Məhkəmə qərarları › İş №e-2(001)-4641/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4641/2024

04.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4641/2024 04.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X19 oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, o, yəni Ərizəçi X8 ilə 10 noyabr 1966-cı il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahlarından sonra onların ümumilikdə 6 övladları anadan olmuşdur. Onlardan biri ilk övladı olan Yeganə doğulandan 3 ay sonra vəfat etmişdir. xx.xx.2023-cü il tarixdə əri İnqilab Nadirov vəfat etmişdir. X17 adına bir sıra əmlaklar vardır ki, bununla bağlı vərəsəlik qaydasında notariat kontoruna müraciət etmişdir. Lakin notariat kontoru vərəsəlik haqqında şəhadətnamə vermək üçün 2 nəfərin ölüm haqqında şəhadətnamələrinin təqdim edilməsini zəruri hesab etmişdir. Həmin şəxslərin ölüm haqqında şəhadətnamələrini isə müəyyən səbəblərdən, yəni dövlət orqanında qeydə alınmadığından təqdim edə bilmirlər. Belə ki, həmin şəxslərdən biri qızı Yeganə Nadirovadır. O, xx.xx.1967-ci il tarixdə anadan olmuşdur. İlk övladları olmuşdur. Həmin uşaq 3 aydan sonra, xx.xx.1967-ci il tarixdə vəfat etmişdir. El adəti ilə dəfn etmişlər. Lakin o vaxtı gənc olduqlarından uşağa ölüm haqqında şəhadətnamə almamışlar. Digər şəxs isə İnqilab Nadirovun atası (onun qaynatasıdır) X9r. Onun da ölüm haqqında şəhadətnaməsini təqdim etmək zərurəti yaranmışdır. Lakin onun da ölümü qeydə alınmamışdır. Belə ki, X14 1900-ci ildə Ağcabədi rayonu Hüsülü kəndində anadan olmuşdur. O, Sovet SSR-nin Almaniya ilə müharibəsi zamanı 1941-1945-ci illərdə müharibəyə getmiş, lakin o vaxtdan qayıtmamışdır. Ədil Quliyevin müharibədə itkin düşməsi, yəni müharibədən qayıtmaması şahidlərdən əlavə müharibədə itikin düşmüş şəxslərin siyahısını əks etdirən kitabla da sübut edilir. Hazırda bu 2 sənədin çatışmaması səbəbindən notariat kontoru vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina edir. Bununla da, vərəsəlik hüququ haqqında hüquqlarını reallaşdıra bilmirlər. Yeganə Nadirovanın və Ədil Quliyevin ölümünün qeydə alınması ilə bağlı Maraqlı şəxs1nə müraciət etsə də, ölümlərin qeydə alınmasından imtina edilmişdir. Buna görə də hazırda ölüm faktlarının məhkəmə qaydasında təsdiq edilməsi zərurəti yaranmışdır. Bu sənədlərin başqa qaydada alınması mümkün deyildir. Ölüm haqqında şəhadətnamə isə müəyyən hüquqi məsələlərin həlli üçün zəruridir. Ərizəçi göstərilənləri nəzərə alaraq, xx.xx.1962-ci il tarixdə anadan olmuş X1 xx.xx.1962-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi və 1900-ci ildə Ağcabədi rayonunun Hüsülü kəndində anadan olmuş X6 1947-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə ərizəni müdafiə etməklə yanaşı, ərizədə göstərilən xüsusatları təsdiq edərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bununla yanaşı, nümayəndə məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1967ci il tarixdə anadan olmuş X1 xx.xx.1967-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi və 1900(1907)-ci ildə Ağcabədi rayonunun Hüsülü kəndində anadan olmuş X6 1947-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxslər Bakı şəhəri Maraqlı şəxs1, Maraqlı şəxs4, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs5 və Maraqlı şəxs6 məhkəmə iclasında iştirak etməmişlər və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə işə onların və ya onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin nümayəndəsinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 498531 nömrəli evlənmək haqqında şəhadənamənin surətindən görünür ki, X8 ilə Ərizəçi arasında xx.xx.1966-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 05/09İS/192555-23 saylı arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Ərizəçi aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar olunmamışdır. Nikah bağlanmışdır: X8 ilə xx.xx.1966-cı ildə, nikaha xitam verilmişdir: İ.Nadirov xx.xx.2023-cü ildə ölmüşdür. Ölüm Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində xx.xx.2023-cü il tarixdə 1651 nömrəli akt qeydi ilə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 378340 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs1 tərəfindən Ərizəçi ünvanlanmış 02 iyul 2024-cü il tarixli, 3-16-5/8-15-1090/24 saylı məktubdan görünür ki, şöbəyə ünvanlanmış məktuba cavab olaraq bildirilmişdir ki, xx.xx.1962-ci ildə vəfat etmiş xx.xx.1962-ci il təvəllüdlü X1 adına tərtib edilmiş ölüm haqqında akt qeydi 1959-1965-ci illər üzrə ilkin, 1963-1969-cu illər üzrə bərpa akt qeydləri üzrə yoxlanılmış və aşkar edilməmişdir. Həmçinin bildirmişdir ki, 1947-1948-ci illər üzrə akt qeydləri Dövlət arxivinə təhvil verilmişdir. 1947-ci ildə vəfat etmiş 1900-cü il təvəllüdlü X6 adına tərtib edilmiş ölüm haqqında akt qeydi Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlanılmış və aşkar edilməmişdir. İş materiallarında olan Ağcabədi rayon qeydiyyat şöbəsi tərəfindən Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, onun müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, konsulluq idarələrinin arxivində və ya vətəndaşlıq vəziyyəti aktlarının Respublika Arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün dövlət arxivinə verilir. Ona görədə 1900-cu il təvəllüdlü X6 doğum və ölüm haqqında arxiv arayışının verilməsi mümkün olmamışdır. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X6 doğum və ölümü barədə akt qeydləri aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, onun tərəfindən Milli Arxiv İdarəsinə ünvanlanmış sorğuya baxılmış və bildirilmişdir ki, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununun 8ci maddəsinin üçüncü hissəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının (həmçinin müdafiə sahəsinin) arxiv fondlarının mühafizəsi həmin orqanların özləri tərəfindən həyata keçirilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (Ünvan: AZ 1000, Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 30), həmçinin Rusiya Federasiyası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə (Ünvan: 142100, Rusiya Federasiyası, Moskva vilayəti, Podolsk şəhəri, Kirov küçəsi, 4) müraciət edə bilərlər. Bununla yanaşı, X15 iştirakçılarına həsr edilmiş podvignaroda.ru və ya pamyat-naroda.ru elektron məlumat portallarında axtarış apara bilərlər. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs1 tərəfindən Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1967-ci il tarixdə Ağcabədi rayonunda doğulmuş X1 ölümü barəsində “Vətəndaşlıq vəziyyəti aktları" Avtomatlaşdırılmış Qeydiyyat informasiya Sistemi üzrə yoxlama aparılmış, ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin ünvan 3 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, onun müraciətinə həmin şöbə tərəfindən baxılmış və bildirilmişdir ki, Ağcabədi rayonu üzrə 1941-1945-ci illər X7 həlak olmuş, itkin düşmüş, zabit, gizir, çavuş və əsgərlərin siyahısında Ağcabədi rayon Hüsülü kənd sakini mərhum 1900-cu il təvəllüdlü X6 (siyahıda adı Adil, təvəllüdü 1907-ci il kimi qeyd edilib) hərbi xidmətə çağrıldığı tarix, rütbəsi vəzifəsi məlum deyil, 11.1942-ci ildə itkin düşüb, itkin düşdüyü yer məlum deyil. X7 iştirak edənlərin qeydiyyatı kitabında 1900cu il təvəllüdlü X6 (siyahıda adı Adil, təvəllüdü 1897-ci il kmi qeyd edilib) qayıtması qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, onun tərəfindən ünvanlanmış sorğuya baxılmış və bildirilmişdir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi”nin sənədləri arxivə 1920-ci ildən 1948-ci ilədək qismən şəkildə təhvil verildiyindən, X1 ölüm haqqında akt qeydinin axtarışının aparılması imkanları xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, sorğuya baxılmış və bildirilmişdir ki, X6 ölüm haqqında akt qeydinin axtarışının aparılması üçün axtarış məlumatlarını dəqiq qeyd etməkləri (ölüm tarixi (ili) və yeri), həmçinin, sorğu olunan şəxslə hüquqi yardım göstərilən şəxs arasında qohumluq əlaqələrini təsdiq edən sənədlərin əlavə etməkləri xahiş olunmuşdur. Eyni zamanda bildirilmişdir ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 38.3-cü maddəsinə və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. “Fərdi məlumatlar haqqında” Qanunun 2.1.6-cı və 13.1-ci maddələrinə uyğun olaraq ailə həyatına aid olan məlumatlar xüsusi kateqoriyalı fərdi məlumatlardır və həmin Qanunun 8.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi məlumatların üçüncü şəxslər tərəfindən mülküyyətçiyə və ya operatora, həmçinin onlar tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılığı ilə yol verilir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən subyekt vəfat etdikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş elan edildikdə, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, habelə yetkinlik yaşına çatmadığı, özü razılıq vermək iqtidarında olmadığı hallarda bu Qanunla tələb olunan razılıq müvafiq olaraq onun vərəsələri, qanuni nümayəndələri, valideynləri və ya himayəçilərindən biri tərəfindən verilir. Həmçinin, vətəndaşın şəxsi və ailə həyatına aid olan informasiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 06 mart tarixli 32 nömrəli Qərarı ilə təsdiq edilmiş arxiv fondunun komplerktləşdlrilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamə”nin 4.7-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 14 fevral tarixli 47 nömrəli Qərarı ilə təsdiq edilmiş “Milli Arxiv fondunun sənədlərindən istifadə Qaydası”nın 10.1-ci və 10.2-ci bəndinin tələbləri nəzərə alınmaqla istifadə olunur. Həmçinin, bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 31 iyul tarixli 251 №-li qərarı ilə təsdiq edilmiş ödənişli arxiv xidmətlərinin siyahısı və onların göstərilməsinə görə xidmət haqlarının məbləği siyahısına əsasən, xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikası Dövlət arxiv təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən arxiv xidmətlərinə görə ödənişin olunması tələb olunur. İş materiallarında olan Bakı şəhəri 5 saylı notariat ofisində xx.xx.2024-cü il tarixdə Maraqlı şəxs3 tərəfindən verilmiş ərizədən görünür ki, o ərizəsində qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 4 ünvanında yaşayan (qeydiyyatda) olmuş atası X8 ölmüşdür. ünvan 5 ünvanda yerləşən 93 saylı mənzil və ünvan 6ri-yaşayış sahəsi irs qalmışdır. Ondan başqa Maraqlı şəxs6, Ərizəçi, Maraqlı şəxs5, Maraqlı şəxs4 və Maraqlı şəxs2 adlı vərəsələri vardır. Mirasın tərkibinə daxil olan əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. İş materiallarında olan Ağcabədi rayon VVAQ şöbəsi tərəfindən verilmiş М-ЖГ seriyalı 356790 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs4 xx.xx.1973-cü ildə Ağcabədi rayonunda anadan olmuş, atası X8, anası Ərizəçidır. İş materiallarında olan Ağcabədi rayon VVAQ şöbəsi tərəfindən verilmiş Vİİ-ЖГ seriyalı 279615 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.1980-ci ildə Ağcabədi rayonunda anadan olmuş, atası X8, anası Ərizəçidır. İş materiallarında olan Ağcabədi rayon VVAQ şöbəsi tərəfindən verilmiş АЗБ seriyalı 045559 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs6 xx.xx.1971-ci ildə Ağcabədi rayonunda anadan olmuş, atası X8, anası Ərizəçidır. İş materiallarında olan Maraqlı şəxs3, Maraqlı şəxs6 və X4 tərəfindən məhkəməyə ünvanlanmış ərizələrdən görünür ki, onlar hər biri ayrı ayrılıqda bildirmişlər ki, Ərizəçi onların analarıdır. İnqilab Nadirov isə onların atalarıdır. Atalarından qalan miras əmlak üzrə vərəsəlik işi açılmışdır. Məlum olmuşdur ki, onların bacısı Yeganə Nadirovanın və babası Quliyev Ədilin ölüm haqqında şəhadətnamələri mövcud deyildir. Onlar, Yeganə Nadirovanı görməmişdir. Ata analarından və yaxın qohumlarının onlara bildirdiklərindən onlara məlum olmuşdur ki, Yeganə atalarının, analarının ilk övladı olmuş, həmin uşaq Ağcabədi rayonunda doğulmuş, 3 ay yaşamış, xəstəlik nəticəsində 3 aydan sonra isə vəfat etmiş və Ağcabədidə qəbirstanlığında dəfn edilmişdir. Babaları ilə bağlı isə onu bildirmişlər ki, babaları Ədil Quliyevi görməmişlər. Ataları, anaları və digər qohumlarından eşitmişlər ki, babaları Ədil Quliyev SSR dövründə 1941-1945-ci il müharibəsinə getmiş, müharibədən evinə qayıtmamışdır. Onun taleyi barədə məlumat yoxdur və o, Rusiyanın və Azərbaycan Respublikasının arxiv məlumatlarında itkin kimi qeydə alınmışdır. Eyni zamanda bildirmişlər ki, anaları ilə ataları qohumdurlar. Hazırkı məsələ üzrə, vərəsəlik işi üzrə onlar, yəni vərəsələr arasında heç bir mübahisə yoxdur. Analarının yaranmış sənəd çatışmamazlığı ilə bağlı verdiyi ərizədən məlumatlıdırlar. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ərizəçinin baldızı qızı olmaqla yanaşı, ərizəçi ilə dayısının 1966-cı il tarixdə ailə qurduqlarını, ilk övladlarının Yeganə olduğunu və 2-3 ay sonra vəfat etdiyini, Hüsülü kənd qəbirstanlığında dəfn edildiyini bildirmişdir. Babası ilə bağlı isə heç bir məlumatının olmadığını, dayısından babasının müharibədə iştirak etdiyini və müharibədən qayıtmadığını eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ərizəçinin baldızı oğlu olmaqla yanaşı, hadisənin 60 ildən çox müddətdir ki, baş verdiyni, uşağın anadan olduğunu, lakin xəstə doğluduğunu və cəmi 3 ay yaşadığını təsdiq etmişdir. Ədil Quliyevin isə müharibəyə getdiyini və qayıtmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ərizəçinin qaynı oğlu olmaqla yanaşı, əmisi ilə ərizəçi arasında 1966-cı il tarixdə nikah bağlandığını, Yeganə adlı bir övladlarının olduğunu, lakin 2-3 ay sonra vəfat etdiyini, Hüsülü kənd qəbirstanlığında dəfn edildiyini bildirmişdir. Ədil Quliyevin isə müharibəyə getdiyini və qayıtmadığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 305.1.2-ci maddəsinə əsasən məhkəmə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 9.5-ci bəndində qeyd edilmişdir ki, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə görə şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32-ci fəslində şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ölmüş elan edilməsini tənzimləyən prosessual qaydalar təsbit edilmişdir. Həmin normalara nəzər yetirildikdə aydın görünür ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi ilə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ölmüş elan edilməsinin prosedur və qaydaları bir-birindən fərqlənir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin normalarını rəhbər tutaraq hesab edir ki, 01 sentyabr 1967-ci il təvəllüdlü X1 17 dekabr 1967-ci il tarixdə Ağcabədi rayonunda vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar olduğundan, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etdiyindən və bununla da, ərizə həmin hissədə əsaslı olduğu üçün təmin edilməli, xx.xx.1967-ci il təvəllüdlü X1 vəfat etməsi faktı müəyyən olunmalıdır. Bununla yanaşı, X6 vəfat etməsi faktının müəyyən edilməsinə münasibətdə məhkəmə hesab edir ki, X6 vəfat etməsi faktının müəyyən edilməsi üçün deyil, ölmüş elan edilməsi üçün əsaslar mövcud olduğundan, ərizəçiyə Ə.Quliyevin ölmüş elan olunması barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunmaqla ərizə həmin hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. 01 sentyabr 1967-ci il təvəllüdlü X1 17 dekabr 1967-ci il tarixdə Ağcabədi rayonunda vəfat etməsi faktı müəyyən edilsin. X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxs1nə həvalə edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ərizəçiyə X6 ölmüş elan edilməsi barədə ərizə ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar