Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2577/2024 06.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “ödənilmiş məbləğin subroqasiya əsasında geri qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “ödənilmiş məbləğin subroqasiya əsasında geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Toyota RAV 4” markalı, ** DO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 13295.45 (on üç min iki yüz doxsan beş manat qırx beş) manat məbləğində dəymiş zərər, 129.90 (bir yüz iyirmi doqquz manat doxsan qəpik) manat məbləğində dövlət rüsumu və 1.54 (bir manat əlli dörd qəpik) qəpik bank xidmət haqqının İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh idarə etdiyi ``X7 1224`` markalı, ** DB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Toyota RAV 4” markalı, ** DO ***; ``Hyundai Elantra`` markalı, ** ZF *** və ``Toyota Prius`` markalı, ** VA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşmuşdur. Baş vermiş yolnəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığorta növü üzrə sığortalanmış “Toyota RAV 4” markalı, ** DO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İş materiallarından göründüyü kimi Avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsindən görünür ki, “Toyota RAV 4” markalı, ** DO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı SŞ ASC-də könüllü sığorta növü üzrə sığortalanması öz əksini tapmışdır. İş materiallarına əlavə olunmuş ``Toyota-Abşeron Mərkəzi`` MMC-nin SİP88073 nömrəli, xx.xx.2023-cü il tarixli hesab-fakturanın surətindən görünür ki, dəymiş zərərin məbləği 17801.95 manat müəyyən edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq “Toyota RAV 4” markalı, ** DO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 100 manat şərtsiz azadolma məbləği ödənildiyindən 17801.95 (on yeddi min səkkiz yüz bir manat doxsan beş) manat məbləğində sığorta ödənişi tam olaraq servisin hesabına ödənilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh idarə etdiyi ``X7 1224`` markalı, ** DB *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi zamanı inzibati xəta törətdiyindən AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilindiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Cavabdeh tərəfindən idarə olunan ``X7 1224`` markalı, ** DB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyəyini sığortalamış sığortaçı “MeqaSığorta`` ASC tərəfindən 4406.50 manat məbləği ödənilmiş, qalan 13295.45 (on üç min iki yüz doxsan beş manat qırx beş) manat hissəsi isə Cavabdeh tərəfindən ödənilməmiş qalmışdır (17801.95 manat dəymiş zərər-100 manat azadolma məbləği- 4406.50 manat icbari sığortası=13295.45 manat). 13295.45 (on üç min iki yüz doxsan beş manat qırx beş) manat məbləğində sığorta ödənişi Cavabdeh İddiaçı Sığorta Şirkəti ASCnin xeyrinə tutulmalıdır. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X3 xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan məlum olur ki, xx.xx.2023cü il tarixində sürücü Cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində (sürücü həmin vaxt ayıq olmuşdur) X1 idarə etdiyi “Toyota Rav 4” minik markalı avtomobilə ziyan dəymişdir. - xx.xx.2023-cü il tarixli sığorta aktından görünür ki, hadisə zamanı dəymiş zərərin məbləği 17801,95 manat, azadolma məbləği 100 manat olmaqla sığorta ödənişi 17801,95 manatdır. - “X6” MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli hesab fakturadan görünür ki, “Toyota Rav 4” markalı ** DO *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri və ehtiyat hissələri də daxil olmaqla ümumi xərci 17801,95 manat təşkil edir. -"xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 13191 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 17801,95 manat məbləğində sığorta ödənişi “X6” MMC-nin bank hesabına köçürülmüşdür. -İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, Cavabdeh dəymiş zərərin ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. -Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/5788 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2022-ci il buraxılışlı “Toyota RAV 4” markalı, **-DO-*** dövlət nömrə nişanlı avtomobilin 2023-cü il tarixə təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən: 1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 17782,78 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti — 13497,04 manat, Təmir- bərpa işlərinin qiyməti — 4285,74 manat. 2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 17242,69 manat. О cümlədən: Dəyişilməli hissələrin qiyməti — 12957,15 manat, Təmir- bərpa işlərinin qiyməti — 4285,74 manat. Aparılmış tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-nin 936.1., 936.2., 936.5.-ci mad.) “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikası Qanunun 20.3-cü maddəsinə əsasən əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. Həmin Qanunun 25.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən, yaxud digər qanuni əsaslarla istismar еdən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hеsab olunurlar. İşin araşdırılmış hallarından müəyyən edilir ki, iş üzrə Cavabdeh idarə etdiyi avtomobillə X2 məxsus olan avtomobillə yol nəqliyyat hadisəsi törətmişdir. Həmin hadisə ilə bağlı tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh təqsirli bilinmişdir. Hadisə nəticəsində iddiaçı cəmiyyət tərəfindən avtonəqliyyat vasitələrinin tam sığortası ilə sığortalanmış avtomobilə zərər dəymiş və iddiaçı tərəfindən 17801,95 manat avtomobilin təmiri üçün pul köçürülmüşdür. Həmin məbləğə iddiaçının subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi dörd əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması; 3) təqsir (qəsd və ya ehtiyatsızlıq); və 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmçinin dəymiş ziyanın məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı yolnəqliyyat hadisəsinin baş verməsi nəticəsində əmlakına vurulmuş zərərin əvəzini -"xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli SİP88073 saylı qiymətləndirmə aktı ilə 17801,95 manat məbləğində qiymətləndirməsi əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, cəmiyyət qiymətləndirmə apararkən, yalnız yeni ehtiyat hissələrinin qiymətinə istinad etmişdir. Nəzərə almaq lazımdır ki, ziyan dəymiş avtomobil xeyli müddətdə istifadə edildiyindən müvafiq olaraq aşınmaya və köhnəlməyə məruz qalmışdır. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılan qiymətləndirmə zamanı isə dəyişilməli hissələrin dəyəri işlənmiş, lakin təyinatı üzrə istifadəyə yararlı hissələrin qiymətlərinə müvafiq hesablandığından daha mötəbər sübut kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə iclasında, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatı (ekspert rəyi) iş üzrə digər sübutlarla yanaşı qiymətləndirilərək hesab edilmişdir ki, iddiaçının əmlakına dəymiş zərər məhz ekspertiza rəyində göstərilən məbləğdə ola bilər. Bu səbəbdən həmin ekspert rəyi iddiaçının əmlakına dəymiş zərərin müəyyən edilməsi üçün əsas götürülməli və Cavabdeh hüquqa zidd əməli nəticəsində iddiaçının əmlakına dəymiş ziyan 17242,89 manat məbləğində müəyyən edilməlidir. Həmçinin ödənilmiş 4406,50 manat sığorta ödənişi və 100 manat azadolma məbləği də nəzərə alınaraq cavabdehdən tutulacaq məbləğ 12736,39 manat müəyyən edilməlidir (17242,89-4406,50-100= 12736,39). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinə görə ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməli və ondan tutulmalıdır. Məhkəmə, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinin ödənilməsi məsələsinə qiymət verərək hesab edir ki, həmin məbləğ cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə də məhkəmə bu qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh 12736,39 manat məbləğində sığorta ödənişi, 131,44 manat məbləğində dövlət rüsumu İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh sığorta ödənişinə görə 12736,39 manat və dövlət rüsumuna görə 131,44 manat məbləğində pul İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-2577/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2577/2024
06.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver