Məhkəmə qərarları › İş №e-2(001)-4162/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4162/2025

29.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4162/2025 29.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair (açar sözlər: pul tələbi) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I.İşin mahiyyəti: 1.İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus 3300 manat pulun tutulub ona ödənilməsi, hüquqi yardım üçün vəkilə ödədiyi 320 manat haqqın və məhkəməyə ödənilmiş 53,4 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə iş yoldaşı olmuşlar. 2024-cü ilin noyabr ayında Cavabdeh ona zəng edərək təcili pula ehtiyacı olduğunu bildirdi və ona 4000 manat borca pul verməyi xahiş etdi. O da Rəşadı yaxından tanıdığı üçün xx.xx.2024cü il tarixində, 4000 manat pulu yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən “İl market”də quraşdırılmış MPAY ödəniş terminalından Cavabdeh məxsus 416973******6466 Kapitalbank kartına göndərdi. Cavabdeh aldığı 4000 manat pulu 3 ay müddətinə qaytaracağına söz verdi. Lakin aradan bir neçə ay keçsə də o, borcunu qaytarmadı. Cavabdeh xx.xx.2025-ci il tarixində mənim Kapitalbank kartıma 400 manat pul göndərdi, xx.xx.2025-ci il tarixində isə 300 manat pul göndərdi. Ondan sonra cavabdeh ona borc məbləğindən heç bir məbləğ ödəmədi. O, cavabdehə xx.xx.2025-ci il tarixli Pretenziya məktubu göndərərək, ondan borc aldığınız 4000 manat pulun qalığı olan 3300 (üç min üç yüz) manat pulu bu məktubu aldığı gündən 10 gün ərzində ona geri ödəməsini tələb etmişdir. Cavabdeh pretenziya məktubunu xx.xx.2025-ci il tarixdə qəbul etmişdir. Lakin buna baxmayaraq cavabdeh borcunu qaytarmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

İİ. Tərəflərin mövqeləri:

Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi verdiyi izahatında bildirdi ki, iddia qanuni və əsaslıdır. Cavabdeh özü də telefon yazışmasında borc aldığını etiraf etmişdir. Bu səbəbdən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə dəfələrlə lazımi qaydada (poçt və sms bildiriş vasitəsilə) xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclas katibi telefon vasitəsi ilə əlaqə saxlayan zaman iddia tələbini qəbul etdiyini və hərbiçi olduğundan məhkəmə iclaslarında iştirak edə bilmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İİİ. İşin faktiki halları:

İş materiallarına əlavə olunmuş:

- 2078 saylı, xx.xx.2024-cü il tarixli qəbzdən və ödəniş kartı üzrə xx.xx.2025-ci il tarixli hesabdan çıxarışdan görünür ki, İddiaçı kartından Cavabdeh məxsus 416973******6466 Kapitalbank kartına 4000 manat pul göndərilmişdir.

İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi:

Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə müvafiq olaraq, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən işin işin araşdırılan halları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə 4000 manat məbləğində pul verilmişdir. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçının hazırda cavabdehdən 4000 manat məbləğində pul tələb etməsi hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, 4000 manat məbləğində pul və 53,4 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Eyni zamanda məhkəmə iddia tələbini vəkilin göstərdiyi yardıma görə 320 manat məbləğində pulun tələb edilməsi hissəsində əsaslı hesab edir. Belə ki, iddiaçi tərəfindən iddia ərizəsinə əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, 320 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

V. Nəticə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat məbləğində pul, 320 (üç yüz iyirmi) manat məbləğində vəkilin göstərdiyi yardıma görə xərc və ödənilmiş 53,4 (əlli üç manat qırx qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar