Məhkəmə qərarları › İş №e-2(003)-2279/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2279/2022

14.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2279/2022 14.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi” tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 58.64 kv.m. sahəsi olan mənzilin və 2628,0 kv.m. torpaq sahəsinin boşaldılması və cavabdehdən alınaraq ona qaytarılması, mülkiyyətində olan həmin torpaq sahəsindən istifadəsi üçün Cavabdeh tərəfindən yaranmış maneələrin aradan qaldırılması və ona bu maneələrin yaradılması ilə bağlı hərəkətlərin qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 3 otaqlı, 58,64 kv.m. sahəsi olan mənzil və 2628,0 kv.m. torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Bununla bağlı ona Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən BM № 000026 saylı Qeydiyyat vəsiqəsi verilmişdir. Həmçinin, Cavabdeh ona məxsus torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən evi qanunsuz olaraq zəbt edərək bu günədək istifadə etməkdədir. Bu qanunsuz özbaşınalığın aradan qaldırılması üçün dəfələrlə cavabdehə şifahi xəbərdarlıq etsə də, heç bir nəticə əldə edə bilməmişdir. Belə ki, cavabdehə zəbt etdiyi torpaq sahəsinin və mənzilin ona məxsus olmasını və bunu təsdiq edən sənədlərin mövcudluğunu əsas gətirərək zəbt edilmiş torpaq sahəsindən çıxmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də, hazırkı mübahisənin ədalətli həlli üçün cavabdehin qeydiyyatda olduğu yer üzrə məhkəmədə mülki iddia qaldırmaq hüququndan istifadə edərək məhkəməyə müraciət edir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, əlavə etdi ki, iddiaçı və cavabdeh arasında mübahisəli evin alqı-satqısı niyyəti olmuşdur. Ona görə iddiaçı müvəqqəti olaraq cavabdehin evdə qalmasına icazə verib. Lakin cavabdehin evə pul ödəyib alqı-satqını həyata keçirmək niyyəti olmadığını başa düşəndə, iddiaçı, ondan evdən çıxmağını tələb etmişdir. Lakin cavabdeh evi zəbt edərək çıxmır. Belə ki, cavabdeh iddiaçının evində bağban kimi yaşamağa başlayıb. Sonralar iddiaçı evi satmaq istəmiş cavabdeh həmin evi özü almaq istəməsini bildirmişdir. Onların arasında olan şifahi razılaşmaya əsasən o, qeyd olunan evi 60000,0 manata almağa razılaşıb. Lakin o bu müddət ərzində oiddaçıya cəmi 8000,0 manat pul verib. 2020-ci ildə cavabdeh iddiaçıya 12000,0 manat təklif etsədə o, həmin məbləği qəbul etməyib. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədi və iddianın rədd edilməsini xahiş edərək bildirdi ki, o, 1998-ci ildən mübahisəli ünvanda yaşayır. İddiaçı özü də bir neçə dəfə gəlib orada qalmış, sonradan evi satmaq istədiyini deyib getmişdir. O, onunla razılaşaraq evi özünün almaq istədiyini ona bildirmişdir. Evi almaq üçün ilkin olaraq iddiaçıya 2010-cu ildə 8000 manat pul verib. Sonra ondan əlavə olaraq 10000,0 manat istəyib. 2013-cü ildə iddiaçı ona zəng vuraraq ondan 2000,0 manatda əlavə istəmişdir. 2020-ci ildə onunla görüşüb ona həmin evə görə 12000,0 manat təklif etmiş, lakin iddiaçı pulu qəbul etməmişdir. O, həmin evi ondan 20000,0 manata almağa razılaşıb. 8000,0 manat verib 12000,0 manatda verə bilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş BM №000026 saylı qeydiyyat vəsiqəsinin notarial təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən 58,64 kv.m. yaşayış sahəsi və 2628,0 kv.m. torpaq sahəsindən ibarət 45 saylı bağ İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İşin halları ondan ibarətdir ki, Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən 58,64 kv.m. yaşayış sahəsi, 2628,0 kv.m. torpaq sahəsindən ibarət 45 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. O, gələcəkdə əmlakı satmaq niyyəti ilə müvəqqəti olaraq cavabdehə orada yaşamağa icazə vermiş, bir müddət sonra o, Cavabdeh bağ evindən çıxmağı tələb etdikdə, sonuncu evdən çıxmaqdan boyun qaçırmışdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh 1998-ci ildən mübahisəli mənzildə yaşadığından, bununla da tərəflər arasındakı münasibət 1998-ci ildə yarandığından mübahisə 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə uyğun həll edilməlidir. Belə ki, münasibətlərin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Göründüyü kimi Cavabdeh iddiaçının ailə üzvü sayılmır, bununla da cavabdehin qeyd edilən mənzildən istifadə hüququ yaranmadığından, məhkəmə hesab edir ki, Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən, 45 saylı bağ evinə hər hansı bir hüquqları mövcud olmayan cavabdehin bu mənzildə yaşamaları iddiaçının mənzilə olan mülkiyyət hüquqlarını məhdudlaşdıran hal olduğundan iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da mülkiyyət hüququna həddindən artıq əhəmiyyət verirlər. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdeh mübahisəli mənzildən könüllü olaraq çıxmaması nəticəsində İddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, mənzil hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan, iddiaçı əmlakının özgənin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir. Cavabdehin hal-hazıradək evdən çıxmayaraq evi təhvil verməməsi mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozmuşdur. Məhkəmə qeyd edir ki, hər bir halda qeyd olunan mənzilin xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyata alınmasının işin mübahisəsiz halı olması nəzərə alınmaqla cavabdehin mənzilə istifadə hüququ olmadığından, Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən 58,64 kv.m. yaşayış sahəsi və 2628,0 kv.m. torpaq sahəsindən ibarət 45 saylı bağ sahəsindən çıxarılmaqla mənzil və torpaq sahəsi boşaldılaraq İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İddiaçı, həmçinin torpaq sahəsindən istifadə üçün cavabdeh tərəfindən yaranmış maneələrin aradan qaldırılması və ona bu maneələrin yaradılması ilə bağlı hərəkətlərin qadağan edilməsini xahiş edir. İşin hallarından göründüyü kimi iddiaçı, mübahisəli bağ evinin mülkiyyətçisi olaraq, öz mülkiyyətindən sərbəst surətdə istifadə edə bilmir, belə ki, cavabdeh tərəfindən iddiaçıya mülkiyyətindən istifadəsinə maneçilik törədilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin olunaraq, Cavabdeh Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən 58,64 kv.m. yaşayış sahəsi, 2628,0 kv.m. torpaq sahəsindən ibarət 45 saylı bağ sahəsindən istifadə ilə bağlı İddiaçı maneələrin yaradılması qadağan olunmalıdır. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən 58,64 kv.m. yaşayış sahəsi və 2628,0 kv.m. torpaq sahəsindən ibarət 45 saylı bağ sahəsindən çıxarılmaqla mənzil və torpaq sahəsi boşaldılaraq İddiaçı təhvil verilməli, Cavabdeh Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən 58,64 kv.m. yaşayış sahəsi, 2628,0 kv.m. torpaq sahəsindən ibarət 45 saylı bağ sahəsindən istifadə ilə bağlı İddiaçı maneələrin yaradılması qadağan olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən 58,64 kv.m. yaşayış sahəsi və 2628,0 kv.m. torpaq sahəsindən ibarət 45 saylı bağ sahəsindən çıxarılmaqla mənzil və torpaq sahəsi boşaldılaraq İddiaçı təhvil verilsin. Cavabdeh Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən 58,64 kv.m. yaşayış sahəsi, 2628,0 kv.m. torpaq sahəsindən ibarət 45 saylı bağ sahəsindən istifadə ilə bağlı İddiaçı maneələrin yaradılması qadağan olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar