Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6334/2024 16.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş (açar sözlər: icbati sığorta, subroqasiya) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Vəliyeva Elnarə Fəxrəddin qızı, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: I. Mülki işin mahiyyəti 1.İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “BMW 316” markalı, ** ST *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 350 AZN məbləğində sığorta ödənişi və 30 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən etibarnamə ilə idarə olunan “KİA RİO” markalı, ** SH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “BMW 316” markalı, ** ST *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. “Avtomobillərin Texniki Xidmət Mərkəzi” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Qüsur aktına əsasən “BMW 316” markalı, ** ST *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 350 AZN məbləğində zərər dəymişdir. İş materiallarına əlavə edilmiş DİN-nin BDYPİ-si tərəfindən verilmiş etibarnamələrin elektron sistemdən çıxarışından görünür ki, Cavabdeh “KİA RİO” markalı, ** SH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə qədər etibarnaməsi olmuşdur. Beləliklə o hadisə zamanı nəqliyyat vasitəsinə qanuni sahibliyi həyata keçirmişdir Azərbaycan Respublikası Mərkəzi X2 25/2 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” qaydaya uyğun olaraq zərərçəkənin idarə etdiyi “BMW 316” markalı, ** ST *** dövlət qeydiyyat nişanlıavtonəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçısı olan "xxxx" ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq xx.xx.2023-cü il tarixli ZBT-134488/23 nömrəli ödəniş aktından göründüyü kimi “BMW 316” markalı, ** ST *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə görə 350 AZN sığorta ödənişi həyata keçirmişdir. İddia ərizəsinə əlavə olunmuş subroqasiya tələblərinin reyestrindən görünür ki, nettinqin nəticələrinə əsasən 350 AZN məbləğində pulun ödənilməsi tələbi “Xalq Sığorta Şirkəti`` ASC tərəfindən İddiaçı Sığorta Şirkəti ASC qarşısında irəli sürülmüşdür. İş materiallarına əlavə edilmiş İcbari Sığorta Bürosunun çıxarışından müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi tarixində Cavabdeh idarə etdiyi “KİA RİO” markalı, ** SH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari avtoməsuliyyət sığortası ``Atəşgah`` Sığorta Şirkəti ASC-də sığortalanmışdır. Cavabdeh idarə etdiyi “KİA RİO” markalı, ** SH *** dövlət qeydiyyat nişanlaıvtonəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçısı olan İddiaçı Sığorta Şirkəti ASC ``Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair`` qaydaya və iştirakçılar arasında keçirilmiş nettinqin nəticələrinə əsasən dəymiş zərərlə bağlı 350 AZN məbləğində sığorta ödənişi müvafiq qaydada ``Xalq Sığorta Şirkəti`` ASC-nə ödənilmişdir. xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli olan Cavabdeh hadisə yerindən yayındığına görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, İXP seriyalı inzibati xəta haqqında protokoldan və TP seriyalı inzibati tənbeh vermə haqqında qərardan da göründüyü kimi Cavabdeh İXM-nin 327.6 və 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir.Həmçinin iş materiallarına əlavə edilmiş izahatlarda da onun hadisə yerini tərk etdiyi təsdiq olunmuşdur. Hesab edirik ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 350 AZN məbləğində sığorta ödənişi subroqasiya qaydasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. II. Məhkəmə baxışının hədləri:
3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: 4.İddia ərizəsinə əlavə olunmuş etibarnamənin surətindən görünür ki, “KİA RİO” markalı, ** SH *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən etibarnamə əsasında idarəedilməyə verilmişdir. 5.nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BMW 316” markalı, ** ST *** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir. 6.xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh İXM-nin 327.6 və 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. 7.xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “BMW 316” markalı, ** ST *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 350 manat müəyyən edilmişdir. 8.Ödəniş tapşırığından görünür ki, sığortalanmış “BMW 316” markalı, ** ST *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 350 manat zərər İddiaçı Sığorta Şirkəti tərəfindən ödənilmişdir.
9. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır
11.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü tə'sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. 12.Məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh “BMW 316” markalı, ** ST *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 350 manat sığorta ödənişi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 13.Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İV. Nəticə:
14.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİM:
İddiaçı Sığorta Şirkəti ASC-nin iddiası təmin edilsin. Cavabdeh 350 (üç yüz əlli) manat pul vəsaiti tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Elnarə Vəliyeva