Məhkəmə qərarları › İş №e-2(001)-6127/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6127/2025

08.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6127/2025 08.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi ilə, iddiaçı – “A-X1 Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh – Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları:

1. xx.xx.2024-cü il tarixində Cavabdeh "xxxx" MMC-yə məxsus xx.xx.2023-cü il tarixli istifadəçi müqaviləsini elektron şəkildə imzalamış və nəticədə virtual kart əldə etmişdir.

2. xx.xx.2024-cü il tarixində sözügedən kartdan istifadə zamanı kartdan digər karta köçürmə edərkən 101,03 manat məbləğində pul vəsaiti (C2C) əməliyyatlar klirinq daxil olmadan balans artmış, sonra yenidən silinməsi ilə cavabdeh artıq oturan vəsaitdən istifadə etdiyi üçün overdraftın yaranmasına səbəb olmuşdur.

3. “A-X1 Təşkilatı” MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 2024-0665 saylı “Mülkiyyət və tələb hüququnun güzəşt edilməsi” barədə müqaviləyə əsasən "xxxx" MMC özünün əqli mülkiyyəti hesab edilən “akart” məhsulunun hər hansı borc öhdəliklərinə dair tələblər üzrə bütün hüquqlarını “A-X1 Təşkilatı” MMC-yə güzəşt etmişdir.

4. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli Maliyə arayışından müəyyən edilir ki, Cavabdeh xx.xx.2025-ci il tarixə overdraft borcu 101,03 manat təşkil edir.

5. İddiaçı “A-X1 Təşkilatı” MMC Cavabdeh öz xeyrinə 101 manat məbləğində əsas overdraft borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

İddiaçının əsaslandırması:

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində Cavabdeh "xxxx" MMC-yə məxsus xx.xx.2023-cü il tarixli istifadəçi müqaviləsini elektron şəkildə imzalamış və nəticədə virtual kart əldə etmişdir. xx.xx.2024-cü il tarixində sözügedən kartdan istifadə zamanı kartdan digər karta köçürmə edərkən 101,03 manat məbləğində pul vəsaiti (C2C) əməliyyatlar klirinq daxil olmadan balans artmış, sonra yenidən silinməsi ilə cavabdeh artıq oturan vəsaitdən istifadə etdiyi üçün overdraftın yaranmasına səbəb olmuşdur. “A-X1 Təşkilatı” MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Mülkiyyət və tələb hüququnun güzəşt edilməsi” barədə müqaviləyə əsasən "xxxx" MMC özünün əqli mülkiyyəti hesab edilən “akart” məhsulunun hər hansı borc öhdəliklərinə dair tələblər üzrə bütün hüquqlarını “A-X1 Təşkilatı” MMC-yə güzəşt etmişdir. Eyni zamanda tələb hüququnun “A-X1 Təşkilatı” MMC-yə keçməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli İstifadəçi müqaviləsinin 1-ci yarımbəndinə əsasən istifadəçinin cihazı serverə bağlandığı zaman şirkət istifadəçiyə qabaqcadan dəyişiklik haqqında məlumat verməklə hazırkı Müqavilə şərtlərinə dəyişiklik edə və onu yeniləyə bilər. Sözügedən müqaviləyə edilmiş dəyişikliklərdən sonra istifadəçiyə tətbiqə daxil olması və ya ondan istifadə etməsi həmin dəyişiklərə razı olaraq qəbul etməsi və dəyişikliklərə riayət etməyə dair istifadəçinin öz üzərinə götürdüyünü ifadə edir. Tərəflər arasında bağlanmış “Ödəniş xidməti”nə dair müqavilənin “Elekton pula dair şərtlər” adlı yarımbaşlığının 5.1.7-ci maddəsinə əsasən təchizatçı istifadəçinin hesabına səhvən və ya əsassız olaraq daxil olduğu və ya köçürüldüyü müəyyən edilmiş vəsitləri akseptsiz qaydada istifadəçinin hesabından silə və ya yetərli məbləğdə vəsait olmadıqda overdraft yarada bilər və eyni zamanda həmin müqavilənin 5.1.8-ci maddəsinə əsasən istifadəçi hesabında yaranmış overdraftı ödəmədiyi halda təchizatçı bu məbləğə ödənilməmiş borc olaraq faiz və ya cərimə hesablayaraq istifadəçidən tələb edə bilər. Overdraftın məbləğindən qismən ödəniş edilsə də, sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bugünədək geri qaytarmamışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və cavabdeh öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

Cavabdehlərin etirazları:

7. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir.

Tərəflərin izahatları:

8. İddiaçı məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin iddiaçının nümayəndəsi məhkəmə baxış iclasına gəlməmiş və ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini rəhbər tutaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRİCİ HİSSƏ:

Faktiki hallar və sübutlar:

10. İş materiallarında olan "xxxx" MMC ilə “A-X1 Təşkilatı” MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 2024-0665 saylı “Mülkiyyət və tələb hüququnun güzəşt edilməsi” barədə müqavilədən müəyyən edilir ki, "xxxx" MMC özünün əqli mülkiyyəti hesab edilən “akart” məhsulunun hər hansı borc öhdəliklərinə dair tələblər üzrə bütün hüquqlarını “A-X1 Təşkilatı” MMC-yə güzəşt etmişdir.

11. İş materiallarında olan xx.xx.2025-ci il tarixli hesabdan çıxarışdan müəyyən edilir ki, Cavabdeh xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək olan müddət ərzində müxtəlif vaxtlarda (xx.xx.2024-cü il tarixində 101,03 manat və xx.xx.2024-cü il tarixində 50 manat) kartdan isitifadə nəticəsində overdraft borcu yaranmışdır.

12. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, cavabdehin həmin tarixə cəmi 101,03 manat overdraft borcu yaranmışdır.

13. İş materiallarında olan xx.xx.2025-ci il tarixli pretenziya məktubundan müəyyən edilir ki, cavabdeh müqavilə üzrə üzərinə müəyyən edilmiş qaydalara əməl etməməsi ilə bağlı xəbərdar edilmiş və ona “A-X1 Təşkilatı” MMC-yə xx.xx.2025-ci il tarixinə yaranmış 105,80 manat borc məbləğini tam olaraq 3 (üç) iş günü ərzində MMC-yə ödəməli olması barədə məlumat verilmiş, əks təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görüləcəyi bildirmişdir.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (AR MM): - Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. - Maddə 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. - 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. - Maddə 194.4. Sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir. - Maddə 196. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. - Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

16. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır.

17. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

18. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.

19. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləri təşkil edir.

20. İşin mübahisəsiz hallarından da müəyyən edilir ki, xx.xx.2024-cü il tarixində Cavabdeh "xxxx" MMC-yə məxsus xx.xx.2023-cü il tarixli istifadəçi müqaviləsini elektron şəkildə imzalamış və nəticədə virtual kart əldə etmişdir.

21. Belə ki, cavabdeh heç bir hüquqi və ya müqavilə əsası – iddiaçı ilə aralarında hazırda tələb edilən pul məbləği barədə müqavilə, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsas olmadan 101 manat məbləğində pul vəsaiti əldə etmişdir. Beləliklə də cavabdehin iddiaçı qarşısında icra edilməmiş 101 manat öhdəliyi yaranmışdır.

22. Göründüyü kimi cavabdeh hüquqi və ya müqavilə əsas olmadan iddiaçının hesabına pul vəsaiti formasında əmlak əldə etməklə, əsassız varlandığı üçün iddiaçının pul məbləğinin geri qaytarılması məqsədi ilə cavabdehə qarşı pul tələbinə dair tələb irəli sürməkdə haqlıdır.

23. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmaqla 101 manat məbləğində overdraft borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

24. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (Mülki Məcəllənin 443.1-ci maddəsi).

25. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

26. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin olunmalı, 101 (yüz bir) manat məbləğində əsas overdraft borcu, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

27. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 119, 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə

QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. Cavabdeh 101 (yüz bir) manat məbləğində əsas overdraft borcu tutularaq “A- X1 Təşkilatı” MMC-yə ödənilsin.

3. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq “A-X1 Təşkilatı” MMC-yə ödənilsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

5. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar