Məhkəmə qərarları › İş №e-2(001)-6240/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-6240/2023

29.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-6240/2023 29.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı SŞ ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı SŞ ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “VOLVO XC60” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 273 AZN (iki yüz yetmiş üç manat) pulun və ödənilmiş 30.40 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VAZ 21061” markalı, 56BX436 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “VOLVO XC60” markalı, 10EY437 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkətində könüllü sığortalı “VOLVO XC60” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “VOLVO XC60” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1000 manat azadolma məbləği çıxılmaqla 4335.96 manat məbləğində sığorta ödənişi həyata keçirməli idi. Lakin 5335.96 AZN sığorta ödənişi həyata keçirmişdir. Həmin 1000 manat məbləğində pul zərərvuran tərəfindən İddiaçı Sığorta Şirkətinə ödənildiyindən, şirkətimiz ümumilikdə 5335.96 AZN (dörd min üç yüz otuz beş manat doxsan altı qəpik) sığorta ödənişi həyata keçirmişdir. Cavabdeh icbari sığorta şirkəti olaraq "xxxx" ASC subroqasiya qaydasında dəymiş zərərin 4062.96 AZN hissəsini ödəmişdir. Yerdə Qalan 273 AZN (53xx.xx-4062.96=1273 manat; 1273-1000 (azadolma, franşiza)=273 manat yekun məbləğ) isə Cavabdeh tərəfindən hələ də ödənilməmiş qalmışdır. xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Hesab edir ki, 273 AZN pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdə keçirərək, hesab edirəm ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-4.1-ci maddəsinə əsasən məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.1-cü maddəsinə əasasən bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə; 284-4.1.2-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə; 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa 284-4.2-ci maddəsinə əsasən Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. İddiaçı baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində subroqasiya hüququnun yarandığıı iddia etsə də, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, TP seriyalı ******* saylı qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən 50 manat məbləğində cərimə edilmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş xəta- xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə nəzərdə tutulmuşdur. Göründüyü kimi göstərilən məqam iddiaçının subroqasiya hüququnun yaranması üçün əsas deyil və onun belə bir hüququnun olması məhkəmədə şübhə doğurur və verilmiş tələbi təsdiq edən sənəd iş materialları ilə müəyyən edilmir. Beləliklə hesab edirəm ki, kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina olunmalı, iddiaçıya MPM-nin 284-4.3-cü maddəsinin tələbləri izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-cü və 264cü və 284-1-284-4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı SŞ ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina olunsun. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar