Məhkəmə qərarları › İş №e-2(001)-5293/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5293/2025

27.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5293/2025 27.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, iddiaçı – İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdeh – Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları:

1. Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 102 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli akta əsasən Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən 45 saylı mənzilə dəfələrlə su axıdılmışdır.

2. ünvan 1 ünvanında yerləşən 45 saylı mənzil 075345 saylı, 2019-cu il tarixli sığorta aktına uyğun olaraq xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək İddiaçı Sığorta Şirkətində sığortalanmışdır.

3. İddiaçı Cavabdeh ünvan 1, 45 saylı mənzilində dəymiş zərərə görə ödənilmiş 199.50 (yüz doxsan doqquz manat əlli qəpik) manat pulun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 40 (qırx) qəpik komissiyanın İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

İddiaçının əsaslandırması:

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 102 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli akta əsasən ünvan 1, 45 saylı Şamxal Əsədovun mənzilinə üst mərtəbədə yerləşən 48 saylı mənzilində yaşayan Cavabdeh tərəfindən dəfələrlə mənzilə su axıdılaraq zərər vurulmuşdur. Göründüyü kimi Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 35, 45 saylı mənzil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək İddiaçı SŞ-da sığortalanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli əmlakın zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 35, 45 saylı mənzilinə 450 AZN (dörd yüz əlli manat) məbləğində zərər dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş 11490 nömrəli ödəniş tapşırığına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 35, 45 saylı mənzilinə dəymiş zərərə görə sığortalı X4 199.50 AZN (bir yüz doxsan doqquz manat əlli qəpik) sığorta ödənişi həyata keçirmişdir. Bildirmək istəyirik ki, xx.xx.2019-cu il tarixli hadisə ilə əlaqədar Cavabdeh qarşı subroqasiya hüququmuz yaranmışdır. Hesab edirik ki, ünvan 1, 45 saylı mənzilinə dəymiş zərərə görə ödənilmiş 199.50 AZN (yüz doxsan doqquz manat əlli qəpik) sığorta ödənişi zərərvuran Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır.

Cavabdehin etirazları:

5. Cavabdeh iddia ərizəsinə dair məhkəməyə yazılı etiraz təqdim edərək, bildirmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xx.xx.2025-ci il tarixli ərizə ilə xahiş etmişdir. Cavabdeh bildirmişdir ki, nə üçün xx.xx.2019-cu il tarixindən bu günə qədər ötmüş 6 (altı) il ərzində "xxxx" ASC ona bu barədə heç bir məlumat verməyib? Yaranmış vəziyyəti mübahisələndirməyib? Vəsaiti tələb etməyib? "xxxx" ASC məhkəməyə iddia ərizəsini 6 (altı) il sonra təqdim etmişdir. Ötürülmüş zaman aralığının səbəbi nədir? Bu halı necə izah edə bilərlər? Belə ki, bu qədər müddət sonra iddia qaldırmaqda məqsəd ötmüş zaman ərzində baş vermiş hadisənin cavbdeh tərəfindən müdafiə olumasını çətinləşdirməkdən ibarətdir. xx.xx.2025ci il tarixində cavbdehin ünvanına pretenziya məktubu göndərildiyini və qapı bağlı olduğu üçün zərfin cavabdehə çatdırılmadığı qeyd olunub. Bu məlumat tamamilə yalnışdır. Cavabdehin ünvanına hər hansı məktub göndərilməyib və yaxud kuryerin qeydi yanlışdır. Çünki onun yaşadığı mənzildə daim kimsə olur. 15 iyul 2025-ci il tarixli aktı həqiqəti əks etdirmir. Aktda məktubun çatmamasının səbəbi kimi qapının bağlı olduğu qeyd olunub. Əlbətdə ki qapı bağlı olmalıdır. Evin qapısı açıq olmur. Kuryer qapı zilinə toxunub? Qapını açan olmayıb? İstənilən qonşudan cavabehin əlaqə nömrəsini alıb zəng vura bilərdilər. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsindən cavabdehin qeydiyyat ünvanı barədə arayış alınıb. 109 çağrı mərkəzinə sorğu edərək onun stasionar telefon nömrəsini də əldə edə bilər və əlaqə saxlaya bilərdilər. 075345 nömrəli Sığorta Aktında tarix göstərilməyib. 075345 nömrəli Sığorta Aktında hadisənin baş vermə tarixi xx.xx.2019-cu il göstərilib. Bu tarix nəyə əsaslanır? Necə sübut edərlər ki, hadisə xx.xx.2019-cu il tarixində baş verib? Su sızması uzun müddət ərzində olub. Yəni hadisə bir tarixdə baş verməyib. Mülkiyyətçi sığorta ödənişi alsın deyə bu dövr ərzində susub və cavbdehə heç bir məlumat verməyib. Dəfələrlə sığorta şirkətinə gedib və zərər az olduğu üçün ödəniş ala bilməyib. Uzun zaman gözləməsində məqsədi də dəymiş ziyanın sahəsinin böyüməsi və sığortadan subroqasiya qaydasında pul tələbi ala bilməsi olub. Aktda göstərilmiş ziyanın ümumi məbləği şişirdilmiş, zərərin məbləği artıq qeyd olunub ki, 450 AZN (dörd yüz əlli) məbləği və sığorta olunana vəsaitin ödənilməsi mümükün olsun. X1 küçəsi ev 35 ünvanında yerləşən 45 saylı mənzil sığorta olunarkən mənzilə baxış keçirilibmi? Həmin mənzilin sığorta olunan vəziyyətdə fotoları mövcuddur mu? Mənzildə su sızıntısı nəticəsində yaranmış zərər mənzil alqı-satqı olunmazdan və sığorta olunmazdan əvvəl mövcud olmuşdur. Sığorta müqaviləsinin qüvvəyə minmə tarixi xx.xx.2019-cu il, çıxarışın tarixi isə xx.xx.2019-cu ildir. Mülkiyyətçi əmlaka mülkiyyət hüququ əldə etmədən öncə sığorta şəhadətnaməsi əldə etmişdir. Deməli mənzil notariusda formal sığorta olunmuşdur. Mənzilə baxış keçirilməyib, hər hansı nöqsanın mövcudluğu araşdırılmayıb. xx.xx.2019-cu il tarixində MKİS tərəfindən 102 saylı akt tərtib etmişdir. Lakin akta heç bir təsdiqedici sənəd və foto əlavə olunmamışdır. Dəyən ziyanın miqyası qeyd olunmamışdır. Şablon cümlələrlə akt tərtib olunmuşdur. Aktda dəfələrcə Əsədov Şamxalın MKİS yazılı şikayət etdiyi qeyd olunsa da onunla bağlı ərizə əlavə olunmamışdır. Bu aktın reallığını şübhə altına alır. Aktda mülküyyətçi və yaxud nümayəndəsinin iştirakı barəsində hər hansı bir qeyd yoxdur. Zərər dəymiş mənzilə kimin iştirakı ilə baxış keçirilib? Akt mülkiyyətçinin atasına verilib ki, bu hal da qanuna ziddir. Atasının oğlunu təmsil etmək üçün rəsmi icazəsinin olub-olmadığı qeyd olunmayıb. xx.xx.2019-cu il tarixində aktın tərtibindən 1 (bir) gün keçməmiş heç bir araşdırma, dəqiqləşdirmə aparmadan Əsədov Şamxala subroqasiya qaydasında pul tələbi vəsaiti ödənilmişdir. Həmin tarixlərdə Əsədov İlqar və Atəşgah sığortanın əməkdaşı cavabdehin icazəm olmadan və onun iradəmə zidd olaraq mənzilinə daxil olmuşlar. Həmin vaxt bu problem ev sahibi ilə cavabdeh arasında qarşılıqlı razılıq yolu ilə həll olunduğu üçün cavabdeh problem yaratmamışdır. Belə ki, cavabdeh Əsədov İlqara mənzilinə dəymiş ziyanın əvəzi olaraq 200 (iki yüz) manat vəsait vermiş və ev sahibi də da öz növbəsində problemin həll olunduğunu bildirmişdir. Cavabdeh Əsədov İlqarın məhkəmə prosesinə cəlb olunmasını xahiş etmişdir. Dəymiş zərərin qiymətləndirilməsi barədə hesabat təhrif olunub. Belə ki, tarixi qaralanıb düzəliş olunub. Hesabat tam tərtib olunmayıb. Zərərin səbəbi, Baş verdiyi yer sətirləri doldurulmayıb. Dəymiş zərər qiymətləndirilərkən foto fakt əlavə olunmayıb. Material bölməsində miqdarı 1 (bir) yazılıb və 200 AZN qiymət hesablanıb. Materialların təfərrüatı və qiymətləri yoxdur. Yəni mənzilə nə kimi ziyan dəyib və bu ziyanın aradan qaldırılması üçün hansı materiallar lazımdır və hansı miqdarda lazımdır göstərilməyib. Həmin materialların qiymətləri nə qədərdir. Görülən işlər bölməsində usta haqqı 250 AZN qeyd olunub. Usta hansı işləri görüb neçə kvadratmerter ərazidə təmir işi aparıb? Hamısı mücərrəd və qaranlıqdır. Ümumiyyətlə hesabat qeyri peşəkar hazırlanıb, dəymiş zərər şişirdilib və hesabat qeyri-şəffaf tərtib olunub. Dəymiş zərər barədə cavabdeh tərəfindən təxmini hazırlanmış qısa hesablama qeyd edilmişdir: Zərər dəymiş mətbəxin eni 3,15 metr uzunluğu 2 metr hündürlüyü 2.60 metrdir. Zərər dəymiş divar isə 2x2.6=5,2 kv metrdir. Otağın perimetri 2x(2+3,15)=10,3 metrdir. Oboy ölçüsü 1,06 m eni 10,05 metr uzunluğu. Əgər mətbəx tam təmir olunsa 2,7 metr kəsim hesablasaq lazım olan zolaq sayı 10,3/1,06=9,7 edər, qapı və pəncərələrin sahəsini də çıxsaq cəmi 3 (üç) rulon oboy tələb olunur. Oboyun bir rulonu maksimum 15 manatdan hesablasaq 45 manat edər. Oboy kleyi 5 manat, kist 2 manat, rolik 4 manat dəyərindədir. OMİD tikinti materialları mağazasının rəsmi saytında məhsulların qiymətləri göstərilmişdir. Tavan 2x3,15=6,3 kvadrat metrdir. Bu sahəni təmir etmək üçün 1 kisə astar və 1 kisə üzlük şpaklovka artıqlaması ilə kifayət edər. OMİD tikinti materialları mağazasının rəsmi saytında məhsulların qiymətləri göstərilmişdir. FAB bəyaz alçı 30 kq 1 kisə 5,50 manat, üzlük 30 kq 1 kisə 6,3 manatdır. Tavanı rəngləmək üçün emusiya 3,5 litr 7 manatdır. Bu işləri görmək üçün isə usta 100 manat məbləğ tələb edər. Bu hesablama mətbəxin tam təmirinə aiddir. Lakin mətbəxin yalnız bir divarına ziyan dəymişdir. Mənzilə dəyən ziyanı aradan qaldırmaq üçün 150 (bir yüz əlli) manat kifayət edərdi ki, cavabdeh Əsədov İlqara 200 (iki) yüz manat subroqasiya qaydasında pul tələbi vermişdir. Göstərilən qiymətlər 2025-ci ilin avqust ayına aiddir. Sözügedən hadisə isə 6 il əvvəl baş verib. Bu müddət ərzində tikinti materiallarının qiyməti təxmini hesablamalara görə 80%-100% dəyərində artıb. Dövlət Statistika Komitəsinin məlumatlarından və internet resurslarında mövcud olan məlumatlardan ötən dövr ərzində tikinti bazarında baş vermiş dəyişikliyi aydın görmək mümkündür. İddiaçının iddiaların əsassızdır, təhrif olumuş məlumatlarla tərtib olunmuş, sübutedici dəlillər əlavə olunmamış, tələbetmə müddəti keçmiş və cavabdeh tərəfindən 200 (iki yüz) manat məbləğində dəymiş zərər qarşılığında Əsədov İlqara ödənilmişdir. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin əsassız olması səbəbilə rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları:

6. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirmiş və iddia ərizəsinə dair məhkəməyə təqdim etdiyi yazılı etirazda qeyd edilənlərlə eyni məzmunlu izahat verərək iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

ƏSASLANDİRİCİ HİSSƏ:

Faktiki hallar və sübutlar:

8. İş materiallarında olan BA seriyalı, 843485 nömrəli Daşınmaz Əmlakın İcbari Sığortası şəhadətnaməsindən müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən 45 saylı mənzil İddiaçı Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək sığortalanmışdır.

9. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş ******* nömrəli çıxarışdan müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən 45 saylı mənzil X2 xüsusi mülkiyyətindədir.

10. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 075345 nömrəli sığorta aktından müəyyən edilir ki, xx.xx.2019-cu il tarixində ünvan 3 ünvanında yerləşən 45 saylı mənzildə sığorta hadisəsi baş vermiş və sığortaedən tərəfindən 199.50 manat məbləğində sığorta ödənişi ödənilmişdir.

11. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Yol nəqliyyat hadisəsi nəticəsində əmlakın zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan müəyyən edilir ki, usta xərcləri 250 manat, material üçün sərf edilən xərclər 200 manat olmaqla, sözügedən mənzilə ümumilikdə 450 manat məbləğində zərər dəymişdir.

12. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 11490 nömrəli ödəniş tapşırığından müəyyən edilir ki, eyni tarixdə sığortaedən tərəfindən X4 199,50 manat məbləğində sığorta ödənişi edilmişdir.

13. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli, O-AS-2025 saylı pretenziya məktubundan müəyyən edilir ki, cavabdeh dəymiş zərərin məbləğini 10 iş günü müddətində iddiaçıya ödəməklə bağlı xəbərdar edilmişdir.

14. İş materiallarında olan “Azari” Express poçt-daşıma kuryer xidməti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan müəyyən edilir ki, cavbdehə bildiriş göndərilsə də, qapı bağlı olduğundan bildirişi ona təqdim etmək mümkün olmamışdır.

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (AR MM): - Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması. - Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - Maddə 884.1. Sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. - Maddə 888.1. Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. - Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. - Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

16. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu: - Maddə 6.1. İcbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. - Maddə 6.2. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. - Maddə 13.2. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. - Maddə 15.1. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. - Maddə 15.3. Əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir: 15.3.1. zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri. - Maddə 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. - Maddə 20.2. Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. - Maddə 20.3. Əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. - Maddə 23.1. Sığortaçının aşağıdakı hüquqları vardır: 23.1.4. sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən etmək, bu məqsədlə ekspertlər dəvət etmək, bunun üçün sığortalıdan və (və ya) sığorta olunandan lazımi məlumatlar almaq; 23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

18. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, əlavə edilmiş sənədləri, cavabdeh tərəfindən iddia ərizəsinə dair məhkəməyə təqdim edilmiş yazılı etirazı nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır.

19. AR MM-nin 936.1 və 936.2-ci maddələrinin mənasından görünür ki, subroqasiya hüququ zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülən tələbdir. Bu hüququn yaranması üçün zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi əsas şərtdir. İddiaçının subroqasiya hüququnun yaranması isə iş materialları ilə müəyyən edilir.

20. Məhkəmə qeyd edir ki, mülki iş materiallarında olan 843485 nömrəli Daşınmaz Əmlakın İcbarı Sığortası Şəhadətnaməsindən müəyyən edilir ki, X4 məxsus mənzil xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək "xxxx" Sığorta Şirkəti ASC tərəfindən sığorta edilmiş və sığorta məbləği 25.000 manat müəyyən edilmişdir. Mülki iş materiallarında olan xx.xx.2019-cu il tarixli Aktdan, eləcə də cavabdeh tərəfindən iddia ərizəsinə dair məhkəməyə təqdim edilmiş yazılı etirazdan da müəyyən edilir ki, cavabdehə məxsus mənzildən X4 məxsus mənzilə su axıdılmış və nəticədə sonuncuya maddi ziyan dəymişdir. Cavabdeh yazılı etirazında X4 məxsus mənzilə ziyan vurulduğunu etiraf etmiş, hətta buna görə də mənzilin mülkiyyətçisinin atasına – İlqar Əsədova 200 manat ödəniş etdiyini bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aşağı mərtəbədəki mənzilə ziyan vurulması işin mübahisəsiz halıdır.

21. Məhkəmə həmçinin qeyd edir ki, X4 məxsus mənzilə dəymiş ziyana görə həmin mənzilin sığortaçısı olan iddiaçı tərəfindən mənzilin mülkiyyətçisində 199,50 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir ki, bu ödənişin həyata keçirilməsi də işin mübahisəsiz halıdır.

22. İşin cavabdeh tərəfindən mübahisələndirilən hallarından biri sığorta hadisəsinin baş verməsindən təxminən 6 il sonra iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi, bir digəri isə zərər vurulmuş mənzilin mülkiyyətçisinə ödənilən sığorta ödənişinin məbləği ilə bağlıdır. Birinci halla bağlı cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etirazında iddia müddətinin tətbiq edilməli olduğunu bildirmişdir.

23. Hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsi ilə bağlı cavabdehin qeyd etdiklərinə münasibətdə məhkəmə bildirir ki, “reqres iddia” ilə “subroqasiya hüququ” ayrıayrı anlayışlardır və onlar biri-digərindən fərqli hüquqi nəticələr doğurur. “Reqres iddia” (əks tələb)-başqasının vurmuş olduğu ziyanı ödəyən şəxsin, vermiş olduğu ödəniş miqdarında digər şəxsə qarşı tələbidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə t ələb (reqress) hüququ vardır. “Subroqasiya hüququ” isə-sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan səxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının sığortaçıya keçməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində təsbit olunmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ g əlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi hazırkı halda iş üzrə tərəflər arasında hər hansı bir müqavilə olmamışdır və öhdəlik sığorta müqaviləsindən deyil, vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gəlmişdir ki, bu cür iddialara da Mülki Məcəlləsinin 373.1-ci maddəsi ilə müəyyən edilən ümumi iddia müddəti şamil edilir. Bu baxımdan hazırkı halda vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gələn mübahisələrə tətbiq edilməli olan iddia müddəti fərqli anlayışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaldırılmış iddia tələbi üzrə iddia müddəti ötürülməmişdir və beləliklə də cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsi əsassız olduğundan təmin edilə bilməz.

24. İddiaçı tərəfindən zərər vurulmuş şəxsə ödənilən sığorta ödənişi ilə bağlı cavabdehin gətirdiyi arqumentlərə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin özü də dəymiş ziyana görə mənzilin mülkiyyətçisinin atasına 200 manat ödəniş etdiyini bildirmiş və zərərin özünün hesablamalarına görə o həcmdə olduğunu qeyd etmişdir. Belə olduğu halda iddiaçı tərəfindən zərər vurulmuş şəxsə ödənilmiş 199,50 manat məbləğində sığorta ödənişini məhkəmə alabatan hesab etməklə yanaşı, onu da qeyd edir ki, bunun əksini təsdiq edəcək hər hansı sübut da cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş və sübutetmə yükü üzərinə düşən cavabdeh qeyd etdiklərini sübuta yetirə bilməmişdir.

25. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

26. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurulmuşdur. Odur ki, sığorta ödənişi cavabdehdən alınmaqla yanaşı ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

27. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 119, 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə

QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. Bakı şəhəri, Naxçivani küçəsi, ev 35, 45 saylı mənzilə dəymiş zərərə görə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 199,50 (yüz doxsan doqquz manat əlli qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə iddiaçıya ödənilsin.

3. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat və komissiya haqqının əvəzi olaraq 0,40 (qırx qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

5. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar