Məhkəmə qərarları › İş №e-2(003)-1383/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1383/2025

11.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1383/2025 11.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak tələbinə dair” mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:

1. İddiaçı Cavabdeh1 qarşı “əmlak tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qab-qaşıq-(boşqab, qazan dəstləri, stəkan və nəlbəki dəstlər, çəngəl, qaşıq, bıçaq dəstləri) və ya dəyəri olan 5000 AZN; yorğan döşək adyal yataq dəstləri dəsmal, süfrə, hamam dəstləri və ya dəyəri - 1500 AZN; 5 ədəd lüstür və ya dəyəri -1200 AZN; Qlobus suvenir və iri kuzə - və ya dəyəri 500; Xalça - 6 ədəd və ya dəyəri - 2000 AZN; divar saatı – 150 AZN, Yataq mebeli – yataq otağı mebeli (termo, şfaner, iki tumba, taxt, stul, şkaf) ümumilikdə dəyəri 5000 AZN; qonaq otağı (divan, kreslo, jurnal masası, kamot, qorka,bar, stol, 8 ədəd stul və ya dəyəri 8000AZN; Televizor və televizor altlığı, kalonkalar 4 ədəd, DVD - və ya dəyəri 900 AZN; Mətbəx mebeli - stol, stul daxil olmaqla və ya dəyəri 1300 AZN; Soyuducu - 500 AZN; Paltaryuyan - 500 AZN; Soba - 150AZN; Ətçəkən - 150 AZN, Sokçəkən - 80 AZN; Mikser- 40 AZN; Toster - 40 AZN; Kofedəmləyici - 30 AZN; Blender- 30 AZN; Tozsoran - 250 AZN; Fen - 100 AZN; Ütü - 70 AZN; Ütü masası - 30 AZN; Fınıqçəkən - 30 AZN; Çaynik dəsti - 90 AZN; Parfumeiya - əşyaları (parfümlər, aksessuarlar, laklar, kremlər) - 700 AZN; Afrodita-(sırğa, sep, üzük və qolbaq) cəmi 4000 AZN; Zəncir - (qolbaq və sep) - 3800 AZN; İlbiz (sırğa və üzük) - 4000 AZN; Tək üzük - 800 AZN; Nişan üzüyü - 1000 AZN cavabdehlərdən alınaraq qaytarılması və ya həmin əmlaklar olmadıqda pul əvəzinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 ilə 23 iyul 2010-cu il tarixdə nikaha girərək ailə qurmuş, nikahları Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(003) - 2723/2015 saylı qətnaməsi ilə pozulmuş, lakin iddiaçı nikahın pozulmasından sonra da gəlin köçdüyü Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski 81, blok 1, mənzil 67 (ünvan 1 ünvanında yaşamağa davam etmiş, faktiki olaraq özünə məxsus əşyalardan istifadə etmiş, lakin aralarında olan münaqişələr zəminində 2023-cü ilin mart ayında mənzildən birbaşa ailəsinin də köməyi ilə (ata və ana) uşaqlarla birlikdə Polis Şöbəsinə yaxınlaşıb şikayət etməklə evdən çıxmışdır. Daha sonra evin açarları dəyişdirilmiş və nəticədə iddiaçı həmin mənzilə daxil olub əşyalarını götürə bilməmiş, iddiaçıya məxsus siyahıda qeyd edilən əşyalar həmin mənzildə qalmışdır. (i.v. 5)

3. Daha sonra iddiaçı əlavə cavabdehin işə cəlb edilməsi barədə vəsatət təqdim edərək, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski 81, blok 1, mənzil 67 ünvanında yerləşən mənzilin mülkiyyətçisi olaraq Cavabdeh1 anası xx.xx.1954-cü il təvəllüdlü Cavabdeh2 cavabdeh olaraq mülki iş üzrə əlavə edilməsini xahiş etmişdir. (i.v. 40)

4. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, ərizədə göstərilən əşyaların heç biri cavabdehdə yoxdur. Ona görə iddia tələbinin təmin edilməməsini xahiş emtişdir. (i.v. 18)

Mülki işin materialları:

İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

5. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(003)-2723/2015 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 ilə X7 arasında 23 iyul 2010-cu il tarixdə Xəzər rayon Qeydiyyat şöbəsində 1105 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-ci il təvəllülü X4 İddiaçı yanında qalması və uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 100 (bir yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. (i.v. 19-21)

6. İddiaçı tərəfindən verilmiş vəsatətdən görünür ki, iddiaçı tələb etdiyi əşyaların evə yığılmasında və döşənməsində iştirak etmiş X1, X2 və X6 məhkəmə iclasında şahid qismində dindirilmələrini xahiş etmişdir. (i.v. 36)

7. İddiaçı tərəfindən verilmiş vəsatətdən görünür ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski 81, blok 1, mənzil 67 ünvanında yerləşən mənzilin mülkiyyətçisi olan Cavabdeh1 anası xx.xx.1954-ci il təvəllüdlü Cavabdeh2 mülki iş üzrə əlavə cavabdeh olaraq cəlb edilməsini xahiş etmişdir. (i.v. 40)

8. Məhkəmənin 03 aprel 2025-ci il tarixli hazırlıq iclasının protokolundan görünür ki, iddiaçının şahidlərin dindirilməsi və Cavabdeh2 əlavə cavabdeh qismində işə cəlb edilməsi barədə vəsatətləri protokol qaydasında qəbul edilən qərarla təmin edilmişdir. (i.v. 41-42)

9. RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski 81, blok 1, mənzil 67 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə xx.xx.2017-ci il tarixində Cavabdeh2 adına dövlət qeydiyyatına alınmışdır. (i.v. 150)

10. İddiaçı vəkili Vəkil2 tərəfindən verilmiş vəsatətdən görünür ki, o, iddiaçının 2024cü ilin mart ayında evdən çıxan zaman 24-cü Polis şöbəsinə etdiyi müraciəti əsasında toplanmış materialların əldə edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. (i.v. 58)

11. Məhkəmənin 24 aprel 2025-ci il tarixli hazırlıq iclasının protokolundan görünür ki, iddiaçının vəsatəti protokol qaydasında qəbul edilən qərarla təmin edilərək, 24-cü PŞ-nə sorğu göndərilməsi qərara alınmışdır. (i.v. 60)

12. Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli 52-2/2- 4354 saylı məktubundan görünür ki, Cavabdeh1 barəsində Nizami RPİ-nin 24-cü PŞ-nə daxil olmuş HK-1-3566 saylı təhqiqat materialı əsasında toplanmış “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qəbul edilmiş qərar və materialda olan sənədlərin təsdiq olunmuş surəti məhkəməyə təqdim olunmuşdur. (i.v.71-77)

13. Məhkəmənin 20 may 2025-ci il tarixli hazırlıq iclasının protokolundan görünür ki, İddiaçı vəkili Vəkil2 tərəfindən 24-cü PŞ-nin sorğuya tam və müfəssəl cavab vermədiyini, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqat materialının tam şəkildə əldə edilməsi məqsədilə yenidən sorğu verilməsi barədə şifahi vəsatət verilmiş və məhkəmənin protokol qaydasında qəbul etdiyi qərarla vəsatət təmin edilərək, Nizami RPİ-nin 24-cü PŞ-nə sorğu verilməsi qərara alınmışdır. (i.v. 81)

14. Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli 52-2/2- 7140 saylı məktubundan görünür ki, İddiaçı Nəsimi RPİ-dən Nizami RPİ-nin 24-cü PŞ-nə daxil olmuş müraciəti əsasında toplanmış HK-1-3566 saylı materialda olan sənədlərin təsdiq olunmuş surəti məhkəməyə təqdim olunmuşdur. (i.v. 110-126)

15. İddiaçı Daxili İşlər Nazirliyinə ünvanladığı xx.xx.2024-cü il tarixli ilkin elektron müraciətindən görünür ki, o, keçmiş həyat yoldaşı (cavabdeh) Cavabdeh1 şikayət edərək, onun başqa şəxslə münasibətini əks etdirən fotoşəkil və videoları yaymaqla hədə-qorxu gələrək, uşağı ondan almaq istəməsini, onun və ailə üzvlərinin həyatının təhlükə altında olmasını əsas gətirərək təcili qanuni tədbir görülməsini xahiş etmişdir. (i.v. 72, 113)

16. İddiaçı Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsində verdiyi xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, o, 2015-ci ildə məhkəmənin qərarı ilə Rasimdən boşandığını, buna baxmayaraq övladlarını ata qayğısından məhrum etməmək üçün onunla bir evdə yaşmağa davam etdiyini, Rasimin 2023-cu ilin dekabr ayında ona zor tətbiq edərək telefonunu əlindən aldığını, çılpaq fotoları və qeyri-rəsmi münasibətdə olduğu şəxslə intim videosunu gördükdən sonra onu mütəmadi olaraq narahat etməyə başladığını, bundan əlavə yaşadığı mənzilə videomüşahidə kameraları yerləşdirib onu izlədiyini, bu hallardan bezib atasıgilin evinə köçdüyünü, atasının evində olarkən də Rasimin onu narahat etdiyini bildirmişdir. (i.v. 75, 114)

17. Cavabdeh1 Nizami RPİ-nin 24-cü Polis Şöbəsində verdiyi izahatdan görünür ki, o, İddiaçı ilə 2010-cu ildə ailə qurduğunu, iki uşaqlarının olduğunu, 2014-cü ildə rəsmi boşandıqlarını, ancaq boşandıqdan sonra həmin mənzildə yenə qismən biryerdə yaşamağa davam etdiklərini, bu qayda ilə 10 il biryerdə yaşadıqlarını qeyd etmişdir.

18. Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin təhqiqatçısı X8 tərəfindən qəbu edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. (i.v. 124-125

19. Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(003)-17/2025 saylı qərardadınan görünür ki, iddiaçının müvəqqəti təminat tədbiri barədə ərizəsi əsasında Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski 81, blok 1, mənzil 67 ünvanında toyda, nişan mərasimi və xına mərasimində və onlardan sonra hədiyyə şəklində verilən, iddia tələbində qeyd edilmiş əşyaların siyahıya alınaraq həmin əşyaların özgənikiləşdirilməsinin Cavabdeh1 qadağan edilməsi qərara alınmışdır. (i.v. 152-153)

20. Bakı şəhəri Nizami rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, icra məmuru, iddiaçı və bir hal şahidi Xəzər Rayon Məhkməsinin e-16(003)-17/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə bağlı olaraq Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski 81, blok 1, 67 saylı mənzilin qarşısında olmuş, qapı döyülsə də açan olmamış, borclu Cavabdeh1 ilə telefon vasitəsi ilə əlaqə saxlanılsa da, o, ünvana gəlməkdən imtina etmişdir. (i.v. 97)

21. Bakı şəhəri Nizami rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, icra məmurları, borclu və hal şahidi Xəzər Rayon Məhkəməsinin e-16(003)-17/25 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə bağlı olaraq ünvan 3 ünvanda olan zaman icra vərəqəsində göstərilən əşyalara baxış keçirilmiş və qızıl-zinət əşyaları, iri küzə, kofedəmləyici və parfümlər (aksessuarlar, laklar, kremlər) istisna olmaqla digər əşyalar siyahıya alınaraq, həmin əşyaların özgənikiləşdirilməsi borclu Cavabdeh1 qadağan edilmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Konstitusiyasının:

22. 13-cü və 29-cu maddələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

23. 26-cı və 60-cı maddələrinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra “MM”):

24. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

25. 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

26. 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin:

27. 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

28. 34.2-ci maddəsinə əsasən, ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.

Məhkəmənin mövqeyi:

29. Məhkəmə iddia ərizəsinin dəlillərini, iş materiallarını araşdırıb, proses iştirakçılarının və şahidlərin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

30. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəmədə müəyyən edilən faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğunluğunun yoxlanılmasından ibarətdir.

31. Hazırda tərəflər arasında mübahisə cehiz əmlakın və qızıl-zinət əşyalarının özgəsinin qanunsuz sahibliyindən geri qaytarılması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, qanunvericilikdə mülkiyyətin müdafiəsi və əmlakın özgəsinin qanunsuz sahibliyindən geri alınması ilə bağlı müxtəlif əsaslar nəzərdə tutulmuşdur. Hazırki tələbin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. (§ 24) Həmin normaya əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (vindikasiya iddiası). Normanın tələbindən göründüyü kimi, belə tələbin qanuni həlli üçün işdə üç şərtin müəyyən edilməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, əşyanın cavabdehin sahibliyində olması və cavabdehin əşyaya sahibliyinin qanunsuz olması. Məhkəmə qeyd edir ki, hazrıki iş üzrə cehiz əşyalarının qaytarılması ilə qızıl-zinət əşyalarının qaytarılmasının faktiki halları fərqli olduğundan işin düzgün və qanuni həlli üçün onların ayrı-ayrılıqda qiymətləndirilməsi zəruridir.

32. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər (İddiaçı ilə Cavabdeh1) arasında 23 iyul 2010-cu il tarixdə rəsmi nikah bağlanmış, onların birgə nikahından iki uşaqları doğulmuş və Xəzər rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Mübahisəli əmlakın yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski 81, blok 1, 67 saylı mənzil 2017-ci ildən etibarən Cavabdeh2 mülkiyyətindədir və o, digər cavabdeh (iddiaçının keçmiş əri) Cavabdeh1 anasıdır.

33. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər 2010-cu ildə nikaha daxil olduqdan sonra Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski 81, blok 1, mənzil 67 ünvanında yaşamış, 2015-ci ildə onların nikahı pozulduqdan sonra da iddiaçı cavabdehin razılığı ilə uşaqları ilə birlikdə 2023-cü ilin mart ayına kimi həmin evdə yaşamağa davam etmiş və 2023-cü ilin mart ayında iddiaçı həmin mənzildən çıxıb getmişdir. O, mənzildən zorakılıqla və ya məcbur şəkildə çıxarılmamış, öz istəyi ilə evi tərk etmişdir.

34. Məhkəmə iclasında iştirak etmiş İddiaçı izahatında bildirmişdir ki, cavabdehlə 2010-cu ildə ailə qurmuş, 2015-ci ildə nikahları pozulmuş, lakin uşaqlarına görə 2023-cü ilə qədər cavabdehlə biryerdə yaşamağa davam etmişdir, cavabdeh həmin evdə daimi yaşamamış, ancaq arada gedib-gəlmişdir, Cavabdeh2 isə onlar boşanandan sonra ümumiyyətlə həmin evə gəlməmişdir, bildiyi qədər o evdən çıxandan sonra da həmin evdə yaşayış olmamışdır. Həmin evi qaynatası nikahdan əvvəl oğlunun adına (Rasimə) almış, təmir etdirmiş, mənzil yeni tikili və boş olmuş, həmin evi iddiaçı özünə məxsus cehiz əmlakı ilə nikahdan əvvəl doldurmuş və həmin evə gəlin köçüb yaşamışdır. Lakin bildiyinə görə aralarında münaqişələr olandan sonra evi qaynatası öz adına keçirmiş, hazırda isə qaynanasının adınadır. Cavabdeh evin içinə və çölünə kameralar yerləşdirib ona nəzarət edirmiş, o bunu biləndən sonra evdən çıxmış və tədbir görülməsi üçün polis bölməsinə getmişdir. O, evdən çıxanda bütün əşyaları evdə qalmışdır. Həmin əşyaları valideynləri toydan əvvəl cehiz kimi almış, foto-şəkillərdə bütün əşyaları var, onların evdə olması aktla da təsdiq olunub, qiymətlərini isə valideynlərinin bildiridiyənə əsasən yazmışdır. Qızıl-zinət əşyalarının bəziləri nikahdan əvvəl, bəziləri isə nikahdan sonra ona verilmiş, lakin şəkildəkilər nikahdan sonra verilənlərdir, hamısının şəkili yoxdur. Qızıl-zinət əşyalarının qiymətini qızıl satılan yerlərdən maraqlanaraq qeyd etmişdir. Rasim ara-sıra evə gəlibgedəndə, təxminən 2023-cü ilin dekabr ayında ondan icazə almadan bütün qızılları evdən götürüb aparmışdır, həmin vaxt iddiaçı ona etiraz etsə də cavabdeh buna məhəl qoymamış, lakin iddiaçı bununla bağlı harasa şikayət etməmişdir. O, 2023-cü ilin mart ayının əvvəlləri evdən çıxıb getmiş, evdən zorakılıqla və ya məcbur çıxarılmamış, evi birdəfəlik tərk etmək niyyəti ilə özü çıxmış, nə evdən çıxdığı gün, nə də ondan əvvəlki günlər Cavabdeh1 görməmiş və həmin vaxtlar Rasim evə gəlməmişdir.

35. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Vəkil2 izahatında göstərmişdir ki, tərəflər 2010-cu ildə rəsmi nikaha daxil olmuşlar, iddiaçı hazırki evə gəlin köçmüş və özü ilə cehiz əşyalarını gətirmişdi. 2015-ci ildə Xəzər rayon məhkəməsinin qərarı ilə tərəflərin nikahı pozulsa da, onlar 2023-cü ilə qədər birgə yaşamışlar, lakin 2023cü ildə aralarındaki münaqişə artdığına görə iddiaçı mart ayında evdən çıxmış və 24-cü Polis Şöbəsinə yaxınlaşıb şikayət etmişdir, bu zaman valideynləri və uşaqları da onunla birlikdə olmuşdur. Evdən çıxanda bütün əşyaları evdə qalmışdır. Biz bütün əşyalarla bağlı foto-şəkillər təqdim etmişik, icra məmurunun tərtib etdiyi aktda da əşyaların bəziləri istisna olmaqla qalanının evdə olması öz təsdiqini tapır. Cavabdehlərin vəkili ilk vaxtlar qeyd olunan əşyaların ümumiyyətlə cavabdehdə olmadığını bildirsə də, sonradan həmin əşyaların evin hazırkı mülkiyyətçisi Cavabdeh2 məxsus olduğunu bildirir. Halbuki Cavabdeh2 Rasimin anasıdır və evin mülkiyyəti formal olaraq onun adına yalnız 2017-ci ildə keçirilib, o özü isə heç vaxt orda yaşamayıb və çox nadir hallarda həmin evə gəlib. Aktda əşyaların bir qismi və qızıllar yoxdur. Qızıllar daha əvvəl cavabdeh tərəfindən evdən götürülüb. Bu hal da iddiaçının hüquqlarını pozur. Polisdə olan materialda, yəni iddiaçı tərəfindən 2023-cü ilin mart ayında verilmiş şikayət ərizəsində iddiaçının həmin evi hansı şəraitdə tərk etməsi barədə məlumat var. Ancaq mənim də sorğuma məhkəmənin verdiyi sorğu ilə eyni cavab verilmişdir. Lakin hesab edirəm ki, o material daha genişdir, yalnız bu materialdan ibarət deyildir.

36. Məhkəmə iclasında iştirak etmiş cavabdehlərin vəkili və nümayəndəsi Vəkil1 izahatında bildirmişdir ki, tərəflər arasında mübahisələr 2023-cü ilin dekabrında başlamış, 2024-cü ilin martında da iddiaçı evi tərk edib getmişdir. Nikahları 2015-ci ildə pozulmuşdur, iddiaçının tələb etdiyi qızıllar da həmişə özündə olmuş və hələ də ondadır, müdafiə etdiyi şəxslərdə deyil. İddiaçı özü də həmin qızıl-zinət əşyaların cavabdehlər tərəfindən nikahdan sonra iddiaçıya verildiyini etiraf etmişdir. İddiaçının polis bölməsindəki şikayətində və izahatında onun evdən zorakılıqla və ya məcburi qaydada çıxarılması ilə bağlı, habelə qızıl-zinət əşyalarının cavabdeh tərəfindən götürülməsi və ya cavabdehlərdə olması ilə bağlı heç bir qeyd yoxdur, yalnız evə kamera quraşdırılması ilə bağlı şikayət olunub. Həmin qızıl-zinət əşyalarının cavabdehlərdə olduğunu iddia edirlərsə, bunu sübut etmə yükü də onların üzərindədir. Həmçinin iddiaçının cehiz əşyaları olduğunu iddia etdiyi əşyalarla bağlı da hər hansı sübut yoxdur. İddiaçı tərəfindən ümumiyyətlə heç bir cehiz əşyası gətirilməyib. Ev Cavabdeh2 məxsusdur və evdəki əşyalar da onundur. Evin hansı tarixdən İncəyə məxsus olmasının isə heç bir əhəmiyyəti yoxdur. Ev yeni tikili binadadır, 2010-cu ildə alınıb, onda bina hələ tikilməmişdi, təxminən 2012-2013-cü illərdə təhvil verilib. İddiaçı həmin evdə 2015-ci ildən 2023-cü ilə qədər yaşamış və həmin əşyalardan da sadəcə istifadə etmişdir. İddia ərizəsində qeyd olunan əmlakların cavabdehə məxsus evdə olmasında təəcüblü heç nə yoxdur, çünki cavabdeh həmin evi almış, daha sonra təmir etdirərək, iddia ərizəsində qeyd olunan mebel və digər əşyalarla təmin etmişdir. Etiraz ərizəmdə həmin əşyaların cavabdehdə olmadığını qeyd etmişəm və mən onda Rasimi nəzərdə tutmuşam.

37. Məhkəmə iclasında iştirak etmiş şahid X5 (iddiaçının xalası) izahatında, mənzilin cavabdeh tərəfindən alındığını, evin təzə təmir olunmuş və boş olduğunu, toydan əvvəl bütün əşyaların iddiaçı tərəfindən alınıb evə yerləşdirildiyini, evdə istifadəsi lazım olan bütün mebel, elektrik əşyaları, qab-qacağın iddiaçının atası və anası tərəfindən alındığını, özü mebel və digər əşyaların alınması prosesində iştirak etməsə də, el adətinə uyğun olaraq iddiaçının bacısı, bibiləri və əmisinin həyat yoldaşı ilə birlikdə mebellərin və əşyaların açılıb, yerləşdirilməsində iştirak etdiyini, hətta ev təmirdən sonra təmzilənmədiyi üçün evi onların təmzilədiyini, tərəflərin toydan sonra həmin evə köçüb yaşadıqlarını bildirmişdir. Qızıl-zinət əşyalarına münasibətdə isə həmin qızılların nişan, toy və sair mərasimlərdə iştirak etdiyi zaman cavabdehlər tərəfindən idiaçıya hədiyyə edildiyinin şahidi olduğunu, lakin həmin qızılların indi kimdə olması barədə məlumatının olmadığın qeyd etmişdir.

38. Məhkəmə iclasında iştirak etmiş şahid X9 (iddiaçının bacısı) izahatında, evdə olan bütün mebel, elektrik avadanlığı və digər əşyaların bacısına məxsus olduğunu, həmin cehiz əmlakın ana və atası tərəfindən bacısı üçün nikahdan əvvəl cehiz olaraq alındığını, qab-qacaqların alınmasında özünün də iştirak etdiyini, həmin evin toydan əvvəl təmizlənməsində və cehiz əşyaların açılıb yerləşdirilməsində özünün, xalasının, bibilərinin və əmisinin həyat yoldaşının iştirak etdiyini, bacısıgilin (iddiaçının) toydan sonra həmin evə köçüb, yaşadıqlarını bildirmişdir.

39. Cehiz əmlakın geri qaytarılması tələbinə münasibətdə tərəflərin və şahidlərin izahatlarını, cavabdehlərin nümayəndəsinin etirazını (§ 4), icra məmurunun siyahıya alma aktını (§ 7) və məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan digər sübutları nəzərə alıb məhkəmə qeyd edir ki, birincisi, iddiaçı tərəfindən tələb olunan əşyalardan hazırda yalnız Nizami rayon İcra şöbəsi tərəfindən Xəzər Rayon Məhkəməsinin e-16(003)- 17/25 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə bağlı tərtib etdiyi xx.xx.2025-ci il tarixli akt əsasında aşkar edilən əşyaların (iri küzə, kofedəmləyici və parfümlər (aksessuarlar, laklar, kremlər) istisna olmaqla digər əşyalar) cavabdehin sahibliyində olduğu sübuta yetirilir. (§ 26) İkincisi, həmin əşyaların iddiaçı tərəfindən nikaha girənədək alındığı iddiaçı tərəfin izahatları və şahid ifadələri ilə tam təsdiq olunur və bu ifadələrin həqiqiliyinə, mötəbər və mümkün sübut olmamasına dəlalət edən heç bir əks sübut müəyyən olunmur. Əksinə, cavabdeh tərəf ziddiyətli ifadələr verərək etirazını sübuta yetirə bilməmişdir. Belə ki, cavabdehn nümayəndəsi əvvəlcə məhkəməyə ünvanladığı yazılı etirazda “iddia ərizəsində göstərilən heç bir əşyanın cavabehdə olmadığını” qeyd etsə də (§ 4), icra məmuru tərəfindən akt tərtib edildikdən sonra izahatını dəyişdirərək, həmin əşyaların mövcud olduğunu, ancaq onların Cavabdeh1 deyil, Cavabdeh2 məxsus olduğunu deməklə ziddiyətli fikir bildirməsi, Cavabdeh2 həmin mənzilə mülkiyyət hüququnun yalnız tərəflərin boşanmasından sonra, 2017-ci ildə dövlət qeydiyyatına alınması, cavabdehlərin birinci dəfə icra məmurunun əmlakı siyahıya almasından yayınması və yalnız bir ay sonra buna şərait yaratması (§ 20-21), digər tərəfdən cavabdehlərin nümayəndəsinin “iddiaçı tərəfindən ümumiyyətlə heç bir cehiz əşyası gətirilmədiyini” qeyd etməsi mövcud şəraitə uyğun və inandırıcı olmaması cavabdehlərin etirazının əsassız olduğuna dəlalət edir. Qeyd edilən əşyalar iddiaçının nikahda əvvəl əldə etdiyi cehiz əmlak olduğundan, onlar qanunvericiliyin tələbinə əsasən (§ 30, 32) iddiaçının şəxsi mülkiyyəti hesab edilir. Üçüncüsü, cavabdehlərin həmin əşyalar üzərində hazırda hər hansı əşya hüququ olmadığı halda onlara faktiki sahiblik edərək qaytarmamaları qanunsuzdur. Ona görə, məhkəmə hesab edir ki, yalnız akt əsasında aşkar edilən cehiz əşyalarına münasibətdə tələb qanuni və əsaslıdır. Qalan (müəyyən edilməyən) cehiz əşyalarının isə həqiqətən mövcudluğu, onların iddiaçının mülkiyyətində olması və hazırda cavabdehin qanunsuz sahibliyində olması sübuta yetirilmir. Ona görə, məhkəmə qanunvericiliyin tələbinə uyğun olaraq belə qənaətə gəlir ki, yalnız icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixli akt əsasında siyahıya alınmış cehiz əşyalar cavabdehlərdən alınıb iddiaçıya qaytarılmalıdır.

40. Qızıl-zinət əşyalarının qaytarılması tələbinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən tələb olunan qızıl-zinət əşyalarının mövcud olduğunu, onların iddiaçının şəxsi mülkiyyətində olduğunu və hazırda cavabdehin qanusuz sahibliyində olduğunu təsdiq edən əsaslı, mümkün və mötəbər sübutlar təqdim edilməmişdir. Belə ki, iddiaçı ziddiyətli fikirlər bildirərək, iddia ərizəsində bütün əmlakının, o cümlədən qızıl-zinət əşyalarının hazırda Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski 81, blok 1, mənzil 67 ünvanında yerləşən mənzildə olduğunu qeyd etsə də, izahatlarında həmin qızıl-zinət əşyalarının Cavabdeh1 tərəfindən 2023-cü ilin dekabr ayında evdən götürüldüyünü bildirmişdir. Əgər qızıllar həqiqətən də 2023-cü ilin dekabr ayında cavabdeh tərəfindən götürülmüşdüsə, o zaman 2024-cü ilin mart ayında (iddiaçı evdən çıxarkən) onların hələ də evdə olması və onların iddia ərizəsində qeyd edildiyi kimi hazırda da evdə olması mümkün deyildir. Qızılların cavabdehlər tərəfindən götürülməsi hər hası bir sübutla təsdiq olunmur və bu barədə iddiaçının da bugünədək nə cavabdehlərə, nə də hansısa orqana müraciət və ya şikayət etdiyi müəyyən olunmur. Belə ki, iddiaçı hər nə qədər 2023-cü ilin mart ayında mənzildən birbaşa ailəsinin də köməyi ilə (ata və ana) uşaqlarla birlikdə Polis Şöbəsinə şikayət üçün getdiyini bildirsə də, bunu təsdiq edən heç bir sübut təqdim edə bilməmiş, (hətta iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən də bir neçə dəfə sorğu verilməsinə baxmayaraq belə bir materialın olması müəyyən edilməmiş), əksinə, iddiaçı məhkəmədə verdiyi izahatlarında evdən zorakılıqla, məcburi şəkildə çıxarılmadığını, öz istəyi ilə hazırlaşaraq evi tərk etdiyini, hətta evi tərk etdiyi gün və ondan əvvəlki günlər cavabdehləri görmədiyini bildirmişdir. Eləcə də, iş materiallarından görünür ki, o ilk dəfə yalnız 28 sentyabr 2024-cü il tarixində elektron qaydada şikayət vermişdir, ancaq nə şikayətində, nə də polis şöbəsində verdiyi izahatında qızıl-zinət əşyalarının cavabdehlərdə olmasına dair heç bir fikir qeyd etməmişdir. (§ 15-16) Habelə, sübut kimi təqdim edilən fotoşəkillərdə iddiaçı tərəfindən tələb olunan bütün qızıl-zinət əşyaları əks olunmur. İddiaçı məhkəmədə verdiyi izahatda da qızılların bir hissəsinin nikahdan əvvəl, bir hissəsinin isə nikah dövründə alındığını bildirərək, təqdim etdiyi fotoşəkillərdə olan qızıl-zinət əşyaların nikahdan sonra verildiyini, nikahdan əvvəl verilənlərin isə fotoşəkillərdə olmadığını etiraf etmişdir. Bunlar hətta şərti olaraq doğru hesab edilsə belə, qanunvericiliyə əsasən nikah dövründə alınmış qızıl-zinət əşyaları ümumi (birgə) mülkiyyət təşkil etdiyindən (§ 26, 28), onların iddiaçı tərəfindən şəxsi mülkiyyət kimi ona qaytarılmasının tələb edilməsi qanuna uyğun sayıla bilməz, ancaq sübut olunduğu halda bölünməsi tələb edilə bilər. Bundan başqa, icra məmuru tərəfindən siyahıya alma zamanı da həmin qızıl-zinət əşyalarının evdə olması faktı təsdiqini tapmamış və cavabdehin nümayəndəsi də onların cavabdehlərdə olmasını etiraf etməyərək, həmin əşyaların iddiaçının özündə olduğunu bildirmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, tələb olunan qızıl-zinət əşyalarının həqiqətən mövcudluğu, onların iddiaçının şəxsi mülkiyyətində olması və hazırda cavabdehin qanunsuz sahibliyində olması əsaslı, şübhədənkənar, mötəbər və mümkün sübutlarla sübuta yetirilmədiyindən həmin hissədə iddia tələbi təmin edilməməlidir.

41. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.

42. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu tələb edilmədiyi və iddia qismən təmin edildiyi üçün iddiaçının özünə aid edilməlidir.

43. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Xəzər Rayon Məhkəməsinin e-16(003)-17/25 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə bağlı olaraq Nizami rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli akt əsasında siyahıya alınmış cehiz əmlak (iri küzə, kofedəmləyici və parfümlər (aksessuarlar, laklar, kremlər) istisna olmaqla digər əşyalar, yəni Qab-qaşıq (boşqab, qazan dəstləri, stəkan və nəlbəki dəstlər, çəngəl, qaşıq, bıçaq dəstləri); Yorğan döşək adyal yataq dəstləri dəsmal, süfrə, hamam dəstləri; 5 ədəd lüstür; Qlobus suvenir; Xalça - 6 ədəd; divar saatı; Yataq mebeli - yataq otağı mebeli (termo, şifoner, iki tumba, taxt, stul, şkaf); qonaq otağı (divan, kreslo, jurnal masası, kamot, qorka, bar, stol, 8 ədəd stul; Televizor və televizor altlığı; kalonkalar - 4 ədəd, DVD; Mətbəx mebeli - stol, stul daxil olmaqla; Soyuducu; Paltaryuyan; Soba; Ətçəkən, Sokçəkən; Mikser; Toster; Blender; Tozsoran; Fen; Ütü; Ütü masası; Fınıqçəkən və Çaynik dəsti) cavabdehlərdən alınaraq, iddiaçıya qaytarılmalı, iddia tələbi qalan hissədə, o cümlədən, qızıl-zinət əşya tələbinə münasibətdə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi

İddia qismən təmin edilsin. İddiaçı məxsus cehiz əşyalar – Qab-qaşıq (boşqab, qazan dəstləri, stəkan və nəlbəki dəstlər, çəngəl, qaşıq, bıçaq dəstləri); Yorğan döşək adyal yataq dəstləri dəsmal, süfrə, hamam dəstləri; 5 ədəd lüstür; Qlobus suvenir; Xalça - 6 ədəd; divar saatı; Yataq mebeli - yataq otağı mebeli (termo, şifoner, iki tumba, taxt, stul, şkaf); qonaq otağı (divan, kreslo, jurnal masası, kamot, qorka, bar, stol, 8 ədəd stul; Televizor və televizor altlığı; kalonkalar - 4 ədəd, DVD; Mətbəx mebeli - stol, stul daxil olmaqla; Soyuducu; Paltaryuyan; Soba; Ətçəkən, Sokçəkən; Mikser; Toster; Blender; Tozsoran; Fen; Ütü; Ütü masası; Fınıqçəkən və Çaynik dəsti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınsın və İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar