Məhkəmə qərarları › İş №e-2(003)-1902/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1902/2023

11.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1902/2023 11.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 57.340 (əlli yeddi min üç yüz qırx) manat və dövlət rüsumu kimi ödənilmiş 262 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" QSC-dən iş yoldaşı olan Cavabdeh 2022-ci ilin yay aylarında gəlirli biznes olmasını, yaxşı qazanc əldə edəcəklərini bildirərək ondan pul istədi. O da ona inanaraq müxtəlif vaxtlarda ümumilikdə 57.340 (əlli yeddi min üç yüz qırx) manat pul vermişdir. Pulun verilməsindən xeyli müddət keçsə də cavabdeh ona qazanc vermədiyi üçün ondan pulunu geri tələb etməyə başladı. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək borcun ödənilməsindən yayındı. Bundan sonra iddiaçı tərəfindən DİN Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə müraciət olunaraq Cavabdeh barəsində qanuni tədbirlər görülərək pulunun geri qaytarılmasına köməklik edilməsi xahiş olunmuşdur. Nizami RPİ-nin 25-ci Polis Şöbəsində araşdırma aparılaraq şikayətdə göstərilən xüsusatların mülki xarakterli olması qənaətinə gəlinmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Cavabdeh polis orqanında izahat verərək iddiaçıya borclu olmasını etiraf etmişdir. Odur ki, məsələnin məhkəmə yolu ilə həlli zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Əlavə olaraq iddiaçı izahatında bildirdi ki, o, cavabdehə ümumilikdə 57340,0 manat pulk vermişdir. Həmin pulun 1000,0 manatın əvvələr, 56340,0 manatın isə sonradan ona borc kimi vermişdir. Cavabeh 56340 manat pulu ondan alanda investisiya qoyaraq bundan pul qazanacağını bildirmişdir. cavabdeh ona indiyə qədər Cavabdeh əvvəl aldığı 1000 manat borcundan 700 manat, krepto valyuta üçün aldığı 56340 manat borcdan 1405 manat qaytarmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddiaçının izahatındakı xüsusatları qeyd edərək əlavə etdi ki, polis bölməsi məbləğləri qeyd etmişdir. Bu səbəbdən heç bir şəriklikdən söz gedə bilməz. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, keçən ilin iyuniyul ayında tanımadığı şəxslə tanış olmuş, pul qazanmaq üçün iş yoldaşıyla danışmış, ümumi gəlirin yarı faizinə ortaq olmaq şərtilə ondan pul almışdır. O, iddiaçıdan aldığı pulu ilə qazanc əldə etmək məqsədi ilə facebook şəbəkəsində tanış olduğu şəxsin hesabına qoymuşdur. Sonradan bilib ki, onu aldadıbıblar. İşə başlayanda iddiaçı ilə qazanca şərik olmaq barədə razılaşıblar. DİN və digər orqanlara müraciət etmişdir. O, borcdan iddiaçıya 700,0 manat və 1405,0 manat olmaqla 2105,0 pul qaytarmışdır.. Polisə izahat vermiş, izahatı təsir altında yazmışdır. İş kimi bir yerdə başlamış, İddiaçı bu günə qədər təxminən 56000,0 manat pul almışdır. Onun iddiaçıya başqa borcu yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Milli X1 Qəbulu və Müraciətləri ilə İş Şöbəsinin 1-6/13-2/2-R-1048/2023 saylı xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Cavabdeh tərəfindən edilmiş müraciəti aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası DİN-nə ünvanlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Aparatının 2-5/2-7705/2023 saylı xx.xx.2023 -cü il tarixli məktubundan görünür ki, özlərini “SNG capitalis” şirkətinin əməkdaşları kimi təqdim edən şəxslər tərəfindən dələduzluq yolu ilə onu və iş yoldaşı İddiaçı aldatmaqla 55 000 manat pullarının mənimsənildiyi barədə hüquq-mühafizə orqanlarına etdiyi şikayətlərin nəticəsiz qaldığını bildirmiş, ərizəsində göstərdiyi xüsusatların obyektiv araşdırılmasında və qanunamüvafiq tədbirlərin götürülməsində köməklik göstərilməsini xahiş etmişdir. Qeyd edilənləri nəzərə alaraq şikayətdə əks etdirilmiş halların yoxlanılması, müvafiq tədbirlərin görülməsi və nəticəsi barədə məlumat verilməsi üçün müraciət Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini cənab Elçin Məmmədova göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami RPİ-nin xx.xx.2023-cü il tarixli 52/2-R-10108/11/23 saylı məktubundan görünür ki, vətəndaş Cavabdeh təkrar müraciətinə baxılması üçün Nizmi RPİ-nin 25-ci PŞ-ə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 3/2-3175/ saylı məktubundan görünür ki, vətəndaş Cavabdeh Nizami RPİ-ə və Nizami Rayon Prokurorluğuna etdiyi müraciətlər araşdırmanın davam etdiilməsi məqsədi ilə BMCMİ-ə göndərilmişdir. İş materiallarında olan Cavabdeh Nizami RPİ-nin 25-ci PŞ-ə verdiyi izahatın surətindən görünür ki, araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı İlkin oğlu ilə 2015-ci ildən "xxxx" QSC-də birlikdə işləyir. 2022-ci ilin avqust ayında facebook sosial şəbəkəsində investisiya elanları səhifəsinə daxil olmuş, təxminən 2 gün sonra ona tanımadığı, xarici ölkəyə məxsus nömrədən zəng gələrək müxtəlif yatırımlar edərək qazanc əldə edə biləcəyini bildirdilər. O da bu barədə iş yoldaşı Nailə bildirmişdir. Nail də onunla razılaşdı. İlkin olaraq o Naildən Zirə ekoparkın qarşısında 13500 (on üç min beş yüz) manat 2022-ci ilin avqust ayında, ona 10 faiz əlavə ödəniş etməklə, ikinci-təxminən bir həftə sonra eyni ünvanda 30000 (otuz min) manat , özünə məxsus kart vasitəsi ilə 5340 (beş min üç yüz qırx) manat ona məxsus karta faizsiz, sonuncunu yəni 7500 (yeddi min beş yüz) manatı 8 faiz ilə xx.xx.2022-ci il tarixdə Nizami rayonu, Qara-qarayev metrosu, Bravo marketin içərisində yəni ümumilikdə müxtəlif faizlərlə 56340 (əlli altı min üç yüz qırx) manat pulu aldığını, 2022-ci ilin oktyabr ayında dəqiq yadında qalmadığı üçün 700-800 (yeddi yüz-səkkiz yüz) manat göndərdiyini, həmin məbləği əsas borcundan silinməsi üçün ödəniş etdiyini, ikinci dəfə isə 1405(bir min dörd yüz beş) manat sonuncu götürdüyü 7500 (yeddi min beş yüz) manatın faizini verdiyini bildirmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Cavabdeh iddiaçıdan almış olduğu pul vəsaitinin iddiaçı ilə şərikli qazanc əldə etmək məqsədi ilə tanımadığı şəxsin hesabına yatırdığını bildirsə də, öz dəlilini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas vəya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Lakin, məhkəmə hesab edir ki, iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Göründüyü kimi iddiaçı cavabdehə 57340,0 manat pul verdiyini, həmin məbləğdən 1405,0 manat qaytarıldığını, 700,0 manatın isə cavabdehin ona olan əvvəlki borcuna görə qaytardığını bildirir. Cavabdeh isə iddiaçıdan təxminən 56000,0 (polis bölməsində verdiyi izahatında ayrı-ayrı vaxtlarda cavabdehdən aldığı məbləğləri dəqiq göstərməklə 56340,0 manat aldığını bildirmişdir) manat aldığını, həmin məbləğdən 2105,0 manat qaytardığını bildir. Göründüyü kimi, cavabdehin iddiaçıdan 56340,0 manat alması və həmin məbləğdən iddiaçıya 1405,0 manat qaytarması işin mübahisəsiz halıdır. Belə ki, həmin hal iddiaçı tərəfindən etiraf edilmişdir. İşin mübahisəli halı isə idiaçının cavabdehə 56340,0 manat pul vəsaitindən əlavə pul vəsitinin verilməsi, və həmin borca görə onun 1000,0 manat borcunun qalmasıdır. Məhkəmə ilk növbədə, iddiaçı tərəfindən cavabdehə 56340,0 pulun verilməsi və həmin məbləğdən 1405,0 mnat qaytarılması işin mübahisəsiz halı olduğundan bu hissə ilə bağlı əlavə araşdırma aparmağı zəruri hesab etmir. Çünki, qeyd edildiyi kimi, bu xüsusat həm iddiaçı, həm də cavabdeh tərəfindən təsdiq olunmuşdur. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Məhkəmə bu qənaətə gələrkən hüququn hamılıqla qəbul edilmiş prinsipi olan formal həqiqət prinsipini də nəzərə almışdır. Belə ki, qeyd edilən prinsipə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Odur ki, iddiaçının 56340,0 manat məbləğində pul vəsaitini cavabdehə verməsi və cavabdehin həmin məbləğdən 1405,0 manat qaytarması üzrə əlavə araşdırma aparılmasına zərurət yoxdur. Belə olan halda, cavabdeh 56340,0 manat məbləğində pul vəsaitini aldığını etiraf etdiyindən, həmçinin iddiaçı həmin məbləğdən 1405,0 manat pul vəsaitini qaytarılmasını qəbul etdiyindən iddiaçı iddia tələbinin, 54935,0 manat (56340,0 – 1405,0) olan hissəsində yəni cavabdehin ona 54935,0 manat borcu olmasını sübut etmək yükündən azad olmuşdur. Məhkəmə işin mübahisəli halı ilə bağlı, yəni cavabdehin iddiaçıdan 56340,0 manatdan əlavə əvvəllər borc aldığını, cavabdeh tərəfindən ödənilmiş 700,0 manatın həmin borca görə ödədiyini və son nəticədə cavabdehin 56340,0 manatdan əlavə 1000,0 manat borcunun olması ilə bağlı iddiaçının dəllilərinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbinin dəlilləri bu hissədə əsasızdır Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Belə ki, məhkəmə iddianın təmin edilməsi qənaətinə gələrkən, prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. Bununla yanaşı, cavabdeh tərəfindən borc pulun tam ödənilməsinin etiraf edilməsindən savayı həmin məbləğin 13000 manat məbləğində olan hissəsini iddiaçıya qaytarmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, etiraz etdiyi halın sübut edilməsi məhz cavabdehin vəzifəsidir. Odur ki, məhkəmə iddia tələbinin əvvəlki borcuna görə 1000 manat məbləğində pul vəsaitinin qaytarılmaması halının və cavabdeh tərəfindən ödənilən 700,0 manat pulun cavabdehin əvvəlki borcuna görə ödəməsini iddiaçı tərəfindən mübahisələndirildiyini nəzərə alaraq hesab edir ki, həmin hissədə sübut etmə yükü iddiaçının üzərinə düşdüyündən və iddiaçı həmin hallarla bağlı hər hansı sübut təqdim etmədiyindən iddiaçının həmin hallarla bağlı dəlilləri əsasız hesab edilməlidir. Qeyd edilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, cavabdeh iddiaçıdan 56340,0 manat məbləğində pul vəsaiti almış və həmin məbləği iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh həmin məbləğdən 2105,0 manatını iddiaçıya qaytarmışdır. Buna baxmayaraq cavabdeh öhdəliyini pozaraq iddiaçıdan aldığı 56340,0 manat məbləğində pul vəsaitindən 54.235,0 (56340,0 -2105,0) manatını ona qaytarmamışdır. Məhkəmə həmçinin iddianın 262 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilərək, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 247 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi iddiaçının özünə aid edilsin. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh verilmiş borca görə 54235,0 manat məbləğində pul vəsaiti və ödənilmiş 247 manat dövlət rüsumu olmaqla, cəmi 54482,0 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh verilmiş borca görə 54235,0 manat məbləğində pul vəsaiti və ödənilmiş 247,0 manat dövlət rüsumu olmaqla, cəmi 54482,0 (əlli dörd min dörd səksən iki) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 15,0 manat hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar