Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-595/2025 05.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subraqasiya qaydasında borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə (açar sözlər: Daxili lizinq müqaviləsi, mükafat, borc tələbi) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "subroqasiya qaydasında pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq, 5000 manat zərər məbləğinin və ödənilmiş 70 manat dövlət rüsumunun Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə, saat 12:15 radələrində Bakı şəhəri ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “X4” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil, X1 idarə etdiyi “Mercedes Benz GLC 300” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. X1 idarə etdiyi “Mercedes Benz GLC 300” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixində sığortalanmış, tam sığorta təminatı almışdır. xx.xx.2023-cü il tarixli zərər aktından görünür ki, baş verən yol-nəqliyyat hadisəsi nəticəsində X1 idarə etdiyi “Mercedes Benz GLC 300” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 9023,65 manat məbləğində maddi zərər dəymişdir. "xxxx" ASC tərəfindən dəymiş zərərin məbləği olaraq 9023,65 manat zərərçəkmiş şəxs X1 bank hesabına ödənilmişdir. Mülki Məcəllənin 931-cimaddəsinə əsəsən bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir və bu zaman könüllü sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirə bilər. "xxxx" ASC tərəfindən““Mercedes Benz GLC 300” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil tam sığorta olunduğundan, X2 Mülki Məcəllənin 931-cimaddəsinə əsasən, sığorta ödənişi həyata keçirilmişdir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərər vuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. X4” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalandığından, "xxxx" ASC-nin qeyd edilən nəqliyyat vasitəsini sığortalamış sığortaçı "xxxx" ASC-yə qarşı subroqasiya hüququ yaranmış, buna görə də xx.xx.2023-cü il tarixli ödəniş sənədindən göründüyü kimi, zərərin məbləği olaraq 5000.00 manat iddiaçı tərəfindən "xxxx" ASC-nin bank hesabına ödənilmişdir. YNH-nin təfərrüatları barədə Bakı şəhəri DYPİ-nin arayışından və xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından göründüyü kimi, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) təqsirli bilinmiş, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarından aydın olur ki, Cavabdeh oglu yolnəqliyyat hadisəsi zamanı etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etmişdir. İİ.Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, özü mərkəzin əməkdaşıdır, avtomobil etibarnamə olmadan idarə edilməsi mərkəz tərəfindən verilmiş qərardır. Ondan tələb edilən məbləğ şişirdilmişdir. Məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət edərək mülki işə nümayəndənin iştirakı olmadan baxılmasını, iddia tələbini müdafiə edərək məhkəmədən tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən iddiaçınnı nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İİİ.İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X4” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixindən xx.xx.2023cü il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sığortalanmışdır. xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan və Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki Cavabdeh İnzibati Xətalar Məcəlləsinin, 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) maddələrinin tələblərini pozaraq yol nəqliyyat hadisəsi törətmiş və nəticədə X1 idarə etdiyi “Mercedes Benz GLC 300” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. PXA147834 saylı sığorta aktından və təhvil-təslim aktından görünür ki, PXA ********** №-li Sığorta şəhadətnaməsi ilə sığortalanmış Cavabdeh idarə etdiyi “X4” markalı, **-SP- *** dövlət qeydiyyat nişanlı avtomobil, X1 idarə etdiyi “Mercedes Benz GLC 300” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və həmin hadisə nəticəsində “Mercedes Benz GLC 300” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5000 manat məbləğində maddi zərər vurulmuş olduğundan, ödənilməli olan sığorta ödənişinin miqdarı 5000 manat məbləğində müəyyən edilmiş və bununla əlaqədar "xxxx" ASC ASC tərəfindən həmin məbləğ "xxxx" ASC-nin bank hesabına köçürülmüşdür. xx.xx.2023-cü il tarixli məktubdan və məktubun göndərilməsini təsdiq edən qaimədən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC ASC tərəfindən həmin məbləğ "xxxx" ASC-nin bank hesabına 5000 manat sığorta ödənişi köçürülmüşdür. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 70 manat məbləğində dövlət rüsumu ödəmişdir. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara görə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur; 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Göründüyü kimi, qanunverici sığortaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir. Onu da qeyd etməyi zəruri hesab edirəm ki, həmin Qanunun 13.4-cü maddəsinə “qanuni əsaslar” ifadəsi yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Nəzərə almaq lazımdır ki, avtomobili idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsinə görə məsuliyyəti inzibati xətalar qanunvericiliyi müəyyən etmişdir (İXMnin 332-ci maddəsi). Bu məsuliyyəti müəyyən etməkdə inzibati xətalar qanunvericiliyinin iki məqsədi vardır: birincisi, avtomobil mülkiyyətçilərinin mənafeyi müdafiə olunsun və başqa şəxslər mülkiyyətçinin iradəsi olmadan avtomobilə sahiblənə bilməsinlər; ikincisi, yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları gücləndirilsin, yəni qayda pozuntusu zamanı avtomobili idarə edən şəxsin (sürücünün) şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması mümkün olsun. Göründüyü kimi, bu normanın sığortaçıların mənafeyinin qorunması ilə bağlı məqsədi yoxdur və ola da bilməz. Belə ki, əvvəla, sığorta münasibəti inzibati xətalarla bağlı münasibət deyil, mülki münasibətdir və mülki hüquqa aid qanunlarla tənzimlənir. Mülki hüququn tələbi isə ondan ibarətdir ki, əşyanın başqasının sahibliyinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul edilmir. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur. Eyni zamanda, mülki hüquq inzibati hüququn müəyyən etdiyi avtomobilin idarə edilməsinə dair etibarnaməni tanımır. Belə ki, mülki hüquqda etibarnamə təmsilçilik münasibətlərinin yaranması üçün əsasdır (Mülki Məcəllənin 362-ci maddəsi). Avtomobilin idarə edilməsi isə mülki hüquqda əşyadan istifadə etmək kimi qəbul olunur. Mülki hüquqda “əşyadan istifadə etmək” deyəndə əşyanın faydalı təbii xassələrinin hasil edilməsi başa düşülür, avtomobilin təbii xassəsini nəqletməkdir ki, çünki o, nəqliyyat vasitəsidir. Ona görə də şəxs avtomobildən istifadə edərkən onun nəqletmə imkanlarından yararlanır, nəqletmə zamanı təmsilçiliyin yaranması (avtomobil mülkiyyətçisinin üçüncü şəxs qarşısında təmsil edilməsi) mümkün deyil. Təmsilçilik avtomobil üzərində sərəncam verilməsi və üçüncü şəxslərlə əlaqədar digər bu kimi hərəkətlərin həyata keçirilməsi zamanı mümkündür. Bundan başqa, yol hərəkəti münasibətlərində avtomobilin idarə edilməsi ilə bağlı təmsilçilik münasibətinin yaranması mümkün deyil. Çünki, avtomobili idarə edən şəxs yol hərəkəti iştirakçısına çevirilir və bu münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, “sürücü” kimi iştirak edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinin 33-cü bəndində yol hərəkəti iştirakçılarının anlayışı verilib və orada “sürücü”nün nümayəndəsi institutu nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən hesab edirəm ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs”lərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir. Hazırki işdə isə “X4” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh tərəfindən avtomobilin mülkiyyətçisinin iradəsinə zidd olaraq idarə edilməsi barədə hər hansı sübutlar yoxdur. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "subroqasiya qaydasında pul" tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. V. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "subroqasiya qaydasında pul" tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №e-2(001)-595/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-595/2025
05.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver