Məhkəmə qərarları › İş №e-2(001)-323/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-323/2024

05.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-323/2024 05.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “BMW 528” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 3140,07 manat pulun və ödənilmiş 51,90 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “BMW” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “BMW 528” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkətində könüllü sığortalı “BMW 528” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “BMW 528” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 3140,07 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2022-ci il tarixdə yolnəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. Hesab edirlər ki, 3140,07 manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. İddiaçının nümayəndəsi elektron məhkəmə informasiya sisteminə ərizə yükləyərək, işə onların iştiakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 112360 nömrəli sığorta aktından görünür ki, “BMW 528” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixli “Narıncı” növü üzrə sığorta şəhadətnaməsinə əsasən İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “BMW 528” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7430 manat məbləğində zərər dəymişdir. Sığorta ödənişini alan şəxs X2r. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, həmin tarixdə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X1 hesabına 3140,07 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziyadan görünür ki, sonuncuya 3140,07 manat məbləğində sığorta ödənişinin 10 gün ərzində ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərardan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixndə, saat 22:30-da “BMW 528” minik markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etmiş, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş nəticədə hadisə törətmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332,2 və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Azərbaycan Respublikası “Bakı Ekspertiza Mərkəzi”nin xx.xx.2022-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, 2015-ci buraxılış ili olan, BMW markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilə, ekspert baxışına təqdim olunan BMW markalı avtomobilə hazırkı vəziyyətdə ümumi qiymət təxminən 7430 manat müəyyən olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “BMW 528” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə olan təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5380 manat müəyyən edilir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 51,90 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İş materiallarından göründüyü kimi, Cavabdeh idarə etdiyi “BMW” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmiş və bunun nəticəsində İddiaçı Sığorta Şirkəti ASC-də narıncı növündə sığortalanmış “BMW 528” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi zədələnmişdir. Hadisə nəticəsində “BMW 528” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 3140,07 manat iddiaçı tərəfindən qarşılanmışdır. Hazırda iddiaçı 3140,07 manat məbləğində vəsaitin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq hesab edirəm ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 3140,07 manat məbləğində vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3140,07 manat məbləğində vəsait, iddiaçı tərəfindən ödənilmiş 51,90 manat dövlət rüsumu İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 3140,07 (üç min yüz qırx manat, yeddi qəpik) manat məbləğində vəsait və ödənilmiş 51,9 (əlli bir manat, doxsan qəpik) manat dövlət rüsumu İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar