Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4697/2022 04.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ailə üzvləri ilə birlikdə evdən çıxarılma tələbinə dair mülki işə Məhkəmənin inzibati binasında, 03 avqust 2022-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ilə məhkəməyə müaciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 8, 1-ci küçədə yerləşən bağ evindən çıxarılaraq ona təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçının vəkili iddianı müdafiə edərək izahatında göstərdi ki, "xxxx" ASC ilə iddiaçı ilə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 8, 1-ci küçədəki iki mərtəbəli bağ evini həyətyanı sahəsi ilə birlikdə yüz beş min manata alaraq, sonradan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı bir müddət orada yaşasada sonradan Hövsan qəsəbəsində yerləşən evinə qayıtmış və həmin bağ evinin sahibsiz qalmaması üçün bacısı qızından həmin bağ evdə yaşamasını xahiş etmiş, oda ailəsi ilə birlikdə 2020-ci ilin may ayından orda yaşamışlar. 2021-ci ildə isə bacısının yoldaşı zəng vuraraq bildirmişdir ki, səhər uşaqları məktəbə aparmış və evdə heç kimin olmamasından istifadə edən şəxs həmin evə basqın etmişdir. Belə ki, özünü İfadə kimi təqdim edən qadın evin qapısının qıfılını sındıraraq yanındakı bir neçə nəfər şəxslə evə daxil olmuşlar. İfadə ona bildirmişdir ki, ev onundur və üstünə bıçaq çıxararaq Zahiri evdən qovmuşdur. Bununla bağlı iddiaçı polisə məlumat vermiş və sonuncu barədə cinayət işi açılmış və o Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirli bilinərək, 1.000 (min) manat cərimə cəzası təyin edilmiş, sonradan “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 1.12-ci və 9.1-ci bəndlərinə əsasən təyin edilmiş cəzadan azad edilmişdir. İstintaq zamanı Cavabdeh özbaşınalıq edərək onun mülkiyyətində olan bağ evinin darvazasının, evin giriş qapısının kilidlərini sındırıb evə daxil olması və sonradan da orada heç bir əsas olmadan yaşaması tam sübuta yetmişdir. Məhkəmə iclasında iddiaçı vəkilinin dediklərini təsdiq edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsinin iştirakı təmin olunmamış, məkhəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 8, 1-ci küçədə yerləşən bağ yevi və 209.20 kvadratmetr torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. - İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-303/22 nömrəli Hökmündən görünür ki, “təqsirləndirilən şəxs Cavabdeh 17 oktyabr 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 1 ci küçə, 8 saylı bağ evinə gələrək orada həmin evin 04 mart 2020-ci il tarixli "xxxx" ASC ilə İddiaçı arasında imzalanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 70.000 manat qiymətində 209.2 kvadrat metrdən ibarət iki mərtəbəli ev və 35000 manat qiymətində 0.05 hektardan ibarət həmin evi əhatə edən torpaq sahəsinin İddiaçı ümumilikdə 105.000 (yüz beş min) manata nağd olaraq satılmasını və xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən sonuncunun xüsusi mülkiyyətinə verilməsini bilə-bilə, heç bir hüququ olmadan qanunla müəyyən edilmiş davranış qaydalarına zidd olaraq qanuniliyi fiziki şəxs tərəfindən təkzib edilən hərəkəti özbaşına törədərək həmin vaxt evdə zərər çəkmiş şəxs İddiaçı razılığı ilə 2020-ci ilin may ayından yaşayan qohumu X1 olmamasından isifadə edib bağ evinin darvazasının, evin giriş qapısının kilidlərini sındırıb evə daxil olaraq, həmin ünvanda qalıb yaşamaqla İddiaçı xüsusi mülkiyyətində olan əmlakından məhrum olmasında ifadə olunan mühüm ziyan vurmaqla özbaşınalıq etmişdir.” Həmin Hökmə əsasən Cavabdeh əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322.2-ci maddəsindən həmin Məcəllənin 322.1 -ci maddəsinə tövsif edilərək, Azərbaycan Respublikası CM-in 322.1 -ci maddəsi ilə təqsirli bilinmiş və ona 1.000 (min) manat cərimə cəzası təyin edilmiş. Cavabdeh “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021 -ci il tarixli Qərarının 1.12-ci və 9.1 -ci bəndlərinə əsasən təyin edilmiş cəzadan azad olunaraq Azərbaycan Respublikası CM-in 322.1 -ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədən düşmüş sayılmışdır. Beləliklə, məhkəmə iclasında məyyən edildi ki, cavabdeh tərəfindən heç bir qanuni əsas olmadan iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 8, 1-ci küçədə yerləşən bağ evinin darvazasının, evin giriş qapısının kilidlərini sındırıb evə daxil olaraq, həmin ünvanda qalıb yaşamaqla iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Məhkəmə mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 8, 1-ci küçədə yerləşən bağ evi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ”mülkiyyət” kimi qiymətləndirilə bilər. “Broniovski Polşaya qarşı” işdə (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tədbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. Mübahisə predmeti olan mülkiyyət barəsində hüquqi tələb irəli sürmək mümkün olmadıqda, 1 saylı Protokolun 1-ci maddəsi tədbiq edilmir, belə ki, yalnız real mövcud olan mülkiyyətin hüquqi mühafizəsi mümkündür və bu mühafizə hər hansı mülkiyyəti gələcəkdə əldə etmək hüququna şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4.-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Nəzərə alınmalıdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında sahiblik hüququna mülkiyyət hüququ kimi yanaşır. Göründüyü kimi, cavabdeh tərəfindən yuxarıda qeyd olunan normaların tələbləri pozulduğundan iddiaçının mülkiyyət hüququ ilə özünə məxsus olan torpaq sahəsindən, orada inşa edilmiş tikilidən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, cavabdeh və onun ailə üzvləri həmin torpaq sahəsindən və orada inşa edilmiş tikilidən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi iddiaçının ödədiyi 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh ailə üzvləri ilə birlikdə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 8, 1-ci küçədə yerləşən bağ evindən və torpaq sahəsindən çıxarılaraq ona təhvil verilməli, ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216- 220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ailə üzvləri ilə birlikdə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 8, 1-ci küçədə yerləşən bağ evindən və torpaq sahəsindən çıxarılaraq həmin daşınmaz əmlaklar İddiaçı təhvil verilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-4697/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4697/2022
04.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver