Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-189/2023 03.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «sağlamlığa vurulmuş zərərlə bağlı maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «sağlamlığa vurulmuş zərərlə bağlı maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dişlərinin müalicəsi üçün ödədiyi 950 manat, sağlamlığına vurulmuş (dişləri, mədə problemləri, keçirdiyi sarsıntı) zərərin əvəzi olaraq 9.050 manat və ödənilmiş 120 manat dövlət rüsumu olmaqla, cəmi 10.120 manat pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə dişlərində ağrı olması ilə əlaqədar olaraq, Bakı şəhəri Qaradağ rayonu Salyan yolu 9 yerüstü keçidin yanında yerləşən diş klinikasında həkim kimi fəaliyyət göstərən Cavabdeh yanına getmişdir. Həkim onu müayinə etdikdən sonra, ağız boşluğunda olan dişlərini çəkib müalicə edəcəyini və müalicədən sonra dişlərini yenidən bərpa edəcəyini, sözügedən proseslərin də 1 ay müddətində nəticələnəcəyini bildirmişdir. Mart ayı ərzində alt çənəsindən 6 diş, üst çənəsindən isə 8 diş olmaqla, ümumilikdə 14 dişini çəkmiş və alt çənədə olan digər dişlərini yonmuşdur. Dişlərini çəkdikdən sonra, müalicə mərhələsində hər zaman həkimin fəaliyyət göstərdiyi ünvana getdikdə ya klinikanın qapısı bağlı olub, ya da ki, ona telefonla başqa bir vaxtda gəlməsini bildirmişdir. Bu hal artıq dişləri çəkildikdən sonra 3 ay davam etmiş və həkim üzərinə götürdüyü öhdəliyi icra etməkdən boyun qaçırırdı. Artıq həkimin nə ağız boşluğunu müalicə etmək, nə də dişlərini bərpa etmək niyyətinin olmadığının fərqinə vardıqdan sonra, həkimdən ödədiyi pulların geri qaytarılmasını tələb etmişdir. Lakin cavabdeh müxtəlif bəhanələr gətirməkdə davam edərək öhdəliyini birmənalı olaraq icra etməkdən boyun qaçırmışdır. Dəfələrlə telefon vasitəsi ilə zəng edib ödədiyi pulları geri qaytarmasını bildirsə də, pulu ödəməkdən boyun qaçırmışdır. Artıq 8 aydır ki, alt çənədə olan yonulmuş dişlərlə yemək yeyir. Dişlərinin çəkilməsi ilə əlaqədar olaraq artıq mədəsində də ciddi ağrılar başlayıb, həmin ağrıları kəskinləşdiyi üçün «Real Hospital»da qastroenteroloq müayinəsində olmuş və ona mədə ağrıları ilə əlaqəli dərmanlar qəbul etməli olduğunu bildirmişdir. Artıq dişlərinin olmaması və mədə ağrıları ilə bağlı güclü əsəb, stress keçirir ki, bununla da əsəbləri tamamilə alt-üst olmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, iddiaçı onun evində təmir işləri görmüşdür. O, diş həkimi kimi iddiaçının dişlərinin müayinə, müalicə, təmiri işlərini həyata keçirməklə evin təmir işlərinə görə yaranan məbləği əvəz etmək istəmişdir. İddiaçı ilə razılığa gəlmişdir. Evdə görülməli ümumi işlərin dəyəri 950 manat təşkil edir. Evdə görülməli həmin təmir işlərinin 600 manatlıq hissəsi yekunlaşdırılmışdır. O da, iddiaçının dişləri ilə bağlı problemlərini həll etməyə başlamışdır. İlkin işlər kimi bəzi dişləri çıxarmış, bəzilərini yonaraq sonrakı mərhələyə hazırlamışdır. Sonradan münasibətləri pozulduğundan o, iddiaçının dişlərinin müalicəsini və s. işlərin görülməsini yekunlaşdıra bilməmişdir. Etiraf edir ki, iddiaçıya 950 manat borcu var. İddianı mənəvi zərərin vurulmasına dair hissədə qəbul etmir. Çünki, o, iddiaçıya hər hansı mənəvi zərər vurmamışdır, münasibətləri pozulduğundan dişlərin təmiri işlərini yekunlaşdıra bilməmişdir. Bu səbəbdən, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh vəkili X2 məhkəmə iclasında iddianı qismən qəbul etdi, cavabdehin izahatına əlavəsinin olmadığını bildiriib iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin və onların nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçı cavabdehin evində təmir işləri icra etmişdir. Həmin işlərə görə zəhmət haqqının əvəzləşdirilməsi üçün cavabdeh iddiaçıya dişlərinin müalicə edilməsini təklif etmişdir. Tərəflər qarşılıqlı şəkildə razılaşmışlar. İddiaçı dişlərinin müayinə və müalicəsi, digər stomatoloji xidmətlərin göstərilməsi ilə əlaqədar cavabdehin qəbulunda olmuş, cavabdeh bir neçə dəfəyə iddiaçının dişlərini müayinə etmiş, onların bir qismini çıxarmış, bir qismini sonraki işlərin yerinə yetirilməsinə hazırlıq görülməsi üçün yonmuşdur. Cavabdeh ilkin hazırlıq işlərini görsə də, tərəflər arasında məhkəməyə məlum olmayan səbəbdən anlaşılmazlıq yaranmış və cavabdeh dişlərin təmir edilməsi işlərini yarımçıq saxlayaraq, tam şəkildə başa çatdırmamışdır. İddiaçı cavabdehə dəfələrlə müraciət edərək, müalicənin və texniki işlərin görülüb başa çatdırılmasını tələb etmiş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliklərin icrasından müxtəlif bəhanələrlə yayınmışdır. İddiaçı məcbur olaraq, cavabdehdən sonuncunun evində gördüyü təmir işlərinin pulunun ödənilməsini tələb etmiş, həmin pulla başqa həkimə müraciət edərək, dişlərinin təmirini başa çatdıracağını bildirmiş, lakin cavabdeh 950 manat pul vəsaitini iddiaçıya ödəməmişdir. İddiaçı uzun müddətdir bu vəziyyətdə qalaraq, sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki Məcəllənin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. Başqa şəxsə zərər vurulması. Əsassız varlanma. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, 950 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 120 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 950 manat pul vəsaiti və iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 20 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Ödənilmiş dövlət rüsumunun qalıq hissəsi iddiaçıya aid edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı ona mənəvi zərərin vurulmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmiş, ona mənəvi zərər vurulmasının nədə ifadə edilməsini izah etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 950 manat pul vəsaiti və iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 20 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalıq hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-189/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-189/2023
03.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver