Məhkəmə qərarları › İş №e-2(001)-525/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-525/2025

17.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-525/2025 17.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakların bərabər payda bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş və iddia ərizəsində sadalanan əmlakların bərabər payda bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir . İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, bildirir: tərəflər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində icraatınızda olan e-2(001)-5822/2024 saylı mülki iş üzrə Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaklarla bağlı aşağıdakı məzmunda razılığa gəlmişlər: 1. Tərəflər birgə nikah dövründə əldə edilmiş iş üzrə iddaçı İddiaçı adana olan əmlakalardan Cavabdeh imtina edərək gələcəkdə heç bir tələbinin olmayacağını öhdəsinə götürür. 2. Tərəflər birgə nikah dövründə əldə edilmiş mülki iş üzrə Cavabdeh adına olan əmlakalardan imtina edərək gələcəkdə heç bir tələbinin olmayacağını öhdəsinə götürür. Xahiş edir ki, tərəflər arasında olan razılaşmanı nəzərə alaraq hazırki iş üzrə tərəflərin barışığını nəzərə alaraq iş üzrə icraata xitam verilsin. Cavabdehin nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, bildirir: təmsil etdiyi tərəf iddiaçı ilə razılığa gələrək birgə nikah dövründə əldə edilmiş əmlaklardan hazıki dövr üçün iddiaçının mülkiyyətində olan əmlkaların iddiaçıya aid olması və eyni zamanda cavabdehin mülkiyyətində olan əmlakların cavabdehə aid olmasına etiraz etmir. Barışıq olaraq hər iki tərəfin öhdəliyi qəbul edilir. Nəzərə alınmasını xahiş edir. Məhkəmə ərizəni və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, məhkəmə hər iki tərəfin ərizələrini nəzərdən keçirərək, iddiaçı tərəfin işə mahiyyəti üzrə baxılmasında maraqlı olmadığını və cavabdehin buna etiraz etmədiyini, mübahisənin tərəflər arasında həll edilmiş olmasını nəzərə alaraq, hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilən sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, hər iki tərəf aralarında mübahisənin həlli ilə bağlı razılığın olduğunu bildirsələr də, məhkəməyə nə iddiadan imtina ilə bağlı müraciət, nə də yazılı qaydada barışıq sazişi təqdim edilməmişdir. Bu səbəbdən də məhkəmə, iddiaçının müraciətinin dəlillərini iddia ərizəsinin geri qaytarılması kimi qiymətləndirərək, işin baxılmamış saxlanması qənaətinə gəlmişdir. Həmçinin iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakların bərabər payda bölünməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar