Məhkəmə qərarları › İş №e-2(001)-4420/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4420/2024

21.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4420/2024 21.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu İddiaçı “Vimay” klinikasına qarşı “maddi və mənəvi zərərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri 21 iyun 2024-cü il tarixdə nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh “Vimay” klinikasına qarşı “maddi və mənəvi zərərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, mülki prosessual qanunvericiliyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Digər tərəfdən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, bunun üçün işdə iştirak edən şəxslərə onların prosesual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prossesual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir (MPM-in 9-cu, 14.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Təqdim edilmiş iddia ərizəsində cavabdeh “Vimay” klinikasının ünvanı ünvan 1ə də, cavabdehin həmin ünvanda olmasını təsdiq edən sübut təqdim edilməmişdir. Həmçinin ərizədə “Vimay” klinikasının hüquqi şəxs olub olmaması qeyd olunmamış, onun VÖEN, telefon nömrələri, elektron poçt ünvanı qeyd olunmamışdır. Bundan əlavə iddia ərizəsinə nəzər yetirdikdə bəzi yerlərdə “Vimay” klinikası, bəzi yerlərdə isə “Vimay Clinic” tibb müəssisəsi qeyd edilmişdir. Göründüyü kimi cavabdehin hüquqi statusunu, onun dəqiq hansı ad altında fəaliyyət göstərməsini müəyyən etmək mümükün deyil. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci və 149.2.2-ci maddələrinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Qeyd olunan məlumatlar olmadan iddia ərizəsinin və əlavə olunmuş sənədlərin surətinin cavabdehə göndərilməsi, cavabdehin məhkəmə iclasına çağırılması, məhkəmə aktlarının cavabdehə təqdim edilməsi barədə mülki-prosessual qanunvericiliyin məhkəmənin üzərinə qoyduğu vəzifələrin həyata keçirilməsi, habelə həmin şəxslərə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə bildiriş göndərilməsi mümkünsüz olur. Bu isə məhkəmə icraatının birtərəfli həyata keçirilməsinə və mülki-prosessual qanunvericiliyin əsas prinsiplərindən olan çəkişmə prinsipinin pozulmasına gətirib çıxaracaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1 və 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, hesab edirəm ki, İddiaçı “Vimay” klinikasına qarşı “maddi və mənəvi zərərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı “Vimay” klinikasına qarşı “maddi və mənəvi zərərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ var. Qərardaddan 10 gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar