Məhkəmə qərarları › İş №e-2(001)-5251/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5251/2025

04.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5251/2025 04.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: qeydiyyatın ləğvi, mülkiyyət hüququnun tanınması) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil Vəliyəddin oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi cəlb edilməklə) “dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi, mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı “dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi, mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən “Volvo” markalı, XC 90 modelli, 10AZ290 dövlət qeydiyyat nişanlı minik avtomobilinə dair Cavabdeh MMC-nin adına dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi, sözügedən avtomobilə dair iddiaçının mülkiyyət hüququnun tanınmasına və ödənilmiş 100 (yüz) AZN dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən Cavabdeh MMCyə qarşı “dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi, mülkiyyət hüququnun tanınması” barədə iddia tələbi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilmiş, lakin cavabdeh məhkəmədən kənar danışıqlar zamanı iddia tələbini icra edəcəyinə dair razılığını ifadə etdiyi üçün iddiaçı iddia tələbini geri götürmək qərarına gəlmişdir. Bu razılaşmaya baxmayaraq cavabdeh yenə də öz öhdəliklərini icra etməmiş və iddiaçı isə iddia ərizəsi ilə yenidən müvafiq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, İddiaçı tərəfindən öz şəxsi istifadəsi üçün xaricdən “Volvo” markalı, XC 90 modelli avtomobil sifariş edilmiş, lakin Azərbaycan Respublikasının gömrük orqanlarında fiziki şəxslərə dövlət qeydiyyatı zamanı “AZ” ilə dövlət qeydiyyat nişanı verilmədiyi üçün Cavabdeh MMC ilə iddiaçı arasında razılıq olmuşdur. Həmin razılığa əsasən “AZ” nişanlı dövlət qeydiyyat nömrəsinin əldə edilməsi üçün qeydiyyat cavabdehin adına həyata keçirilməli, qeydiyyatdan bir müddət sonra isə avtomobilə dair mülkiyyət hüquqları iddiaçıya keçirilməli idi. Lakin cavabdeh avtomobilin xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatından sonra iddiaçının dəfələrlə tələb etməsinə baxmayaraq aralarındakı razılığa əməl etməmiş və avtomobili iddiaçının mülkiyyətinə verməkdən imtina etmişdir. Qeyd edir ki, avtomobilin xarici firmadan sifariş edilməsi və ödənişlərin edilməsi birbaşa iddiaçının adından və onun tərəfindən həyata keçirilmişdir. Hətta avtomobil gömrük orqanları tərəfindən dövlət qeydiyyatına alınarkən təqdim edilmiş avtomobilin qeydiyyat şəhadətnaməsi xx.xx.2023-cü il tarixdən etibarən faktiki olaraq iddiaçıda olmuşdur. Həmçinin Cavabdeh MMC sözügedən avtomobili öz mülkiyyətinə daxil etməklə başqasının (iddiaçının) hesabına əsassız varlanmış hesab edilir. Buna görə də iddiaçı öz əmlakını əsassız varlanmış şəxsin mülkiyyətindən geri tələb etmək hüququna malikdir və əsassız varlanmış şəxs (Cavabdeh MMC) də həmin əmlakı iddiaçıya geri qaytarmaq öhdəliyi daşıyır. Eyni zamanda mübahisəyə tapşırıq müqaviləsinin normaları da tətbiq edilməlidir. Belə ki, avtomobilin dövlət qeydiyyat nömrəsinin “AZ” ilə alınması məqsədi ilə avtomobili öz adına qeydiyyata alması, daha sonra mülkiyyətin əsl mülkiyyətçiyə ötürülməsi cavabdehə tapşırılmışdır, lakin cavabdeh qeyd edilmiş tapşırığı icra etməmişdir. Nəticə etibarilə sözügedən minik avtomobilinin Cavabdeh MMC-nin adına dövlət qeydiyyatına alınması yalan əqddir və iddiaçı ilə cavabdeh arasında əsas əqdi pərdələmək məqsədi ilə bağlanmışdır. Məhz buna görə də sözügedən minik avtomobilinə dair Cavabdeh MMC-nin mülkiyyət hüququ barədə dövlət qeydiyyatı ləğv edilməli, iddiaçı avtomobilin əsl mülkiyyətçisi hesab edilməli və həmin avtomobil üzərində iddiaçının mülkiyyət hüququ tanınmalıdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil Vəliyəddin oğlu iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

5. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

Mülki işin materialları:

6. X1 Şəhadənaməsinin surətindən görünür ki, **-AZ-*** dövlət qeydiyyat nişanlı, Volvo XC 90 Hibrid minik markalı avtomobil xx.xx.2023-cü il tarixindən Cavabdeh MMC-nin mülkiyyətindədir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

8. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

9. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

10. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

11. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

12. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.

13. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-nin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-nin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPMnin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsinə əsasdır.

14. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).

15. Məhkəmə araşdırması zamanı iddiaçı qeyd edilən avtomobilin onun tərəfindən sifariş edilməsini, onun tərəfindən alınmasını qeyd etsə də buna dair məhkəməyə hər hansı bir sübut təqdim edə, iddiasını əsaslandıra bilməmişdir.

16. Sübutetmə yükü daşıyan iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən, məhkəmə iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

17. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak şəxslərə aid edilir.

18. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. 217.4-cü maddəsinə əsasən,məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

20. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

İddiaçı Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi cəlb edilməklə) “dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi, mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar