Məhkəmə qərarları › İş №e-2(001)-4039/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(001)-4039/2025

29.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4039/2025 29.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən, Cavabdeh 20000 manat məbləğində pulun və ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh bibisi nəvəsi Vəkilova Aygün Səməd qızı vasitəsilə tanımış və zamanla aralarında səmimi münasibət yaranmışdır. Buna görə də cavabdeh bir neçə dəfə ondan borca pul istədikdə hər dəfə onun istədiyi məbləğdə ona pul vermişdir. Namik də söz verdiyi vaxtda pulu qaytarmışdır. Bu səbəblə cavabdeh 10 avqust 2024-cü il tarixində pula ehtiyacı olduğunu bildirərək ondan 20000 (iyirmi min) manat borca pul istədikdə həmin məbləği ona vermişdir. Lakin Namik bu günə kimi ondan aldığı puldan hər hansı məbləği qaytarmamışdır. Namikin telefon nömrəsinə zəng çatmır və harada olmasından məlumatsızdır. Beləliklə, məlum olur ki, Namikin ondan aldığı pulu geri qaytarmaq fikri yoxdur. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclaslarında iddiaçı iddia tələbinin dəlilərinə uyğun izahat verməklə, iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, işə qiyabi icraat qaydasında baxılmasını xahiş edir. Bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir.

4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, cavabdeh ondan 2023-cü ilin sonlarından başlayaraq, davamlı olaraq pullar almış və qaytarmışdır. Daha sonra ona 3000, 6000,10000 və hissə-hissə olmaqla 1000 manat, ümumilikdə isə 20000 manat pul vermişdir. Cavabdeh hərbiçi olduğundan, borcu ilə bağlı hətta onun komandiri ilə də, əlaqə saxlamış, komandir borcun qaytarılacağına özü nəzarət edəcəyini bildirmişdir. Borcun etirafı barədə ərizə yazılan zaman pulu olmadığından ərizə notarial qaydada yox, evdə yazılmışdır. Hətta bundan bir neçə gün əvvəl Namik tanışı Aygünə zəng edərək dedi ki, evə məhkəmə bildirişi gəlib. Bundan sonra Aygün zəngə onu da qoşdu və üçü həmin zəngdə danışmışlar. Cavabdeh bildirdi ki, iddia ərizəsini götürsün, borcu isə dekabrdan sonra hər ay 500 manat daha sonra isə 1000 manat olmaqla qaytaracaq. O, Namikin tabor komandiri ilə də danışmışdır. Komandir ona bildirmişdir ki, Namikin borcları çoxdur, digər borcları verdikdən sonra sənin də pulun veriləcək. O, aralarında olan telefon danışıqlarını və mesajlaşmaları diskə və fotşəkillərə çıxartmışdır.

5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Halbuki, cavabdehlə dəfələrlə telefon vasitəsilə əlaqə saxlanılmış, baxıla iş və iclas vaxtları barədə məlumat verilmiş, cavabdeh isə iddia tələbini qəbul etmədiyini və əlavə sübutlar təqdim edəcəyini bildirmişdir.

6. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

7. Cavabdeh tərəfindən verilən iltizamın mətni: Cavabdeh xx.xx.2024-cü il tarixində İddiaçı 20000 manat borca pul götürdüm, hissə-hissə qaytarmaq şərtilə. Əlyazmanı özüm yazdım, heç bir təzyiq olmadan, özüm də öz imzamla təsdiq edirəm.

8. Hazırda iddiaçı Cavabdeh hissə-hissə olmaqla, verdiyi 20000 manat borcun ona geri qaytarılmadığını iddia edir və həmin vəsaiti cavabdehdən tələb edir.

9. Telefon danışıqları ilə bağlı dinlənilən səs yazısında Cavabdeh İddiaçı münasibətdə deyir ki: dekabr ayından başlayaraq, sənə ayda 500 manat, dövlət tərəfindən verilən maddi yardımlar hesabına isə ildə 3 dəfə əlavə 500 manat olmaqla ödəniş edəcək və təxminən borcunu 30 aya bitirəcək, bəlkə də, daha tez.

10. Məhkəmə tərəfindən cavabdehlə telefon vasitəsilə əlaqə saxlamış, cavabdeh iddiaya münasibətdə əlavə sübutlarının olduğunu iddia etsə də, keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya dair əsaslandırılmış etiraz təqdim etməmişdir.

11. İddianın məhkəmədən qaldırılması üçün 150 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

13. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

14. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

15. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur;

16. 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin;

17. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

18. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

19. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

20. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür;

21. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

22. İşin halları ilə müəyyən edildiyi kimi tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixdə 20000 manat məbləğində pulu borc kimi cavabdehə vermişdir. Cavabdeh həmin məbləğdən heç bir ödəniş etməmişdir. Cavabdehə iddiaya dair mövcud sübutları təqdim etməsi təklif edilsə də, məhkəmənin tələbi cavabdeh tərəfindən təmin edilməmişdir.

23. Odur ki, məhkəmə iddiaçı tərəfin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edir. Beləliklə, cavabdehin hərəkətləri öhdəliyin lazımi qaydada icra edilməməsi hesab edilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan öhdəliyini icra edərək qalıq borcunu iddiaçıya qaytarmalıdır. Tətbiq edilən prosessual normalar:

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

25. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

26. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

27. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

28. 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

29. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

30. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;

31. 218.3-cü maddəsinə əssən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

32. 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır.

33. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Nəticə:

34. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 20000 manat məbləğində pul vəsaiti və 150 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir.

35. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti və 150 (yüz əlli)manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar