Məhkəmə qərarları › İş №e-2(001)-3749/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3749/2022

28.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3749/2022 28.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı reqres pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı reqres pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 90 manat, dövlət rüsumu kimi ödənilmiş 59 manat, X5 ödənilmiş 2.820 manat, ümumilikdə 2.969 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X7 cavabdeh İddiaçı MMC-yə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair ərizə ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı-dan Cavabdeh tərəfindən səriştəsiz və qeyri-peşəkar səviyyədə keçirilmiş cərrahiyə əməliyyatına görə ödədiyi 2.500 manat ziyanın, mənəvi ziyana görə 80.000 manat, ödədiyi dövlət rüsumunun dəyəri 30 manat və ekspertiza zamanı keçirilmiş həkim müayinəsi üçün ödədiyi 54 manat, cəmi 82.584 manatın alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsi 18 may 2021-ci il tarixli, 2(009)-141/2021 saylı qətnaməsinə əsasən, cavabdeh tərəf olan İddiaçı MMC-dən cərrahiyə əməliyyatına görə ödənilən 2.500 manat, mənəvi ziyana görə 300 manat və 20 manat dövlət rüsumu tutularaq iddiaçı X5 ödənilməsi qərara alınmışdır. İşin halları ilə bağlı məhkəməyə ünvanladıqları etirazda qeyd etmişlər ki, X4 üzərində cərrahi əməliyyat keçirmiş həkim Vüqar Fərhadov ilə “X3” MMC arasında işçi və işəgötürən münasibətləri mövcud olmamışdır. Bu səbəbdən də həkim Vüqar Fərhadov tərəfindən iddiaçının üzərində keçirilən cərrahi əməliyyat zamanı iddiaçıya maddi zərər vurulmuş olsa belə “X3” MMC heç bir məsuliyyət daşımamışdır. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinin tələbindən də göründüyü kimi işəgötürən yalnız öz işçisinin törətdiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Yuxarıda da qeyd etdiyi kimi həkim Vüqar Fərhadov ilə “X3” MMC arasında işçi və işəgötürən münasibəti mövcud olmadığından o mülki hüquq pozuntusu törətmiş olsa belə buna görə “X3” MMC heç bir məsuliyyət daşımır. Əlavə olaraq bildirir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində qeyd edildiyi kimi 02 dekabr 2019-cu il tarixli 571 nömrəli əmr ilə İddiaçı MMC ilə X6 arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin tarixdən X6 nə faktiki, nə də ki hüquqi olaraq bizim müəssisədə işləmir. Bütün bu faktiki hallara baxmayaraq məhkəmə maddi və prosessual hüquqları tam və dəqiq aydınlaşdırmamış və nəticədə etirazın təmin edilməməsi barədə qərar qəbul etmişdir. Qeyd edir ki, həmin məhkəmə işində həkim özü üçüncü şəxs qismində icraata cəlb olunub və məhkəmə qətnaməsindən apellyasiya şikayəti verməyib. Bununla da X1 reqres qaydada pul tələb etmək hüquqları yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. 05 iyul 2022-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh iddianı qəbul etmədiyini, lakin buna baxmayaraq mübahisəni iddiaçı ilə məhkəmədən kənar həll edəcəyini bildirmişdir. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(009)-141/2021 saylı qətnaməsindən və icra vərəqəsindən görünür ki, iddiaçı X7 (üçüncü şəxs qismində Cavabdeh cəlb edilməklə) cavabdeh İddiaçı MMC-yə qarşı “maddi və mənəzi ziyan” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh hospitalda səriştəsiz və qeyri-peşəkar səviyyədə keçirilmiş cərrahiyə əməliyyatına görə ödədiyi 2.500 manat ziyanın, mənəvi ziyana görə 80.000 manat və ödədiyi dövlət rüsumunun dəyəri 30 manat, cəmi 82.530 manatın alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamə ilə iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı MMC-dən cərrahiyə əməliyyatına görə ödənilən 2.500 manat, mənəvi ziyana görə 300 manat və 20 manat dövlət rüsumunun tutularaq iddiaçı X5 ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədə məhkəmə hesab etmişdir ki, klinikada çalışan həkim hər hansı səhv edirsə, klinika bunun üçün məsuliyyət daşıyır. Klinika isə öz növbəsində, həkimdən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sözügedən 18 iyun 2021-ci il tarixdə qanuni qüvvəyə minmiş və həmin qətnamə əsasında tərtib edilmiş icra sənədi 05 iyul 2021-ci il tarixdə icra edilməsi üçün Səbail rayon icra şöbəsinə göndərilmişdir; Bakı şəhəri Səbail rayon icra şöbəsi tərəfindən qəbul edilmiş 26 iyul 2021-ci il tarixli qərarın surətindən görünür ki, tələbin könüllü icrası haqqında bildiriş 05 iyul 2021-ci il tarixdə borcluya göndərilsə də, o, icra sənədində göstərilən tələbi icra etməmişdir. Göstərilənə əsasən borclu İddiaçı MMC-dən 197,4 manat məbləğində icra ödənişinin alınması qərara alınmışdır; Bakı şəhəri Səbail rayon icra şöbəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 19 avqust 2021-ci il tarixli məktubun surətindən görünür ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(009)-141/2021 saylı icra sənədinin icrası ilə bağlı tərtib edilmiş inkasso sərəncamları və 26 iyul 2021-ci il tarixli icra ödnişinin alınması barədə qərar icra edilməsi üçün sonuncuya göndərilmiş, icranın nəticəsi barədə məlumat verilməsi xahiş edilmişdir; "xxxx" ASC tərəfindən Bakı şəhəri Səbail rayon icra şöbəsinə ünvanlanmış 01 sentyabr 2021-ci il tarixli məktubun surətindən görünür ki, 19 avqust 2021-ci il tarixli 52 və 53 saylı inkasso sərəncamları icraya qəbul olunmuş və tam olaraq ödənilmişdir; 11 mart 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC hazırki mübahisənin həlli ilə bağlı mediasiya təşkilatına müraciət etmiş və 60 manat məbləğində medasiya xərci çəkmişdir; 13 iyul 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(009)-141/2021 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı MMC-dən cərrahiyə əməliyyatına görə ödənilən 2.500 manat, mənəvi ziyana görə 300 manat və 20 manat dövlət rüsumunun, ümumilikdə 2.820 manatın tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. Həmin qətnamədə məhkəmə hesab etmişdir ki, klinikada çalışan həkim hər hansı səhv edirsə, klinika bunun üçün məsuliyyət daşıyır. Klinika isə öz növbəsində, həkimdən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sözügedən qətnamə qanuni qüvvəyə minmiş və hazırki iş üzrə iddiaçı tərəfindən tam icra edilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, cavabdehin X5 vurduğu 2.820 manat məbləğində zərərin əvəzini iddiaçı ödəməklə, onun ödənilmiş əvəz miqdarında cavabdehə qarşı geriyə tələb (reqres) hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi “cavabdehdən 2.820 manat məbləğində pulun tutulması” hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır; Məhkəmə iddia tələbinin “hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 90 manat məbləğində xidmət haqqının tutulması” hissəsi ilə əlaqədar isə hesab edir ki, tələb bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən həmin xərcin çəkilməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmiş, iş materiallarına əlavə edilmiş 29 aprel 2022ci il tarixli mədaxil qəbzindən isə ödənilmiş məbləğin kim tərəfindən hansı hüquqi və ya fiziki şəxsin hesabına ödənilməsi, ödənişin təyinatı və digər zəruri məlumatlar göstərilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı 59 manat məbləğində ödənilmiş dövlət rüsumu tələb etməsinə baxmayaraq, iş materiallarında olan mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə olan halda, məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumun 48 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2.820 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 48 manatı İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 2.820 (iki min səkkiz yüz iyirmi) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 48 (qırx səkkiz) manatı İddiaçı xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar