Məhkəmə qərarları › İş №e-2(001)-3944/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3944/2023

03.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3944/2023 03.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı Cavabdeh OBA Market MMC-yə qarşı qeyri-yaşayış savəsinin boşaldılmasına və sair tələbə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh OBA Market MMC-yə qarşı qeyri-yaşayış savəsinin boşaldılmasına və sair tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Bakı şəhəri Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsi 75C ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Həmin əmlak əvvəlki mülkiyyətçi tərəfindən cavabdehə icarəyə verilmişdir. İcarə müqaviləsinin 8-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərinin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq həyata keçirirlir. İddiaçı müqavilənin ləğv edilməsi ilə əlaqədər ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, onun əmlakı boşaltmaq niyyəti yoxdur. Bu səbəbdən də iddiaçı hesab edir ki, əmlakı cavabdehin hesabına boşaldılmalı, cavabdehdən həmin əmlakdan məcburi çıxarılmalı və əmlak iddiaçıya təhvil verilməlidir. Ona görə də Bakı şəhəri Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsi 75C ünvanında yerləşən qeyriyaşayış sahəsinin cavabdehin hesabına boşaldılmasına, cavadehin və digər şəxslərin həmin əmlakdan məcburi çıxarılmasına, daşınmnaz əmlakın iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edib, izahatında göstərmişdir ki, İddia tələbinin əsası kimi iddiaçının mülkiyyət hüquqlarını təsdiq edən çıxarış göstərilmiş, həmin çıxarışda göstərilir ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. Lakin buna baxmayaraq, iş materiallarında olan icarə müqaviləsindən görünür ki, müqavilə xx.xx.2018-ci il tarixdə bağlanmış, həmin müqavilə üzrə tərəflərin 1 ay öncə müqavilənin ləğvi ilə bağlı ərizə verməsi kimi hüquqları vardır. Yəni bu hüquqdan həm cavabdeh tərəf, həm də iddiaçı istifadə edə bilər. İddiaçı bu hüququndan istifadə etmişdir. Baxmayaraq ki, bu müqaviləni bağlayan şəxs əvvəlki mülkiyyətçi olmuş, icra haqqında qanunvericiliyin tələbləri onu deyir ki, iddiaçı mülkiyyəti əldə etdikdən sonra müqavilə üzrə hüquq və vəzifələri də əldə edir. Ona görə də həmin müqavilənin davam etdirilməməsi hüququndan iddiaçı istifadə edib ərizə yazmışdır. İddiaçıya hüquqi əsası olmayan cavab verilmiş, dolayı yolla müqavilənin ləğv edilməsindən imtina edilmişdir. Halbuki əslində həmin müqavilə iradi ifadəsi ilə ləğv olunmuş hesab olunmalıdır. Amma cavabdeh tərəf faktiki olaraq əmlakı tərk etmək istəmir. Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında göstərilir ki, bu cür hallar məhkəmədən kənar qaydada iradi ifadəsi ilə baş verir. İddiaçı bunu cavabdeh tərəfə bildirmişdir. İddiaçı tərəf üçün artıq müqavilə yoxdur. Lakin buna baxmayaraq cavabdeh tərəf həmin əmlakı tərk etmir, istifadə edir, icarə haqqını da ödəmir. Faktiki olaraq, müqavilə bağlanarkən icarə haqqı indiki bazar qiymətindən çox aşağı məbləğdə bağlanmışdır. İndiki bazar qiymətləri fərqlidir. İddiaçı həmin məsələni müzakirə etmir. Çünki mülkiyyətçi həmin sahəni alarkən başqa biznes planları olub, buna görə də bankdan kredit də götürüb, kredit faizlərini də ödəyir. İddia təmin olunsa belə cavabdeh tərəf süni maneələr yaradaraq apellyasiya və ksassasiya şikayətləri verərək qətnaməninin icrasını uzatmağa cəhd edəcəkdir. Hesab edir ki, cavbdeh tərəfin etirazlarının əsası yoxdur, əssasızdır. İddiaçı tərəfindən cavabdehə rekvizitlər təqdim olunub, iddiaçıya icarə haqqı ödənilməyib. Ona görə də iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh OBA Market MMC-nin məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazından müəyyən olunur ki, OBA Retail Chain MMC (hazırda OBA Market MMC) ilə X3 arasında xx.xx.2018-ci il tarixli 3M-197 nömrəli icarə müqavilə imzalanmış, OBA Retail Chain MMC ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürmüşdür. İcarə müqaviləsinə əsasən ümumi sahəsi 133,7 kv.m olan qeyri-yaşayış sahəsi icarəci OBA Retail Chain MMC-yə xx.xx.2028-ci il tarixədək icarəyə verilmişdir. İddiaçı icarə predmeti olan qeyri-yaşayış binasının OBA Retail Chain MMC-nin qeyri-qanuni sahibliyindən götürülməsini tələb edərkən nəzərə almamışdır ki, icarə predmeti icarəçiyə xx.xx.2028-ci il tarixli 3M-197 nömrəli icarə müqaviləsinə əsasən icarəyə verən X1 razılığı ilə icarəyə verilmiş və icarəçi həmin sahədən tam qanuni əsaslarla istifadə edir. İcarə müqaviləsinin 8-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Əgər müqavilədə tərəflərdən birinin tələbi ilə bir ay qabaqcadan yazılı ərizəsinə əsasən müqavilənin ləğv edilməsi qeyd olunmuş olsaydı sözugeden icarə müqaviləsinin 8-ci bəndinə istinad edib müqaviləyə xitam verilə bilərdi. Müqavilənin dayanıqlıq baxımından, investisiya qoyluşunun qorunması, uzunmüddətli müqavilə münasibətlərinin təmin edilməsi, bir çox hallarda icarəyə verən tərəfindən icarəçi qarşısında süni əngəllər törədərək icarə haqqının artırılması, obyektdən çıxarma, obyektin boşaldılması, biznes mühitinin qorunması, işsizliyin qarşının alınması yəni, işçilərin ixtisara düşməsi, bir qrup təbəqənin işsiz qalması və sahibkarlıq fəaliyyətinə ciddi şəkildə mənfi təsir göstərir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edirlər ki, İddiaçı icarə müqaviləsinin ləğv edilməsi həmin müqavilə üzrə iddiaçı mülkiyyətində olan ünvan 3 ünvaninda yerləşən ümumi sahəsi 133.7 kv.m olan qeyri-yaşayış sahəsinin OBA Retail Chain MMC-nin qeyri-qanuni sahibliyindən götürülməsi və həmin qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldıraq iddiaçiya təhvil verilməsi iddiası əsassızdır və təmin edilməməlidir. Ona görə də iddiaçı X2 iddia ərizəsi ilə bağlı iddia müddəti tətbiq edilməklə iddiaçının xx.xx.2018-ci il tarixdə OBA Retail Chain MMC ilə X3 arasında imzalanmış icarə müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 133.7 kv.m olan qeyri-yaşayış binasının OBA Market MMC-nin qeyri-qanuni sahibliyindən götürülməsi və həmin qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsinə dair iddia tələbinin təmin edilməməsi xahiş olunur. Məhkəmə iclasında OBA Market MMC-nin nümayəndəsi X4 iddia ərizəsini qəbul etməyib, izahatında göstərmişdir ki, icarə hüququnun qeydə alınması öhdəlik deyil, hüquqdur. Mülki Məcəllənin 421.1-ci maddəsinə istinad olunur ki, qabaqcadan məktub verməklə müqavilə ləğv oluna bilər. Müqavilənin 8-ci bəndində qeyd olunur ki, müqavilənin ləğv edilməsi tərəflərin 1 ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Yəni burda tərəf dedikdə hər iki tərəf nəzərdə tutulur. Əgər tərəflərdən birinin tələbi ilə qeyd olunsaydı, onda cavabdeh qarşı tərəflə razılaşar, 8-ci bənddəki müddəa keçərli olardı. Lakin Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunur ki, tərəflərdən birinin tələbi ilə müqavilənin şərtləri digər tərəf tərəfindən əhəmiyyətli dərəcədə pozulduğu halda dəyişdirilə və ya ləğv oluna bilər. Göründüyü ki, tərəflərdən birinin tələbini qanunvericilik anlayış olaraq veribdir. Amma tərəflər olduqda bu o deməkdir ki, cavabeh də razılıq bildirməlidir. Mülki Məcəllənin 158-ci maddəsinin və İcra haqqında Qanunun 13-cü maddəsinin tələbləri baxımından mülkiyyətçi dəyişsə də, istifadəçinin hüquqlarını pozmur, mülkiyyətçi müqavilə üzrə bütün hüquq və vəzifələri üzərinə götürür. Belə olan halda müqavilənin qüvvədə olma müddəti ərzində cavabdeh iddiaçı tərəflə müqavilə münasibətlərində qalmalıdır. Bu baxımdan da cavabdeh iddianı əsassız olduğunu hesab edir və iddianın təmin olunmamasını xahiş edir. Əlavə olaraq da bildirir ki, OBA marketlər şəbəkəsi 1000-dən çox mağazaya sahibdir. Dövlətin işsizlik səviyyəsinin aradan qaldırılmasında, sosial rifahın təmin olunmasında mühüm rol oynayır. Bir mağazanın bağlanması bir neçə ailənin, ailə başçısının işsiz qalması deməkdir. Cavabdeh sahibkar kimi öz maraqlarını düşünməklə bərabər həm də işçilərin də aqibətini fikirləşir. Cəlb olunan işçilər əvvəlcə işsiz kimi qeydə alınırlar, ondan sonra məşğulluq xidmətinə cəlb olunurlar, onlara minumum əmək haqqından artıq məbləğdə məvacib ödənilir. Dövlətin yerinə yetirdiyi bu siyasətdə cavabdehdə də dəstək vermiş etmiş hesab olunur. Əsas məsələ icarə haqqı məsələsidir. İddiaçı rekvizitləri vermədiyi üçün cavabdeh tərəfindən ona icarə haqqı ödənilməmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında OBA Market MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyib təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddə 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər. Maddə 699.1. Kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Əldə edən öz öhdəliklərini yerinə yetirmədikdə kirayəyə verən əldə edən tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi məsuliyyət daşıyır. Bu cür məsuliyyət mülkiyyət hüququnun keçməsinin kirayəyə verənə məlum olmasından altı ay keçənədək mövcud olur. Maddə 699.2. Kirayəlik əşya kirayəçiyə verilənədək ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə, əgər əldə edən kirayə müqaviləsindən irəli gələn öhdəliklərin icrasını öz üzərinə götürürsə, bu Məcəllənin 699.1ci maddəsi müvafiq surətdə tətbiq edilir. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. İcarə haqqında Azərbaycan Respublikası Qanunu Maddə 13. 1.İcarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər.

3. İcarəyəverən təşkilatın yenidən təşkil edilməsi, habelə icarəyə götürülmüş əmlakın mülkiyyətçisinin dəyişməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun pozulması üçün əsas deyildir. İcarəyə verən X3 ilə icarəçi OBA Retail Chain MMC arasında bağlanmış xx.xx.2018ci il tarixli icarə müqaviləsindən müəyyən olunur ki, icarəyə verən mülkiyyətində olan ünvan 4 qeyri-yaşayış binasını icarəçiyə aylıq 500 manat icarə haqqı ödəmək şərti ilə xx.xx.2028-ci il tarixinədək icarəyə vermişdir. İcarə müqaviləsinin 8-ci bəndindən müəyyən olunur ki, müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. İcarəyə verən X3 ilə icarəçi OBA Retail Chain MMC arasında bağlanmış xx.xx.2018ci il tarixli əlavə sazişdən müəyyən olunur ki, tərəflər icarə haqqının dəyişdirilərək xx.xx.2018-ci il tarixdən hər ay 1860 manat müəyyən edilməsi barədə razılığa gəlmişlər. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan müəyyən olunur ki, ünvan 4 qeyri-yaşayış binasına dair İddiaçı mülkiyyət hüquqları qeydə alınmışdır. İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsini almasını bildirib bir ay ərzində (xx.xx.2023-cü il) obyekti boşaldıb ona təhvil verməyi OBA Market MMC-yə bildirmişdir. OBA Market MMC-nin xx.xx.2023-cü il tarixli 2867 saylı məktubdan müəyyən olunur ki, İddiaçı xx.xx.2023-cü il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Mülki Məcəllənin 423.1.-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanması, eyni zamanda, müqavilənin dayanıqlıq baxımından investisiya qoyuluşunun qorunması, uzun müddətli müqavilə münasibətinin təmin edilməsi, bir çox hallarda icarəyə verən tərəfindən icarəçi qarşısında süni əngəllər törədərək icarə haqqının artırılması, obyektdən çıxarma, obyektin boşaldılması, biznes mühitinin qorunması, işsizliyin qarşısının alınması, yəni işçilərin ixtisara düşməsi, bir qrup təbəqənin işsiz qalması və sahibkarlıq fəaliyyətinə ciddi şəkildə mənfi təsir göstərməsi, İcarə haqqında Azərbaycan Respublikası Qanunun 13.3-cü maddəsinə əsasən icarəyə verən təşkilatın yenidən təşkil edilməsi, habelə icarəyə götürülmüş əmlakın mülkiyyətçisinin dəyişməsi müqavilənin şərtlərinin dəyişdirilməsi və ya onun pozulması üçün əsas olmadığı, qanunvericiliyin bu tələbinə əsaslanaraq Bakı şəhəri Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsi 75C ünvanında yerləşən qeyriyaşayış sahəsinin həmin əmlakdan istifadə hüquqlarına xitam vermədiyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsi 75C ünvanında yerləşən qeyri-yaşayış sahəsini əldə etdikdən sonra xx.xx.2018-ci il tarixli icarə müqaviləsi üzrə icarəyə verəni əvəz edərək onun icarə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olmuşdur. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, xx.xx.2018-ci il tarixli icarə müqaviləsi icarəyə verən əvəz edildikdən sonra icarəçi icarə haqqını ödəməmişdir. Daha sonra arşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəflər arasında bağlanmış icarə müqaviləsinin 8-ci bəndindən irəli gələn hüququndan istifadə edərək bir ay qabaqdan yazılı ərizə ilə cavabdehə müraciət edərək icarəyə verilmiş qeyri-yaşayış sahəsinin boşaldılmasını tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı cavabdehə icarəyə verilmiş əmlakı boşaldaraq ona təhvil verilməsi təklifini göndərərək faktiki olaraq cavabdehlə müqavilə münasibətlərinin davam etdirmək istəməməsi barədə iradə ifadəsini bildirmiş, cavabdeh etirazını bildirsə də, iddiaçının hərəkətini mübahisələndirməmiş, nəticədə iddiaçının birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin ləğvi baş vermişdir. Cavabdehin nümayəndəsi etirazında tərəflər arasında bağlanmış müqavilənin 8-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi üçün hər iki tərəfin eyni zamanda bir ay əvvəl ərizə verdikləri halda müqavilənin ləğv edilməsinin mümkün olmasını qeyd etsə də, məhkəmə cavabdehin nümayəndəsinin müqavilənin qeyd olunan bəndinin bu formada şərhini məntiqsiz hesab edir. Belə ki, tərəflərin müqavilənin ləğvinə dair qarşılıqlı razılıqları olduğu halda onların bir-birilərini bir ay qabaqcadan xəbərdar etmələrinin, bir ay gözləmələrinin mənası yoxdur. Daha sonra sahibkar olmasını, işçilərinin qarşısında öhdəliyinin olmasını bildirən cavabdehin iddiaçı ilə sonuncunun razılaşdırmadığı müqavilə şərtləri ilə mülkiyyətçini faktiki olaraq ləğv edilmiş icarə müqaviləsindən irəli gələn hüquq münasibətlərdə qalmağa vadar etməsi halını məhkəmə iddiaçının mülkiyyət hüquqlarının cavabdeh tərəfindən məhdudlaşdırılması halı kimi qiymətləndirir. Belə ki, tərəflər müqavilə bağlayarkən müqavilənin birtərəfli qaydada ləğv edilməsinin mümkün olması barədə şərt müəyyən etmiş, bunun üçün bir tərəfin digər tərəfi bir ay əvvəl xəbərdar etməsini yetərli hesab etmişlər. İcarəçi isə icarəyə götürdüyü əşyanı icarə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur, mülkiyyətçinin isə öz növbəsində özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüququ vardır. Daha sonra mülkiyyətçi olan iddiaçının tələbinə iddia müddəti təbiq edilmədiyindən etirazda iddia müddətinin təbiqi ilə bağlı cavabdehin müraciəti əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə iddiaçının OBA Market MMC-nin ünvan 4 qeyriyaşayış binasından çıxarılmasına, ünvan 4 qeyri-yaşayış binasının OBA Market MMC-nin hesabına boşaldılaraq İddiaçı təhvil verilməsinə dair iddia tələblərini əsaslı hesab edib təmin edir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddia ərizəsində tələb yönəltdiyi şəxsləri müəyyən etmək iddiaçının vəzifəsi olduğundan, məhkəmənin qeyri-müəyyən məhkəmə aktı qəbul etməsi mümkün olmadığından iddiaçının “digər şəxslər”ə qarşı tələblərinin təmin edilməsi qeyri-mümkündür. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. OBA Market MMC ünvan 4 qeyri-yaşayış binasından çıxarılsın. ünvan 4 qeyri-yaşayış binası OBA Market MMC-nin hesabına boşaldılaraq İddiaçı təhvil verilsin. OBA Market MMC-dən dövlət rüsumuna görə 100 manat İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar