Məhkəmə qərarları › İş №e-2(001)-3927/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3927/2023

04.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3927/2023 04.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞnin 1 saylı Bakı Əriz İdarəsi cəlb edilməklə) qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 258 ünvanında yerləşən qeyri-yaşayış sahisə üzərində ½ hissədə onun payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2001-ci ildə qeyri-yaşayış sahəsinin inşa edilməsi məqsədilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 258 ünvanında yerləşən torpaq sahəsi tərəfindən alınmışdır. Tikintiyə tam şəkildə təkbaşına pul vəsaitinin olmaması səbəbindən öz qohumu X2 da bu işə cəlb etmişdir. Belə razılaşmaya gəlmişlər ki, tikinti başa çatdıqdan sona olaraq ona ödənişlər edəcəkdi. Tikinti başa çatdıqdan sonra nəzərə alınmayan xərclərin artması, həmin sahənin nəzərdə tutduğu gəliri verə bilməməsi aldığı pulu, ona şərtləşdirdikləri kimi qaytarmağa mane oldu. Qohum olduqları və yaxın münasibətləri olması səbəbindən belə razılaşdılar ki, pulu qaytaranadək qeyri-yaşayış sahəsi formal olaraq onun adına sənədləşdirilsin. Beləliklə, çıxarış X1 adına verilmişdir. O zamandan həmin qeyri-yaşayış sahəsi onun istifadəsində və sahibliyindədir. O, uzun müddət çəksə də, mütəmadi olaraq X1 pulunu tam şəkildə ona qaytarmışdır. Bir müddət sonra qohumu Əşrəf ağır xəstəlik səbəbindən müalicə almış və müalicələrə baxayaraq 2018-ci ildə xəstəlikdən vəfat etmişdir. Qohum olduqları üçün bir müddət gözləmiş və mərhumun ili çıxdıqdan sonra, 2020-ci ildə sahənin əsl sahibi kimi sənədlərin onun adına rəsmiləşdirilməsi məqsədilə qohumu Əşrəfin oğluna müraciət etmişdir. Onlar ona bildirmişlər ki, sahə havada qalmasın deyə vərəsəlik qaydasında sahəni anaları Cavabdeh adına rəsmiləşdirmişlər, hazırda anaları xəstədir və sağaldıqdan sonra bu məsləni həll edəcəklər. COVİD pandemiyası ilə bağlı onlar bu məsələni bir müddət dayndırmışlar. Son dəfə onlara yeidən bu məsələ ilə bağlı müraciət etdikdə, onlar sənədləşdirəcəklərinə söz versələr də bunu etməmişlər. O bildirir ki, sahənin mülkiyyətçisi, sahibi odur və həmin sahə indi də onun istifadəsindədir. O, bununla bağlı Əmlak Xidmətləri Məkanına müraciət etmişdir. Lakin alt çıxarışın verilməsindən imtina edilmişdir. Qeyd etdiyi hallar həmin sahənin mülkiyyətçisi olduğunu təsdiq edir və hesab edir ki, sahə üzərində mülkiyyət hüququ tanınmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddia tələbini qismən, yəni Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 258 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ½ hissəsinin iddiaçının mülkiyyəti olduğunu, həmin hissədə onun mülkiyyət hüququnun tanınmasını qəbul edirlər. O, bu barədə məhkəməyə yazılı ərizə də ünvanlamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs (nümayəndəsi) məhkəmə iclasında iştirak etmir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin tələblərini nəzərə alaraq, məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilin) izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 258 ünvanı X1 mülkiyyətindədir. AZ-İ seriyalı 975115 nömrəli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixində 2022 nörmə ilə qeyd edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 258 ünvanı xx.xx.2019-cu il tarixdən Cavabdeh xüsusi mülkiyyətindədir. xx.xx.2010-cu il tarixli aktın surətindən görünür ki, imza edənlər X5, İddiaçı, X4 aktı tərtib ediblər ondan ötrü ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə, Kirov poselka qəsəbəsində tikilmiş şadlıq evinin yanı, qeyri-yaşayış binasının cəmi 1041 kv.metrdir, tikintinin xərclərinin yarısı X4 tərəfindən çəkilmişdir. Digər yarı xərclər İddiaçı tərəfindən çəkilmişdir. Onlar razılaşmışlar ki, qeyri-yaşayış binasının yarısının sahibi Vəliyev Əşrəf, digər yarısının sahibi İddiaçıdir. Onlar razılaşmışlar ki, İsgəndər qalan 50000 dollar borcu qaytarandan sonra binanın yarısının çıxarışının İddiaçı adına rəsmiləşdirməklə sənədləşdirəcəklər. Azərbaycan Respublikası Mülki Məcəllənin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017-ci il tarixli, 918-VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya); 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, İddiaçı ilə X4 arasında akt tərtib edilərək razılaşdırılmışdır ki, qeyri-yaşayış binasının yarı sahibi İddiaçı, digər yarı sahibi isə X3r, İddiaçı qalan borcunu ödədikdən sonra qeyri-yaşayış sahəsinin ½ hissəsi onun adına rəsmiləşdiriləcəkdir. Beləliklə, cavabdehin iddianı qismən qəbul etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 258 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ½ hissəsi üzərində İddiaçı payı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 258 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ½ hissəsi üzərində İddiaçı payı müəyyən olunsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar