Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2532/2025 22.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Süleyman oğlunun Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Süleyman oğlu Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh sağlamlığa vurmuş olduğu zərər nəticəsində onun çəkdiyi və çəkməli olduğu müalicə və digər xərclərinin əvəzi olaraq 3.000 manat; Cavabdeh əməlləri nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq 200.000 manat olmaqla, ümumilikdə 203.000 manat pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Süleyman oğlu Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cənazənin Azərbaycan Respublikasından Türkiyə Respublikasına nəql prosesi zamanı təcili tibbi yardım üçün çəkilmiş xərclərin, ümumilikdə nəql prosesi zamanı çəkilmiş bütün zəruri xərclərin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə saat 20:00 radələrində Cavabdeh «VAZ-21074» markalı ** XE *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsinin daxilinə gedən yolda saatda 50-60 km. sürətlə hərəkətdə olarkən Bakı-Qazax yolunun 70-ci kilometrliyində yerləşən «SOCAR» yanacaqdoldurma məntəqəsinin yaxınlığında yolun sağ kənarı ilə eyni istiqamətdə piyada hərəkətdə olan X8 və X3 avtomobilinin qabaq hissəsi ilə vurmuşdur. Qəza nəticəsində X9 ciddi zərər dəyməsə də, X5 qəza nəticəsində aldığı xəsarətlər nəticəsində vəfat etmişdir. Hal-hazırki mülki iş üzrə İddiaçı Süleyman oğlu X2 hüquqi varisi, yəni oğludur. Yolnəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərə görə X5 xəstəxanaya aparılmış və görülmüş müalicələrə görə müəyyən xərclər yaranmışdır. Əlavə olaraq, X2 cəsədinin Türkiyə Respublikasına daşınması üçün də böyük miqdarda vəsait xərclənmişdir. Həmçinin, hüquqi varis İddiaçı Süleyman oğlu özünün də Türkiyə Respublikasından gəlməsi, məhkəmə proseslərində iştirak etməsi, hüquqi xidmətin göstərilməsi və digər işlər üzrə xərclər çəkilmişdir. Qeyd edilənlər, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(002)-288/2021 saylı hökmündə öz təsdiqini tapmış və Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Atasının xarici ölkədə ailəsi üçün işləyərkən vəfat etməsi və onun cəsədinin daşınmasının belə bir çox problemlərlə üzləşməsi, ümumilikdə valideynini ağır yol qəzası nəticəsində itirməsi hüquqi varis İddiaçı Süleyman oğlunun ağır fiziki və mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Bütün bunlara səbəb Cavabdeh «VAZ-21074» markalı ** XE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol verdiyi səhlənkarlıq və məsuliyyətsizliyidir. Hazırki iş üzrə Cavabdeh qeyd olunan əməldəki təqsiri Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(002)-288/2021 saylı hökmü ilə müəyyənləşdirilmişdir. İddiaçı Süleyman oğlunun məruz qaldığı mənəvi sarsıntı və iztirablar hələ də davam etməkdədir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi, iddiaya etiraz təqdim edərək izahatında bildirdi ki, xx.xx.2021-ci il tarixdə saat 20:00 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçının atası X4 hadisə yerində vəfat etmişdir. X4 xəstəxanaya TTTY maşını ilə pulsuz aparılmış, ona xəstəxanada hər hansı müalicə tədbirləri görülməmişdir. Belə ki, yuxarıda qeyd etdiyi kimi, X4 hadisə yerində vəfat etmişdir. Təcili və təxirəsalınmaz tibbi yardım maşını hadisə yerinə gələnədək X4 artıq keçinmişdir. Belə olan halda, X1 müalicəsinə hansısa xərclərin çəkilməsi absurddur. Bundan əlavə, iddiaçı mərhum atası X1 Azərbaycan Respublikasından Türkiyə Respublikasına aparılması xərclərini tələb etməsinə baxmayaraq, həmin xərclərin onlar tərəfindən ödənilməsi və bu barədə sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfdə olan məlumata əsasən həmin xərclər mərhumun işlədiyi şirkət tərəfindən qarşılanmışdır. Eyni zamanda, iddia ərizəsində iddiaçı atasının xarici ölkədə ailəsi üçün işləyərkən vəfat etməsinin və onun cəsədinin daşınmasında bir çox problemlərlə üzləşməsi, ümumilikdə valideynini ağır yol qəzası nəticəsində itirməsi hüquqi varis kimi ona ağır fiziki və mənəvi sarsıntı keçirməsinə səbəb olduğu qeyd edilmişdir. Qeyd etmək istəyir ki, baş vermiş yol-nəqliyyat hadisəsi xx.xx.2021-ciil tarixdə, yəni 4 il bundan qabaq baş versə də, iddiaçı nədənsə bu hadisənin ona indi mənəvi təsir etdiyini qeyd edir. Halbuki, iddiaçı bu qədər zaman keçdikdən sonra 2021-ci ildə baş vermiş hadisənin ona hansı mənəvi sarsıntı və iztirablar verməsini iddiasında qeyd etməli idi. Lakin, ərizədə bu barədə heç bir əsaslandırma qeyd edilməmişdir. Hesab edir ki, iddiaçı iddia ərizəsində sadəcə baş vermiş hadisəni qeyd etməklə, bu hadisə nəticəsində ona dəymiş maddi və mənəvi zərərlə əlaqədar əsaslandırılmış dəlilləri ərizəsində qeyd etmədiyi üçün qaldırılmış iddia əsassızdır və təmin edilə bilməz. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 1(002)- 288/2021 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona görə ittiham irəli sürülmüşdür ki, o, 15 aprel 2021-ci il tarixdə saat 20:00 radələrində idarə etdiyi texniki cəhətdən saz olan «Vaz-21074» markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsinin daxilinə gedən yolda saatda 50-60 km sürətlə hərəkətdə olarkən Bakı-Qazax yolunun 70-ci kilometrliyində yerləşən «SOCAR» yanacaqdoldurma məntəqəsinin yaxınlığında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərini pozaraq gözü qamaşdıqda qəza işıq siqnalını qoşub hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandıraraq hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tədbirlərinə riayət etməmiş və mövcud şəraitdə yolun sağ kənarı ilə eyni istiqamətdə piyada hərəkətdə olan X3 avtomobilinin qabaq hissəsi ilə vurub ehtiyatsızlıqdan ona sağ təpə-gicgah sümüklərinin kəllə əsasına keçən xətti sınığı, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, sağ said sümüklərinin yuxarı 1/3-nin qapalı, yerinidəyişən sınıqları, başın sağ təpə-gicgah nahiyəsinin dərialtı hematoması, sağ baldırın əzilmiş yarası, sağ alın-təpə nahiyəsinin, sağ yanağın, sağ bazunun, sağ dirsək oynağının və qarının sıyrıqları ilə nəticələnən, həyat üçün təhlükəli olan, sağlamlığa ağır dərəcəli zərərvuran xəsarətlər yetirərək zərərçəkmiş şəxsin hadisə yerində ölümünə səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Qeyd olunan ittiham üzrə cinayət işinə birinci instansiya məhkəməsində baxılaraq, yuxarıda qeyd edilən ittihamedici hökm çıxarılmışdır. - Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli, 1(103)- 1560/2021 saylı qərarından görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı Süleymanın nümayəndəsi (vəkil) X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş; dövlət ittihamçısı X12 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş; Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli 1(002)-288/2021 nömrəli hökmü verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş; həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzaların müddətləri artırılaraq 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yuxarıda adı çəkilən, preyudisial əhəmiyyət kəsb edən hökmdən görünür ki, cavabdeh tərəfindən ehtiyatsızlıqdan törədilmiş cinayət əməli nəticəsində X5 vəfat etmişdir. Cavabdeh tərəf cinayət əməlinin məhz Cavabdeh tərəfindən törədilməsini mübahisələndirmir. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eləcə də qeyd olunmalıdır ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqedən göründüyü kimi, hüquqi dövlət üçün insan hüquq və azadlıqlarının layiqincə təmin edilməsi əsas göstərici amildir. Konstitusiyanın 12-ci maddəsi ilə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi elan edilərək, hər kəsin həyat və sağlamlığının, şərəf və ləyaqətinin müdafiəsinə təminat verilir. Konstitusiyanın 24-cü maddəsinə əsasən, insan ləyaqəti qorunur və ona hörmət edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Konstitusiyanın 26-cı maddəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 68-ci maddəsinin İİ hissəsi cinayət, habelə hakimiyyətdən suiistifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqlarının qanunla qorunmasını bəyan edir və zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququnu müəyyən edir. Həmin maddənin İV hissəsində qeyd edilir ki, dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Konstitusiyanın bu norması insan hüquq və azadlıqlarının pozulduğu təqdirdə zərərçəkmiş şəxsə dəymiş ziyana görə kompensasiyanın ödənilməsini ədalətli sayaraq bu öhdəliyin yerinə yetirilməsində dövlətin də məsuliyyətini müəyyən edir. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Mülki Məcəllənin mülki hüquq pozuntusunun anlayışını müəyyən edən 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1099-cu maddəsinə müvafiq olaraq, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin 59-cu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi üsulları zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 12.2-ci maddəsinə görə, cinayətin əlamətləri olan əməldən zərərçəkmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət təqibibinin başlanılmasını tələb etməyə, onun həyata keçirilməsində zərərçəkmiş şəxs və ya xüsusi ittiihamçı qismində iştirak etməyə, habelə vurulmuş, mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almağa hüququ vardır. Göründüyü kimi, mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqa zidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqa zidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər Qeyd edilməlidir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Nəzərə alınmalıdır ki, mənəvi təzminat tələbi vərəsəliklə əlaqəli deyil. Belə ki, mənəvi təzminat tələbi ilə çıxış edən iddiaçı ölən şəxsin vərəsəsi olsa da, onların ölümdən əvvəl emosional yaxınlığı olmadığı, iddiaçı şəxsin ölməsi ilə əlaqədar ağrı və kədər hissi və ya mənəvi sarsıntı keçirmədiyi təqdirdə onun mənəvi təzminat almaq tələbi də istisna edilir. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqa zidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hisslərini fərqləndirməlidirlər. Bununla yanaşı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hüquqa zidd hərəkətlər nəticəsində dəymiş mənəvi zərərin ödənilməsinin şərtləri və ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin bu zərərə görə təzminat almaq hüququ olan yaxınlarının dairəsi qanunvericilik qaydasında dəqiq müəyyənləşdirilə bilər. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: - Mülki Məcəllənin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir; - ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər; - ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir; - məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Luliyev və digərləri Rusiyaya qarşı iş üzrə xx.xx.2006-cı il tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə xx.xx.2014-cü il tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə xx.xx.2014-cü il tarixli qərarlarında Avropa Məhkəməsi mənəvi zərərin “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyacan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir. Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə xx.xx.2009-cu il tarixli Qərarında Avropa Məhkəməsi mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Luliyev və digərləri Rusiyaya qarşı iş üzrə Qərarında, həmçinin göstərilmişdir ki, şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumluq əlaqələrinin yaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin spesifikası, qohumun hadisənin şahidi olubolmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir. Maksimov Rusiyaya qarşı iş üzrə xx.xx.2010-cu il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. “Apicella İtaliyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli qərar Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçinin daha zəngin və ya kasıb bir ölkədə yaşamasından asılı olmayaraq eyni pozuntu üçün oxşar məbləğlər verməsi mənasızdır. Çünki pulun dəyəri fərqlidir və həqiqətən yerli iqtisadi inkişafdan və alıcılıq qabiliyyətindən asılıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli aralıq qətnaməsinə əsasən mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. Göründüyü kimi, hazırki iş üzrə iddiaçı cinayət işinə baxılarkən qəti şəkildə barışmaz mövqedə olsa da, hadisənin üzərindən uzun müddət keçəndən sonra məhkəməyə müraciət etmiş, vurulmuş maddi ziyanın (3.000 manat), eləcə də, külli miqdarda dəyərləndirdiyi mənəvi ziyanın (200.000 manat) ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ona maddi ziyan vurulmasına dair mötəbər sübutları, digər sözlə ifadə etdikdə, vurulması qeyd edilən maddi ziyanın həcmini hesablamaq üçün zəruri olan sənədləri (vəfat etmiş şəxsin cənazəsinin daşınma, nəqliyyat (avtomobil yolu, hava yolu və s.) xərcləri, bununla bağlı ödəniş sənədləri, biletlər və s.) məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən, vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair hissədə iddia təmin edilə bilməz. Vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair hissədə iddiaya hüquqi qiymət verən məhkəmə hesab edir ki, bu hissədə iddia qismən təmin edilməli, yuxarıda istinad olunan Plenum Qərarında təsbit olunmuş göstərişlər nəzərə alınmaqla, cavabdehdən iddiaçının xeyrinə vurulmuş mənəvi ziyana görə 5.000 manat pul vəsaiti tutulmalıdır. Göründüyü kimi, iddiaçının atasının ehtiyatsızlıqdan törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi, habelə ölümün cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş verməsi və həmin hərəkətlərlə mənəvi zərər arasında səbəbli əlaqənin olması işin mübahisəsiz halıdır. Belə olan halda, atasının hadisə nəticəsində vəfat etməsi iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnmişdir və işdə belə zərərin vurulmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə vurulmuş mənəvi zərərin məbləği ilə bağlı aşağıdakıları qeyd edir. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi zərərin məbləğinin müəyən edilməsi üçün konkret meyarlar qanunvericiliklə müəyyən edilməmişdir. Mənəvi zərərin məbləği təqsirli şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsirləri aiddir. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək, az olması isə aşağı olmasını şərtləndirir. Belə ki, bir şəxsin yol nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi ilə şəxsin qəsdən həyatdan məhrum edilməsinin məruz qoyduğu mənəvi zərərin məbləği fərqləndirilməlidir.Təzminatın miqdarı ilə bağlı nəzərə alınmalıdır ki, zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxara bilər. İztirab və sarsıntının ağırlıq dərəcəsinə təsir göstərən faktorlardan biri də ölən və ya cismani zərərə məruz qalanın yaxınlarının mənəvi təzminat tələb etmələri halında onların zərərçəkmiş şəxslə qohumluq dərəcəsi və şəxsi münasibətlərinin xarakteridir. Yaxınlara ödəniləcək mənəvi təzminatın miqdarında qohumluq dərəcəsindən asılı olmayaraq mövcud olan şəxsi münasibətlərin xarakteri də əhəmiyyət kəsb edir. Bu zaman sağ ikən şəxslərarası münasibətlərin məzmununa xüsusi diqqət edilməlidir. Odur ki, ölən şəxslə yaxşı münasibəti olan və daim onun yanında qalan bir kəsə ödəniləcək təzminat məbləği, münasibətləri pis olan və uzun zaman ərzində onunla görüşməyən şəxsə ödəniləcək məbləğdən çox olmalıdır. Mənəvi təzminatın məbləğinə təsir edən elementlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Çünki qane olma səviyyəsi hamıda eyni deyil. Təqsirli tərəfin maddi vəziyyəti də mənəvi zərərin müəyyən edilməsində əhəmiyyətli faktorlardan biridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində də mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır. Həmçinin, mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi, təqsirləndirilən şəxs (hazırki iş üzrə cavabdehin) hadisəni törədərkən sürücülük vəsiqəsi olmuşdur və hadisə zamanı spritli içki qəbul etməmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Hadisənin təsirindən hələ də çıxmamışdır. Özünü günahkar hesab edir. Zərərçəkmiş şəxsin hüquqi varisi, yəni oğlu və digər qohumları ilə barışığa cəhd etmişdir. Belə ki, zərəçəkmiş şəxsin meyitinin Türkiyə Respublikasına göndərilməsinə görə bütün xərcləri çəkmişdir. Lakin zərərçəkmiş şəxsin hüquqi varisi, yəni oğlu bunu qəbul etməyərək sonradan zərər çəkmiş şəxsin işlədiyi şirkət vasitəsi ilə həmin pulu ona qaytarmışdır. Bundan başqa valideyinləri və yaxın qohumları zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmək üçün Türkiyə Respublikasına getmiş və onu barışa dəvət etmək üçün dəfələrlə cəhd etmiş, hətta İslam dinində qeyd edilən qan pulu verməyə hazır olduqlarını bildirmişlər. Lakin zərərçəkmiş şəxsin hüquqi varisi onun bağışlanmasını rəhmətlik atasına qarşı xəyanət olduğunu qeyd edərək barışmamışdır. Zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi təqsirləndirilən şəxsin ifadəsində qeyd edilən məqamlara cinayət işinin məhkəmə istintaqı zamanı heç bir etiraz bildirməmiş, sadəcə olaraq zərər çəkmiş şəxsin hüquqi varisi ilə təqsirləndirilən şəxs arasında hələ də barışığın əldə edilmədiyini qeyd etmişdir. Hazırki işdə vurulmuş mənəvi zərərin ədalətli və obyektiv şəkildə müəyyən edilməsinə təsir edən ən vacib amil iddiaçının yetkin insan olmaqla, ata himayəsinə ehtiyacının qalmaması, eləcə də fiziki və əqli cəhətdən sağlam olmasıdır. İddiaçı ehtiyatsızlıqdan törədilmiş yol-nəqliyyat hadisəsi (cinayət məsuliyyəti yaradan əməl) zamanı ona fiziki və mənəvi cəhətdən yaxın olan əzizindən məhrum olmuşdur. Lakin iddiaçı öz durumuna görə atasından (valideynindən) məhrum olan yetkinlik yaşına çatmamış, şikəst, əlil uşağın durumundan fərqli vəziyyətdədir. Digər sözlə ifadə etdikdə, yetkinlik yaşına çatmamış, valideyn himayəsinə ehtiyacı olan uşaq, şikəst və əlil olmayan iddiaçının valideynini itirməsi həyatında özünəməxsus boşluq yaratsa da, bu, onun sağlamlıq durumu ilə bağlı qayğılarına, eləcə də maddi təminatına, gündəlik həyat ritminə mənfi təsir etmir. İddiaçı ona fiziki, maddi və mənəvi köməklik göstərən hamidən, himayəçidən, qəyyumdan məhrum olmamışdır, doğma, əziz insanından məhrum olmuşdur. Bu hal (hadisə), onun həyatına hüzn çalarları gətirsə də, iddiaçının fiziki, maddi və mənəvi cəhətdən yetkin insan kimi həyatını davam etdirməsinə maneələr yaratmamışdır. Bu səbəbdən, vurulmuş mənəvi zərərin həcmi müəyyən edilərkən qeyd olunan hal nəzərə alınmalı və zərərin həcmi ədalətli məbləğdə müəyyən edilməlidir. Məhkəmə qeyd edilən halların hər birini: - hadisənin üzərindən 4 ildən çox müddət keçməsini, bu müddət ərzində iddiaçının valideynini itirməsindən dolayı keçirdiyi ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirab hissinin ilk vaxtlara, yəni hadisə baş verən ilk dönəmlərə nisbətən azaldığını; - təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd göstərməsini; - tələb olunan mənəvi zərərin ağlabatan məbləğdə tutulmalı olmasını, bu zaman cavabdehin ödəniş imkanlarını nəzərə alaraq hesab edir ki, vurulmuş mənəvi zərərə görə təyin edilən 5.000 manat ədalətli və ağlabatan məbləğdir. Həmin məbləğin tutulması ilə iddiaçı ilə cavabdeh arasında ədalət və balans prinsipi qorunmuş, işin diqqətəlayiq bütün halları nəzərə alınmış olur. Bundan əlavə, iddiaçı mənəvi zərərə görə 200.000 manat pul tələb etsə də, həmin məbləği şərtləndirən halları ərizəsində əsaslandırmamışdır. Məhkəmə qeyd edir ki, ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Lakin iddiaçınını hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməsini, zərərçəkmiş şəxsin onun atası olmaqla yaxınlıq və bağlılıq dərəcəsinin yüksək olmasının mübahisəsiz olması və iztirabın davamlı xarakter daşıması ilə birlikdə qiymətləndirərək hesab edir ki, iddia tələbi iddiaçıya vurulmuş mənəvi zərərə görə 5.000 manat pul vəsaitinin cavabdehdən tutulması həddində təmin edilməsi ədalətli və ağlabatan olacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.3-cü maddəsinə əsasən, əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddia səhhətə xəsarətlər yetirilməsinə ilə bağlı olduğundan, iddiaçı dövlət rüsumu ödəməkdən azaddır və iddia qismən təmin edildiyindən, dövlət rüsumu həmin nisbətdə, yəni 70 manat olmaqla cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, törədilmiş cinayət əməli nəticəsində vurulmuş mənəvi ziyana görə 5.000 (beş min) manat pul vəsaiti Cavabdeh İddiaçı Süleyman oğlunun xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş mənəvi ziyana görə 5.000 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı İsmayıl oğluna ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Törədilmiş cinayət əməli nəticəsində vurulmuş mənəvi ziyana görə 5.000 (beş min) manat pul vəsaiti Cavabdeh İddiaçı Süleyman oğlunun xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. İddia ərizəsinin verilməsinə görə iddiaçının azad edildiyi 70 (yetmiş) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-2532/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2532/2025
22.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver