Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3059/2024 19.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı1, onun və digər İddiaçı2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil, cavabdeh "Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti"nin Azərbaycan Respublikasındakı Filialının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti"nin Azərbaycan Respublikasındakı Filialına və Cavabdeh2 qarşı dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, maddi ziyanın əvəzi kimi 100000 (yüz min) manat, mənəvi ziyanın əvəzi kimi 100000 (yüz min) manat olmaqla, cəmi 200000 (iki yüz min) manat məbləğində pulun cavabdehlər “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialından və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçıların etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdeh şirkətin sürücüsü X8 04 may 2022-ci il tarixdə saat 19:00 radələrində cavabdeh “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Republikasındakı filialına məxsus, cavabdehlərin nəzarət etməməsi nəticəsində qanunla daşınmalı yük kütləsindən artıq yüklə idarə etdiyi “Ford Kargo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobildə istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsi üçün müəyyən etdiyi kəmiyyətdən, yəni 32 tondan artıq, təxminən 55 ton yük daşıyaraq nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuş və Şəmkir şəhəri, Şuşa küçəsi ilə şəhərin mərkəz hissəsi istiqamətində hərəkətdə olarkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, qanunun qeyd edilən tələblərini pozması nəticəsində idarə etdiyi “Ford Kargo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin istiqamətdə ondan öndə hərəkətdə olan X1 idarə etdiyi “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Republikasındakı filialına məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “Ford Kargo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa hissəsinə dəymiş, “Ford Kargo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşma nəticəsində yolun sağ hissəsinə yuvarlanmış, nəticədə ehtiyatsızlıqdan həmin avtomobilin sürücüsü X2 insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər, eyni zamanda ehtiyatsızlıqdan “Ford Kargo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan qeydiyyatçı X15 insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətini törətmişdir. X23 İddiaçı1 həyat yoldaşı, İddiaçı2 isə atası olmuşdur. T.Cəfərov məhkəmə hökmünə əsasən təqsirli bilinərək məhkum edilmişdir. İddiaçı tərəf hesab edir ki, hadisənin baş verməsində cavabdehlər də təqsirlidir, ona görə də onlara qarşı maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırılmışdır. Belə ki, cavabdehlər normadan artıq yüklənməyə nəzarət etməmiş, bu barədə qanunvericiliyin tələblərinə əməl etməmişlər. Həmçinin, nəqliyyat vasitəsinin ümumi kütləsi 50 tondan artıq olduqda, iriqabaritli və ağırçəkili nəqliyyat vasitələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) avtonəqliyyat vasitəsi ilə müşayiət edilməlidir, lakin bu müşayiət təmin edilməmişdir. Bundan əlavə, mərhum A.Əliyev işəgötürən tərəfindən iş vaxtından artıq işə qanunsuz olaraq cəlb edilmişdir. Həmçinin, X13 Xidməti tərəfindən tərtib edilmiş təhqiqat aktı ilə T.Cəfərovun, Cavabdeh2 əmək qanunvericiliyini pozduğu müəyyən edilmişdir. A.Əliyevin vəfatı ilə onun vərəsələri olan iddiaçılar ağır maddi və mənəvi ziyana məruz qalmışlar. A.Əliyevin vəfatından sonra ailəsi sarsılmış, ağır stres və əzaba düçar olmuşdur. A.Əliyev sağ qalsaydı, pensiya yaşına qədər həmin şirkətdə işləyə və ailəsinin təminatını özü ödəyə bilərdi. Belə ki, İddiaçı1 hazırda işləmir, İddiaçı2 isə tələbədir, Bakı Slavyan Universitetinin “Xarici dil müəllimliyi” fakultəsinin "Xarici dil müəllimliyi" ixtisası üzrə əyani formada, ödənişli əsaslarla təhsil alır, atasının ölümündən sonra təhsil haqqını ödəməkdə çox böyük çətinliklər çəkir. Bütün bunlara baxmayaraq, cavabdeh şirkət tərəfindən onlara A.Əliyevin vəfatından sonra cəmi 5000 manat maddi yardım verilmiş, "xxxx" Sığorta Şirkəti tərəfindən isə cəmi 5138 manat sığorta ödənişi verilmişdir. Sığorta ödənişi barədə araşdırma aparmışlar və məbləğin düzgün olduğunu müəyyən etmişlər. Ona görə də hazırda iddia tələbi cavabdeh işəgötürənə, həmçinin öz əmək vəzifələrini pozan Cavabdeh2 qarşı irəli sürülmüşdür. İddiaçılar hesab edir ki, cavabdehlərdən maddi ziyanın əvəzi kimi 100 min manat, mənəvi ziyanın əvəzi kimi 100 min manat pul tutularaq iddiaçılara verilməlidir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı İddiaçı1 iddiaçıların etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil izahatına uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdeh "Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti"nin Azərbaycan Respublikasındakı Filialının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 cavabdehin yazılı etirazına uyğun izahat verərək bildirdi ki, cavabdeh iddia tələbinə etiraz edir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239.5-ci maddəsinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində nəzərdə tutulmuş ödənişlərin verilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. X19 "Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi'nin Azərbaycan Respublikasında Filialında işlədiyi müddətdə icbari sığorta olunmuşdur. Ona görə də X11 ölümünə görə "xxxx" Sığorta Şirkəti ASC tərəfindən onun ailəsinə maddi ziyanın əvəzi kimi sığorta ödənişi ödənilmişdir. Bu səbəbdən hazırda maddi ziyan tələbinin hüquqi əsası yoxdur. Bundan başqa, şirkət tərəfindən mərhumun ailəsinə xx.xx.2022-ci il tarixdə 2000 (iki min) manat, xx.xx.2022-ci il tarixdə 3000 (üç min) manat, cəmi 5000 (beş min) manat pul ödənilmişdir. Həmçinin, qeyd edir ki, mərhum A.Əliyev bilirdi ki, cəmi iki illik layihədə işləyir, ona görə onun pensiyaya qədər həmin şirkətdə işləmək ehtimalı barədə deyilənlər həqiqətə uyğun deyil. Bundan başqa, bütün işçilər, o cümlədən A.Əliyev iş vaxtından artıq işə cəlb olunmağı həmişə özləri istəyirdilər, çünki əlavə ödəniş alırdılar. Hadisə nəticəsində şirkətə də 75 min manat maddi ziyan dəymişdir, ona görə də şirkətə qarşı yönələn hazırki iddia tələbini həddən artıq şişirdilmiş və əsassız hesab edir, həmçinin bildirir ki, hadisə nəticəsində vəfat etmiş digər işçinin (E.Muxdarov) daha ağır vəziyyətdə olan ailəsinə eyni iddia tələbi üzrə məhkəmə qətnaməsi ilə yalnız mənəvi ziyana görə 10 min manat pul tutulmuşdur. Bununla yanaşı, Cavabdeh2 qarşı iddia tələbini də əsassız hesab edir. Belə ki, hazırda şirkətdə işləməyən Cavabdeh2 baş sürücü işlədiyi dövrdə yalnız sürücüləri yoxlamış, qeydiyyatçı işləyən A.Əliyevə hadisə günü hansı avtomobildə əyləşməsinə dair göstəriş verməmişdir, onun təqsirli olması barədə hər hansı məhkəmə qərarı yoxdur, hökmdə yalnız T.Cəfərov təqsirli bilinmişdir. Həddən artıq yüklənməyə gəldikdə isə qeyd edir ki, cinayət işi üzrə ekspert rəyində normadan artıq yüklənmə barədə yalnız sürücünün izahatına əsaslanmışlar, avtomobil tərəzidə çəkilməmişdir, hesab edir ki, iddiaçı tərəfin dedikləri əsassızdır. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Digər Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X13 Xidməti və "xxxx" Sığota Şirkəti ASC məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı ilə X19 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinin surətindən görünür ki, X19 qeydiyyatçı vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan 700712 nömrəli əmək kitabçasının surətindən görünür ki, X19 xx.xx.2020-ci il tarixdə “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialında fəhlə vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdən qeydiyyatçı vəzifəsinə təyin edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən 138 saylı əmrlə AR ƏM-nin 74-cü maddəsinin “e” bəndinə əsasən (işçi vəfat etdikdə) xitam verilmişdir. İş materiallarında olan "Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti"nin Azərbaycan Respublikasındakı Filialının A.Y.Əliyev ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 138 saylı, xx.xx.2022-ci il tarixli əmrinin surətindən görünür ki, qeydiyyatçı X18 ilə bağlanmış əmək müqaviləsinə onun vəfat etməsi ilə əlaqədar AR Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndinə əsasən 24 may 2022-ci il tarixindən xitam verilməsi, mərhum A.Y.Əliyevin varislərinə istifadə etmədiyi əsas məzuniyyətə görə 8 təqvim günü üçün kompensasiyanın, habelə onun orta aylıq əmək haqqının 3 (üç) misli miqdarında müvinətin hesablanaraq ödənilməsinin təmin edilməsi əmr edilmişdir. İş materiallarında olan "Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti"nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X19 "Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti"nin Azərbaycan Respublikasındakı Filialında xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək işləmiş, 2020-ci il üzrə 1112,93 manat, 2021ci il üzrə 5536,28 manat, 2022-ci il üzrə 1908,08 manat məbləğində əmək haqqı almışdır. İş materiallarında olan “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı ilə X8 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinin surətindən görünür ki, X8 yük maşını sürücüsü vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı ilə X4 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müddətli əmək müqaviləsinin surətindən görünür ki, X4 yük maşını sürücüsü vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan "Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti"nin Azərbaycan Respublikasındakı Filialının E.M.Muxdarov ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 139 saylı, xx.xx.2022-ci il tarixli əmrinin surətindən görünür ki, onun vəfat etməsi ilə əlaqədar AR Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndinə əsasən əmək müqaviləsinə 24 may 2022-ci il tarixindən xitam verilməsi, mərhum .M.Muxdarovun varislərinə istifadə etmədiyi əsas məzuniyyətə görə 37 təqvim günü üçün kompensasiyanın, habelə onun orta aylıq əmək haqqının 3 (üç) misli miqdarında müvinətin hesablanaraq ödənilməsinin təmin edilməsi əmr edilmişdir. İş materiallarında olan əmək müqaviləsi bilidirişinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixdən "Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti"nin Azərbaycan Respublikasındakı Filialnda baş sürücü vəzifəsində işləmişdir. İş materiallarında olan "Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti"nin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh2 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 160 saylı, xx.xx.2023-cü il tarixli əmrinin surətindən görünür ki, baş sürücü Cavabdeh2 ilə bağlanmış əmək müqaviləsinə onun xahişi ilə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən 07 aprel 2023-cü il tarixindən xitam verilməsi əmr edilmişdir. İş materiallarında olan İV-JQ seriyalı, 477289 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1977-ci il tarixdə Yevlax rayonunda anadan olmuşdur, onun atası X6, anası X7r. İş materiallarında olan AZ-İ No 905375 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 09 dekabr 2017-ci il tarixdə Yevlax rayonunda ağciyər, ürək çatışmazlığı səbəbindən vəfat etmişdir. Bu barədə Yevlax rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 26 dekabr 2017-ci il tarixində 410 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan AZ-İİ No 249380 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 20 mart 2022-ci il tarixdə Yevlax rayonunda vəfat etmişdir. Bu barədə Yevlax rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 04 aprel 2022-ci il tarixində 241 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Vİ-JQ seriyalı, 495819 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə X19 04 dekabr 1998-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar, nikahları Yevlax şəhər VVAQ şöbəsində rəsmiləşdirilmişdir, nikah bağlandıqdan sonra arvada “Əliyeva” soyadı verilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 127404 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.2002-ci il tarixdə Yevlax rayonunda anadan olmuşdur, onun anası İddiaçı1, atası X16r. İş materiallarında olan AZ-İİ No 249473 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 04 may 2022-ci il tarixdə Şəmkir rayonunda vəfat etmişdir. Bu barədə Yevlax rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 06 may 2022-ci il tarixində 577 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı Slavyan Universiteti tərəfindən verilmiş 850 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı2 2020-2021-ci tədris ilində Bakı Slavyan Universitetinin Xarici dil müəllimliyi fakültəsinin “Xarici dil müəllimliyi (rus dili üzrə)” ixtisasına qəbul olmuşdur, əyani formada, ödənişli əsaslarla təhsil alır. İş materiallarında olan Bakı Slavyan Universiteti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı2 tərəfindən Bakı Slavyan Universitetinə qəbul olunduğu tarixdən etibarən (xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər) ümumilikdə 6800 manat təhsil haqqı ödənilmiş, qalıq 2602 manat təhsil haqqı qalmışdır. İş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(100)- 151/2023 nömrəli hökmününü sürətindən görünür ki, xx.xx.2022-ci il tarixdə iki şəxsin (A.Əliyev, E.Muxdarov) ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətini törətdiyinə görə X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında” 02/2023 saylı aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş bədbəxt hadisə zamanı zərərçəkmiş şəxs X19, əmək qanunvericiliyinin pozuntusuna yol vermiş şəxslər X8, Cavabdeh2 Gülyar oğludur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İstehsalatda baş verən bədbəxt hadisənin təhqiq edilməsi üçün Təhqiqat komissiyasının yaradılması haqqında” 13 iyul 2022-ci il tarixli əmrinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının işçiləri X1, X11 ölmələri və X5 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə baş vermiş və bədbəxt hadisənin təhqiq edilməsi məqsəsilə təhqiqat komissiyası yaradılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktubları ilə təqdim olunmuş təhqiqat materialları üzrə “Əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyi”ndən görünür ki, komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4-cü bölməsinin 4.1-ci bəndinə əsasən “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının sürücüsü X5, 4.2-ci bəndinə əsasən “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının baş sürücüsü Cavabdeh2 Gülyar oğlunun cavabdehliyini müəyyən etmişdir. X1, X11 ölmələri və X5 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə istehsalat xarakterlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na müvafiq olaraq İZ formalı aktlarla rəsmiləşdirilməli və “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən uçota alınmalıdır. Komissiya zərərçəkənlə və vəfat etmiş şəxslərin ailə üzvləri ilə görüşərək onlara sosial təminat hüquqlarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada izah etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na əsasən, X13 Xidmətinin müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının sabiq işçisi mərhum X11 xx.xx.2022-ci il tarixdə ölümü ilə nəticələnmiş bədbəxt hadisə təhqiq edilmişdir. Təhqiqatın gedişində məlum olmuşdur ki, “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı ilə "xxxx" Sığorta Şirkəti ASC arasında icbari sığorta müqaviləsi bağlanılmış və mərhum X19 istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi halarından icbari sığorta edilmişdir. Bununla bağlı bildirilmişdir ki, mərhum A.Əliyevin xx.xx.2022-ci il tarixdə ölümü ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat materiallarının surəti xx.xx.2023-cü il tarixli 3-17- 5/2-4483/2023 nömrəli məktubla "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə göndərilmişdir. İstehsalat qəzası nəticəsində xəsarət almış işçiyə sığorta ödənişlərinin verilməsi "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli Qanununun tələblərinə müvafiq qaydada həyata keçirilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən, sığorta hadisəsi istehsalatda bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt (İZ formalı) və müvafiq icra hakimiyyəti orqanının istehsalatda bədbəxt hadisə və peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı və ya şəxsin ölümü haqqında şəhadətnamə əsasında müəyyən olunur. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci və 198.3-cü maddələrinə əsasən, texniki təhlükəsizlik və əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən həmin qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkənin sağlamlığına yüngül və ya az ağır zərər yetirildikdə həmin vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilərdi. İş materiallarında olan "xxxx" Sığorta Şirkəti ASC ilə “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, QAL- 00010794 nömrəli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nin surətindən görünür ki, sığortalının qanunvericiliklə müəyyən edilmiş müvafiq sığorta tarifləri əsasında hesablanan və bu müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində onunla bağlanmış əmək müqaviləsi əsasında ixtisaslaşdırılmış tikinti işləri fəaliyyətinə cəlb edilmiş fiziki şəxslərin həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə sığortaçı qanununvericilikdə müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəliyini götürür. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 785 №-li ödəniş tapşırığından görünür ki, "xxxx" S.Ş. ASC tərəfindən İddiaçı2 hesabına 5138,53 manat sığorta ödənişinin köçürülməsi icra olunmuşdur. İş materiallarında olan sığorta ödənişi barədə İA-003/23 nömrəli, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, X11 ölməsi ilə nəticələnən sığorta hadisəsi ilə əlaqədar olaraq sığorta ödənişinin ümumi məbləği 5138,53 manat təşkil edir. Sığorta ödənişi kimi 5138,53 manat məbləğində pul İddiaçı2 məxsus hesaba köçürülmə yolu ilə ödənilmişdir. "xxxx" Sığorta Şirkəti ASC-nin hadisə ilə bağlı sığorta ödənişi həyata keçirildikdən sonra faydalanan şəxs qarşısında heç bir öhdəliyi qalmır. İş materiallarında olan “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının “xx.xx.2022-ci il tarixində cəmiyyətin bəzi işçilərinin iş vaxtından artıq vaxtda işə cəlb olunması haqqında” 122/1 saylı, xx.xx.2022-ci il tarixli əmrinin surətindən görünür ki, cəmiyyətdə təxirəsalınmaz işlərin həyata keçirilməsi məqsədilə qeyd olunan işçilərin, o cümlədən qeydiyyatçı X12 xx.xx.2022-ci il tarixində saat 17:00-dan 19:00-dək iş vaxtından artıq vaxtda işə çıxmasının təmin edilməsi əmr edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ford Kargo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin sahibi “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən verilmiş xx.xx.2024-cü i tarixli məlumatların təqdim edilməsi barədə məktubdan görünür ki, “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialına məxsus **-JT-*** və **-JT-*** dövlət qeydiyyat nişanlı “Ford Karqo” markalı nəqliyyat vasitələrinə beynəlxalq və ya ölkədaxili yükdaşıma fəaliyyəti göstərməsi üçün buraxılış kartı alınmamışdır. İş materiallarında olan “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024cü il tarixli, 012 saylı məktubdan görünür ki, “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı Əliyev Asifin ailəsinə dəymiş maddi və mənəvi ziyanla əlaqədar olaraq xx.xx.2022-ci il tarixində 2000 manat, xx.xx.2022-ci il tarixində 3000 manat, ümumilikdə cəmi 5000 manat pul ödəmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1510/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 cavabdeh “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialına qarşı maddi və mənəvi ziyanın ödənilməsi barədə iddiasının qismən təmin edilməsi, cavabdeh “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialından mənəvi ziyana görə 10000 manat pul vəsaitinin tutularaq iddiaçı X3 xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə ilə müəyyən edilmişdir ki, mərhum E.Muxdarov işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunduğundan, işəgötürənin maddi məsuliyyəti istisna edilir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6537/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1510/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, mərhum A.Əliyev əmək funksiyalarının icrası zamanı baş vermiş istehsalat xarakterli bədbəxt hadisə nəticəsində vəfat etmiş, həmin hadisəyə görə cavabdeh işəgötürənin işçisi T.Cəfərov cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmişdir. Ona görə də baş vermiş hadisəyə görə cavabdeh işəgötürənin məsuliyyət daşımalı olduğu mübahisə doğura bilməz. Buna baxmayaraq, mülki iş üzrə sübutlara və qüvvədə olan məhkəmə aktlarına əsasən, məhkəmə müəyyən edir ki, mərhum A.Əliyev cavabdeh işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunduğundan, cavabdeh işəgötürənin maddi məsuliyyəti istisna edilir, bu səbəbdən ona qarşı yönələn iddia tələbi maddi ziyan hissəsində əsassız hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda, təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda və bu şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır. Həmin Məcəllənin 195-ci maddəsinin “c” bəndinə əsasən, işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə işəgötürən işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 215-ci maddəsinə əsasən, müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər: əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini; binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini və s. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və onun təhqiqatının aparılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən, işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. Həmin Məcəllənin 238-ci maddəsinə əsasən, işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin edilmədikdə və kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlər yerinə yetirilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada işəgötürən inzibati və cinayət məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən, işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Həmin Məcəllənin 239.5-ci maddəsinə əsasən, bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta (bundan sonra – icbari sığorta) – istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfidir. Həmin Qanunun 10.1-ci bəndinə əsasən, bu Qanuna əsasən sığorta hadisəsi aşağıdakılar əsasında müəyyən olunur: 10.1.1. istehsalatda bədbəxt hadisə haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı şəxslə bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı; 10.1.2. müvafiq icra hakimiyyəti orqanının istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı və ya şəxsin ölümü haqqında şəhadətnamə. Həmin Qanunun 16.3-cü bəndinə əsasən, birdəfəlik sığorta ödənişi bu Qanunla müəyyən olunmuş qaydada aylıq sığorta ödənişi məbləğlərinin cəm halda birdəfəlik ödənilməsidir. Birdəfəlik sığorta ödənişi aşağıdakı hallarda verilir: 16.3.2. sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda. Bununla yanaşı, məhkəmə hesab edir ki, cavabdeh işəgötürənə qarşı yönələn mənəvi ziyan barədə iddia tələbi qismən əsaslıdır. Belə ki, baş vermiş bədbəxt hadisə nəticəsində iddiaçıların mənəvi iztirab və sarsıntı keçirdiyi mübahisə doğurmur. Məhkəmə, işin faktiki hallarını, həmçinin qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilən halları nəzərə alaraq, mənəvi ziyan tələbinin 10 min manat həddində təmin edilməsini ağlabatan və ədalətli hesab edir. Həmçinin qeyd edir ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 290.3-cü maddəsinə əsasən, işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bundan əlavə, məhkəmə iclasında müəyyən edildi ki, iddia tələbi digər cavabdehə münasibətdə əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, Cavabdeh2 “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında” 02/2023 saylı aktda əmək qanunvericiliyinin pozuntusuna yol vermiş şəxs kimi qeyd olunsa da, X13 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda izah edildiyi kimi, buna görə hər hansı inzibati, cinayət məsuliyyətinə cəlb edilməmiş (hətta bu barədə hər hansı inzibati xəta haqqında protokol belə tərtib edilməmiş), onun təqsirli olduğu digər işçi T.Cəfərovdan fərqli olaraq hər hansı məhkəmə qərarı ilə müəyyən edilməmişdir. Baş vermiş hadisə nəticəsində yalnız T.Cəfərov təqsirli bilinərək məsuliyyətə cəlb edilmişdir. Həmçinin, Cavabdeh2 əmək qanunvericiliyinin pozuntusuna yol vermiş şəxs kimi qeyd olunması, işəgötürənin məsuliyyətini yaradan əsaslardan biri kimi qiymətləndirilməli, onun işəgötürəndən ayrıca olaraq məsuliyyət daşıması üçün yetərli dəlil hesab edilməməlidir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyət olduğu halda, işçinin məsuliyyət daşıması üçün onun təqsirli olduğu sübuta yetirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına əsasən, işəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən müəyyən edildi ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh "Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti"nin Azərbaycan Respublikasındakı Filialından mənəvi zərərin əvəzi kimi 10 min manat məbləğində pul vəsaiti tutularaq iddiaçılara ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı tərəf dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib məbləğdə dövlət rüsumu, yəni 120 manat pul cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti"nin Azərbaycan Respublikasındakı Filialından mənəvi zərərin əvəzi kimi 10000 (on min) manat məbləğində pul vəsaiti tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. İddia ərizəsinin verilməsinə görə iddiaçıların azad edildiyi 120 (yüz iyirmi) manat məbləğində dövlət rüsumu cavabdeh "Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti"nin Azərbaycan Respublikasındakı Filialından tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №e-2(002)-3059/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3059/2024
19.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver