Məhkəmə qərarları › İş №e-2(001)-531/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-531/2024

08.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-531/2024 08.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı nümayəndəsi, vəkil Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş ziyanın və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, cavаbdеh Cavabdeh iddiаçı İddiaçınə vurulmuş 2166,48 manat məbləğində zərərin, 193,09 manat debitor borcun və iddiaçı tərəfindən ödənilmiş 43,60 dövlət rüsumu olmaqla ümumilikdə 2403,10 manat məbləğində pulun tutularaq İddiaçı İB-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İB (Bundan sonra “İddiaçı” adlandırılacaq) ilə Cavabdeh (Bundan sonra “Cavabdeh” adlandırılacaq) arasında imzalanmış 25 dekabr 2018-ci il tarixli, T/17950 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu isitfadəçisi arasında qazın alıq-satqısı barədə” müqaviləyə əsasən “İddiaçı” tərəfindən cavabdehin mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmış və cavabdehə **********00000 saylı abonent kodu verilməklə fərdi yaşayış evinin qazla təchizatı təmin edilmişdir. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək, habelə “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etmək, eyni zamanda 2.3.4- cü bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İş materiallarına əlavə edilmiş Abonent saldosundan bəlli olur ki, cavabdeh tərəfindən yaşadığı fərdi yaşayış evində 4 gözlü qaz piltələri (PQ4), Qızdırıcı radiator peçi və samovar quraşdırılmışdır. İddiaçının səlahiyyətli əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərəkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbbi qazı talaması faktları aşkar olunmuş, faktlar yerindəcə aktlaşdırılmaqla, habelə qaz sayğacının fotə çəkilişlərlə lentə alınmaqla rəsmiləşdirilmişdir. Belə ki, cavabdeh barəsində tərtib edilmiş aktlar aşağıdaki kimidir: 1. xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 864 kub metr təbbi qazın talanması faktı və buna uyğun olaraq dəymiş ziyanın 86,40 manat müəyyən edilməsi barədə tələbnamə, 2. xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 4644 kub metr təbbi qazın talanması faktı və buna uyğun olaraq dəymiş ziyanın 464,40 manat müəyyən edilməsi barədə tələbnamə, 3. xx.xx.2022-ci il tarixli ******* №-li akt əsasında 8640 kub metr təbbi qazın talanması faktı və buna uyğun olaraq dəymiş ziyanın 1036,80 manat müəyyən edilməsi barədə tələbnamə, 4. xx.xx.2022-ci il tarixli ******* №-li akt əsasında 4824 kub metr təbbi qazın talanması faktı və buna uyğun olaraq dəymiş ziyanın 578,80 manat müəyyən edilməsi barədə tələbnamə, Ümumilikdə 2166,48 (iki min yüz altmış altı manat 48 qəpik) manat məbləğində dəymiş ziyan. Bundan başqa təqdim edilmiş abonent saldosundan bəlli olur ki, cavabdeh tərəfindən faktiki olaraq quraşdırılmış qaz sayğacı üzrə sərfiyyat həyata keçirilsə də həmin sərfiyyat üzrə borc tam ödənilmədiyindən debitor borc yaranmış və həmin borcun məbləği 193,09 (bir yüz doxsan üç manat 09 qəpik) manat təşkil etməkdədir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, o, 31 yanvar 2022-ci il tarixdə rayona yas yerinə getdiyi zaman qaz kartı onun üzərində olmuşdur. Şəhid qardaşının yoldaşı isə evdə qalmışdır. Həmin vaxt evdə qaz kəsildiyindən qardaşının yoldaşı qonşudan onu sayğacdan kənar xəttə qoşmasını xahiş etmişdir. Hansı ki, qonşusu uzun müddət qanunsuz təbii qazdan istifadə edirdi. Qonşu şlanq vasitəsilə həyətdə olan sasoka kənar xətdən qaz çəkmişdir. Həyətindəki sasok isə baş-ayaq ütmək üçün özü tərəfindən qoyulmuşdur. Evdə 2-3 saatlıq təbii qazdan qanunsuz istifadə edilmişdir. Evdə dörd göz qaz peçindən və kombidən isitfadə edilir. Onun debitor borcdan xəbəri var, lakin hazırda işləmədiyindən borcunu ödəyə bilmir. Debitor borcdan başqa heç bir ödəniş etmək fikri yoxdur. Bundan əlavə yaşadığı ərazidə uzun müddət qaz xəttinin üzərində sasok olmuşdur, dəfələrlə müraciət etməyinə baxmayaraq onu ləğv etməmişdirlər. Həmin yerdə yanğın olduqdan sonra azəriqazın işçiləri sasoku bağladılar. Əvvəllər sayğacı kartla, hazırda isə mexanikidir və çöldə yerləşir. O yalnız bir dəfə xx.xx.2022-ci ildə bir neçə saatlıq qanunsuz qoşulmanı qəbul edir və digər akt-ları isə qəbul etmir. Bundan əlavə şəhidə görə köməklik edilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

5. İddiaçı İB ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanılmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” T/17950 saylı müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etməyi, cavabdeh isə iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Abonentin ünvanında PQ2 və Kombi qaz qurğularının olduğu haqqında məlumat qeyd edilmişdir.

6. **********00000 nömrəli abonentin saldosundan müəyyən olunur ki, Cavabdeh ünvan 2 ünvanına xx.xx.2022-ci il tarixində Zenner G4T mexaniki tipli, **********7 nömrəli sayğac quraşdırılmışdır.

7. xx.xx.2018-ci il tarixli, ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” AKT-dan görünür ki, istehlakçıya məxsus yaşayış sahəsinə xx.xx.2018-ci il tarixdə baxış keçirilmiş və baxış keçirilən zaman sayğacın yivli birləşməsinə vurulmuş plomb aşkar olunmamışdır.

8. xx.xx.2018-ci ildə itirilmiş qazın bərpası üzrə tələbnamə tərtib edilmiş və vurulmuş zərərin 864 kub.m olduğunu müəyyən etmişlər.

9. xx.xx.2018-ci il tarixli, ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” AKT-dan görünür ki, istehlakçıya məxsus yaşayış sahəsinə xx.xx.2018-ci il tarixdə baxış keçirilmiş və baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkarlanmışdır. Baxış zamanı istifadə olunan qaz işlədicilərinin PQ-3, Kombi olduğu qeyd edilmişdir.

10. xx.xx.2018-ci ildə itirilmiş qazın bərpası üzrə tələbnamə tərtib edilmiş və vurulmuş zərərin həcminin 4644 kub.m olduğunu müəyyən etmişlər.

11. xx.xx.2022-ci il tarixli, ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” AKT-dan görünür ki, istehlakçıya məxsus yaşayış sahəsinə xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş və baxış zamanı abonentin təbii qazdan sayğacdan kənar istifadə etdiyi aşkar edilmişdir. AKT-da abonentin özünü təqdim etməkdən imtina etdiyi göstərilmiş və istifadə olunan qaz işlədiciləri barədə hər hansı qeydiyyat aparılmamışdır.

12. xx.xx.2022-ci il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmiş və g-4 markalı qaz sayğacının nominal qaz sərfinin 4kub.m/saat, günlük iş rejiminin 24 saat,hesabat müddətinin 90 gün olduğu qəbul edilməklə itirilmiş qazın bərpası üçün 8640 kub.m ziyan hesablanmışdır.

13. xx.xx.2022-ci il tarixli, ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” AKT-dan görünür ki, istehlakçıya məxsus yaşayış sahəsinə xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş və baxış keçirilən zaman abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. Baxış zamanı istifadə olunan qaz işlədicisi olaraq PQ-4, QSQ, Dəmir soba qeyd edilmişdir. İstehlakçının aktı imzalamaqdan imtina etdiyi göstərilmişdir.

14. xx.xx.2022-ci il tarixdə dəymiş ziyanın bərpasına dair tələbmamə tərtib edilmiş və itirilmiş qazın bərpası üçün 4824 kub.m ziyan hesablanmışdır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

15. Tərəflər arasında qazın alqı-satqısı ilə bağlı müqavilə münasibətləri vardır. İddiaçı abonentin təbii qazdan qanunsuz istifadə etdiyini iddia edir və tələbini bununla bağlı tərtib edilmiş 3 AKT-la əsaslandırır. Bundan əlavə iddiaçı abonentin sayğacına vurulan plombun aşkar edilmədiyini və bu barədə AKT tərtib edildiyini iddia edir. İddiaçı eyni zamandan abonentin 193.09 manat məbləğində debitor borcunun olduğunu iddia edir.

16. Cavabdeh isə iddianı qismən qəbul edir və bildirir ki, onun tələb edilən məbləğdə debitor borcu vardır. Bununla belə onun rayonda yas mərasimində olduğu zaman, sayğacın kartının da özündə olduğuna və kartda olan vəsaitin bitməsinə görə xx.xx.2022-ci il tarixdə evdə olan gəlini tərəfindən qonşunun istifadə etdiyi kənar xəttə 1 günlük qoşulduğunu qəbul edir. Həmin haldan əlavə qaz sayğacından kənar hər hansı istifadəsinin olmadığını bildirir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

17. Məhkəmə tədqiq edilmiş sübutları qiymətləndirərək, iddiaçının tələbinin qismən əsaslı olduğu qənaətinə gəlir.

18. Belə ki, iddiaçının tələbinin hüquqi əsasını mülki hüquq pozuntusuna görə vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil edir.

19. Bununla bağlı Mülki Məcəllənin 1096.1, 1096.2 və 1097.1-ci maddəsində qeyd edilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsində göstərilmişdir ki, Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

21. Qeyd olunan maddi hüquq normalarının (MM 1096,1097) mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.

22. Lakin işin halları ilə müəyyən edilir ki, tərtib edilən xx.xx.2018-ci il tarixli, ******* nömrəli; xx.xx.2018-ci il tarixli, ******* nömrəli; xx.xx.2022-ci il tarixli, ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” AKT-lar formal olaraq tərtib edilmişdir.

23. Belə ki, xx.xx.2018-ci il tarixli, ******* nömrəli AKT-da qeyd edilmişdir ki, istehlakçıya məxsus yaşayış sahəsinə xx.xx.2018-ci il tarixdə baxış keçirilmişdir və baxış zamanı PQ-4, QSQ, Radiatordan abonentin istifadə etdiyi müəyyən edilmişdir. Halbuki “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” AKT-ın mahiyyəti baxış zamanı aşkar edilən nöqsanların qeyd edilməsidir. Göründüyü kimi həmin AKT baxışın keçirildiyi zaman tərtib edilməmişdir və bu onun mötəbərliyini şübhə altına alır.

24. Digər AKT-lar isə tərtib edildikdən sonra qaz paylayıcının şəbəkədən ayrılması və qazın verilməsinin dayandırılması işin halları ilə müəyyən edilmir. Halbuki əgər iddiaçı qanunsuz qoşulma halını müəyyən etmişdirsə zərərin məbləğindən asılı olaraq təqsirkarın inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı müvafiq tədbirlər görməli olduğu halda bunu etməmişdir.

25. Bununla yanaşı məhkəmə mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olması prinsipindən də yanaşaraq cavabdehin həmin dövr ərzində hüquqa zidd əməl törətməsi halını da müəyyən etməmişdir.

26. Belə ki, “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” AKT-ların tərtib edildiyi zaman aralığında abonentin saldosundan ödənişlərinə nəzər yetirsək məlum olur ki, abonent 2018-ci il tarixdə 172 manat, 2019-cu il üçün 564 manat, 2020-ci il üçün 410 manat, 2021-ci il üçün 490 manat, 2022-ci ilin 3 ayı ərzində 363 manat ödəniş etmişdir.

27. Bununla belə məhkəmə cavabdehin 2022-ci ilin yanvar ayında 1 gün qanunsuz qoşulma etdiyi barədə dəlillərini inandırıcı hesab edir və o qənaətə gəlir ki, ondan 1 gün üçün itirilmiş qazın dəyəri tutulmalıdır.

28. Məhkəmə ona görə cavabdehin dəlillərini inandırıcı hesab edir ki, qanunsuz qoşulma barədə 2022-ci ilin yanvar ayında AKT-lar tərtib edilən zaman abonentin yanvar ayında 81 manat, fevral ayında 104 manat, mart ayında 178 manat ödənişi olmuşdur. Odur ki, abonentin sayğacdan kənar istifadə edərək əsassız olaraq varlanmasına şübhə etməyə əsas verən halların yaranmadığı müəyyən edilir.

29. Bununla belə məhkəmə cavabdehin 31 yanvar 2022-ci il tarixdə göstərilən səbəbə görə 1 günlük qanunsuz qoşulma faktını etiraf etdiyini nəzərə alaraq hesab edir ki, 1 gün üçün ondan ən yüksək məbləğdə 5 manat itirilmiş qazın dəyərinin tutulması işin halına uyğundur.

30. Bundan əlavə məhkəmə cavabdehin də etirafını nəzərə alaraq hesab edir ki, ondan debitor borcuna görə 193.09 manat məbləğində vəsait də tutulmalıdır. Həmin hissə ilə bağlı tərəflər arasında mübahisə yoxdur, belə ki, cavabdeh hal-hazırda imkanı olmadığına görə debitor borcunu ödəyə bilmədiyini etiraf etmişdir. Tətbiq edilən prosessual normalar:

31. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

32. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

33. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;

34. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

35. Beləlilkə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh itirilmiş qazın dəyəri qismində 5 manat, debitor borcuna görə 193.09 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

36. Həmçinin iddia tələbinin təmin edilmiş hissəsinə münasibətdə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 5 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh itirilmiş qazın dəyəri qismində 5(beş) manat, debitor borcuna görə 193.09(yüz doxsan üç manat, doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 5 (beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar