Məhkəmə qərarları › İş №e-2(001)-63/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-63/2025

16.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-63/2025 16.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi və ya dəyərinin ödənilməsi, kirayə haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair (açar sözlər: dəymiş maddi və mənəvi zərər) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi və ya dəyərinin ödənilməsi, kirayə haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi və ya dəyərinin ödənilməsi, kirayə haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Mirbəşir Qasımov küçəsində yerləşən 28 saylı sökülmüş evin yerində inşa edilmiş hündürmərtəbəli çoxmənzilli yaşayış binasının birinci mərtəbəsindən iddiaçıya məxsus sökülmüş mənzilin yerində sahəsi 40 kv.m. olan tam təmirli mənzilin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, həmin xüsusiyyətdə olan mənzil olmadıqda isə dəyəri 200.000 manat pulun cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçıya ödənilməsi, 2020-ci ilin sentyabr ayından başlayaraq hazırkı qətnamə icra edilən günədək iddiaçının müvəqqəti kirayədə yaşaması məqsədi ilə hər ay 650 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi, mənəvi ziyanın əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə 50.000 (əlli min) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Mirbəşir Qasımov küçəsində yerləşən 28 saylı evin birinci mərtəbəsində ümumi sahəsi 28,6 kv.m. olan 2 otaqlı 10 saylı mənzili paylı mülkiyyət hüququ ilə iddiaçıya (sahəsi 10,6 kv.m. təşkil edən 1 otaq) və X2 (sahəsi 7,9 kv.m. təşkil edən 1 otaq) məxsus olmuşdur (sahəsi 8 kv.m. olan sahə ümumi istifadədə saxlanılmışdır). Cavabdeh təşkilat iddiaçıya məxsus olan həmin mənzilin xüsusi mülkiyyətdə olmasına, mülkiyyət hüququnun isə toxunulmaz olmaqla, qanunla dövlət tərəfindən müdafiə edilməsinə, heç kəsin məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməməsinə, mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərinin ədalətli ödənilməsi şərti ilə yol verilməsinə əhəmiyyət verməyərək açıq-aşkar hüquqdan sui-istifadə edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarından və bununla bağlı Bakı şəhəri Nərimanov Rayon İHB-nın müvafiq sərəncamı ilə ona verilmiş hüquqlardan iddiaçıya ziyan vurmaq məqsədi ilə istifadə etməklə sökmüşdür ki, bununla da sonuncuya birbaşa maddi və mənəvi ziyan vuran hərəkətlər etmişdir. Cavabdeh təşkilat iddiaçıya qarşı mülki hüquq pozuntusu (delikt) törətmişdir, yəni qanunla mülkiyyət hüququ qorunan iddiaçıya birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əmələ yol vermişdir. Belə ki, 2020-ci ilin sentyabr ayında iddiaçıya məxsus olan mənzil heç bir hüquqi əsas olmadan uçurulmuşdur. Cavabdehlə vurulmuş zərərin əvəzinin ödənilməsi üçün iddiaçıya məxsus mənzilin sökülərək artıq mövcud olmamasını nəzərə alıb, ona dəymiş zərərin əvəzini naturada ödəmək, yəni ona qanunvericiliyin tələblərinə uyğun olaraq eyni növlü və keyfiyyətli mənzil vermək və ya sökülən mənzilin dəyərini bazar qiymətlərinə uyğun olaraq ədalətli ödəmək barədə söhbətlər olsa da onlar ümumiyyətlə hər hansı razılığa gəlməmişlər. Cavabdehin iddiaçıya qarşı həyata keçirmiş olduğu hərəkətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin istinad edilən qərarının və eləcə də Bakı şəhəri Nərimanov RİHB-nın sərəncamının tələblərinə də cavab vermir. Belə ki, həmin qərar və sərəncamla cavabdeh təşkilata, ərazidə yerləşən yaşayış və qeyri yaşayış tikililərinin sökülməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi, eləcə də həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin verilməsi üçün maliyyə vəsaitinin ayrılması tapşırılsa da, cavabdeh təşkilat nəinki mənzil sökülənədək bu vəzifəsini yerinə yetirmiş, əksinə, mənzili sökdükdən sonra da iddiaçı ilə hər hansı müqavilə bağlamağa və ya onun əmlakına dəymiş maddi zərəri naturada və ya kompensasiya şəklində ödəməyə belə cəhd göstərməmişdir. Göründüyü kimi, cavabdeh təşkilatın iddiaçıya qarşı birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd və mülki qanunvericiliyin normalarını pozan əmələ, hərəkət və ya hərəkətsizliyə yol verməsi açıq-aşkar ortadadır və cavabdeh təşkilatın törətmiş olduğu delikt nəticəsində iddiaçıya maddi, mənəvi ziyan dəyməsi sübuta yetirilir. Cavabdeh təşkilat tərəfindən mənzilin sökülüb dağıdılması nəticəsində onun keçirdiyi sarsıntıları, iztirabları, əzab və əziyyəti və sair işin halları da nəzərə alınmalıdır. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, iddiaçının məzili payli mülkiyyətdə olmasına baxmayaraq digər mülkiyyətçinin ümumiyyətlə heç vaxt görməmişdir. Mənzil bütunlüklə iddiaçının istifadəsində olmuşdur. Cavabdeh tərəfindən bina özbaşına sökülən zaman iddiaçının əşyaları ilə birlikdə sökülmüş, iddiaçı mənzilə qayıdan zaman mənzilinin olmadığını görməmişdir. Mənzil sökülən zaman yaşayış üçün tam şəraitli, əşyalı olmuş, hətta təqdim edilmiş foto şəkillərdə mənzilin divarlarının təmirli olduğu, əşyaların isə dağıntılar altında olduğu açıq aşkar görünür. Artıq 3 ildən artıq müddətdir ki, iddiaçı evsizdir, cavabdeh tərəf müqavilə olmadığı halda danışıqlar aparmaqdan imtina etmişdir. Məhkəmədən iddia tələbi üzrə yekun qərar qəbul edən zaman cavabdeh barəsində xüsusi qərardad qəbul edilməsi məsələsinə baxılmasını xahiş edir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə dəfələrlə lazımi qaydada (poçt və sms bildiriş, elektron kabinet vasitəsilə) xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İİİ. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı, ******* saylı Çıxarışdan surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Mirbəşir Qasımov küçəsində istifadədə olan 0,081 ha torpaq sahəsində yerləşən 28 nömrəli, 2 mərtəbəli binada, 28,6 kv.m ümumi, 18,5 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 10 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə X1 1 otaq-y/s 7,9 kv.m, ü/s 8 kv.m, İddiaçı 1 otaq y/s 10,6 kv.m adlarına daşınmaz əmlakın dövlət reyestrində 210 nömrəli reyestr kitabının 21660 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2-10/316 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, yerli baxış keçirilməsi nəzərdə tutulan ıraziyə MTK-nın nümayəndələri ilə vizual baxış keçirildi. Belə ki, ünvan 1 ünvanda yerləşən mənzillər, o cümlədən İddiaçı aid mənzil də daxil olmaqla, MTK tərəfindən sökülmüş, ümumi ərazi müvəqqəti hesablanmışdır. Vahid elektron kadastr baz məlumatlarına əsasən (2008-ci il tarixli ortofoto görüntüsünə əsasən) ərazidə tikililər olmuş, sonradan sökülmüşdür. Torpaq sahəsinə dair sənəd təqdim edilmədiyindən ətraflı qeyd aparmaq mümkün olmadı. Torpaq sahəsində çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/522 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki:

1. Qeyd olunan xüsusatlara müvafiq müqayisə metodu ilə aparılmış tədqic; nəticəsində, internet saytı məlumatlarına əsasən Bakı şəhəri, Nərimanov Rayonu, Saf Zeynalov (Mirbəşir Qasımov) küçəsində yerləşən inşası davam etdirilən yaşay: binasında və ona yaxın ərazilərdə yerləşən analoji təmirli yaşayış sahələrinin kv.metrinin hazırda mövcud olan orta bazar qiyməti təqribən 2917,0 manat məbləğinc; müəyyən edilir. 1.0 kv.metr-------------------2500manat, 1.0 kv.metr-------------------3250manat, 1.0 kv.metr-------------------3000manat, Cəmi (2500+3250+3000):3= 2917,0 manat.

2. Qeyd olunan xüsusatlara müvafiq müqayisə metodu ilə aparılmış tədqiqa nəticəsində, internet saytı məlumatlarına əsasən Bakı şəhəri, Nərimanov Rayonu, Sahi: Zeynalov (Mirbəşir Qasımov) küçəsində yerləşən inşası davam etdirilən yaşayış binasında və ona yaxın ərazilərdə yerləşən analoji təmirsiz yaşayış sahələrinin kv.metrinin 1 kv.metrinin hazırda mövcud olan orta bazar qiyməti təqribən 2325,0 mans’ məbləğində müəyyən edilir. 1.0 kv.metr-------------------2086manat, 1.0 kv.metr-------------------2493manat, 1.0 kv.metr-------------------2397manat, Cəmi (2086+2493+2397):3= 2325,0 manat.

3. Bakı şəhəri, Nərimanov Rayonu, Sahib Zeynalov (Mirbəşir Qasımov) küçəsində küçəsində istifadədə olan 0,081 ha torpaq sahəsində yerləşən 28 nömrəli, 2 mərtəbə binada, 2 otaqlı, 10 nömrəli mənzilə baxış keçiriməsi mümkün olmadığından həmir mənizilin 2020-2024-ci illər üzrə orta aylıq kirayə haqqını müəyyən etmək mümkün olmadı. -iddiaçı tərəfindən elektron kabinet vasitəsi ilə yüklənmiş mənzil elanlarına dair elektron portaldan götürülmüş foto şəkillərdən görünür ki, mübahisəli mənzilin yerləşdiyi ərazidə 2 otaqlı mənzilin kirayə dəyəri 650 manatdan başlayır.

İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi:

Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə müvafiq olaraq, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarında “mülkiyyət” anlayışı ilə bağlı qeyd edilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Ümumi norma olmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətşizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfındən müəyyən edilməlidir. Odur ki, hazırkı iş üzrə araşdırma predmetini cavabdeh(lər)in delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarında göstərilmişdir ki, Bakı şəhəri Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xəzər Rayon İcra Hakimiyyətləri aidiyyəti üzrə 5 il müddətinə aşağıdakıları həyata keçirsinlər: mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı, 1127 mənzildən ibarət olan uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş 63 yaşayış binasının, ....Nizami rayonu üzrə keçən əsrin 50-60cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının ..., habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri - yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini; mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması və digər işləri həyata keçirilməsi tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv.edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 1 avqust tarixli 226 nömrəli Fərmanının 4.3-cü bəndinin icrasını təmin etmək məqsədilə və “Bakı şəhərində dövlət şəhərsalma fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 29 noyabr tarixli 868 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

3. “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli Qərarı ləğv edilsin.

4. Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyəti bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə aşağıdakıları həyata keçirsinlər: 4.1. mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; 4.2. qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsini… «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Maddə 247.2. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət ehtiyacları üçün alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən, aşağıdakı amillər nəzərə alınır: 247.2.1. iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin; 247.2.2. ödəniləcək kompensasiya qiymətləndirilərkən, mövcud inflyasiya; 247.2.3. torpağın (tikilinin) “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilmiş bazar qiyməti; 247.2.4. alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər; 247.2.5. alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər; 247.2.6. alınma nəticəsində şəxs yaşayış, sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-Ci İl 7 Dekabr Tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndində qeyd olunmuşdur ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. - Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Mirbəşir Qasımov küçəsində istifadədə olan 0,081 ha torpaq sahəsində yerləşən 28 nömrəli, 2 mərtəbəli binada, 28,6 kv.m ümumi, 18,5 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 10 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə X1 1 otaq-y/s 7,9 kv.m, ü/s 8 kv.m, İddiaçı 1 otaq y/s 10,6 kv.m adlarına daşınmaz əmlakın dövlət reyestrində 210 nömrəli reyestr kitabının 21660 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeyd edilən mənzil iddiaçının daimi istifadəsində olmaqla mülkiyyətçi kimi mülkiyyətindən maneəsiz istifadə etmiş, cavabdehin mülkiyyətçi ilə aralarında hər hansı müqavilə öhdəlikləri olmadan, mülkiyyətçinin iradəsinə zidd olaraq mənzil cavabdehin qanunazidd hərəkətləri nəticəsində sökülmüş, nəticədə iddiaçı mülkiyyətindən məhrum olmuşdur. Məhkəmə tərəfindən digər mülkiyyətçi barədə elektron sistem vasitəsi ilə məlumatlarında yoxlanış aparılmış, məlumat əldə etmək mümkün olmamış, şəxsiyyət sənədi deactive statusunda olmuşdur. Qeyd edilən səbəbdən məhkəmə hesab edir ki, mənzilin digər mülkiyyətçisinin müəyyən edilməməsi, həmin şəxsin öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməməsi hazırki halda digər paylı mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olmamalıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi mübahisəli mənzilin mülkiyyətçisi ilə aralarında hər hansı müqavilə öhdəliyinin olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməməiş, mübahisənni məhkəmə araşdırmasının nəticəsinin gözləməklə kifayətlənmişdir. Məhkəmə iddiaçının mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir. Özünün və ailəsinin mənzil şəraitini cavabdehin qanunsuz hərəkətləri əsasında itirmiş, nəticədə mülkiyyətindən məhrum edilməklə sarsıntılara, əzaba və məyusluğa məruz qalması istisna edilmədiyindən məhkəmə iddiaçının mənəvi ziyana görə 5000 manat tələbini əsaslı hesab edib təmin, mənvi ziyan tələbinin qalan hissədə təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Belə ki, məhkəmə tərəfindən işin işin araşdırılan halları ilə müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Mirbəşir Qasımov küçəsində yerləşən 28 saylı evin birinci mərtəbəsində ümumi sahəsi 28,6 kv.m. olan 2 otaqlı 10 saylı mənzili paylı mülkiyyət hüququ ilə İddiaçı məxsus olmuşdur. 2020-ci ilin sentyabr ayında iddiaçıya məxsus olan daşınmaz əmlak heç bir hüquqi əsas olmadan Cavabdeh MMC tərəfindən kompensasiya verilmədən sökülmüşdür. Məhkəmə tərəfindən digər mülkiyyətçi X1 mübahisəli mənzildə olan hüququları nəzərə alınmaqla payına münasibətdə pozulmuş hüuquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, M.Qasımov küçəsində yerləşən 28 saylı mənzilə olan payına uyğun olaraq 58340 manat, 20 % satınalma qiymətinə əlavə olaraq 11668 manat və 5000 manat məbləğində mənəvi zərər, ümumilikdə 75008 manat Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməli, 2020-ci ilin sentyabr ayından başlayaraq 2025-ci ilin may ayı daxil olmaqla hər ay üçün 400 manat, ümumilikdə 22400 manat kirayə haqqı, qətnamə elan olunduğu tarixdən icra olunduğu tarixədək hər ay 400 manat olmaqla kirayə haqqı Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Nəticə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, M.Qasımov küçəsində yerləşən 28 saylı mənzilə olan payına uyğun olaraq 58340 manat, 20 % satınalma qiymətinə əlavə olaraq 11668 manat və 5000 manat məbləğində mənəvi zərər, ümumilikdə 75008 (yetmiş beş min səkkiz manat) manat Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. 2020-ci ilin sentyabr ayından başlayaraq 2025-ci ilin may ayı daxil olmaqla hər ay üçün 400 manat, ümumilikdə 22400 manat kirayə haqqı, qətnamə elan olunduğu tarixdən icra olunduğu tarixədək hər ay 400 (dörd yüz) manat olmaqla kirayə haqqı Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən iddia qaldırmaq üçün ödənilmiş 300 (otuz üç) manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat və 100 manat olmaqla, ümumilikdə 150 (yüz əlli) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar