Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6470/2025 29.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişini məcburi icra olunmaq üçün təsdiq edilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırılması: Maraqlı şəxs ilə nikahımız xx.xx.2013-cü il tarixdə 1491№-li reyestr qeydi ilə Binəqədi rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X2 doğulmuşdur. Son vaxtlar münasibətləri kəskinləşib və onun Maraqlı şəxsla birgə nikah münasibətlərində qalmağı və ailə münasibətlərinin davam etdirilməsi mümkünsüz olduğundan nikahlarının pozulmasına qərar vermiş, onun üçün mediasiyaya müraciət etmişdir. Bakı 18 saylı Mediasiya Təşkilatında aşağıdakı şərtlərlə barışıq sazişi imzalamışlar: 1. Tərəflər onlar arasında xx.xx.2013-cü il tarixdə 1491№-li reyestr qeydi ilə Binəqədi rayon qeydiyyat şöbəsində qeydə alınmış nikahın məhkəmə qaydasında, əlavə vaxt verilmədən pozulmasına razıdırlar. 2. İİ Tərəf onların birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X1 İ Tərəfin (ananın) yanında qalmasına razılıq verir. 3. İİ Tərəf uşağın saxlanılması üçün uşaq yetkinlik yaşına çatana qədər 2024-cü ilin noyabr ayından başlayaraq hər ayın 1-dən 10- a qədər 600 (altı yüz) manat məbləğində alimenti İ Tərəfə məxsus bank kartına köçürülməklə ödəməyi öz öhdəsinə götürür. 4. İ Tərəf uşağın təhsilinə və sağlamlığına zərər vurmamaq şərti ilə, atanın hər həftənin Şənbə və Bazar günləri saat 13:00-dan saat 17:00-a qədər, müəyyən olunmuş saatda uşağı yaşadığı yerə qaytarmaq çətinlik yaratdığı halda, qarşılıqlı razılıq əsasında həmin gecəni atanın yanında qalmasına razılıq verir. 5. İİ Tərəf uşağın İ Tərəf ilə uzunmüddətli təhsil istisna olmaqla, istirahət və qısamüddətli təhsil səbəbi ilə uşağın ölkə xaricinə çıxarılmasına razılıq verir və bununla bağlı 3 (üç) iş günü ərzində notarial qaydada razılıq ərizəsi verməyi öz öhdəsinə götürür. Cavabdeh Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, sazişdə razılaşdırılmış qaydada nikahın pozulmasını xahiş edib. Həmin məhkəmənin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə nikahı pozulub. Lakin, cavabdeh sazişin şərtlərini icra etməkdən boyun qaçırır. Belə ki, o aliment ödəmir, uşağın ölkə sərhədlərindən çıxarılması ilə bağlı razılıq ərizəsinə isə onun xəbəri olmadan xitam vermişdir. Nəticə etibarilə, uşağının aliment almaması və ölkə sərhədlərindən çıxarılması üçün onun razılıq verməkdən imtina etməsi onun və övladının mənafeyinə ziyan vurur. Göründüyü kimi maraqlı şəxs Barışıq Sazişini könüllü qaydada icra etməkdən boyun qaçırır və bu səbəblə də həmin sazişin məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Ərizəçinin nümayəndəsi və vəkili məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, səhhəti ilə əlaqədar olaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirməklə, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, barışıq sazişinin uşaqla ünsiyyətlə bağlı hissəsində təsdiqinə etiraz etməsə də, alimentlə bağlı hissədə təsdiq edilməsinə etiraz edir və həmin hissədə etibarsız hesab edilməsini xahiş edir. Çünki cavabdehin 200 manat əmək haqqı müqabilində 600 manat aliment ödənilməsinə razılıq verməsi ağlabatan deyil. Bu addımı atmaqda yanılmışdır. Uşağın ölkə xaricinə çıxarılmasına maraqlı şəxs tərəfindən razılıq verilmişdir. Həmçinin elektron məhkəmə informasiya sistemindən müəyyən edib ki, tərəflər arasında uşaqların ölkə xaricinə çıxarılmasına dair, müvəqqəti təminat tədbiri olmuşdur. Bundan başqa uşaqla ünsiyyətlə bağlı bənd ərizəçinin özü tərəfindən icra edilmir, saziş imzalanan gündən atanın uşaqla ünsiyyəti təmin edilmir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtləri özündə ehtiva edir:
1. Tərəflər onlar arasında xx.xx.2013-cü il tarixdə 1491№-li reyestr qeydi ilə Binəqədi rayon qeydiyyat şöbəsində qeydə alınmış nikahın məhkəmə qaydasında, əlavə vaxt verilmədən pozulmasına razıdırlar.
2. İİ Tərəf onların birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X1 İ Tərəfin (ananın) yanında qalmasına razılıq verir.
3. İİ Tərəf uşağın saxlanılması üçün uşaq yetkinlik yaşına çatana qədər 2024-cü ilin noyabr ayından başlayaraq hər ayın 1-dən 10-a qədər 600 (altı yüz) manat məbləğində alimenti İ Tərəfə məxsus bank kartına köçürülməklə ödəməyi öz öhdəsinə götürür.
4. İ Tərəf uşağın təhsilinə və sağlamlığına zərər vurmamaq şərti ilə, atanın hər həftənin Şənbə və Bazar günləri saat 13:00-dan saat 17:00-a qədər, müəyyən olunmuş saatda uşağı yaşadığı yerə qaytarmaq çətinlik yaratdığı halda, qarşılıqlı razılıq əsasında həmin gecəni atanın yanında qalmasına razılıq verir.
5. İİ Tərəf uşağın İ Tərəf ilə uzunmüddətli təhsil istisna olmaqla, istirahət və qısamüddətli təhsil səbəbi ilə uşağın ölkə xaricinə çıxarılmasına razılıq verir və bununla bağlı 3 (üç) iş gün ərzində notarial qaydada razılıq ərizəsi verməyi öz öhdəsinə götürür.
6. İlkin mediasiya xərcini (60 manat) və tam mediasiya xərcini (200 manat) İ Tərəf ödəyir. Göründüyü kimi, tərəflər arasında ailə mübahisəsinin həlli ilə bağlı (nikahın pozulması, aliment, uşaqla ünsiyyət qaydası və uşağın ölkə xaricinə çıxarılması barədə.) mediasiya prosesində xx.xx.2024-cü il tarixli barışıq sazişi imzalanmışdır. Uşaq mübahisəsiz olaraq ərizəçinin yanındadır və hazırda ərizəçi sazişin bütün bəndlərinin məcburi icrası üçün təsdiq edilməsini xahiş edir. Maraqlı şəxs isə barışıq sazişinin uşaqla ünsiyyətinin təmin edilməsi hissəsində məcburi icra üçün təsdiq edilməsinə etiraz etməsə də, digər bəndlərin təsdiq edilməməsini, alimentlə bağlı hissədə isə etibarsız hesab edilməsini xahiş edir. İş materillarında olan Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-992/2025 saylı qətnaməsindən görünür ki, sazişin birinci bəndi icra edilməklə, ilə tərəflər arasında olan nikah pozulmuşdur. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən müəyyən edilir ki, Hacıqabul Rayon Məhkəməsinin e-16(071)-90/2024 saylı qərardadı ilə, Ərizəçi və onun qızı X1 1 dəfə üçün, 28 dekabr 2024-cü il tarixdə (xx.xx.2024-cü il tarixindən - xx.xx.2025-ci il tarixə qədər) Azərbaycan Respublikası hüdudlarından cavabdeh Maraqlı şəxs razılığı olmadan müvəqqəti (7 gün müddətinə) çıxarılması təmin edilməsi qərara alınmışdır. Barışıq sazişi mövcud olmasına baxmayaraq, uşağın ölkə xaricinə çıxarılmasına dair müvəqqəti təminat tədbirinin çıxarılmış olması onu göstərir ki, mediasiya prosesi nəticəsində bağlanılan barışıq sazişi maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmir, alimentlə bağlı hissəni isə etibarsız hesab edir. Beləliklə hesab edirəm ki, barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin hüquqlarına toxunmur. Bu səbəbdən də barışıq sazişi uşağın saxlanılması üçün alimentin ödənilməsi və onun ölkə xaricinə çıxarılmasına razılıq verilməsi hissəsində məcburi icra edilməsi üçün təsdiq edilməlidir. Maraqlı şəxsin nümayəndəsinin ərizəyə etirazı olaraq bildirdikləri isə hazırki mübahisənin predmeti deyildir və ayrı icraatda mübahisələndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsaəsn iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in, 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/18/2024-01177 nömrəli barışıq sazişinin üçüncü və beşinci bəndi təsdiq edilsin, İİ tərəfin (Maraqlı şəxs) uşağın saxlanılması üçün uşaq yetkinlik yaşına çatana qədər 2024-cü ilin noyabr ayından başlayaraq hər ayın 1-dən 10-a qədər 600 (altı yüz) manat məbləğində alimentin İ tərəfə (Ərizəçi) ödənilməsi və İİ tərəfin (Maraqlı şəxs) uşağın İ tərəf (Ərizəçi) ilə uzunmüddətli təhsil istisna olmaqla, istirahət və qısamüddətli təhsil səbəbi ilə uşağın ölkə xaricinə çıxarılmasına dair notarial qaydada razılıq verməyi öhdəsinə götürməsi hissəsində məcburi icraya yönəldilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev