Məhkəmə qərarları › İş №e-2(001)-4036/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4036/2022

11.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4036/2022 11.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 09 sentyabr 2010-cu ildə əldə edilmiş və cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə 1/2 hissəsinin onun, 1/2 hissəsinə cavabdehin payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə nikahları 17 sentyabr 2004-ci il tarixdə Bakı Nikah Evində (Səadət Sarayı) qeydiyyat şöbəsində qeydiyyata alınmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2202 nömrəli qeyd edilmişdir. Birgə nikahdan 05 avqust 2005-ci il təvəllüdlü X1 və 21 iyun 2009-cu il təvəllüdlü X2 anadan olmuşdur. Birgə nikahda yaşadıqları dövrdə müxtəlif əmlaklar əldə etmişlər, o cümlədən "xxxx" MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, 2442 məhəllə, ev 46A-nın 10-cu mərtəbəsində yerləşən sahəsi 155 kv.m olan 4 otaqlı 59 saylı mənzili də əldə etmişlər. Hal-hazırda Cavabdeh ilə rəsmi nikahları qüvvədə olmuş olsa da, bir mənzildə yaşasalar da, ayrı-ayrı təsərüfatlar aparırlar. Bu isə gələcəkdə bütün əmlakların bölünməsinə gətirib cıxaracaqdır. Hesab edir ki, birgə nikah dövründə əldə edilmiş ümumi əmlak hesab edilən mənzil onların arasında 1/2 paya bölünməlidir. Belə ki, cavabdeh ilə birgə nikahda olduqları müddətdə 09 sentyabr 2010-cu il tarixdə yuxarıda göstərilən mənzilin dəyərini tam şəkildə ödəməklə əldə etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etdiyini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. O, bu barədə məhkəməyə yazılı ərizə də göndərmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İ 537172 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 17 sentyabr 2004-cü il tarixdə Bakı Nikah Evində nikaha daxil olmuş, nikaha daxil olduqdan sonra arvada “Qəhrəmanova” soyadı verilmişdir; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış 09 sentyabr 2010-cu il tarixli müqavilənin surətindən görünür ki, satıcı Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi, 46-da inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 1 saylı binasının 10-cu mərtəbəsində 59 saylı mənzili alıcıya satmağı, alıcı isə mənzilin dəyərini müəyyən edilmiş qaydada satıcıya ödəməyi öhdəsinə götürmüşdür; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 09 avqust 2010-cu il tarixdə verilmiş arayışın surətindən görünür ki, payçı Cavabdeh 09 avqust 2010-cu il tarixdə kooperativə 1 saylı binadakı 10-cu mərtəbə, 4 otaqlı, 59 saylı, 155.5 kv.m-lik yaşayış sahəsinin tam dəyərini ödəmişdir; Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, 2442-ci məhəllə, Əlif Hacıyev küçəsi, ev 46A, mənzil 59-a mülkiyyət hüququ Cavabdeh adına 15 noyabr 2019-cu il tarixdə qeydiyyata alınmışdır; 31 may 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən hazırki iddianın qaldırılması üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2.2-ci maddəsinin tələbinə görə, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı bir əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə aiddir; 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir; 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir; 36.3-cü maddəsinin tələbinə görə, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərləarvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, tərəflər 17 sentyabr 2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahları dövründə - 09 sentyabr 2010-cu il tarixdə cavabdeh ilə "xxxx" MMC arasında Bakı şəhəri, Nizami rayonu, 2442-ci məhəllə, Əlif Hacıyev küçəsi, ev 46A, 59 saylı mənzilin alınmasına dair müqavilə bağlanılmış və mənzilin dəyəri tam ödənilmiş, qeyd olunan mənzilə cavabdehin mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmışdır. Göstərilənlərə əsasən və cavabdehin iddianı qəbul etdiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahı dövründə əldə olunmuş Bakı şəhəri, Nizami rayonu, 2442-ci məhəllə, Əlif Hacıyev küçəsi, ev 46A, 59 saylı mənzil bərabər paylara bölünməklə, həmin mənzilin ½ (ikidə bir) hissəsinə İddiaçı, ½ (ikidə bir) hissəsinə Cavabdeh payları müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, 2442-ci məhəllə, Əlif Hacıyev küçəsi, ev 46A, 59 saylı mənzil bərabər paylara bölünməklə, həmin mənzilin ½ (ikidə bir) hissəsinə İddiaçı, ½ (ikidə bir) hissəsinə Cavabdeh payları müəyyən olunsun. İş üzrə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar