv.m olan 3 otaqlı, mənzil İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh MMC-yə həvalə edilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk pr-ti 3078A ünvanında inşa edilmiş binanın A4 korpusunun, 11-ci mərtəbəsində ümumi sahəsi 138,97 kv.m olan 3 otaqlı mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh MMC-yə həvalə edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-2711/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2711/2021
30.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver