Məhkəmə qərarları › İş №e-2(003)-3310/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-3310/2025

15.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-3310/2025 15.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı Ozatanın nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili iştirakı ilə İddiaçı Ozatanın Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Ozata Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdə olan ona məxsus “Omega” markalı qol saatının, qol saatını qaytarmaq mümkün olmadıqda onun dəyərinin və məhkəməyə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında göstərdi ki, iddiaçı və cavabdeh arasında nikahın pozulması barədə Nərimanov Rayon Məhkəməsinin icraatında mülki iş mövcuddur. Həmin işlə bağlı iddiaçı tərəfindən ümumi birgə əmlakın bölünməsi tələbi irəli sürülmüşdür. İddiaçı 2018-ci il tarixdə atasının vəfatından sonra atasına məxsus “Omega” markalı qol saatı ona qalmışdır. xx.xx.2025-ci il tarixdə yaşadıqları ünvanda cavabdeh ilə həmin saat üzərində mübahisə yaranmışdır. Belə ki cavabdeh iddiaçıya məxsus saatı ona verməkdən imtina etmişdir. Hadisədən sonra, iddiaçı tərəfindən həmin saatın qaytarılması ilə bağlı cavabdehə dəfələrlə müraciət edilmişdir. Lakin cavabdeh onun bu müraciətlərini nəzərə almamış, saatı qaytarmaqdan yayınmış, onun maddi dəyərinin yüksək olduğuna görə onu geri verməkdən israrla imtina etmişdir. Lakin həmin saat adi bir məişət əşyası olmayıb, iddiaçı üçün xüsusi mənəvi dəyərə malikdir. Belə ki həmin saat 1991-ci il tarixdə iddiaçının atası tərəfindən alınmışdır. İddiaçının atası 2018-ci ildə vəfat etdikdən sonra saat vərəsəlik qaydasında ona qalmışdır. Bu saatın onun atasına məxsus olması ilə yanaşı, şəxsi tarixçəsini və ailə xatirələrini daşıyan simvolik əşya olmuşdur. Belə olan halda, cavabdehin həmin saatı özündə saxlaması və qaytarmaqdan imtina etməsi təkcə maddi hüququn pozulması deyil, həm də mənəvi zərbə olmuşdur. Bundan əlavə, qeyd edildiyi kimi xx.xx.2025-ci il tarixdə mübahisənin predmeti olan saat üzərində iddiaçı və cavabdeh arasında ailə daxili münaqişə yaranmış, bu barədə Xəzər RPİ-nin 1-ci PŞ-nə müraciət edilmiş və həmin müraciətlə bağlı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qeyd edildiyi kimi iddiaçıya məxsus “Omega Constellation” markalı saat ona atasının vəfatından sonra miras qalmışdır. İddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında göstərdi ki, saat onlarda deyil, saat iddiaçının özündədir. İddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehi döyüb və evdən qovmuşdur. Bu zaman iddiaçı cavabdehə əşyalarını götürməyə icazə verməmişdir. Bununla bağlı cavabdeh polisə müraciət edib. Məhkəmə tərəfləri dinləyib, mülki işin materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, mülki işlər bir icraatda birləşdirilməklə bir icraatda baxılmalıdır. Belə ki, işin baxılması zamanı müəyyən edildi ki, hazırki iş üzrə İddiaçı Ozatanın Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi” tələbi ilə bağlı iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il tarixli **********69 reyestr nömrəli ünvan 1i ünvanında yerləşən torpaq sahəsi üzərində İddiaçı Ozatanın ½ payının müəyyən edilməsi, xx.xx.2022-ci il tarixli **********42-11301 reyestr nömrəli Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 9L ünvanında yerləşən bağ evi üzərində İddiaçı Ozatanın ½ payının müəyyən edilməsi, xx.xx.2020-ci ildə qeydiyyata alınan “X1” markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində İddiaçı Ozatanın ½ payının müəyyən edilməsi, xx.xx.2025-ci il də qeydiyyata alınan “Zeekr 001 Minik” markalı 99-TC883 dövlət qeydiyyat nişanlı avtomobil üzərində İddiaçı Ozatanın ½ payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin mülki iş e-2(003)-2392/2025 nömrəsi ilə məhkəmənin icraatındadır. Elektron məhkəmə informasiya sistemindən görünür ki, həmin iddia ərizəsi xx.xx.2025-ci il tarixində, hazırki iddia ərizəsi isə xx.xx.2025-ci il tarixində məhkəmənin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə, İddiaçı Ozatanın Cavabdeh qarşı “əmlak” tələbinə dair e-2(003)- 3310/2025 saylı mülki işlə, məhkəmənin icraatında olan İddiaçı Ozatanın Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi” iddia tələbinə dair e-2(003)- 2392/2025 saylı mülki işin biri-biri ilə əlaqəli olmasını, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı olmasını nəzərə alaraq həmin mülki işlərin bir icraatda birləşdirilməsini daha məqsədəmüvafiq hesab edir. Məhkəmə e-2(003)-2392/2025 saylı mülki iş ilkin olaraq icraata qəbul edildiyindən e- 2(003)-3310/2025 saylı mülki iş həmin işə birləşdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Ozatanın Cavabdeh qarşı “əmlak” tələbinə dair e-2(003)-3310/2025 saylı mülki iş, İddiaçı Ozatanın Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi” iddia tələbinə dair e-2(003)-2392/2025 saylı mülki işlə bir icraatda birləşdirilməklə e-2(003)-2392/2025 saylı mülki iş kimi baxılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar