Məhkəmə qərarları › İş №e-2(001)-2891/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2891/2025

10.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2891/2025 10.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədov Əli İlham oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2256.71 AZN və 4002.03 USD overdraft borcu və Bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 42.05 AZN və 30.70 USD faiz borcu olmaqla, cəmi 2298.76 AZN və 4032.73 USD məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 112 AZN dövlət rüsumu məbləğinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Şirvan filialı (bundan sonra bank) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli Kartmane debet karta dair Əsas şərtlər – Razılaşmaya əsasən **********0944-050009 və **********0840- 050009 saylı kart hesabları açılmışdır. Beynəlxalq kart əməliyyatlarının qaydasına əsasən offline (şəbəkəxarici) əməliyyatlara icazə var. Bu əməliyyatlar zamanı məbləğin istifadə edildiyi məkan Bankda kartın balansı haqqında sorğu göndərmədən əməliyyatı icra edir. Belə ki, silinmə daxil olan zaman kartda vəsait olmasa belə əməliyyat icra olunur və kart mənfi qalığa çıxa bilir. Müştəri bu praktikanı bilib və xx.xx.2024 tarixindən etibarən sui istifadə halları nəticəsində hər iki kartında overdraft məbləğ yaradıb. Müvafiq olaraq **********0944-050009 saylı kart hesabında 32075.43 AZN, **********0840-050009 saylı kart hesabında isə 33325.59 USD overdraft borcu yaranmışdır. Bank həmin əməliyyatlara chargeback işlərini başlamış və bir qisminin qaytarılmasına nail olmuşdur. Nəticədə müvafiq olaraq kartlarda 29818,72 AZN və 29323,56 USD məbləğində overdraft borcu bağlanmışdır. Hal-hazırda Cavabdehxx.xx.2025-ci il tarixinə 2256.71 AZN və 4002.03 USD overdraft borcu və Bankın əmlakını qanunsuzsaxlamağa görə hesablanmış 42.05 AZN və 30.70 USD faiz borcu olmaqla ,cəmi 2298.76 AZN və 4032.73 USD borcu vardır. Tərəfimizdən Cavabdeh bu barədə dəfələrlə şifahi xəbərdarlıq edilmiş və bildiriş məktubu göndərilmiş və artıq xərclənmiş pulun geri qaytarılması tələb edilmişdir. Lakin buna baxmayaraq, Cavabdeh bu günədək banka məxsus olan pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Beləliklə, Cavabdeh bu günədək özgənin vəsaitini özündə qanunsuz saxlamaqla banka maddi zərər vurur. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

5. İddiaçı ASC isə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli Kartmane debet karta dair Əsas şərtlər – Razılaşma imzalanmış və bank tərəfindən müştəriyə **********0840-050009 saylı və **********0944-050009 saylı valyutası azn və usd olan kart hesabları açılmışdır.

6. İddiaçı ASC tərəfindən təqdim edilən hesabdan çıxarış məlumatlarına əsasən **********0840-050009 saylı və **********0944-050009 saylı kart hesablarına görə əməliyyatlarda overdraft görünür.

7. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh overdraft nəticəsində **********0840-050009 saylı kart hesabında 32075,43 manat, **********0944-050009 saylı kart hesabında 33325,59 USD overdraft borcu yaranmış, Bank həmin əməliyyatlara chargeback işlərinə başlamış və 29818,72 azn və 29323,56 usd məbləğində overdraft borcu bağlanmışdır. Hal-hazırda xx.xx.2025-ci il tarixinə 2256,71 manat, 4002,3 usd overdraft borcu və bank əmlakını qanunsuz saxlamağa görə hesablanmış 42,05 manat və 30,70 usd faiz borcu olmaqla, cəmi 2298,76 manat və 4032,73 usd borcu vardır.

8. Bank tərəfindən Cavabdeh xx.xx.2025-ci il tarixində pretenziya məktubu göndərilmiş və ondan 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmişdir.

9. İddiaçı tərəfindən iddianın qaldırılması üçün 112 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

11. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

12. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

13. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

14. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

15. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

16. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

17. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

18. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;

19. 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir;

20. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

21. İşin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər arasında Kartmane debet karta dair Əsas şərtlər – Razılaşmaya əsasən açılmış **********0944-050009 saylı və **********0840-050009 saylı kart hesablarından istifadə etməklə, balansda olmayan məbləğdən ödənişlər həyata keçirməklə əsassız olaraq varlanmışdır. Tədqiq edilən sübutlarla, xüsusilə hesabdan çıxarış məlumatlarından müəyyən edilir ki, cavabdehin **********0840-050009 saylı kart hesabından 2256,71 manat məbləğində vəsaiti, **********0944-050009 saylı kart hesabından isə 4002,03 usd məbləğində vəsaiti xərcləməyə hüquqi əsası olmamış və bu səbəbdən də əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

22. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin

23. 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.

24. 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.

25. Odur ki, cavabdehin dollar ilə olan borcu ödəniş günü Azərbaycan Respublikasının manatına uyğun məzənnə ilə hesablanaraq manatla ödənilməlidir. Tətbiq edilən prosessual normalar:

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

27. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

28. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

29. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

30. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

31. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, **********0840-050009 saylı kart hesabından istifadə ilə əlaqədar yaranmış 2256,71 manat əsas, 42,05 manat faiz borcu olmaqla, cəmi 2298,76 manat pul vəsaiti və **********0944-050009 saylı kart hesabından istifadə ilə əlaqədar yaranmış 4002,03 dollar əsas, 30,70 dollar faiz borcu olmaqla, cəmi 4032,73 dollar məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla, həmçinin ödənilmiş 112 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. **********0840-050009 saylı kart hesabından istifadə ilə əlaqədar yaranmış 2256,71 manat overdraft borcu, 42,05 manat faiz borcu olmaqla, cəmi 2298,76 (iki min iki yüz doxsan səkkiz manat, yetmiş altı qəpik) manat pul vəsaiti və **********0944-050009 saylı kart hesabından istifadə ilə əlaqədar yaranmış 4002,03 dollar overdraft borcu, 30,70 dollar faiz borcu olmaqla, cəmi 4032,73 (dörd min otuz iki dollar, yetmiş üç sent) dollar məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla, həmçinin ödənilmiş 112 (yüz on iki) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar