Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-497/2024 12.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “ümumi istifadədə olan torpaq sahəsinə giriş-çıxış qaydalarının müəyyən olunması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “ümumi istifadədə olan torpaq sahəsinə giriş-çıxış qaydalarının müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı özünə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən rahat şəkildə istifadə edə bilməsi üçün ümumi istifadədə olan həyətdən giriş-çıxış qaydalarının müəyyən edilərək ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı mübahisəli ünvan 1 ünvanında yerləşən mənzilin sahibidir. Eyni zamanda, həmin ünvandakı həyət və mövcud olan evlər tərəflərin valideyinləri X3 və X2 onlara miras qalmışdır. Tərəflər, yəni həm iddiaçı, həm də cavabdeh valideyinlərinin ölümlərindən sonra ümumi həyəti və evləri faktiki vərəsəliylə qəbul etmişlər. İddiaçı həmin evdə dogulmuş və bu günə kimi orada yaşayır. Daha sonra İddiaçı 1982-ci il sentyabrın 25-də ailə həyatı qurmuşdur. Həmin vaxtdan anası və qardaşı İlhamın yaşadığı 4 otaqlı evin 2 otağında ailəsi ilə birlikdə yaşamağa başlamışdır. 2 il o evdə yaşadıqdan sonra iddiaçı həyətin digər tərəfində hal-hazırda yaşadığı evin 1 otağını tikmiş və ailəsi ilə birlikdə ora köçmüşdür. Təxminən 1 il sonra isə iddiaçının anası yenə həmin həyətdə özü üçün ayrıca 2 otaqlı ev tikdirmişdir. 1987-ci ildə İddiaçı ailəsi ilə birlikdə yaşadığı 1 otağa daha əlavə 2 otaq da əlavə etmişdir. Həyətdə onlardan əlavə İddiaçı digər qardaşı Vasif də öz ailəsi ilə birlikdə yaşayırdı. Təxminən 2000-ci ildə iddiaçının qardaşı, yəni cavabdeh İlham həyətdə onun evinə çox yaxın bir məsafədə (5*25m) özü üçün mal-qara saxlamaq üçün tövlə tikmişdir. Lakin, 2002-ci ildə iddiaçının bacısı Tahirə ailəsindən ayrılıb gəldiyi zaman İlham anasının 2 otaqlı evinin 1 otağını sökərək bacısına vermişdir. Hətta, məhkəmənin qərarı ilə ona küçəyə çıxış üçün icazə də alınmışdı. İddiaçının verdiyi məlumata əsasən, 2010-cu ilə qədər həyətdə yaşayan insanlar hazırki giriş qapısının sağ tərəfində yerləşən sanitar qovşağından istifadə etmişdir. Lakin, 2010-cu ildə iddiaçının qardaşı İlham həmin sanitar qovşağını sökərək, özü üçün 1 otaq daha tikmişdir. Elə həmin ərəfədə Cavabdeh məhkəmə ilə digər qardaşları Vasifin evini hasara alaraq öz qarajından küçəyə çıxış vermişdir. Daha sonra mülki iş üzrə iddiaçının oğlu X1 Nigar İlqar qızı ilə 2013-cü ildə ailə qurarkən iddiaçı öz evinə 2 otaq da əlavə tikmişdir və gəlini oraya gətirmişdir. 2016-cı ildə cavabdeh, Cavabdeh iddiaçının oğlunun yaşadığı evin giriş-çıxış qapısı ilə üzbəüz bilərəkdən sanitar qovşağı, 2018-ci ildə isə həmin sanitar qovşağa bitişik ikinci tövlə tikmişdir. İddiaçı, qardaşı yəni cavabdehə nə qədər söyləsədə sonuncu öz bildiyini edir və ümumiyyətlə qardaşını ailəsinin yanında alçaltmaq üçün hərşeyi edir. Hal-hazırda iddiaçı sadəcə öz evinə girib çıxmaq üçün ayrı giriş istəyir ki, üzüzə gəlinməsin və münaqişə yaşanmasın. Belə olan halda İddiaçı mülkiyyət hüquqları məhdudlaşır və məhz buna görə də iddiaçı Azərbaycan Respublikasının Qanunvericiliyinə əsaslanaraq öz hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, cavabdehin torpaq sahəsində inşa etdiyi tikililər iddiaçının ümumi istifadədə olan torpaq sahəsinə girişçıxışına heç bir maneə törətmir. İddia tələbi formal mülahizələrə əsaslanır. Hər hansı bir hüquqi əsası yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin olunmamalıdır. İş materiallarında olan fotoşəkillərdən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş tikililər iddiaçının ümumi istifadədə olan torpaq sahəsinə giriş-çıxışına heç bir maneə törətmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisə predmeti olan torpaq sahəsinin üzərindəki tikililər özbaşına tikilmiş fərdi yaşayış evləridir. Tərəflər həmin evlərdə yaşayırlar. Lakin, həmin evlərə dair hər-hansı hüquqmüəyyənedici və texniki sənədlər mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəf cavabdehin inşa etmiş olduğu tikililərin ümumi istifadədə olan həyətə giriş-çıxışa maneə yaratdığını sübut edə bilməmişdir. Həmçinin mübahisəli torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evlərinin rəsmi reyestrdə qeydə alınmış çıxarışı olmadığından, torpaq sahələrinin sərhədlərini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, iş materiallarından görünür ki, mübahisə predmeti olan torpaq sahələri və onların üzərində inşa edilmiş evlərin heç bir hüquqmüəyyənedici sənədləri mövcud deyildir. Həmin tikililər özbaşına tikinti hesab edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı Cavabdeh qarşı “ümumi istifadədə olan torpaq sahəsinə giriş-çıxış qaydalarının müəyyən olunması” tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “ümumi istifadədə olan torpaq sahəsinə giriş-çıxış qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-497/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-497/2024
12.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver