Məhkəmə qərarları › İş №e-2(003)-2471/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2471/2025

14.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2471/2025 14.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş 1317,60 (bir min üç yüz on yeddi manat 60 qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 21,47 (iyirmi bir manat 47 qəpik) manat və 33,40 (otuz üç manat 40 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 1372,47 (bir min üç yüz yetmiş iki manat 47 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçının Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 03-2601 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00050 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1317,60 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 21,47 (iyirmi bir manat 47 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümum1i 339,07 (bir min üç yüz otuz doqquz manat 07 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

Proses iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. O, izahatında həmçinin bildirmişdir ki, cavabdehin yaşadığı evə İddiaçı əməkdaşları tərəfindən baxış keçirilmiş, cavabdeh tərəfindən qaz sayğacından kənar qaz xəttinə özbaşına qoşulmaqla qanunsuz olaraq qazdan sitifadə etməsi faktı aşkar edilmiş, həmin qaz xətti qaynaq vasitəsilə əsas xətdən ayrılmış, amma ləğv edilməmişdir, bununla bağlı akt var. Ola bilər ki, cavabdeh xətti sonradan yenidən özü qoşub. Əgər hər hansı qəza-bərpa işləri görülürsə, rəsmi sorğu verilməli, əməkdaşlar dəvət olunmalı, qaza müdaxilə edilmə halı olarsa qazın verilişi dayandırlımalıdır. Saldoda göstərilən cihazlar müqavilədə olan cihazlardır, lakin aşkar olunan cihazlar müqavilədən kənar cihazlardır və buna görə də akt tərtib olunmuşdur. Məsələn, müqavilədə olan cihazlar üçün J4 sayğacı uyğun görülüb quraşdırılıbsa, abonent tərəfindən sonradan əlavə cihazlar qoşulur və sayğacın həmin cihazları qazla təmin etməyə gücü çatmır. Əlavə cihazlar olduğuna görə kənar xətt qoşulduğu hesab olunur. Əməkdaşlar tərəfindən baxış keçirilərkən aşkar edilmiş həmin cihaz işlək olmasa da, onun nə vaxtsa işlək olduğu ehtimal olunur, bu ehtimal olsa da, bu barədə hesabat aparılır. Bu səbəbdən də dəymiş zərər müəyyən edilmiş və 1217,6 manat kənar xətdən istifadəyə görə borc hesablanıb saldoya qeyd edilmişdir. Yeni saldodan göründüyü kimi hazırda abonentin sayğac vasitəsilə təbii qazdan istifadəyə görə 20,85 manat da debitor borcu var.

4. Məhkəmə iclasında iştirak edən cavadeh Cavabdeh iddia ərizəsinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. O, həmçinin izahatında bildirmişdir ki, atası, babası bu evdə yaşayıb, o da uzun zamandır bu evdə yaşayır, şəkildəki qaz xətti hər zaman olub, indi də var, o əlavə xətt deyil, sayğacdan birbaşa evə gedən xətdir, qaz xətləri idarənin əməkdaşları tərəfindən uzun illər əvvəl çəkilib, heç vaxt sayğacdan kənar xətti olmayıb və ya əməkdaşlar tərəfindən də heç bir əlavə xətt aşkar edilməyib və qaynaqla kəsilməyib. Evdə tək yaşayır, sərfiyyatı azdı, demək olar hər ay eyni məbləğdə olur, qaz sayğacı küçədə yerləşir. Evə 4 nəfər əməkdaş gəlmiş, ətrafa baxıb getmiş, günortadan sonra yenə gəlmiş, sayğacın şəklini çəkib getmişlər, aktdan isə xəbəri olmamışdır. Eyni şəkillərlə qardaşıgilə də borc yazılıb. Sərfiyyat borcu da ola bilməz, çünki dünən pensiyasını almış və elə dünün də borcu ödəmişdir. Həmçinin məhkəmənin yerli baxış keçirtdiyi zaman müşahidə etdiyi kimi hər hasnı kənar xətt mövcud deyil, evdə cəmi bir otaq yaşayış üçün əlverişlidi, digər otaqlarda isə yaşamaq mümkün deyil, evdə yalnız evi isitmək üçün 1 ədəd dəmir soba var, onu yalnız qış aylarında istifadə edir, 1 ədəd də həyətdə 4 göz soba var, evdə olduğu zaman çay və yemək üçün istifadə etiyindən bir qaz sobasının 1300 manatlıq sərfiyyata səbəb olması yalandan başqa bir şey deyil. Ona görə iddianın təmin olunmamasını xahiş edir.

Mülki işin materialları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

5. xx.xx.2020-ci il tarixli, 03-2601 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsindən görünür ki, İddiaçı müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı, Cavabdeh keyfiyyətli qazla təin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməyi öhdəsinə götürür.

6. xx.xx.2021-ci il tarixli, ******* nömrəli “TəbiiX2nın pozulması haqqında” aktın surətindən görünür ki, **********00050 nömrəli abonent kodu olan sayğaca baxış keçirilmiş və nətiəcədə abonentin təbii qazdan sayğacdan kənar, yəni qeyri-qanuni istifadə etməsi İddiaçı əməkdaşları tərəfindən müəyyən edilmişdir.

7. 28.10.2021- ci il tarixli “İstehlakçının qaz təsərrüfatının inventar aktı”ndan görünür ki, aktın tərtib olunduğu tarixdə Cavabdeh iştirakı ilə istehlakçıya məxsus mənzildə qaz təsərrüfatına yerində baxış keçirilərək, qaz avadanlıqları olaraq qeyri-standart L-4p/m, D/soba,PQ-4, qeyri-standart kotyol, S/q hər biri 1 ədəd olmaqla aşkar edilmişdir.

8. xx.xx.2021-ci il tarixli, 03/5748 nömrəli aktdan görünür ki, sayğacdan kənar xətt olması səbəbilə, təbii qaz təchizatı qaynaq vasitəsilə dayandırılmışdır.

9. xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt əsasında sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi və dəymiş ziyanın hesablanması, ödənilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görülməsi qərara alınmışdır. Dəymiş ziyan hesablanarkən istehlakçının mənzilində aşkarlanmış qaz avadanlaqlarının maksimal sərfiyyatı, onların gün ərzində 24 saat işləməsi və 90 günlük hesabat müddəti əsas götürülərək, dəymiş zərər olaraq 13176 m3 həcmind qazın dəyərinin ödənilmədən qanunsuz istehlak edilməsi müəyyən olunmuşdur.

10. 07.03.2025-ci il tarixli **********00050 nömrəli abonent koduna malik Cavabdeh məxsus 40015269 nömrəli sayğacın abonent saldosundan görünür ki, 2021 ci ili oktyabr ayı üzrə 1317,60 (bir min üç yüz on yeddi manat altmış qəpik) manat akt borcu hesablanmışdır.

11. 28.07.2025-ci il tarixdə e-2(003)-2471/2025 saylı iş üzrə keçirilmiş yerində müayinə protokolundan görünür ki, Cavabdeh məxsus ünvan 2 ünvanında yerində müayinə keçirilmiş, qaz sayğacına baxış keçirilərkən qaz xəttinə hər hansı əlavə xəttin qoşulması halı müşahidə edilməmiş, evə daxil olan bütün qaz xətlərinin sayğaca qoşulu olduğu müəyyən edilmiş, yalnız 1 otağın yaşayış üçün əlverişli olması və otaqda evi isitmək üçün 1 ədəd dəmir soba və həyətdə 1 ədəd 4 göz sobanın (PQ4) olması müəyyən edilmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

12. 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

13. 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

14. 1096.1-cı maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Qaz təchizatı haqında” Azərbaycan Respublikası Qanununun

15. 6-cı maddəsinə əsasən, istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə, qaz paylayıcısı qazın verilməsini dayandırır.

16. 8-1.-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir.

17. 20-ci maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.

18. 21.1-ci maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın:

19. 3.1.3-cü bəndinə əsasən, qaz paylayıcısı qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır.

20. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

21. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir.

22. 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir).

23. 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Məhkəmənin mövqeyi:

24. Məhkəmə iddia ərizəsinin dəlillərini, iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir.

25. Məlum olduğu kimi Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edən 14-cü maddəsinə görə mülki hüquqlar və vəzifələr digər əsaslarla yanaşı həm də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərən əmələ gəlir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

26. İşin mübahisəsiz halları ondan ibarətdir ki, istehlakçı Cavabdeh və paylayıcı İddiaçı olmaqla tərəflər arasında xx.xx.2020-ci il tarixli, 03-2601 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi” bağlanmış, **********00050 nömrəli abonent koduna malik qaz sayğacı iddiaçıya məxsus ünvan 2 ünvanındakı fərdi yaşayış evinə quraşdırılmışdır.

27. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, İddiaçı tərəfindən istehlakçı Cavabdeh sayğacdan kənar qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə etdiyi halı aşkar edilərək akt tərtib olunmaqla, dəymiş zərər kimi 1317,60 manat borc hesablanmış və bu borc məbləği iddiaçının abonent saldosuna daxil edilmişdir. Habelə sonuncu saldo üzrə cavabdehin ödənilməmiş 20,85 manat debitor borcu vardır. Bu borcları cavabdeh ödəməmişdir. Cavabdeh isə qaz sayğacına və qaz şəbəkəsinə onun tərəfindən heç bir müdaxilə edilmədiyini, qanunsuz qoşulma halı olmadığını, akt tərtib edilərkən iştirakının təmin edilmədiyini, tərtib edilən aktdan ümumiyyətlə xəbəri olmadığını, pozuntu və borc barədə ona heç bir məlumat verilmədiyini və əsassız və qanunsuz olaraq borc hesabladığını bildirərək, iddianın təmin edilməməsini xahiş edir.

28. Prosessual qanunvericiliyin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıdır. Habelə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. (MPM 14.2, 77.1, 81) Mülki mübahisənin yaranmasına səbəb iddiaçı tərəfindən tərtib edilmiş aktların olmasını nəzərə alaraq, ilk növbədə həmin borcun (zərərin) hesablanmasına əsas olan hallara, bu halları təsdiq edən qərarın qanuniliyinə və eləcə də bu halların baş verməsində cavabdehin təqsirliliyi məsələsinə hüquqi qiymət verilməlidir. Bu mənada borcun iddiaçı tərəfindən tərtib edilmiş müvafiq akt və tələbnamə əsasında hesablandığını nəzərə alaraq məhkəmə hesab edir ki, qəbul etdiyi qərarın qanuniliyini, o cümlədən qeyd edilmiş pozuntuları və həmin pozuntuların yaranmasında iddiaçının təqsirini, habelə aktın tərtib olunmasına əsas olmuş halların (cavabdeh tərəfindən qaz sayğacından kənar qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan qanunsuz istifadə edilməsi) mövcudluğu və doğruluğu və bu halların iş üzrə cavabdeh tərəfindən törədilməsini, hesablanmış borcun məbləğinin əsaslılığını və qanuniliyini sübutetmə yükü qərarı qəbul etmiş orqanın, yəni İddiaçı İB-nin üzərinə düşür.

29. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də göründüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmçinin istehlakçıya verilmiş qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır.

30. Məhkəmə araşdırması zamanı isə cavabdeh tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsi halı müəyyən edilməmişdir. Qaz sərfi nəticəsində itirilmiş qazın iddiaçının təqsiri ucbatından baş verməsini cavabdeh Birlik sübut etməli olduğu halda, bu hal sübut edilməmişdir. Əksinə, həmin ünvanda məhkəmə tərəfindən yerində müayinə zamanı sayğacdan kənar qaz xəttinə qoşulma halı müəyyən edilməmişdir. Bu səbəbdən qaz sərfi nəticəsində itirilmiş qazın bərpası üçün dəymiş ziyanın cavabdehin hesabına hesablanması əsassızdır. Qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına, onda baş verən texniki problemlərin aradan qaldırılmasına cavabdehliyi isə qaz paylayıcısı daşıyır. Bununla da «X2» haqqında normativ aktın tələblərini pozmaqla iddiaçı tərəfindən təbii qazdan istifadə etməsi hallarını sübuta yetirmədən həmin aktı tərtib etmişlər. Odur ki, məhkəmə hesab edir ki, tərtib edilmiş akt və tələbnamə əsassızdır.

31. Bununla yanaşı, məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktlar və tələbnamələr daxilən ziddiyətlidir və qanunvericiliyin tələbinə uyğun deyildir. Belə ki, aktlarda istehlakçının imzası yoxdur və imza hissəsində imtina etdiyi qeyd edilmişdir, ancaq bu fakt müvafiq qaydada rəsmiləşdirilməmişdir. Cavabdeh də iddiaçı qurum tərəfindən yoxlama keçirilən və akt tərtib edilən zaman ona məlumat verilmədiyini, yoxlamada iştirakının təmin edilmədiyini və bu aktdan xəbərdar olmadığını bildirmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qaz qurğulаrına və qazpaylayıcı şəbəkəyə 6 аydа bir dəfədən az olmayaraq texniki baxış keçirməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmçinin qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İddiaçı məhkəmə iclasında da cavabdehin müvafiq qaydada məlumatlandırıldığını, yoxlama keçirilən zamanı və akt tərtib edilərkən onun iştirakının təmin edildiyini və tərtib edilmiş aktın iddiaçıya təqdim edildiyini sübuta yetirə bilməmişdir. Bütün bunlar da qərarın doğruluğunu, əsaslılığını və mötəbərliyini şübhə altına alır. Bu səbəblərdən və eyni zamanda iddiaçı tərəfindən məhkəmə iclasında əksi sübuta yetirilmədiyi üçün bu akt da cavabdeh tərəfindən müvafiq pozuntu halına yol verildiyini təsdiq edən əsaslı, şübhədən kənar və mötəbər sübut kimi qiymətləndirilə bilməz.

32. Beləliklə, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən qaz sayğacından kənar qaz xəttinə qoşulmaqla qazdan qanunsuz istifadə halı müəyyən edilmədiyindən və cavabdehin təqsiri və hüquqazidd hərəkətləri sübuta yetirilmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi dəymiş zərərə görə hesablanmış 1317,60 manat borcun tələbi hissəsində əsassızdır, ona görə də həmin hissədə iddia təmin edilməməlidir.

33. İddia tələbinin sayğac vasitəsilə təbii qazdan istifadəyə görə yaranmış 21,47 manat debitor borcun tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, **********00050 nömrəli abonent koduna dair iddiaçı tərəfindən məhkəmə iclasında təqdim edilmiş 14 avqust 2025-ci il tarixli abonent saldosuna əsasən (iddiaçının özünün də izahatında qeyd etdiyi kimi) cavabdehin təbii qazdan istifadəyə görə cəmi 20,85 manat (iyirmi manat səksən beş qəpik) məbləğində İddiaçınə ödənilməmiş debitor borcu olduğu müəyyən edilmişri. Ona görə də iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehdən 20,85 manat (iyirmi manat səksən beş qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir.

34. Məhkəmə, iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Habelə Mülki Məcəllənin 458.1-ci maddəsinə əsasən, kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Normaların tələbini rəhbər tutaraq məhkəmə hesab edir ki, hazırda iddia tələbinin yalnızca sərfiyat borcuna görə ödənilməmiş cəmi 20,85 manat borcun tutulmasına münasbətdə təmin edildiyi, iddianın təmin edilən hissəsi tələbin cüzi hissəsini təşkil etdiyini və iddiaçının tələb etdiyi məbləğdə dövlət rüsumu ödəməklə zərərinin yaranmasına özünün şərait yaratdığını nəzərə alaraq, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

35. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.

36. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməli, cavabdeh tərəfindən təbii qazdan sayğac vasitəsilə istifadə olunmuş və ödənilməmiş 20,85 manat məbləğində debitor borc cavabdehdən İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi

İddia qismən təmin edilsin. Cavabdeh 20,85 AZN (iyirmi manat səksən beş qəpik) məbləğində debitor borc tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar