Məhkəmə qərarları › İş №e-2(003)-54/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-54/2025

04.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-54/2025 04.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən və tikililərdən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən və tikililərdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabehlərin Abşeron rayon Donuzkökəltmə Sovxozunun xx.xx.1991-ci il tarixli 108 saylı əmrinə əsasən ona ayrılmış Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində yerləşən 0,08 ha torpaq sahəsindən və tikililərdən çıxarılmalarına barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Donuz kökəltmə sovxozunun 19 avqust 1991-ci il tarixli 108 Ngli əmrinə əsasən Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 47Neli qərarına və sovxoz həmkarlar ittifaqı Komitəsinin qərarına (protokol Na7, xx.xx.1991-ci il) uyğun olaraq Abşeron rayon Binə qəsəbəsi ərazisində fərdi yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahəsindən ona 0.08 ha torpaq sahəsi verilmişdir. Bundan sonra Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 01 may 2008-ci il tarixində həmin torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək ona təqdim edilmişdir. Həmin torpaq sahəsi istifadəsinə verildikdən sonra oranı mişar daşı ilə hasara alaraq abadlıq edərək tikinti işləri aparmışdır. Bundan sonra tikintilərin birində kürə sexi tikərək lavaş bişirib satmışdır. 2014cü il tarixində xəstəliyi ilə əlaqədar İran İslam Respublikasının Təbriz şəhərinə həkimə getməli olmuşdur. Üz və çənə nahiyəsində şişlər yaranmış, buna görə də ona verilən dərmanları gətirən zaman Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin əməkdaşları erəfindən saxlanılmış və məhkəmənin qərarı ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum edilmişdir. Bu zaman əvvəllər onunla işləmiş Xeyransa adlı qadın həmin ünvanda yaşamağa davam etmişdir. Lakin 2019-cu il tarixində azadlığa çıxdıqdan sonra ona məxsus olan torpaq və yaşayış sahəsinə getdiyi zaman Xeyransa hal-hazırda yaşayış yerində olmadığını, müvəqqəti olaraq orada qalmağına icazə verməyini xahiş etdi. O da aralarında yoldaşlıq münasibəti olduğuna və bərabər işlədiklərinə görə ona müvəqqəti yaşamağı üçün icazə vermişdir. Lakin bu müddət ərzində ona dəfələrlə xatırlatmışdır ki, artıq övladları böyümüşdür, onlara yeni ev tikmək fikrindədir, bu səbəbdən də mümkün qədər tez bir zamanda ona məxsus sahəni tərk edərək ona təhvil verməsini demişdir. Son vaxtlar hiss etdi ki, ümumiyyətlə Xeyransa ona məxsus torpaq sahəsi və tikililərdən çıxmaq fikrində deyil, sonuncu dəfə həmin ünvana gedəndə Cavabdeh2 oğlu olan Cavabdeh1 onu evə buraxmayaraq həmin evin ona məxsus olduğunu bildirmişdir. Bununla bağlı olaraq o xx.xx.2023-cü il tarixində Xəzər Rayon Polis larəsinin 3-cü Polis Şöbəsinə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X3 xx.xx.2023-cü il tarixli qərarına əsasən cinayət işinin başlanması rədd edilmişdir. Təhqiqatçı qərarını belə əsaslandırmışdır ki, "toplanmış material üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, vətəndaş İddiaçı müraciəti mülki xarakterli olduğuna dəlalət edirlər, cinayət təqibini istisna edirlər və məhkəmə yolu ilə həll olunmalıdır." Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəməyə mülahizə təqdim edərək orada bildirmişdir ki, o, Cavabdeh1, iddiaçı X1 onun və anası X2 əleyhinə qaldırdığı mülki iddia ərizəsi ilə tanış olduqdan sonra qətiyyətlə bildirir ki, ərizədə göstərilmiş mülahizə və faktlar həqiqətdən uzaqdır və iddiaçı məhkəməni aldatmaq məqsədi daşıyır. İddiaya cavab olaraq məhkəməyə bildirir ki, o, 2000-ci illərin əvvəllərində anası ilə bəzi ailə problemləri üzündən ayrı yaşayır və olduqca az ünsiyyət qururdular. Həmin dövrdə İddiaçı anasının tək yaşadığını və ondan başqa övladı olmadığını öyrənib uzaq bir qohumlarının tanışı kimi anasının etibarını qazanmağa nail olmuşdur. Həmin dövrdə o, aylarla onların ünvan 1 ünvanındakı mənzillərində anasının yanında yaşayaraq, oradakı köhnə qonşuların, qohumların yanında özünü anasının yaxın adamı kimi göstərmişdir. Dəfələrlə onların qohumların toy, yas məclislərində anası ilə bir yerdə iştirak etmiş, gündən-günə qazandığı etibarı daha da möhkəmləndirmişdir. 2005-ci ildə yuxarıda göstərdiyi ünvan 1 ünvanındakı mənzili satıldı (alqı-satqı müqaviləsinin surəti məhkəməyə təqdim edilmişdir). Anası o vaxt onun da özünə ev ala bilmədiyi üçün pulun onunla öz arasında bölünəcəyini bildirmişdir. Həmin vaxt notariat idarəsində alqı-satqı müqaviləsi bağlandığı zaman 27.500 ABŞ dolları məbləğində pulu iddiaçı X5 götürmüş (pulu aldığına dair qeyd va imzası olan sənədin surəti məhkəməyə təqdim edilmişdir) və anası X4 bu pulun müqabilində şəxsi ev alacağına dair söz verərək onu müvəqqəti olaraq Binə qəsəbəsindəki özünün yaşadığı evə aparmışdır və bu səbəbdən də onun uzun müddət anası ilə əlaqəsi kəsilmişdir. Bundan əlavə, anasının 3000 ABŞ dolları dəyərində qızıl və digər zərgərlik əşyalarını alaraq üç ay yarım onu öz evində saxlamışdır. Satılmış evdən ona heç bir məbləğ çatmadı. Amma həmin müddətdə İddiaçı həmin puldan özünə avtomobil, evinə mebel almış, qızının təhsili üçün, həyat yoldaşının dişlərini müalicə etmək üçün, borclarını ödəmək üçün xərcləmişdir. Üç ay yarım sonra anası İddiaçı verdiyi sözə əməl etməsini, aldığı pulun müqabilində mənzil və ya ev almasını tələb edəndə, İddiaçı onu Binə qəsəbəsinin başqa bir hissəsində, köhnə bazar yerində yerləşən 744 m2 torpaq sahəsində ümümi sahəsi 154,48 m2 bir otaqlı yeni tikilməkdə olan evə köçürərək evi onun üçün aldığını bildirmiş, lakin heç bir sənədləşmə aparmamışdır. Bununla yanaşı, özü evin bir hissəsində çörək bişirmə sexi işlədərək qazanc əldə etmişdir. Haqqında iddia obyekti olan və hazırda yaşadıqları, İddiaçı iddia ərizəsində göstərdiyi və guya anası üçün tikdirdiyi evin yerləşdiyi ərazi heç vaxt Abşeron rayon Donuzkökəltmə Sovxozunun ərazisi olmamışdır. Hətta məhkəməyə təqdim etdiyi Binə Bələdiyyəsinin möhürlə təsdiq etdiyi "Fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəli"ndə belə ərazi keçmiş sovxoz ərazisi deyil, köhnə bazar ərazisi (sənəddə: "tolkuçka tərəf") kimi göstərilmişdir. Eləcə də torpaq sahəsi onun göstərdiyi kimi 0,08 ha deyil, rəsmi olaraq cəmi 744 m2-dir. Sonralar müxtəlif borclulara və narazılıqlara görə çörək sexini bağlayaraq torpağı satmaq fikrinə düşən İddiaçı 2008-ci ildə ərazinin torpaq xəritəsini çəkdirdikdə, evin sənədləşməsi predmeti əsasında onun anası ilə mübahisəsi düşmüş, və o, anasının üstünə bıçaqla hücum çəkərək onu yerə yıxmış, hədə-qorxu gəlmişdir. O zaman hələ çörək sexində olan qadın işçilər onları ayıra bilmişlər. Təəssüf ki, anası sülhsevər və bir qədər də sadəlövh insan olduğundan, həmin vaxt hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. İddiaçı isə bu əhvalatdan sonra daha görünmədi. 2011-ci ildə o da anasının yanına köçüb yaşamağa başladı. İddiaçı qaz, işıq üzrə yaranmış yüzlərlə manat borcunu ödədi. Yaşadığı müddətdə Abdullayevadan heç bir xəbər olmamışdır. İlk gündən Binə bələdiyyəsi tərəfindən vergi ödənilməsi üçün 120112U90459 - "yerli vergi ödəyicisi kodu" (YVÖK), fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəli rəsmi şəkildə anasının adına təqdim edilmişdir (surəti məhkəməyə taqdim olunmuşdur). İddia ərizəsində Azərbaycan Məhkəməsini və Dövlət Sərhəd Xidmətini haqsızlıqda günahlandıraraq guya İran İslam Respublikasından dərman alıb gətirdiyi üçün "qeyri- obyektiv mühakimə edilərək haqsız şəkildə həbs olunduğunu" iddia edən İddiaçı narkotik vasitələrin saxlanması və alverində təqsirli bilinərək həbs olunmuş, bir neçə il cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum edilmişdir. Həbsdən azad olunduqdan sonra cəmi bir dəfə 2019-cu ildə guya anasını yoxlamaq adı ilə onların evinə gəlmiş, anası da, o da evdə ola-ola İddiaçı həyat yoldaşı qapını döymədən hasardan keçərək həyətə daxil olmuşdu. O polisə şikayət edəcəyini dedikdə, qorxub çıxıb getmişdilər. Belə ki, iddia ərizəsində göstərdiyi kimi, guya anasının ondan yaşamaq üçün xahiş etdiyi tamamilə yalan və iftiradır. Bu il isə İddiaçı Binə qəsəbəsi 3 saylı Polis Bölməsinə guya onun mülkünü zəbt etdikləri barədə şikayət ərizəsi yazmışdır. Polis sahə müvəkkili onu telefon zəngi ilə bölməyə dəvət edərək İddiaçı ərizəsi, onun adına olan sənədlərlə tanış olmağı barədə izahat aldı və bildirdi ki, sabah İddiaçı ilə birlikdə yaşadıqları evə gələrək İddiaçı yaşamaq üçün evə daxil olmasını təmin edəcək. O etiraz edərək bildirdi ki, kimisə evdən çıxarmaq və ya əlində məhkəmə qərarından başqa hər hansı sənəd olmasına baxmayaraq kimisə yaşayış olan evə yerləşdirmək mülki məsələdir və polisin səlahiyyətində deyil. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Buna baxmayaraq, polis sahə müvəkkili və onunla birlikdə otaqdakı mülki geyimli əməkdaş hansısa şəxsi maraqlar müqabilində təkid etməyə cəhd etdilər. Yalnız o DİN-in 102 qaynar xəttinə zəng edib şikayət etdikdən, Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə şikayət ünvanladıqdan sonra polis Əməkdaşlarının özbaşınalığı dayandırıldı. İddia ərizəsinə qəti surətdə etiraz edərək bildirir ki, İddiaçı fırıldaqçıdır və əminliklə deyə bilər ki, məhkəməni aldadaraq onun vaxtilə Binə Bələdiyyəsinin sədri olmuş, bu kimi işlərdə təqsirkar bilinərək barəsində müvafiq cinayət işi açılmış Babaxan İsayevdən rüşvət müqabilində köhnə sovxozun möhürü ilə satın aldığı köhnə tarixli saxta sənədin nə qeyd olunan 1991-ci ilə, nə də həmin sənəddə göstərilən ərazinin onun hazırda yaşadığı iddia predmeti olan əraziyə aidiyyəti yoxdur. O hazırda televiziyada siyasi-ideoloji verilişin aparıcısı və rejissorudur, ölkədə kino va televiziya sahəsində kifayət qədər tanınmış incəsənət xadimidir, dövlət təltifləri var. Dəfələrlə beynəlxalq kinofestivalların münsiflər üzvü olmuşdur. Nə onun, nə də 84 yaşlı, təzyiq və şəkər xəstəsi olan anasının onları aldadaraq mənfəət əldə etmiş və hələ də gəlir qazanmaq istəyən fırıldaqçı və narkotik alverçisi olan İddiaçı ilə mübahisə etməyi heç vaxt özlərinə rəva bilməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Abşeron rayon Donuzkökəltmə Sovxozunun xx.xx.1991-ci il tarixli 108 saylı əmrindən görünür ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 47 saylı qərarına və sovxoz həmkarlar ittifaqı Komitəsinin qərarına uyğun olaraq fərdi ev tikdirmək üçün İddiaçı 0,08 ha torpaq sahəsi ayrılmışdır. -xx.xx.2008-ci il tarixdə verilmiş A seriyalı 052081 saylı 7685 sayla uçota alınmış torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi (669 kv.m) İddiaçı ayrılmışdır. -Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-16-16/2- 10/9163 saylı rəydən görünür ki, Abşeron rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 47 saylı qərarı və Abşeron rayon Donuzkökəltmə sovxozu direktorunun xx.xx.1991-ci il tarixli 108 saylı əmri ilə İddiaçı ayrılmış torpaq sahəsinin cavabdehlər tərəfindən faktiki olaraq istifadə olunan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olunur. Lakin, cavabdehlər tərəfindən istifadə olunan fərdi yaşayış evi İddiaçı ayrılmış torpaq sahəsindən kənarda yerləşir. -Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli 10/6299 saylı rəydən görünür ki, cavabdehlər tərəfindən istifadə olunan torpaq sahəsinin və tikilinin (fərdi yaşayış evi) bütövlüklə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2008-ci il tarixində 7685 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan (Abşeron Rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 47 saylı qərarı və Abşeron rayonu Donuzkökəltmə sovxozunun xx.xx.1991-ci il tarixli 108 saylı əmri ilə) İddiaçı ayrılmış Binə qəsəbəsi ərazisində yerləşən 669 kv.m torpaq sahəsinin hüdudlarında yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmin normanın İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən, 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.1-49.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" 02 saylı, 14 fevral 2003-cü il tarixli qərarına əsasən “Torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Qeyd edilsin ki, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatlı, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Torpaq Məcəlləsinin 48.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.” Həmin Məcəllənin 48.4-cü maddəsinə əsasən “Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir.” Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən “Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən “Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.” Həmin Məcəlləsinin 65-ci maddəsinə əsasən “Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi Abşeron rayon Donuzkökəltmə Sovxozunun xx.xx.1991-ci il tarixli 108 saylı əmri ilə İddiaçı ayrılmışdır. Bu barədə xx.xx.2008-ci il tarixdə verilmiş A seriyalı 052081 saylı 7685 sayla uçota alınmış torpaq sahəsinin planı və ölçüsü də mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə iclasında, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış xx.xx.2024 və xx.xx.2024-cü il tarixli ekspertiza tədqiqatları (ekspert rəyləri) iş üzrə digər sübutlarla yanaşı qiymətləndirilərək hesab edilmişdir ki, həmin rəylər iş üzrə mötəbər sübutlar hesab edilməlidirlər. Göstərilənlərə əsasən məhkəmə hesab hesab edir ki, cavabdehlərin mübahisə predmeti olan torpaq sahəsindən istifadə etmək barədə hər-hansı hüquqmüəyyənedici sənədləri olmadığından və həmin torpaq sahəsi iddiaçının mülkiyyətində olduğundan, cavabdehlərin həmin sahədən çıxarılması barədə iddia tələbi əsaslıdır. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit elməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Abşeron rayon Donuzkökəltmə Sovxozunun xx.xx.1991-ci il tarixli 108 saylı əmrinə əsasən iddiaçıya ayrılmış Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində yerləşən 0,08 ha torpaq sahəsindən və üzərindəki tikililərdən çıxarılsınlar. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri – 100 (yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar