Məhkəmə qərarları › İş №e-2(003)-1689/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1689/2023

04.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1689/2023 04.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Opel Vectra” markalı, 1999-cu il buraxılışlı, mühərrik 14462147, ban:W0L0JBF19W1362895, ** CL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq ona verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Opel Vectra” markalı, 1999-cu il buraxılışlı, mühərrik 14462147, ban:W0L0JBF19W1362895, ** CL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini onun mülkiyyətindədir. Cavabdehə həmin nəqliyyat vasitəsindən istifadə hüququ verən etibarnamə verilmişdir. Etibarnaməyə əsasən həmin nəqliyyat vasitəsi sahibliyində olmuşdur. xx.xx.2023-cü il tarixdə cavabdehə nəqliyyat vasitəsindən istifadə hüququ verən etibarnamə ləğv edilmişdir. Bundan sonra cavabdeh ilə şifahi danışıqlar olmuş və ondan həmin nəqliyyat vasitəsini mülkiyyət sahibinə geri qaytarılması tələb edilməsinə baxmayaraq, həmin nəqliyyat vasitəsi hazırda cavabdehin qanunsuz sahibliyindədir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini etiraf etməyərək onun rədd edilməsini məhkəmədən xahiş etdi və izahatında bildirdi ki, o, cavabdehin arvadıdır. “Opel Vectra” markalı, ** CL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi anasına məxsus olmuşdur. Avtomobili, anası taksi fəaliyyəti ilə məşğul olması üçün ərinə vermişdir. Onların ehtiyacları olduğu üçün iddiaçının lombardından 2500 manat pul götürmüşlər. Daha sonra həmin pulu qaytara bilmədiklərindən həmin avtomobili alqısatqı ilə iddiaçının adına rəsmiləşdirmişlər. Lakin, aralarında olan razılaşmaya əsasən borc ödənildikdən sonra iddiaçı avtomobili onlara geri qaytarmalıdır. Alqı-satqıdan sonra iddiaçı tərəfindən ərinə avtomobilin idarə edilməsi üçün etibarnamə verilmişdir. Hazırda avtomobil yaşadıqları evin həyətindədir və işlək vəziyyətdədir. Əri xəstə olduğundan avtomobildən istifadə etmir. Aralarında narazılıq olduğuna görə o, iddiaçının oğlu barəsində polisə şikayət etmiş, bu səbəbdən iddiaçı da verilmiş etibarnaməni ləğv etdirmişdir. Hazırda avtomobilin iddiaçıya verilməsinə etiraz edirlər. Lakin, avtomobilin satılmasına və əldə edilən pul vəsaitindən iddiaçıya olan borc məbləğinin ona qaytarılmasına etiraz etmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, “Elektron Məhkəmə İnformasiya” sistemindən görünür ki, 1999-cu il buraxılışlı, mühərrik 14462147, ban W0L0JBF19W1362895, “Opel Vectra” minik markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Balakəri qızının mülkiyyətindədir. İş materiallarında olan ƏN-Vİ seriyalı, 274807 nömrəli Bakı şəhəri 17 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə 7E-7960 reyestr nömrəsi ilə təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, həmin etibarnamə ilə İddiaçı Cavabdeh “Opel Vectra” minik markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobilə dair idarə etmək hüququnu da səlahiyyət vermişdir. Etibarnamənin müddəti xx.xx.2032-ci il tarixədəkdir. İş materiallarında olan “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışın surətindən görünür ki, “Opel Vectra” minik markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh verilmiş 7960 reyestr nömrəli etibarnaməyə xx.xx.2023cü il tarixdə xitam verilmişdir. Elektron qaydada tərtib edilmiş iddia ərizəsindən və iş materiallarında olan ********** nömrəli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, mübahisə predmeti olan “Opel Vectra” minik markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçıdır. Onun tərəfindən cavabdehə etibarnamə əsasında həmin avtomobili idarə etmək hüququ verilmiş, lakin verilmiş etibarnaməyə hazırda xitam verilmişdir. Hzırda avtomobil cavabdehin sahibliyindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə nəzərə alır ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını MM-in 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. MM-in 157.2-ci maddəsindən irəli gələn tələb etmə hüququnu yaradan üç dispozisiya şərti isə aşağıdakılardan ibarətdir: 1) iddiaçı cavabdehlərdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehlərin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehlərin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, mübahisə predmetinə daxil olan avtomobilin mülkiyyətçisi iddiaçıdır. Həmin avtomobil hazırda cavabdehin sahibliyindədir. Cavabdehin həmin əmlakın öz sahibliyində saxlanılması üçün hazırda hər hansı bir qanuni əsas mövcud deyil. Əlavə olaraq məhkəmə, cavabdehin iddia tələbinə olan etirazının əsaslarına münasibətdə qeyd edir ki, mübahisə predmeti olan avtomobilin əvvəl onlara məxsus olması, həmin avtomobilin götürülmüş pul borcunun əvəzinin qarşılanması üçün alqı-satqı yolu ilə iddiaçının adına rəsmiləşdirilməsi və gələcəkdə götürülmüş borcun qaytarıldığı təqdirdə avtomobilə olan mülkiyyət hüququnun geri qaytarılmasına dair aralarında razılaşmanın olması barədə hallar, hazırki mövcud şəraitdə avtomobilin iddiaçıya qaytarılmaması üçün qanuni əsaslar hesab edilə bilməz və həmin avtomobilin hazırki mülkiyyətçisinə, yəni iddiaçıya qaytarılmaması halı onun konstitusion hüquqlarının pozulması ilə nəticələnə bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaya olan etirazının əsaslarına dair hər hansı bir sübutda məhkəməyə təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Həmçinin iddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 100 manat məbləğində pul da cavabdehdən alınaraq ona verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 1999-cu il buraxılışlı, mühərrik 14462147, ban W0L0JBF19W1362895, “Opel Vectra” minik markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobil və dövlət rüsumuna görə ödənilmiş 100 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar