Məhkəmə qərarları › İş №e-2(001)-3844/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3844/2024

03.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3844/2024 03.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı ilkin, Cavabdeh MMC-nin İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: mənzildən istifadəyə maneələrin aradan qaldırılaraq mənzilin iddiaçıya təhvil verilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması və mənzilə köçürülmə, alqı-satqı müqaviləsinin və maliyyə arayışının etibarsız hesab edilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzildən istifadəyə maneələrin aradan qaldırılaraq mənzilin iddiaçıya təhvil verilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması və mənzilə köçürülmə”yə dair ilkin, Cavabdeh MMC-nin İddiaçı qarşı “alqı-satqı müqaviləsinin və maliyyə arayışının etibarsız hesab edilməsi”nə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzildən istifadəyə maneələrin aradan qaldırılaraq mənzilin iddiaçıya təhvil verilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMCnin ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, sahəsi 127,4 kv.m. təşkil edən, 3 otaqlı, 2 saylı mənzil üzərində İddiaçı mülkiyyət (sahiblik və istifadə) hüququnun tanınması, həmin mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması, İddiaçı həmin mənzilə köçürülməsi haqqında və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında Cavabdeh MMCnin ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binanın 2-ci mərtəbəsində yerləşən, sahəsi 127,4 kv.m. təşkil edən, 3 otaqlı, 2 saylı mənzilin 171.990 manata satılmasına dair xx.xx.2021-ci il tarixində M-002 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Lakin uzun müddət keçməsinə baxmayaraq dəfələrlə müraciət olunsa da cavabdeh mənzilin iddiaçıya təhvil verilməsindən müxtəlif bəhanələrlə yayınmaqda davam etməkdədir. Bu səbəbdən də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Cavabdeh MMC İddiaçı qarşı “alqı-satqı müqaviləsinin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd olunması, qarşılıqlı iddianın təmin edilərək, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 30 oktyabr 2021-ci il tarixli, M-002 saylı alqı-satqı müqaviləsinin və 30 oktyabr 2021-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında heç bir müqavilə bağlanmamışdır. Əslində Cavabdeh MMC ilə "xxxx" MMC arasında binanın tikintisində dəmir-qəlib işlərinin görülməsi barədə razılaşma olmuş, görüləcək işlərinin əvəzində MMC-yə mənzil verilməli idi. "xxxx" MMC-nin xahişi ilə veriləcək mənzil İddiaçı adına sənədləşdirilmişdir. Lakin sonradan "xxxx" MMC öz işini görməmiş və bununla bağlı tərəflər arasında olan razılaşma pozulmuşdur. Lakin müqavilə və maliyyə arayışı İddiaçı qalmışdır. "xxxx" MMC öz işini görmədiyinə görə həmin müqavilə də etibarsız hesab edilməli idi. Belə ki, həmin mənzilə dair müqavilə və maliyyə arayışı olsa da mədaxil qəbzi olmamışdır. Bu səbəbdən də Cavabdeh MMC hesab edir ki, iddia tələbi tamamilə əsassızdır və təmin edilməməlidir. İddiaçı tələb etdiyi mənzilə dair heç bir əsası yoxdur və həmin mənzil Cavabdeh MMC-yə məxsusdur.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında iştirak edən İddiaçı ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddiaya etiraz etdi. İlkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, tərəflər arasında razılaşdırılmış, müqavilədə qeyd edilən dəyərini cavabdehə ödəməklə mübahisəli mənzili almasına baxmayaraq indiyədək həmin mənzildən istifadə edə bilmir ki, bu da onun hüquqlarının pozulması deməkdir. Qeyd edilənlərə əsasən ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə əsassız olduğu üçün təmin edilməməsini xahiş etdi.

6. Məhkəmənin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli iclaslarında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil qarşılıqlı iddianı müdafiə edərək, ilkin iddianı qəbul etməyərək bildirdi ki, Cavabdeh MMC ilə "xxxx" MMC arasında podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC binanın beton-qəlib, yəni armatur işlərini görməli idi. "xxxx" MMC-də bütün hüququ işləri hazırkı iş üzrə iddiaçı apardığından, müqavilələr İddiaçı adına bağlanılırdı. Əgər iddiaçının iddia etdiyi kimi pulu onlara ödəməli olsa idi, mənzillə bağlı heç bir problem olmazdı. Lakin hazırkı evin iddiaçıya heç bir aidiyyəti yoxdu. "xxxx" müqavilə əsasında öhdəliyi yerinə yetirsə idi mənzil ona veriləcəkdi. Lakin həmin şirkət heç bir iş görməyib. Bu səbəbdən də mənzil onlara verilməyib. Qeyd edilənlərə əsasən qarşılıqlı iddianın təmin edilməsini, ilkin iddianın isə rədd olunmasını xahiş etmişdir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir.

b) Mülki işin materialları:

8. xx.xx.2021-ci il tarixli, M-002 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh MMC ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binanın 2-ci mərtəbəsində yerləşən, sahəsi 127,4 kv.m. təşkil edən, 3 otaqlı, 2 saylı mənzili 171.990 manata alıcı İddiaçı təhvil verir, alıcı isə mənzili qəbul edərək dəyərini ödəyir.

9. xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, sahəsi 127,4 kv.m. təşkil edən 3 otaqlı, 2 saylı mənzilin tam ödənişi 171.990 manat ödənilmişdir.

10. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Korkmaz Group MMC-nin direktoru Mustafa Korkmazın məhkəməyə ünvanladığı məktubdan görünür ki, mübahisəli mənzilin "xxxx" MMC-yə, eləcə də "xxxx" MMC ilə Cavabdeh MMC arasında olan münasibətlərə heç bir aidiyyəti yoxdur. "xxxx" MMC ilə Cavabdeh MMC arasında olan hər hansı bir yazışmada nə bu mənzilə istinad edilib, nə də gələcəkdə belə bir mənzilin veriləcəyi razılaşdırılmamışdır. Cavabdehin İddiaçı mülkiyyət hüququnu pozmasına onlar məsuliyyət daşımır. İddiaçı olan müqavilə və maliyyə arayışının verilməsinin "xxxx" MMC-yə heç bir aidiyyatı yoxdur. İddiaçının öz şəxsi vəsaiti hesabına aldığı mənzilin cavabdeh tərəfindən onların adı ilə əlaqələndirilməsi yol verilməzdir və məhkəmədən bu faktın nəzərə alınması xahiş olunur.

c) Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

12. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

13. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

14. 139-1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar(139-1.1.1, 139-1.1.3,139-1.1.9)

15. 146-cı maddəsinin İ və İİ hissələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

16. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

17. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

18. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

19. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

20. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

21. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

22. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

23. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

24. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

25. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.

26. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

27. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

28. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

30. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.

31. 405-ci maddəsinin İ və İİ hissəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.

32. 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

33. 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər.

34. 567-ci maddəsimnə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

35. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

36. 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestirində qeydiyyat anından keçir.

37. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

38. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

41. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

42. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

43. 119.1-ci. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

ç) Məhkəmənin mövqeyi:

44. Məhkəmə tərəflərin izahatlarını dinləyib, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir.

45. İş materiallarından görünür ki, İddiaçı iddia tələbinin əsası kimi məhkəməyə MMC ilə onun arasında bağlanmış xx.xx.2021-ci il tarixli, M-002 saylı alqı-satqı müqaviləsinin və mənzilin dəyəri qismində 171.990 manat ödənilməsi barədə xx.xx.2021ci il tarixli maliyyə arayışının surətini əlavə etmişdir.

46. İş materiallarından da göründüyü kimi iddiaçı cavabdehlə arasında bağlanmış müqaviləyə əsasən mübahisələndirilən mənzilin ödənişini tam şəkildə həyata keçirmişdir. Belə olan halda iddiaçının həmin mənzilə istifadə və sahiblik hüququ yaranmışdır. Lakin həmin hüquqlar dövlət qeydiyyatına alınmadığına görə iddiaçının mənzil üzərində sərəncam hüququ yoxdur. Bu isə iddiaçının mübahisələndirilən mənzilə mülkiyyət hüquqlarının yaranmasına maneçilik yaradır.

47. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər.

48. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

49. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli yaşayış sahəsi otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş mənzil sahəsi olduğundan, bağlanmış müqavilə əsasında yalnız iddiaçıya məxsus olduğundan, bununla da fərdi müəyyən əşya hesab olunduğundan, iddiaçı cavabdeh tərəfindən öhdəliklərin icra edilməsi və yaşayış sahəsinin ona təhvil verilməsini tələb etməkdə haqlıdır.

50. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

51. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.

52. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.

53. Sadalanan qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı aralarında bağlanmış müqavilə üzrə müəyyən edilmiş məbləği tam şəkildə ödəməklə mübahisəli yaşayış sahəsinə sahiblik və istifadə hüququ əldə etmişdir. Odur ki, iddia tələbi bu hissədə təmin edilməlidir.

54. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2020-ci il tarixli Qərarını nəzərə alaraq, hesab edir ki, mənzilin dəyərini tam ödəməklə iddiaçı həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (Mülki Məcəllənin 425-ci maddəsi).

55. Qanunvericiliyin tələblərinə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

56. Alqı-satqı müqaviləsi tərəflər üçün konkret hüquq və vəzifələr yaradır. Alqı-satqı müqaviləsi satıcının müəyyən əşyanı alıcının mülkiyyətinə verəcəyi, alıcının isə həmin əşyanı qəbul edərək, əvəzində müəyyənləşdirilmiş pul məbləğini, yəni əşyanın qiymətini satıcıya ödəyəcəyi haqqında razılaşmadır. Belə müqavilə üzrə satıcı müqavilənin predmeti olan əşyanı alıcının mülkiyyətinə verməlidir. Satıcının üzərinə müqavilədən irəli gələn borcunu real olaraq icra etmək vəzifəsi qoyulur. Bunun nəticəsində həmin əşya üzərində satıcının mülkiyyət hüququna xitam verilir və onun üzərində alıcının mülkiyyət hüququ yaranır.

57. Göründüyü kimi satıcı Cavabdeh MMC mənzili alıcıya təhvil verməyi, İddiaçı isə öz növbəsində mənzilin qiymətini tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin hazırkı iş üzrə iddiaçı mənzilin dəyərinin ödənilməklə müqavilə üzrə öhdəliyinin tam şəkildə icra etməsinə baxmayaraq, Cavabdeh MMC mənzili alıcıya təhvil verməmiş və müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir.

58. Məhkəmə hesab edir ki, Cavabdeh MMC tərəfindən öhdəliklər icra edilmədiyindən, İddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Ona görə də məhkəmə hesab edir ki, mübahisəli mənzil cavabdeh tərəfindən iddiaçıya təhvil verilməli və iddiaçı həmin mənzilə köçürülməlidir.

59. Məhkəmə qarşılıqlı iddia tələbini iş materiallarında olan sübutlara əsasən araşdıraraq hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.

60. Belə ki, qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında heç bir müqavilə bağlanmamışdır, cavabdeh ilə "xxxx" MMC arasında binanın tikintisində dəmir-qəlib işlərinin görülməsi barədə razılaşma olmuş, görüləcək işlərinin əvəzində veriləcək mənzil "xxxx" MMC-nin xahişi ilə İddiaçı adına sənədləşdirilmiş, lakin sonradan "xxxx" MMC öz işini görməmiş və bununla bağlı tərəflər arasında olan razılaşma pozulmuşdur. Lakin müqavilə və maliyyə arayışı İddiaçı qalmışdır. "xxxx" MMC öz işini görmədiyinə görə həmin müqavilə də etibarsız hesab edilməli idi. Belə ki, həmin mənzilə dair müqavilə və maliyyə arayışı olsa da mədaxil qəbzi olmamışdır. Bu səbəbdən də Cavabdeh MMC hesab edir ki, iddia tələbi tamamilə əsassızdır və təmin edilməməlidir.

61. Məhkəmə cavabdeh tərəfin bu dəlilini aşağıdakılara əsasən əsassız hesab edir.

62. Belə ki iş materiallarında olan xx.xx.2021-ci il tarixli, M-002 saylı alqı-satqı müqaviləsindən görünür ki, müqaviılə satıcı Cavabdeh MMC-nin direktoru və İddiaçı tərəfindən imzalanmış və cavabdehin möhürü ilə təsdiq edilmişdir. Yəni tərəflər mənzilin alqı-satqısına dair müqavilə imzalamaqla iradələrini ifadə etmişlər. Bundan başqa cavabdeh (qarşılıqlı iddiaçı) tərəfindən mübahisəli mənzilin "xxxx" MMC-nin görəcəyi iş müqabilində iddiaçıya verilməsinə dair hər hansı bir sübut təqdim edilməmişdir. Mübahisələndirilən müqavilədə də "xxxx" MMC-nin görəcəyi işlər müqabilində mübahisəli mənzilin veriləcəyinə dair müddəa öz əksini tapmamışdır. Eləcə də müqavilə xx.xx.2021-ci il tarixdə bağlanılmasına rəğmən onun etibarsızlığına dair iddia xx.xx.2024-cü ildə qaldırılmışdır. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi müqavilənin etibarsız hesab edilməsinə dair hissədə əsassız olduğu üçün təmin edilməməlidir.

63. Bundan başqa məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi maliyyə arayışının etibarsız hesab edilməsi hissəsində də təmin edilə bilməz.

64. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi məhkəmədə mülki işlərə hər hansı şəxsin hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün müraciət edildikdə başlanılır. Bu baxımdan şəxs istənilən sənədin, aktın, iradə ifadəsinin deyil, məhz onun hüquqlarına və ya qanunla qorunan mənafeyinə təsir edən, özü-özlüyündə hüquqi nəticələrə səbəb olan bu cür hüquqi faktların etibarsızlığı barədə iddia qaldırdıqda həmin iddia mümkün hesab edilə və məhkəmədə baxıla bilər.

65. Baxılan iş üzrə iddiaçının mübahisələndirdiyi maliyyə arayışı müstəqil qaydada hüquqi nəticələrə səbəb olmamaqla iddiaçının etibarsızlığı tələbini irəli sürdüyü müqavilələr üzrə etibarlı hüquq münasibətlərinin yaranıb-yaranmadığını təsdiq edən sübutlar qismində çıxış edir.

66. Mülki prosessual qanunvericiliyin sübutlar və sübut etmə qaydaları ilə bağlı normalarına əsasən təqdim olunan sübutlar işə baxan məhkəmə tərəfindən qiymətləndirilməlidir. Bu zaman işdə iştirak edən şəxslər həmin sübutlara etiraz etmək, onların mötəbər olmaması barədə dəlillər və əks-sübutlar təqdim etmək hüququna malikdirlər.

67. Şübhəsiz ki, mübahisələndirilən sənədlər özündə müəyyən iradə bəyanlarını və məlumatları əks etdirdiyi üçün hər hansı faktın müəyyən olunması və ya hüququn qeydə alınması zamanı ayrılıqda və ya digər sənədlərlə məcmu halda əsas kimi çıxış edə bilər. Lakin bu əlamət də istənilən sənədin, aktın, iradə ifadəsinin etibarsızlığı barədə məsələnin ayrıca məhkəmə icraatı qaydasında yoxlanılmasına əsas vermir. Qeyd olunan halda maraqlı tərəf təqdim olunan sənədlər əsasında müəyyən edilmiş hüquqi nəticələri (əşyanın qanunsuz sahiblikdən tələb edilməsi, müqavilənin etibarsız hesab olunması, aparılmış qeydə düzəliş edilməsi və s.) mübahisələndirməli və bu zaman hüquqi nəticənin yaranması üçün əsas olmuş sənədlərin (misal üçün ərizənin, məxaric orderinin, maliyyə arayışının və s.) müvafiq tərəfin həqiqi iradəsini əks etdirmədiyini, qeyri-mötəbər və ya saxta olduğunu və s. halları sübut etməlidir.

68. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı məhkəməyə öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı ciddi tutarlı bir sübut təqdim etməmişdir.

69. Halbuki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri).

70. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.

71. Beləliklə, sübutetmə yükü daşıyan ərizəçi öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də qarşıılıqlı iddia tələbi təmin edilməməlidir.

72. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən, sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi və mənzilə köçürülmə hissəsində təmin edilməli, mülkiyyət hüququnun tanınması hissəsində təmin edilməməli, ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir.

73. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, M-002 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh MMC ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binanın 2-ci mərtəbəsində yerləşən, sahəsi 127,4 kv.m. təşkil edən, 3 otaqlı, 2 saylı mənzili 171.990 manata alıcı İddiaçı təhvil verməyi, alıcı isə mənzili qəbul edərək dəyərini ödəməyi öhdəsinə götürmüş, xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı tərəfindən mənzilin dəyəri,yəni 171.990 manat ödənilmişdir. Bununla da iddiaçının həmin mənzilə istifadə və sahiblik hüququ yaranmışdır. Lakin cavabdeh tərəfindən onun bu hüquqlarından istifadə edilməsinə imkan yaradılmamışdır.

74. Beləliklə məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, İddiaçı Cavabdeh MMC tərəfindən inşa edilmiş ünvan 1 ünvanında çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, sahəsi 127,4 kv.m. təşkil edən, 3 otaqlı, 2 saylı mənzilinə sahiblik və istifadə hüququ tanınmalı, həmin mənzil cavabdeh tərəfindən iddiaçıya təhvil verilməli, iddiaçı həmin mənzilə köçürülməli, iddia tələbi qalan hissədə təmin edilməməli, ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qarşılıqlı iddia təmin edilməməli, qarşılıqlı iddia üzrə dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

75. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İlkin iddia tələbi qismən təmin edilsin. İddiaçı Cavabdeh MMC tərəfindən inşa edilmiş ünvan 1 ünvanında çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, sahəsi 127,4 kv.m. təşkil edən, 3 otaqlı, 2 saylı mənzilinə sahiblik və istifadə hüququ tanınsın. Cavabdeh MMC-nin üzərinə ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, sahəsi 127,4 kv.m. təşkil edən, 3 otaqlı, 2 saylı mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi qoyulsun. İddiaçı ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, sahəsi 127,4 kv.m. təşkil edən, 3 otaqlı, 2 saylı mənzilə köçürülsün. Cavabdeh MMC-dən 100 (bir yüz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia üzrə dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydda verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar