Məhkəmə qərarları › İş №e-2(001)-4250/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4250/2022

14.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4250/2022 14.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7.000 manat pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 90 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, qızıl-zinyət əşyalarının alqı-satqısı ilə məşğuldur. O, cavabdehi bir müddətdir ki, tanıyır. Cavabdeh özünü Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il qış kompaniyasında keçirdiyi ən uğurlu Horadiz əməliyyatının rəhbərlərindən biri olmuş “Qara polkovnik” ləqəbli Fətulla Hüseynovun əmisi qızı kimi tanıtmışdır. Aralarında bir neçə dəfə alqı-satqı münasibətləri olmuş, cavabdeh onun müştərisi olmuşdur. Cavabdeh ondan yanvar-fevral aylarında bacısı oğlunun baş tutacaq toy mərasimi üçün 10.000 manatlıq qızıl-zinyət əşyaları almış, lakin ödəniş olaraq 3.000 manat etmiş, 7.000 manat borcunu toyun səhəri günü qaytaracağını demişdir. Lakin yalançı vədlər verə-verə cavabdeh bu günə qədər onun 7.000 manat pulunu qaytarmamış, bir manat belə olsa ödəniş etməmişdir. Toyun səhəri günü o, qızılların pulunu qaytarmasını istəyəndə bildirmişdir ki, Tovuzda baş tutan toy mərasimində bacısı oğlu olan bəy dava etdiyi, insan sağlamlığına xəsarət yetirdiyi və polisə düşdüyü üçün, qızılları sataraq şikayətçi tərəfə dəymiş ziyanla bağlı pul ödənilmişdir. Amma cavabdeh söz vermişdir ki, qısa zamanda qızıllara görə pulunu geri qaytaracaqdır. Hər 10 gündən bir yalançı vədlərlə söz verə-verə bu günə qədər 1 manat da olsa pul ödəməmişdir. Bəhanələri də olmuşdur ki, gah yoldaşı Qəzənfərin Gürcüstanda obyektləri var, o pul göndərəcək, gah dedilər ki qızının adına Tovuz rayonunda torpaq var, onu satıb qaytaracağıq, gah da dedilər ki qardaşı Ukraynada varlı iş adamdır, pulu o göndərəcək. O, anlamışdır ki, deyilən sözlər və verilən vədlər hamısı yalan olmaqla yanaşı vaxt uzadaraq məsuliyyətdən yayınmaq xarakteri daşıyır. O, tələbkarlıq nümayiş etdirəndə cavabdehin qızı X2 Azərbaycan Respublikası Binəqədi rayon Polis İdarəsi 43 saylı Polis Bölməsinə ondan şikayət etmişdir. Şikayətinin əsası da o olmuşdur ki, guya pul tələb etməkdə cavabdehi və onun ailəsini intihara sürükləyir və onlar qorxurlar. Təbii ki, şikayət əsassız olduğu üçün onun barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Daha sonra o, cavabdehi dələduzluğa görə Binəqədi Rayon Polis İdarəsi 5 saylı Polis Bölməsinə şikayət emişdir. Cavabdeh polis şöbəsinə çağıralaraq dindirilmiş və ona 7000 manat borcu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin 20 may 2022-ci il tarixli ***-******* saylı məktubunda qeyd olunmuşdur ki, “X4! Sizin 14 may 2022-ci il tarixdə 5-ci PB-nə verdiyiniz ərizəniz ilə əlaqədar olaraq Sizinlə əlaqə saxlanılmış, qeyd etdiyiniz xüsusatların mülki xarakterli olması nəzərə alınaraq kifayətlənilmişdir. Məlumat üçün bildiririk ki, vətəndaşların mülki və digər ödənişləri, dəymiş maddi ziyan, torpaq zəbt edilməsi həmçinin alqı-satqı ilə bağlı müraciətlərin mülki xarakterli olması nəzərə alınaraq aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməyiniz tövsiyyə olunmaqla kifayətlənilir. Müraciətiniz əsasında toplanmış material dəftərxanada işə alınmışdır” Məhz bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsinə əlavə olunan “Whatsapp” yazışmalarından görünür ki, “onun qızına “Dəniz” (çox güman dənizdə işləyən adam kontaktına bu cür qeyd edib) adlı şəxs yazır ki, 28 iyun uzağı pul xanımdadır” İddia ərizəsinə əlavə edilmiş “Whatsapp” səslərindən görünür ki, Cavabdeh və qızı Maisə Hüseynova olduqlarını tam olaraq etiraf edirlər. Səslərdə cavabdeh ona “salam sabahın xeyir, bir-iki günə gələcəm qadasın alım, bir-iki günə gələcəm deyir”. Cavabdehin qızı Maisə ona atdığı səsin məzmunu belədir “ O məsələ bizdə alınmır. Biz sizdən qızılı götürəndə bizim ümidimiz dayım idi, yəni biz ona ümidli olub götürmüşdük, indi dayımın da vəziyyətini özümüz də bilmirik orda nə vəziyyətdədi (söhbət: Ukraynadan gedir), bizim sizi aldatmaq fikrimiz yoxdu, nəinki sizi, mənim xarakterimdə kimisə aldatmaq olmayıb. Nə alım, atım, qaçım dünyası deyil, nə də zəmanə o zəmanə deyil ki, mən alım, kimisə aldadım. Anam sizin xətrinizi çox istəyir, belə deyimdə, utanır sizinlə danışmağa, utanır, xəcalət çəkir sizdən, mənim özüm də utanıram, ayın 13-ü demişdik amma alınmadı, indi biz gözləyirik Zəminə xanım, gözləyirik görək bizə nə xəbər gələcək. Belə deyim də sizə, iki günə də ola bilər, beş günə də ola bilər, mən sizə konkret bir vaxt deyə bilmirəm, yəni zəng gözləyirik, yoldaşım bu haqq hesabı bilmir deyə mən açıb ağarda bilmirəm, bizə zəng gəlməlidir, inşallah gələn kimi pulunuzun hamısını gətirib çatdıracağıq, yenə deyirəm bizim sizin qızılınızın pulunu verməmək kimi fikrimiz yoxdur, bu puldan da 3.000 manat anam sizə veribdi, elə bir şey ağlınıza gətirməyin ki, biz sizi aldatmaq niyyətindəyik, dünya dərəbəylik deyil, heç kim də yerdən çıxmayıb ki, kimsə kimisə aldatsın, indi gözləyirik Zəminə xanım, yeri gələndə o nə puldu ki, anam həyəcan keçirdir, mən başa düşürəm demişik verməliyik, sadəcə bizim vəziyyəti başa düşün ki, bizdə də istəmədən belə vəziyyət alındı. Ona görə də xahiş edirəm anamla danışanda birdən halı pis olar, o pula görə nəsə olar, qalarıq belə, ona görə xahiş edirəm danışanda yəni deyin ki, vaxt verirəm, bura heçnə yazmarsınız, birdən səsiniz sonra qalar, görməsin yoldaşım, zəng edən də anamla danışarsız inşallah bir daha çox sağolun. İyunun axırına inşallah ki, sizin borcunuz keçəcəkdir, bu danışdığım elə bir adamdır ki, yüz minləri gətirib tullayası bir oğlandır, yəni edibdə, yenə deyirəm, nə siz əsəbləşin, nə anam. Evdə də problem oldu, atamla anam bir-birilə qırışdılar, bir-birlərini qırdılar, o qədər problem çıxdı ki, əgər gözləyə bilmirsinizsə, bax nə deyirsinizsə gələk gedək polisə ya nə bilim harasa deyək ki, bizim borcumuz var, bu qədər, yəni bizi gözləyin. Yenə deyirəm Zəminə xanım, mən sizə dəqiq vaxtı, ancaq bu vaxta deyirəm, anam da şəkəri qalxıb, xahiş edirəm zəng edəndə bir birinizlə danışanda narahatçılıq olmasın. Allah görür ki, biz sizin pulunuzu vermək istəyirdik, imkan olmadı vermədik. Narahat olmayın, Zəminə xanım bəlkə də tez verdik, fevralın axırı olmaz, lap tez olar. Zəminə xanım, sizin qızıllarınız hara gedib, necə gedibsə də biz sizə pulunuzu verməliyik, başa düşürsüz, onu biz sizdən almışıq, lap aparıb tualetə tullamışıqsa da, o artıq bizim problemimizdi, bir dənə biz pulunuzu verməliyik. Biz də sizdən də çox istəyirik ki, sizin pulunuzu verək. Bu dəqiqə elə bir vəziyyətdir ki, yoldaşım məsələni bilsə, iki uşaqla ortada qalasıyam. Danmıram, gizlətmirəm ki, sizdən biz mal götürmüşük. Amma biz də mal götürəndə bilmirdik Ukraynadakı vəziyyət belə olacaq, hansısa vəziyyətin belə olacağını bilmirdik, bayaq rayonla danışdım, bu min manat hansısa sənəddə səhv 1000 manat pul lazımdır ki, o sənəd düzəlsin, təzədən pulu qoysunlar, lazımi qədər pul götürsünlər, bu dəqiqə vəziyyət budur bizdə, bu dəqiqə 1 olsa onu edəcəklər, indi də 1000 manatı axtarırlar ki, onu eləsinlər” Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən 20 saylı Büroya göndərilmiş onun müraciəti əsasında toplanmış materialların 8-ci səhifəsindən görünür ki, cavabdeh izahatında göstərmişdir ki, “təxminən fevral ayının 20-ində əvvəlcədən danışdığım qızıl alqı-satqısı ilə məşğul olan Zəminə adlı qadından 10.000 manat dəyərində qızıl əşyaları almışam. Həmin puldan 3.000 manat ödəməklə 7.000 manatını borclu qalmışam. Ayda 350 manat ödəməyə imkanım çatır, izahatı özüm yazdım imzamla təsdiq edirəm” Onun əlində cavabdehin ona borclu olmasına dair mötəbər sübutlar var və hesab edir ki, həmin dəlillərlə iddiasını tam olaraq sübuta yetirir. Onun həmin pula olduqca ehtiyacı var. Çünki o, qızıl alveri ilə məşğul olduğundan daimi olaraq dövriyyə üçün pula ehtiyacı var. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə yazılı ərizə təqdim edərək bildirmişdir ki, o, iddianı qəbul edir. Belə ki, o, iddiaçıdan 10.00 manat dəyərində qızılzinyət əşyası almış, 3.000 manat məbləğində pulunu qaytarmışdır. Hazırda onun iddiaçıya 7.000 manat borcu vardır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: 13 may 2022-ci il tarixdə İddiaçı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə yazdığı ərizənin surətindən görünür ki, o, Cavabdeh satdığı qızıl-zinyət əşyasının ödənilməmiş dəyəri olan 7.000 manat məbləğin geri qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. 26 may 2022-ci il tarixdə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində izahatı alınmış Cavabdeh izahatında bildirmişdir ki, o, fevral ayının 20-də əvvəlcədən tanıdığı qızıl alqı-satqısı ilə məşğul olan Zəminə adlı qadından 10.000 manat dəyərində qızıl-zinyət əşyası almışdır. Həmin puldan 3.000 manatını qaytarmış, 7.000 manat isə borclu qalmışdır. Maddi imkanı olmadığından ayda 350 manat ödəyə bilər. Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin İddiaçı ünvanladığı 26 may 2022-ci il tarixli məktubdan görünür ki, sonuncunun qeyd etdiyi xüsusatlar mülki xarakterli olduğundan ona aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə edilmişdir. Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən verilmiş 31 may 2022-ci il tarixli arayışın surətindən görünür ki, X1 zəng edərək, Zəminə adlı qadından 7.000 manat dəyərində qızıl alıb ödəniş edə bilmədiyi üçün həmin şəxsin 050 *** ** ** nömrədən zəng edib hədələməsi barədə DİN-nin 102 xidmətindən 2MK-1500 sayla məlumat daxil olmuşdur. X2 izahatında Binəqədi rayonu, 8-ci mikrorayonda dükan işlədən İddiaçı 10.000 manat dəyərində qızıl-zinyət almasını, aralarında olan sövdələşməyə görə 3 ay müqabilində 3000 manat ödəməsini, 7000 manatı ödəmək üçün vaxt verdiyini, sonradan zəng edərək hədə qorxu gəldiyini bildirmişdir. Məlumat əsasında İddiaçı izahatında Maisənin ona 7000 manat borcu olmasını, həmin şəxsi söymədiyini, təhqir etmədiyini, barəsində verilən məlumatın şər və böhtan olduğunu bildirmişdir. Beləliklə, aparılmış araşdırma zamanı X2 ilə İddiaçı arasında yaranmış mübahisə zamanı həmin şəxsin inzibati hüquqpozma əməli törətməsi sübuta yetməmişdir. Tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olması müəyyən edilmiş, mülki mübahisələrin həlli ilə bağlı aidiyyəti üzrə məhkəmə orqanına müraciət etməsi nəzərlərinə çatdırılmışdır. 09 iyun 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 90 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edildi ki, tərəflər arasında qızıl-zinyət əşyasının nisyə alqı-satqısı ilə bağlı şifahi razılıq mövcud olmuş, həmin razılığa əsasən iddiaçı ümumi dəyəri 10.000 manat olan qızıl-zinyət əşyasını cavabdehə satmağı, cavabdeh isə onların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Hazırda cavabdeh iddiaçıdan 10.000 manat dəyərində olan qızıl-zinyət əşyasını 3.000 manat ödəməklə aldığını, qalan 7.000 manat pulu isə qaytarmadığını bildirmişdir. Göründüyü kimi, cavabdeh bununla da üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 7.000 manat məbləğində borc və ödənilmiş 90 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 7.000 (yeddi min) manat məbləğində borc və ödənilmiş 90 (doxsan) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar