Məhkəmə qərarları › İş №e-2(001)-6147/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6147/2023

17.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6147/2023 17.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X2nun 1977-ci il tarixdə Ermənistan SSR-nin Kalinin rayonunun Qızılşəfəq kəndində ölməsinin qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxx 1954-cü tarixdə Ermənistan SSR-nin Kalinin rayonunun Qızılşəfəq kəndində anadan olmuşdur. X2, anası isə X12r. Atası ilə anası 1952-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar, X6 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. X2 xx.xx.1977-ci il tarixdə öz əcəli vəfat etmişdir və Ermənistan SSR-nin Kalinin rayonunun Qızılşəfəq kəndinin qəbiristanlığında dəfn olunmuşdur. Ermənistan Respublikasının Azərbaycan türklərinə qarşı etnik təmizləmə siyasəti nəticəsində 1988-ci ildə ailəsi ilə birlikdə məcburi olaraq Ermənistandan Azərbaycan deportasiya olunaraq Şamaxı rayonu Kərkənc kəndində məskunlaşmışlar, daha sonra isə Bakı şəhərinə köçmüşlər. Ermənistandan qaçqın düşərkən atasının ölüm haqqında şəhadətnaməsini götürə bilməmişdir. Sonradan isə həmin sənədlərin götürülməsi mümkün olmamışdır. Şamaxı rayonu Kərkənc kəndində yerləşən iki otaqlı birmərtəbəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququ anasının adına rəsmiləşdirilmişdir. X6 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. O, anasından miras qalan Şamaxı rayonu Kərkənc kəndində yerləşən iki otaqlı birmərtəbəli fərdi yaşayış evinə vərəsəlik hüququ əldə etmək üçün Notariat orqanına müraciət etsə də, şifahi olaraq ona atasının ölüm haqqında şəhadətnaməninb olmaması, həmçinin vərəsəliyin qəbulu müddətini ötürdüyü səbəbindən vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir və məhkəməyə müraciət etməsi bildirilmişdir. Atasının ölüm faktını təsdiq edəcək şahidlər vardır və hesab edir ki, X2nun xx.xx.1977-ci il tarixdə Ermənistan SSRnin Kalinin rayonunun Qızılşəfəq kəndində ölməsinin qeyd edilməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Ərizəçi xx.xx.2023-cü il tarixdə ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X2nun xx.xx.1977-ci il tarixdə Ermənistan SSR-nin Kalinin rayonunun Qızılşəfəq kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını və X2nun xx.xx.1977-ci il tarixdə Ermənistan SSR-nin Kalinin rayonunun Qızılşəfəq kəndində ev şəraitində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin Maraqlı şəxs məhkəməyə ərizə göndərərək ərizənin təmin edilməsinə etiraz etmədiklərini, işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını qeyd etmişlər. Məhkəmə, maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etməmiş və işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına, şahidlərin ifadələrinə, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X20 ifadəsində bildirmişdir ki, Ərizəçi onun əmisi oğlu, mərhum X9 isə onun əmisidir. O, X3 ilə birlikdə Ermənistan SSR-nin Kalinin rayonunun Qızılşəfəq kəndində yaşamış və əmisi orada xx.xx.1977-ci il tarixdə xəstəlik səbəbindən yaşadığı evdə vəfat etmişdir. Onu Ermənistan SSR-nin Kalinin rayonunun Qızılşəfəq kəndində dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 ifadəsində bildirmişdir ki, Ərizəçi onun əmisi oğlu, mərhum X9 isə onun əmisidir. O, Ermənistan SSR-nin Kalinin rayonunun Qızılşəfəq kəndində əmisi ilə qonşuluqda yaşamışdır. X3 xx.xx.1977-ci il tarixdə xəstəlik səbəbindən Ermənistan SSR-nin Kalinin rayonunun Qızılşəfəq kəndində yaşadığı evdə vəfat etmişdir. Onu Ermənistan SSR-nin Kalinin rayonunun Qızılşəfəq kəndində dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X13 ifadəsində bildirmişdir ki, o, ərizəçinin Ermənistan SSR-nin Kalinin rayonunun Qızılşəfəq kəndində qonşusu olmuşdur. Ərizəçinin X2 xx.xx.1977-ci il tarixdə xəstəlik səbəbindən Ermənistan SSR-nin Kalinin rayonunun Qızılşəfəq kəndində yaşadığı evdə vəfat etmişdir. İş materiallarında olan İ-3Ж seriyalı 141807 nömrəli doğum haqqında şəhadətnamənin rus dilindən azərbaycan dilinə tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1954-cü il tarixdə Ermənistan SSR-nin Kalinin rayonunda anadan olmuş, X2, anası isə X12r. İş materiallarında olan ЗЖ seriyalı 154614 nömrəli nikah haqqında şəhadətnamənin rus dilindən azərbaycan dilinə tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 1906-cı ildə Kalinino rayonu, Qızıl şəfəq kəndində anadan olmuş X9 ilə 1926-cı ildə Kalinino rayonu Soyuqbulaq kəndində anadan olmuş X8 arasında nikah xx.xx.1952-ci ildə Kalinino rayonu, Qızıl şəfəq kənd sovetində bağlanmış və bu barədə bağlanması haqqında akt qeydləri kitabında 5 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Əliyeva” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli **********83 saylı məktubdan görünür ki, X10 adına Şamaxı rayonunun Kərkənc kəndində ümumbirgə fərdi yaşayış evi xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 23 may 2023cü il tarixli 3-16—5/7-13-771/2023 №-li Arayışdan görünür ki, X4 Ömər Əflatun oğlunun xx.xx.1977-ci ildə Ermənistanın Kalinin rayonunun Qızıl Şəfəq kəndində vəfat etdiyinə dair ölüm haqqında şəhadətnamənin itirildiyi barədə müraciət etmişdir. İtmiş sənədin həqiqət olduğunu təsdiq edən sənəd təqdim edilmədiyindən müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün deyildir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, ərizəçi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, X5 21 sentyabr 1977-ci il tarixdə Ermənistan SSR-nin Kalinin rayonunun Qızıl şəfəq kəndində ev şəraitində vəfat etməsi faktı təqdim olunmuş sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə sənədləşmə işləri üçün tələb olunur və qeyd olunanlara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X5 21 sentyabr 1977-ci il tarixdə Ermənistan SSR-nin Kalinin rayonunun Qızıl şəfəq kəndində ev şəraitində ölməsi faktı müəyyən edilsin. X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar