Məhkəmə qərarları › İş №e-2(001)-5758/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5758/2022

10.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5758/2022 10.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 368,10 manat məbləğində sığorta ödənişinin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş və cavabdehə 01 sentyabr 2022-ci il tarixdə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmiş və növbəti prosessual hərəkətlər barədə məlumat verilmişdir. Müəyyən edilmiş müddət və bundan sonra da cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. Habelə, işə iddia icraatı qaydasında baxılması üçün hər hansı əsas müəyyən edilməmişdir. Bu səbəbdən müəyyən edilmiş müddətlərə riayət etməklə hesab edirəm ki, işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və iddianın qismən təmin edilməsinə dair qətnamə qəbul edilməlidir. Belə ki, təqdim edilmiş sənədlərin araşdırılması nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh “Daewoo Gentra” minik markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş və nəticədə həmin vaxt X1 tərəfindən idarə edilən və "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış “İveco Urbanway” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtobusla toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə ilə bağlı yazdığı izahatında da cavabdeh hadisəni törətdiyini etiraf etmişdir. Bununla əlaqədar Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddələrinə əsasən təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində “İveco Urbanway” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtobusa zərər vurulmuşdur. Vurulmuş zərərin müəyyən edilməsi məqsədi ilə qiymətləndirmə aparılmış və tərtib edilmiş zərər aktına əsasən avtobusa 311,95 manat məbləğində maddi zərərin vurulduğu aşkar edilmiş, bu məbləğə uyğun olaraq 18 faiz, yəni 56,15 manat məbləğində əlavə dəyər vergisi tutulmuşur. Həmin məbləğ iddiaçı tərəfindən zərərçəkmiş şəxsə ödənilmişdir. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə geriyə tələb (subroqasiya) məktubu göndərilməklə ödənilmiş zərər məbləği barədə məlumat vermiş və həmin məbləğin ödənilməsini ondan tələb etmişdir. Lakin bu bir nəticə verməmiş, zərər məbləği cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Bu səbəbdən iddiaçı 30 manat məbləğində dövlət rüsumu ödəməklə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmiş və hazırda cavabdehdən 368,10 manat sığorta ödənişinin və 30 manat məbləğində dövlət rüsumunun tutulmasını tələb edir. Həmin iddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş və cavabdehə 01 sentyabr 2022-ci il tarixdə bildiriş göndərilərək bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazın və ona əlavə olunmuş sənədlərin məhkəməyə göndərmək hüququnun olması izah edilmiş, habelə növbəti prosessual hərəkətlər barədə məlumat verilmişdir. Cavabdehlər tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun: 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir; 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir; 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, qeyd edir ki, xx.xx.2019-cu il tarixdə cavabdehin idarə etdiyi “Daewoo Gentra” minik markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobillə "xxxx" MMC-nin mülkiyyətində olmaqla "xxxx" ASC tərəfindən sığortalanmış “İveco Urbanway” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtobusun toqquşması nəticəsində məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində “İveco Urbanway” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtobusa maddi zərər vurulması tamamilə sübuta yetirilmişdir. Belə ki, iş üzrə tədqiq olunan sübutlarla yanaşı qeyd olunan yol nəqliyyat hadisəsinin törədilməsində məhz cavabdehin təqsirli olması Bakı şəhəri Nərimanov rayon X3 şöbəsinin əməkdaşı tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol, həmin protokol əsasında qəbul olunmuş qərarla, cavabdehin izahatı, habelə digər sübutlarla təsdiq olunur. Bu səbəbdən, həmin nəqliyyat vasitəsinin vurduğu zərərlə bağlı sığorta ödənişi vermiş sığortaçı "xxxx" ASC-nin hadisəni törətmiş cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Bununla belə məhkəmə hesab edir ki, “Daewoo Gentra” minik markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi baş verməsi və bununla da mülki hüquq pozuntusunun (delikt) onun tərəfindən törədilməsi, bunun nəticəsində iddiaçı tərəfindən zərərçəkənə sığorta ödənişi ödənilməklə subroqasiya hüququnu (yəni sığorta ödənişi alan şəxsə dəymiş zərərə görə mülki məsuliyyət daşımalı olan şəxsə qarşı tələb irəli sürmək hüququnu) əldə etməsi öz təsdiqini tapdığından iddiaçının cavabdehə qarşı tələbi əsaslıdır və zərər məbləği bu cavabdehdən tutulmalıdır. Məhkəmə, vurulmuş maddi ziyanın məbləğini müəyyən edərkən iddiaçı tərəfindən təqdim edilən qiymətləndirmə hesabatında göstərilmiş qiymətlərə dair məlumatları nəzərə alıb, bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, habelə reklam və digər müvafiq mənbələrin məlumatlardan istifadə edib, bu məlumatları müqayisəli şəkildə təhlil etməklə, belə qənaətə gəlir ki, aktda göstərilmiş təmir işlərinin ümumi dəyəri 360 manat məbləğində müəyyən edilməli, cavabdehdən iddiaçının xeyrinə məhz 360 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Beləliklə, hesab edirəm ki, iddia qismən təmin edilməli, ödənilmiş zərərin əvəzi qismində 360 manat məbləğində pul vəsaiti, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİM: İddia qismən təmin edilsin. Ödənilmiş zərərin əvəzi qismində 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar