Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2951/2025 17.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə. Cavabdeh Cavabdehnun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 30.000 manat məbləğində pulun tulmamısını xahiş etmişdir.
2. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının keçmiş gəlinidir. Oğlu 2014-cü ildə ailə qurmuş və 2022-ci ildə nikahı pozulmuşdur. Hazırkı cavabdeh ərə gələrkən iddiaçıya məxsus ünvan 1 ünvanı köçmüşdür. İddiaçı özünə məxsus evi 70.000 manata satdıqdan sonra oğlu və gəlininə 20.000 manat pul vermiş və onlar Zabrat qəsəbəsində ev almışlar. Digər oğlu Arifə də 20.000 manat pul vermişdir. Özü isə Bələdiyyə sənədi ilə Sabunçu rayonu, A.Atabayev (Novaya) küçəsində 30.000 manat fərdi yaşayış evi almışdır. Lakin bir müddət sonra cavabdeh iddiaçının pulu ilə alınmış evi sataraq iddiaçının yaşadığı evə köçmüşlər. Hazırda cavabdehin nikahı pozulsa da o, iddiaçının evindən çıxmır və iddiaçıya da həmin evdə yaşamağa imkan vermir. Bu səbəbdən də iddiaçı həmin evin dəyərinin cavabdeh alınması üçün məhkəməyə müraciət etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh onun keçmiş gəlinidir. Cavabdehin isə hazırda yaşadığı mənzil onun mənzilidir. O, həmin mənzili öz evini sataraq almışdır. Lakin cavabdeh onu həmin mənzildə yaşamağa qoymur. Bu səbəbdən mənzilə dair verdiyi pulu geri tələb edir. Hazırkı mənzil alınan vaxt başqa mənzildə yaşamışdır. Lakin bir müddət mübahisəli mənzildə yaşasa da sonradan problemlər olmuş deyə evdən çıxmışdır.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, ailə qurarkən iddiaçıya məxsus evə gəlin köçmüb. Sonradan həmin ev satılıb. Ev satıldıqdan sonra keçmiş həyat yoldaşına 20.000 manat pul verilib. Qalan pulu isə iddiaçı digər oğlu ilə birgə götürüb Ramana qəsəbəsində ev alıblar. Onlar isə Zabratda ev alıb. Zabratdakı evi 30.000 manata alsalar da həmin pulun 20.000 manatı iddiaçının oğlu, qalan 10.000 manatı isə onun atası vermişdir. Hətta o, qızıllarını sataraq həmin evi təmir ediblər. Daha sonra Zabratdakı evləri çox balaca olduğuna görə, həm də uşaqlar böyüdüyündən, təxminən 2 il sonra həmin evi satmışlar. Keçmiş yoldaşı pulu banka qoymuş və onlar kirayədə yaşamağa başlamışlar. Həmin dövrdə keçmiş həyat yoldaşına ipoteka düzəltməyi söz vermişdilər. Həmin növbəni gözlədikərinə görə bir il kirayədə yaşayıblar. İpoteka düzələndən sonra bankdakı pulu götürərək 55.000 manat dəyərində ev alınmalı idi. Lakin bir gecənin içində onu boşanmaq adı ilə atasının evinə göndəriblər. İki həftə sonra barışmaq üçün, ailə dağılmasın deyə yenidən kirayədə yaşadığı mənzilə qayıdıb. O, evə qayıdanda keçmiş həyat yoldaşı əlində sənədlərlə gəlib ki, anasının adına ev alıb və ona bildiriblər ki, razəlaşmaq istəmirsə, uşaqları da götürüb getməlidir. O da ailəsi dağılmasın deyə razılaşıb, evdə qalmışdır. İki həftə sonra keçmiş həyat yoldaşı qaynanası ilə birlikdə hazırkı evi 26.000 manata alıb və onlar 2020-ci ildə hazırkı mübahisəli evə köçmüşlər. Həmçinin bildirmişdir ki, iddiaçı heç vaxt həmin evdə yaşamayıb. Sadəcə 2 il bundan əvvəl gəldi ki, birgə yaşamaq istəyir. O da razılaşıb, 3 ay ərzində birgə yaşayandan sonra aprel ayında öz istəyi ilə əşyalarını yığıb və gedib.
6. Məhkəmə iclasında ifadə verən Şahid bildirmişdir ki, o, ev alqı-satqısı ilə məşğuldur. İddiaçının oğlu Fərid ona müraciət edərək ev axtardığını bildirib. O da ev tapdıqdan sonra onlara məlumat verib. Fərid pulu ödəyərək evi alıb.
Mülki işin materialları:
7. 21.01.2020-ci il tarixli “Əmanət Müqaviləsi”ndən görünür ki, X2 26.000 manatı 12 ay müddətinə illik 12%-lə "xxxx" ASC-yə əmanət qoymuşdur.
8. Evlərin alqı-satqısı müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixdə X2 30.000 manata Zabrat qəsəbəsində yerləşən fərdi yaşayış evini X1 almışdır.
9. Sabunçu Bələdiyyəsi tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uşota alınması haqqında şəhadətnamə verilmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
10. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
11. 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır.
12. 164-cü maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.
13. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.
14. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
17. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
18. Məhkəmə qeyd edir ki, iddiaçı əmlakın ona məxsus olduğunu bildirmiş və cavabdehin onu mənzildə yaşamağa imkan vermədiyini bildirsə də cavabdehə qarşı mənzilə bağlı iddia qaldırmaq əvəzinə cavabdehdən mənzilin pulunu tələb edir. Halbuki iddiaçı cavabdehə hər hansı bir məbləğdə pul verməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı özünə məxsus evi satdıqdan sonra 20.000 manat pulu oğlu Fərid İbrahimova vermiş və sonuncu tərəfindən 2016-cı ildə 30.000 manata yeni ev alınmışdır. Hazırkı mübahisəli ev isə həmin ev satıldıqdan sonra alınan evdir.
19. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı məhkəmədə öz iddia tələblərini əsaslandıra bilməmiş, buna dair hər hansı bir mötəbər, tutarlı sübut təqdim etməmişdir.
20. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi məhkəmədə mülki işlərə hər hansı şəxsin hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün müraciət edildikdə başlanılır.
21. Mülki prosessual qanunvericiliyin sübutlar və sübut etmə qaydaları ilə bağlı normalarına əsasən təqdim olunan sübutlar işə baxan məhkəmə tərəfindən qiymətləndirilməlidir. Bu zaman işdə iştirak edən şəxslər həmin sübutlara etiraz etmək, onların mötəbər olmaması barədə dəlillər və əks-sübutlar təqdim etmək hüququna malikdirlər.
22. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixli qərarında X5 Məhkəməsinin də hüquqi mövqeyi belə olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbti probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur və bu zaman sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallardan irəli gələ bilər. (§68)
23. Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da X5 Məhkəməsi öxşar hüquqi mövqe göstərərək, məhkəmənin sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartlarının təbiq edilməsini müəyyən etmişdir.
24. Hazırki işdən görünür ki, iddiaçı öz iddiasını əsaslandıra, dəlillərini sübuta yetirə bilməmişdir.
25. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.
26. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-nin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-nin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-nin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsinə əsasdır.
27. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).
28. Beləliklə, sübutetmə yükü daşıyan iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
29. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak şəxslərə aid edilir.
30. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. 217.4-cü maddəsinə əsasən,məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova