Məhkəmə qərarları › İş №e-2(003)-1395/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-1395/2022

18.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-1395/2022 18.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Bəhrəmzadə Sabit Xanlar oğlu, İddiaçı cavabdeh X2 qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 65000 manat maddi ziyan, 2000 manat mənəvi, tərəfindən ödənilmiş 120 manat dövlət rüsumunun, vəkilə ödənilmiş 310 manat, cəmi 67430 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib müəyyən etdi ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunur ki, iddia ərizəsi elektron qaydada verilməklə, vəkil X1 tərəfindən imzalanmış, lakin iddia ərizəsinə əlavə edilmiş ******* nömrəli 28.01.2022-ci il tarixli orderdən görünür ki (iddia ərizəsinə müvafiq etibarnamə əlavə edilməklə), həmin order, hüquqi yardım göstərilən şəxs qeyd edilməməklə Nəsimi Rayon Məhkəməsinə təqdim edilməsi üçün verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsi, imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Həmçinin qeyd olunur ki, iddia ərizəsindən və ona əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı tərəfindən 120 manat məbləğində rüsum ödənilməklə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməmişdir. Belə ki, 01.10.2021-ci il tarixdən qüvvədə olan «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Göründüyü kimi iddianın qiyməti 67310 (65000 + 2000 +310) manat olduğundan iddiaçı tərəfindən 291,93 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. İddia ərizəsində, cavabdehin adı, soyad, ata adı və ünvanı qeyd edilsə də, Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinin tələblərinə əməl edilməməklə cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar müəyyən olunmuş qaydada göstərilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, yuxarıda göstərilən əsaslarla iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh X2 qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar