Məhkəmə qərarları › İş №e-2(003)-2808/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2808/2024

03.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2808/2024 03.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “müqavilə öhdəliklərinin pozulması ilə əlaqədar olaraq pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı “müqavilə öhdəliklərinin pozulması ilə əlaqədar olaraq pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış müqavilə üzrə 2021-2022-ci il üçün 3000 AZN, 2022-2023-cü il üçün 7000 AZN və 2023-2024-cü il üçün 8500 AZN məbləğində, ümumilikdə 18.500 manat məbləğində əsas borc və ona uyğun hesablanmış 20.000 manat miqdarında dəbbə pulu borcu, yekunda 38.500 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı filialı və Cavabdeh arasında “Təhsil xidmətlərinin göstərilməsinə dair” xx.xx.2015, xx.xx.2022, xx.xx.2023-cü il tarixli müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən İddiaçı Bakı filialı Cavabdeh övladı Rəcəb Fatiməyə müqavilədə nəzərdə tutulmuş qaydada yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə təhsil haqqı ödəməyi öhdəsinə götürür. Aralarında bağlanmış sonuncu müqavilənin 5.1-ci maddəsinə əsasən 1 (bir) tədris ili üçün təhsil haqqı 8500 azn təşkil edir. Təhsil haqqı məbləği xx.xx.2015-ci və xx.xx.2022-ci il tarixli müqavilələr üzrə isə 7000 manat təşkil edir. Müqavilələrin müvafiq maddələrinə əsasən valideyn təhsil haqqını tam və vaxtında ödəməlidir. Müqavilə üzrə üzərlərinə düşən bütün öhdəliklər tam yerinə yetirilsə də, Cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək 2021-2022-ci təhsil ili üzrə 3000 AZN, 2022-2023-cü təhsil ili üzrə 7000 AZN və 2023-2024–cü təhsil üzrə 8500 AZN təhsil haqqını, ümumilikdə 18.500 manat məbləğində təhsil haqqı borcunu ödəməmişdir. Bununla yanaşı, bağlanmış müqavilələrə əsasən Valideyn təhsil haqqının ödənməsində hər gecikdirilmiş gün üçün dəbbə pulu ödəməyi öhdəsinə götürür. Beləliklə Valideynin 18.500 manat məbləğində əsas borcu ilə yanaşı, 20.000 manat dəbbə pulu borcu vardır. Əsas borçla birlikdə Valideynin Liseyə olan borcu 38.500 manat təşkil edir. İddiaçı tərəfindən valideynə dəfələrlə müraciət edilərək təhsil haqqını və ona uyğun hesablanmış dəbbə pulunun ödənilməsi xahiş olunmuşdur . Bu səbəbdən lisey tərəfindən valideynə poçt vasitəsi ilə təhsil haqqının ödənilməsi tələbinə dair xəbərdarlıqlar ünvanlanmışdır. Lakin bu xəbərdarlıqlara baxmayaraq təhsil haqqı və hesablanmış dəbbə pulu ödənilməmişdir. Bu isə müqavilə üzrə valideynin üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 3.2.5-ci maddəsinə əsasən Lisey göstərilən təhsil xidmətlərinə görə təhsil haqqını tam və vaxtında ödənilməsini tələb edə bilər. Əlavə olaraq, həmin müqavilənin 7.2-ci maddəsinə görə təhsil haqqının ödənilməsinin gecikdirilən günlərinə görə valdeyn dəbbə pulu ödəməyi öz öhdəsinə götürür. Habelə 2022-ci il tarixli müqavilənin 5.5-ci maddəsinə əsasən, təhsil haqqı inflyasiya və digər iqtisadi proseslərdən asılı olaraq artırıla bilər. Müqavilənin 4.1.1-ci maddəsində təhsil haqqının ödənilməsi valideynin öhdəliyi qismində müəyyənləşdirilir. 6.3-cü maddəyə əsasən, valideyn müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə Lisey birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verilə bilər. Həmçinin, müqavilənin 3.2.7-ci maddəsinə görə, valideyn tərəfindən təhsil haqqının ödənilməsi müqavilədə nəzərdə tutulan müddətdən artıq gecikdirildikdə təhsil haqqı tam ödənilənədək Lisey şagirdin dərsə buraxılmasını və digər öhdəliklərinin icrasını dayandıra bilər. Lisey pandemiya dövründə öz fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq təşkil edir. Müqaviləyə əsasən yaranmış vəziyyətdə tərəf (valideyn) üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə borcludur. Müqavilələrdən aydın olur ki, hər hansı səbəbdən müqaviləyə xitam verilməsi sonradan vəzifələri icra etmək vəzifəsindən azad etmir. İddiaçı nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iş materiallarını və məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -İddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli müqavilələrdən görünür ki, bu müqavilələrdə nəzərdə tutulmuş qaydada İddiaçı şagirdə Azərbaycan, Rus və İngilis bölmələrində yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə təhsil haqqını ödəməyi öhdəsinə götürür. -xx.xx.2015-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrin 5.1-ci maddəsinə əsasən 1 təhsil ili üçün təhsil haqqı 7000 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən isə 1 təhsil ili üçün təhsil haqqı 8500 manat təşkil edir. -Müqavilələrin 7.2-ci bəndinə əsasən təhsil haqqının ödənilməsinin gecikdirilən günlərinə görə valideyn dəbbə pulu ödəməyi öz öhdəsinə götürür. Lisey ödənişin gecikdirildiyi hər gün üçün ödənilməli olan məbləğin 0,5 faizi həcmində cərimə tətbiq edir. -Müqavilələrin 6.3-cü bəndinə əsasən valideyn müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə Lisey birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verə bilər. -Müqavilələrin 3.2.7-ci maddəsinə əsasən valideyn tərəfindən təhsil haqqının ödənilməsi müqavilədə nəzərdə tutulan müddətdən artıq gecikdirildikdə təhsil haqqı tam ödənilədək Lisey şagirdin dərsə buraxılmasını və digər öhdəliklərinin icrasını dayandıra bilər. -İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli məktubların surətindən görünür ki, cavabdehə məktəbdə təhsil alan X2 görə 2021/2022-ci tədris ilinə görə 3000 manat, 2022/2023-cü tədris ilinə görə 7000 manat, 2023/2024-cü tədris ilinə görə 8500 manat olmaqla, cəmi 18500 manat təhsil xərcləri üzrə borcunun olduğu, həmçinin ona uyğun hesablanmış 20000 manat miqdarında dəbbə pulu borcu ilə bağlı ona dəfələrlə məlumat verildiyi qeyd edilmiş və müqavilə üzrə öhdəliyin icrasının təmin edilərək gecikdirilmiş təhsil xərclərinin məktəbin bank hesabına ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. -Cavabdeh tərəfindən İddiaçınə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, övladının 2021-2022, 2022-2023 və 2023-2024-cü tədris illərinin ümumi 20500 manat məbləğini martın 15-nə kimi sonlanmağına köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanmış iş materialları ilə müəyyən edilir ki, iddiaçı məktəblə valideyn Cavabdeh arasında sonuncunun övladı -azyaşlı X1 təhsil alması ilə əlaqədar təhsil müqavilələri bağlanmışdır. Təhsil müqavilələrinin əsas şərtləri (ödəniş məbləği, ödənişin həyata keçirilməsi qaydası və s.) həmin müqavilələrdə öz əksini tapmışdır. İddiaçı müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri , yəni X1 təhsil alması ilə əlaqədar müqavilələrlə müəyyən edilmiş vəzifələrini yerinə yetirməsinə baxmayaraq cavabdeh tərəf iddiaçı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməmiş və müqavilələrlə müəyyən edilmiş ödənişləri vaxtlı-vaxtında və tam həcmdə ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən xx.xx.2015-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli təhsil müqavilələrinə əsasən cəmi 500 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 500 manat dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Əsas borcla birgə bu məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Məhkəmə işin mübahisəsiz hallarını tədqiq edilmiş sübutlarla birgə məcmu halında qiymətləndirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, müqavilə öhdəliklərinin pozulması ilə əlaqədar xx.xx.2015-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli təhsil müqavilələri üzrə ümumilikdə 18500 manat ödənilməmiş təhsil haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddia tələbinin təmin olunmasına mütənasib olaraq ödənilmiş 206 manat dövlət rüsumunun 147 manat hissəsi iddiaçının xeyrinə tutulmalı, qalan məbləğ isə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 2021-2022-ci il üçün 3000 manat, 2022-2023-cü il üçün 7000 manat və 2023-2024-cü il üçün 8500 manat, cəriməyə görə 500 manat olmaqla ümumilikdə 19000 manat və ödənilmiş dövlət rüsumuna görə 147 manat məbləğində pul tutularaq İddiaçı Bakı Filialına ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan 59 manat hissəsi İddiaçı Bakı Filialının özünə aid edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar