Məhkəmə qərarları › İş №e-2(001)-5478/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5478/2024

30.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5478/2024 30.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əsassız olaraq ödənilmiş 310.83 (üç yüz on manat səksən üç) manat məbləğində pul vəsaiti, 30 (otuz) manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh idarə etdiyi “Chevrolet Aveo” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Azsamand” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığorta növü üzrə sığortalı olan “Chevrolet Aveo” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərin tam sığortası şəhadətnaməsindən görünür ki, “Chevrolet Aveo” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı SŞ ASC-də könüllü sığorta növü üzrə sığortalanması öz əksini tapmışdır. İddiaçı Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq, “Chevrolet Aveo” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 310.83 (üç yüz on manat səksən üç) manat məbləğində sığorta ödənişi 8259 nömrəli, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh bank hesabına ödənilmişdir. Bildirir ki, hadisə ilə bağlı Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-dən könüllü sığorta növü üzrə sığortalı olan “Chevrolet Aveo” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən ziyana görə 310.83 (üç yüz on manat səksən üç) manat məbləğində sığorta ödənişini almış, eyni zamanda "xxxx" ASC-dən icbari sığorta növü üzrə sığortalı olan “Chevrolet Aveo” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə dəyən ziyana görə 680 (altı yüz səksən) manat məbləğində sığorta ödənişini almışdır. Göründüyü kimi, Cavabdeh həm könüllü sığorta növü üzrə İddiaçı Sığorta Şirkəti ASCdən, həmdə icbari sığorta növü üzrə "xxxx" ASC-dən icbari sığorta növü üzrə sığorta ödənişi almışdır. Cavabdeh O-AS-2024-1568 saylı, xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərilməsinə baxmayaraq, tələb olunan 310.83 (üç yüz on manat səksən üç) manat məbləğin geri qaytarılması ilə bağlı heç bir tədbir görməmişdir. Qanunvericiliyin aşağıda qeyd edilən tələblərinə əsasən hesab edirlər ki, Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş 310.83 (üç yüz on manat səksən üç) manat pul vəsaiti alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərin tam sığortası şəhadətnaməsindən görünür ki, “Chevrolet Aveo” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi baş (vermiş yol-nəqliyyat hadisəsi zamanı) İddiaçı SŞ ASC-də könüllü sığorta növü üzrə sığortalanmışdır. - 22 avqust 2022-ci il tarixli, 108635 nömrəli Sığorta Aktından görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dpyməiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq maddi ziyanın ümumi məbləği 650 manat, sığorta məbləği ümumi zərər-franşiza 310,83 manat təşkil edir. - 22 avqust 2022-ci il tarixli, 8259 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bank VTB (Azərbaycan) ASC vasitəsi ilə Cavabdeh 310,83 manat məbləğində pul vəsaiti ödənilmişdir. - 22 iyul 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 680 manat məbləğində vəsait ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquq və vəzifələrin yaranmasının əsaslarından biridir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü tə'sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh idarə etdiyi “Chevrolet Aveo” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Azsamand” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Həmin hadisə nəticəsində isə Cavabdeh həm könüllü sığorta növü üzrə İddiaçı Sığorta Şirkəti ASC-dən, həm də icbari sığorta növü üzrə "xxxx" ASC-dən icbari sığorta növü üzrə sığorta ödənişi almışdır. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirəm ki, hazırda İddiaçı Sığorta Şirkəti ASC-nin subroqasiya qaydasında sığorta ödənişi kimi edilmiş 310,83 manat pul vəsaitini Cavabdeh tələb etmək hüququ yaranmışdır. Hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 310,83 manat pul vəsaiti tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 manat və xidmət haqqı kimi ödənilmiş 0,40 qəpik Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar