Məhkəmə qərarları › İş №e-2(001)-6833/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6833/2023

24.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6833/2023 24.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış MŞB/6-7359 saylı xx.xx.2022-ci il tarixli Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onunla Maraqlı şəxs arasında MŞB/6- 7359 saylı xx.xx.2022-ci il tarixli Barışıq Sazişi bağlanmışdır. Barışıq Sazişi bağlanılan gündən 1 aydan sonra Maraqlı şəxs üzərinə götürdüyü öhdəlikləri pozaraq əvvəlki davranışına qayıtmış, yaşayış yeri olduğu halda kirayə mənzilə köçmə tələblərini yenidən irəli sürmüş, onlarla birgə yaşayan və ahıl yaşında olan ərinin valideynlərinə hörmətsizlik edərək onlarla mübahisə yaratmış, ahıl yaşında olan ərinin valideynlərinə qışqırmış, onlarla bir üvin içində yaşadığına baxmayaraq baba və nənəyə nəvələri ilə ünsiyyət saxlamağa çətinliklər yaradaraq görüşməyə imkan verməmişdir., onunla mübahisə yarandıqda güya o və onun 75 yaşında olan anası tərəfindən döyüldüyü və xəsarət aldığı barədə 102 xidmətinə yalan məlumat verəcəyi ilə hədələmiş, o, həmin xidmətə həqiqətən zəng etməyə təklif etsə də, maraqlı şəxs 102 xidmətinə yalan məlumat verməkdən çəkinib mübahisəyə öz qohumlarını cəlb etmiş, nəticədə qohumu ona hədə-qorxu gəlmişdir. Bundan başqa maraqlı şəxs təcrübəli tibb bacısı olsa belə övladının qayğısına qalmamış və 2 il 8 ay yaşında olan övladı Okanın səhhətində ciddi problem olduğu vaxtında aşkar etməmişdir (eşitmə qabiliyyətində ciddi qüsur vardır). Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs bildirdi ki, barışıq sazişində qeyd olunan bəndləri qəbul edir, heç bir etirazı yoxdur. O, bu barədə məhkəməyə ərizə də təqdim etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2022-ci il tarixdə, Bakı 6 saylı Mediasiya təşkilatı vasitəsi ilə Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişindən görünür ki:

1. 30.11.2019-cu ildə bağlanmış nikaha (nikah haqqında şəhadətnaməsi AZ-İİ № 370322) xitam verilmədən Ərizəçi və Maraqlı şəxs arasında 11 ay davam edən ailə mübahisəsinə son qoyulsun.

2. Barışıq Sazişi imzalandığı gün Maraqlı şəxs ata evindən ər evi – ünvan 1 ünvana qayıtsın.

3. Ərizəçi və Maraqlı şəxs ər-arvad kimi ünvan 1 ünvanda birgə yaşayış və ailə təsərrüfatının aparılmasını davam etdirəcəklər.

4. Maraqlı şəxs öhdəsinə götürür ki, Barışıq Sazişinin 3-cü bəndində qeyd edilən yaşayış yeri olduğu halda kirayə və/və ya başqa mənzilə köçmə tələblərini irəli sürməyəcək, onlarla birgə yaşayan və ahıl yaşında olan ərinin valideynlərinə hörmət göstərəcək, ərinin valideynləri ilə istənilən mübahisənin yaranmasından çəkinəcək.

5. Ərizəçi və Maraqlı şəxs birgə nikahdan olan övladları: xx.xx.2020-ci il tarixdə anadan olmuş RAFAEL PƏRVİZ OĞLU VƏLİYEV (doğum haqqında şəhadətnamə AZ-T №209119) və xx.xx.2020-ci il tarixdə anadan olmuş OKAN PƏRVİZ OĞLU VƏLİYEV (doğum haqqında şəhadətnamə AZ-İV № 566557) birgə tərbiyəsində iştirak edib yetkinlik yaşına çatanadək qayğısına qalacaqlar.

6. Övladların böyüdülüb tərbiyəsində Maraqlı şəxs özbaşına hərəkətlərdən çəkinəcək, uşaqların uşaq bağçasının, məktəbinin, istirahətlərinin təşkili, uşaqların səhhəti və sağlamlığı, qidalanması ilə bağlı və bu kimi digər vacib tələblərin təmin olunması məsələlərdə uşaqlarının ehtiyacının müəyyən edilməsində mütləq şəkildə əri Ərizəçilə məsləhətləşib onun fikrini və iradəsini nəzərə alacaq.

7. Ziyafət Mayıl qızı Vəİiyeva öhdəsinə götürür ki, ailədə yarana biləcək istənilən mübahisə ilə əlaqədar evdən bir gün belə getmədən mübahisəni həlli yollarını əri Ərizəçilə sülh yolu axtaracaq. X3 Vəİiyeva öhdəsinə götürür ki, mübahisəyə digər öz ailə üzvləri, qohum və tanışların müdaxiləsinə yol verməyəcək.

8. Ərizəçi və Ziyafət Mayıl qızı Vəİiyeva öz aralarında mübahisəyə son qoya bilmədikdə mübahisənin həlli və psixoloji yardım üçün həkim-psixoloqa müraciət edəcəklər.

9. Yetkinlik yaşına çatmayan RAFAEL PƏRVİZ OGLU VƏLİYEVİN və OKAN PƏRVİZ OĞLU VƏLİYEVİN baba, nənə, bibi, bibisi uşaqları, əmi və əmisi uşaqları ilə görüşmək və ünsiyyət saxlamaq hüququ vardır. Həmin hüquqlar nikah pozulduğu halda da öz qüvvəsini saxlayır.

10. Ərizəçi və Maraqlı şəxs ər və arvadın ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malik olmasına dair Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş tələbləri və Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərini rəhbər tutaraq əmlakın mülkiyyət rejimi ilə əlaqədar müəyyən edirlər ki: 10.1 Ər və arvadın hal-hazırda bir birinə qarşı əmlak (mülkiyyət) bölgüsü, payların müəyyən edilməsi və ya əmlakla bağlı digər tələbləri və mübahisələri yoxdur. 10.2 Maraqlı şəxs hal-hazırda, həm gələcəkdə Ərizəçi mülkiyyətinə (daşınar və daşınmaz əmlakına) hər hansı tələbi və iddiası yoxdur və olmayacaq. 10.3 Ərizəçi hal-hazırda, həm gələcəkdə Maraqlı şəxs mülkiyyətinə (daşmar və daşınmaz əmlakına) hər hansı tələbi, və iddiası yoxdur və olmayacaq. 10.4 Nikah pozulduğu halda da Barışıq Sazişin 10-cü bəndindəki şərtlərlə ər arvadın əmlakının mülkiyyət rejimi öz qüvvəsini saxlayacaq.

11. Barışıq Sazişin 1-10-ci bəndlərin tələbləri pozularsa Ərizəçi və Maraqlı şəxs nikahına xitam veriləcək.

12. Nikaha xitam verildiyi təqdirdə Ərizəçi və Maraqlı şəxs (bundan sonra mətndə - valideynlər) Azərbaycan Respublikası Ailə Məcəlləsinin 94-98 maddələrinin tələblərinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasına dair alimentin ödənilməsi ilə əlaqədar müəyyən edirlər ki: 12.1 Birgə nikahdan olan övladları xx.xx.2020-ci il tarixdə anadan olmuş RAFAEL PƏRVİZ OĞLU VƏLİYEVİN (doğum haqqında şəhadətnaməsi AZ-T №209119) və xx.xx.2020-ci il tarixdə anadan olmuş OKAN PƏRVİZ OĞLU VƏLİYEVİN (doğum haqqında şəhadətnamə AZ-İV № 566557) yetkinlik yaşına çatanadək saxlanılması üçün Ərizəçi qanunvericilikdə nəzərdə tutulmuş miqdarda və qaydada aliment ödənilməsini öhdəsinə götürür. 12.2 Valideynlər yetkinlik yaşına çatmayan uşaqların maraqlarını nəzərə alaraq, uşaqların saxlanılması və tələbatını ödəmək üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinin tələbinə uyğun olaraq 2 uşağa görə alimentin miqdarını Ərizəçi qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında müəyyən edirlər; 12.3 Aliment məbləği hər ayın 15-nə qədər Maraqlı şəxs müəyyən etdiyi poçt ünvanına və ya təqdim etdiyi bank hesabına köçürülmə yolu ilə ödəniləcək. 12.4 Aliment ödənilməsi barədə sazişin tələblərinin icra etməkdən birtərəfli qaydada imtina etməyə və onun şərtlərinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir. 12.5 Alimentin indeksasiyası müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 13 Nikah pozulduğu halda valideynlər yetkinlik yaşına çatmayan uşaqların maraqlarını nəzərə alaraq razılığa gəlirlər ki: 13.1 Həmin zaman övladlar yetkinlik yaşına çatmadıqda anası Maraqlı şəxs yanında qalacaq. Hazırki yarımbəndin tələbinin istisna halı kimi, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. 13.2 Uşaqların hər valideyni ilə birlikdə istirahəti və sağlamlığı ilə əlaqədar müvəqqəti olaraq xarici ölkələrə getmək hüququ vardır. Respublikadaxili və xarici ölkəyə ezamiyyətə və ya məzuniyyətə getdikdə valideynlər uşağlarını özü ilə birlikdə aparmaq hüququ vardır. Bu məqsədlər üçün edilmiş digər zəruri qaydada rəsmiləşdirilməsində bir birinə ağlabatan köməklik göstərilməsini öhdəsinə götürür. 13.3 Yetkinlik yaşına çatmayan övladların anası X2 respublikadaxili və xarici ölkəyə ezamiyyətə və ya məzuniyyətə getməsi ilə əlaqədar və ya digər səbəbdən yetkinlik yaşına çatmayan övladlarına müvəqqəti qulluq, saxlamaq və nəzarət edə bilmədikdə həmin müddət ərzində övladlar atası Ərizəçi öhdəsinə verilməsinə etiraz edilməyəcək. 13.4 Müəyyən edilir ki, nikah pozularsa həftədə 2 dəfə (şənbə, bazar) və hər görüşün müddəti 5 (beş) saatdan az olmamaq şərti ilə yetkinlik yaşına çatmayan övladların atası Ərizəçi görüş üçün şərait yaradılacaq (valideynlərin yazılı razılığı əsasında günlərin sayı və müddət dəyişdirilə bilər).

14. Yetkinlik yaşına çatmayan ümumi uşaqları olan Ərizəçi və X2 nikahları pozulduğu təqdirdə Barışıq Sazişində uşaqlarla bağlı, əmlakın mülkiyyət rejimin və digər tələblərlə tanış olduqlarını öz imzası ilə təsdiq edirlər.

15. Ərizəçi və X2 təsdiq edir ki, onlar, burada göstərilən şərtlərə könüllü olaraq, məcbur edilmədən və hər hansı hədə təsiri altında olmadan razılaşır, hazırki Sazişdə ər və arvada anlaşılmayan bənd və cümlə yoxdur.

16. Ərizəçi və Maraqlı şəxs təsdiq edir ki, onlara bu Sazişin şərtlərinə və məzmununa dair hüquqi məsləhət almaq üçün imkanı yaradılmış və bunun üçün onların kifayət qədər vaxtı olmuşdur, sənədlə tam şəkildə tanış olmağa, Sazişdəki hüquq və vəzifələri onlara tam aydındır.

17. Ərizəçi və Maraqlı şəxs təsdiq edir ki, bu Sazişin şərtlərini qəbul etməzdən öncə onlar bu Sazişin şərtləri ilə diqqətlə tanış olmuş və bu şərtlərə razılaşmış, hazırki Sazişi sağlam şuur və düşüncə ilə imzalayırlar.

18. Bu Sazişin müddəaları Azərbaycan Respublikasının qanunvericliyi ilə tənzimlənir və tərəflər Azərbaycan məhkəmələrinin müstəsna aidiyyətinə razılaşırlar. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin məhkəməyə verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir; 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir; 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur; 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli barışıq sazişini təhlil edərək və Mülki Prosessual Məcəllənin 355-26.1-ci göstərilən barışıq sazişinin təsdiq edilməsindən imtina olunması üçün əsasların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, maraqlı şəxs barışıq sazişi üzrə öhdəlikləri qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, barışıq sazişi məcburi icrasının təmin edilməsi məqsədilə məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, hazırki ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.2022-ci il tarixdə, Bakı 6 saylı Mediasiya təşkilatı vasitəsi ilə Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış MŞB/6-7359 saylı barışıq sazişi məcburi icra üçün təsdiq edilsin. Ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar