Məhkəmə qərarları › İş №e-2(002)-2170/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2170/2023

18.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2170/2023 18.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh “Mercedes Benz E240” markalı, ** OU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 100 manat pulun və 30,40 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə sığortalı avtomobilin sürcüsü Cavabdeh tərəfindən idarə olunan “Honda İnsight” markalı, ** DK *** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz E240” markalı, ** OU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq, “Mercedes Benz E240” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 100 manat sığorta ödənişi həyata keçirmişdir. Qeyd olunmuşdur ki, xx.xx.2022ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığına görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, 100 manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Ona görə də iddiaçı məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 284-5.1 və 284-5.2-ci maddələrinə əsasən ona göndərilmiş rəsmi bildirişlə bağlı müəyyən edilmiş qaydada iddiaya qarşı hər hansı əsaslandırılmış yazılı etiraz bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284- 5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolun və TP seriyalı ******* saylı, xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, HONDA İNSİGHT (HİBRİD) minik markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat miqdarında cərimə edilmişdir. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən tərtib edilmiş 105626 saylı sığorta aktının surətindən görünür ki, “Mercedes Benz E290” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 100 manat miqdarında qiymətləndirilmişdir. İş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, iddiaçı təşkilat tərəfindən zərər dəymiş əmlakın sahibinə 100 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda, sığorta ödənişini vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ilə bağlı hüquq, əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, iş materiallarında olan sübutlara və sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, iddiaçının cavabdehə qarşı ödənilmiş sığorta məbləğinin (100 manat) subroqasiya qaydasında tutulması tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Məhkəmə, eyni zamanda iddianın dövlət rüsumunun və bank xidməti haqqının cavabdehdən tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, həmin tələb də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-1 - 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 100 (yüz) manat məbləğində sığorta ödənişi məbləği, 30 (otuz) manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı olmaqla, cəmi 130,40 manat (yüz otuz manat qırx qəpik) məbləğində pul tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar