Məhkəmə qərarları › İş №e-2(003)-144/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-144/2023

15.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-144/2023 15.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə olaraq maddi ziyana görə 52500 manat məbləğində pulun alınması; cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə olaraq əlavə xərclərə (hüquqi yardım və dövlət rüsumu) görə 455 manat məbləğində pulun alınması; cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada mənim xeyrimə olaraq mənəvi ziyana görə 2500 manat məbləğində pulun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 ilə uzun illərdir ki, bir-birini tanıyırlar və ailəvi gediş-gəlişləri vardı. 2021-ci ildə qardaşı X1 Azərb.Respub. CM-nin 179.3.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Bakğı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan məhkəmə işində qardaşının guya həbsdən azad olunmasına köməklik olunması məqsədilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2021-ci ilin aprel ayında ondan ilkin olaraq 50000 manat, sonra isə 500 manat və 2000 manat, cəmi 52500 manat məbləğində pul alaraq mənimsəmişlər. Onlar qardaşı Lütviyə heç bir köməklik etməmişlər, nəticədə qardaşı Lütvi 2021-ci ilin noyabr ayında 11 il müddətində azadlıqdan məhrum olunmuşdur. Belə olan halda hazırda cavabdehlər olan şəxslərdən ondan aldıqları 52500 manat məbləğində pulunu geri qaytarmalarını tələb etmişdir. Onlar 52500 manat pulunu yaxın vaxtlarda qaytaracaqlarına söz versələr də, qərəzli olaraq müxtəlif bəhanələrlə vaxtı uzadaraq, pullarını qaytarmaqdan imtina etmişlər. Dəfələrlə həmin pulları cavabdehlərdən tələb etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Bu səbəbdən də onu aldadaraq pullarını mənimsəmələri barədə 2021-ci ildə onlardan Baş Prokuror yanında Korrupsiya İdarəsinə şikayət etmiş və hazırda cavabdeh olan həmin şəxslər (Əlifəttah və Xanlar) barəsində cinayət işi başlanılaraq onlar Azərb.Respub. CM-nin 178.3.2, 29,178.3.2 və və 32.4,312.2-ci maddələri ilə məhkəməyə verilmişlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101 )-407/2022 saylı, 21 iyun 2022-ci il tarixili Hökmü ilə məhkum olunmuşlar. Lakin buna baxmayaraq onlar hələ də ona vurduqları maddi ziyanı ödəməkdən qərəzli olaraq imtina edirlər. Ona görə də məcbur olub hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. Cavabdehlərin aldatma nəticəsində ondan 52500 manat pulu almaları və həmin məbləğdə ziyan vurmaları Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101 )-407/2022 saylı, xx.xx.2022-ci il tarixli Hökmü ilə də təsdiq olunur. Həmin Hökmlə cavabdehlər barəsində ittiham Hökmü çıxarılmışdır. Belə hesab edir ki, cavabdehlərin təqsiri üzündən 52500 manat maddi ziyana düşdüyü üçün həmin məbləğ müştərək qaydada cavabdehlərdən onun xeyrinə olaraq alınmalıdır. Eyni zamanda, hazırkı mülki iddia ilə əlaqədar əlavə olaraq çəkdiyi xərclər (hüquqi yardımla əlaqədar ödədiyi 200 manat və dövlət rüsumu üçün ödədiyi 255 manat) də müştərək qaydada cavabdehlərdən onun xeyrinə olaraq alınmalıdır. Eləcə də, cavabdehlər tərəfindən aldadıldığına, hüquq-mühafizə orqanlarına get-gələ düşdüyünə, əsəblərinin pozulmasına və çəkdiyi mənəvi sarsıntılara görə onlar ona kompensasiya ödəməlidirlər. Mənəvi ziyana görə cavabdehlərdən müştərək qaydada onun xeyrinə olaraq simvolik olaraq 2500 manat pul tələb edir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Ədliyyə Nazirliyi Penitensiar Xidmət 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Cavabdeh2 məhkəməyə ərizə göndərərək, İddiaçı ona qarşı olan iddia tələbini qəbul etmədiyini bildirmişdir. Ədliyyə Nazirliyi Penitensiar Xidmət 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Cavabdeh1 məhkəməyə ərizə göndərərək, İddiaçı ona qarşı olan iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)-407/2022 saylı hökmünün surətindən görünür ki, Cavabdeh2 AR CM-nin 178.3.2 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində, Cavabdeh1 AR CM-nin 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 1557/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, məhkumlar Cavabdeh2 AR CMnin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə, Cavabdeh1 CM-nin 32.4, 312.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü məhkum Cavabdeh1 aid hissədə ləğv edilmiş, Cavabdeh1 AR CM-nin 178.3.2 və 32.4, 312.2ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinmişdir. Həmin hökmlərlə müəyyən olunmuş hallara əsasən, Cavabdeh2 və Cavabdeh1 tərəfindən İddiaçı 52500,0 manat məbləğində ziyan vurulmuş, həmin ziyandan heç bir məbləğ zərəçəkmiş şəxsə ödənilməmişdir. Beləliklə, işin həqiqi halları, tərəflərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi hallar qanuni qüvvəyə minmiş məhkəmə hökmündə öz əksini tapmışdır. Yəni, hadisənin məhz cavabdehlər tərəfindən törədilməsi göstərilən hökmlə sübuta yetirilmiş və buna görə də cavabdehlər Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək, onlara cəza təyin edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təqsiri qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunduğundan, hadisənin məhz cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilməsi hissəsində həmin hökm məhkəmə üçün məcburidir və göstərilənlər işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1. maddəsindən görünür ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2. maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı əmlakını mənimsəməklə maddi ziyan vurulması qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq olunmuşdur. İşdə olan sübutlarla cavabdehlər tərəfindən iddiaçının 52500,0 manat pul vəsaitinin mənimsənildiyi müəyyən edilir. Cavabdehlər məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini qəbul etmədiklərini və işə iştirakları olmadan baxılaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Lakin cavabdehlər öz etirazlarını əsaslandırmamış, iddianın təmin edilməməsi üçün məhkəməyə hər hansı əsaslı və mötəbər sübut təqdim etməmişlər. Məhkəmə hesab edir ki, iddiaya etiraz edildiyi təqdirdə öz etirazının əsaslarını sübuta yetirmək vəzifəsi cavabdehə keçmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddianın təmin edilməsi qənaətinə gələrkən, prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. İş materialları və işin tədqiq olunan hallarına əsasən, iddiaçıya 52500,0 manat məbləğində zərərin vurulması sübuta yetirilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təqsiri qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunduğundan, hadisənin məhz cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilməsi hissəsində həmin hökm məhkəmə üçün məcburidir və göstərilənlər işin mübahisəsiz halıdır. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alıb, qeyd olunanları və iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək belə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 törətdiyi cinayət əməli nəticəsində İddiaçı 52500,0 manat məbləğində maddi zərər vurulmasında təqsirlidir və ona görə də həmin məbləğ cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə, həmçinin, iddiaçının ona vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi ilə bağlı qeyd edir ki, o, tələbinin cavabdehlər tərəfindən mənəvi ziyanın vurulmasına dair istinad etdiyi hallarını Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X3 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə qeyd edir ki, iddia tərəfi cavabdehlər tərəfindən onlara mənəvi zərər vurulmasını təsdiq edən kifayət qədər mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Həmçinin, iş materiallarından görünür ki, iddiaçının hüquqlarını məhkəmədə vəkil Nümayəndə müdafiə etmiş, iddiaçı tərəfindən müqavilə üzrə həmin vəkilə 200,0 manat pul vəsaiti ödənilmişdir. Həmçinin, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 255,0 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumu və hüquqi yardıma görə əlavə xərc olaraq cəmi 455,0 manat məbləğində pulun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdehlərin təqsirli hərəkəti nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu və digər xərcləri ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, cavabdehlərdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu və digər xərcləri ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə maddi zərərə görə 52500,0 (əlli iki min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 255,0 manat və hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 200,0 manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar